Düşdi önümə hübbül-vəten, gedəm hey dost deyü deyü

Düşdi önümə hübbül-vəten, gedəm hey dost deyü deyü
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Düşdi önümə hübbül-vəten, gedəm hey dost deyü deyü,
Anda varan qalur heman, qalam hey dost deyü deyü.

Gələ şol Əzrayil duta, assı qılmaz ana - ata,
Binəm şol ağacdan ata, gedəm hey dost deyü deyü.

Xəlvətlərdə məşğul olam, daim açılam gül olam,
Dost bağında bülbül olam, ötəm hey dost deyü deyü.

Şol bir beş-on arşun bezi kəfən edələr əgnümə,
Dökəm şol dünyə tonların, geyəm hey dost deyü deyü.

Məcnun oluban yüriyəm, yücə tağları büriyəm,
Mum olubam əriyəm, yanam hey dost deyü deyü.

Günlər keçə, yıl çevrilə, üstümə sinləm obrula,
Tən çüriyə topraq ola, tozam hey dost deyü deyü.

Yunus Əmrə, var yolma, münkirlər girməz yolma,
Bəhri olub dost gölinə talam hey dost deyü deyü.