Bir qanmazın ucbatından,
Böyük bəlaya düşmüşəm.
Açılıb yerin göbəyi,
Yanar lavaya düşmüşəm.
Müxənnətin yoxdu zatı,
Çürükdü onların qatı,
Məni satıb keçəl Tatı,
Qarsda qalaya düşmüşəm.
Urus gəlir, millət gedir,
Qaradavoy “malçi” deyir.
Çinovniklər at belində,
Körpə uşaqları döyür.
İblisə oxşayan kafir,
Qaxtağan nadanı öyür.
Bura şeytan məclisidi,
Çaşıb aloya düşmüşəm.
Gedəmmədim ziyarətə,
Gözlərim yolda qaldı!
Neçə illik qazancımı,
Urus əlimdən aldı!
Qəsdi məhv etməkdi məni,
Qarsın qalasına saldı!
Namərd yağının cəngində,
Mən ah – vaya düşmüşəm.
Bir göz qırpımında, ellər,
Müqəddəs yolu getdim!
Öpdüm ziyarət daşını,
Mətləbimə mən yetdim!
Ruhum uçdu Ərəfatdan
Haqq ətəyindən tutdum!
Mövlam yetişdi dadıma,
Ərşü - əlaya düşmüşəm.
Sinəmdə bir tufan qopdu,
Haq nurunda üzürəm!
Bu yollarda, kim deyər ki,
Mən usanıb bezirəm!?
Cənnəti – rizvana girib,
Güllərini üzürəm!
Mən Aşıq Heydər olandan,
Müsəllaya düşmüşəm!