Dün könül dildarə şərhi-qəmi-pünhan etdi
Dün könül dildarə şərhi-qəmi-pünhan etdi Müəllif: Məhəmməd Füzuli |
Dün könül dildarə şərhi-qəmi-pünhan etdi,
Cəm ikən, könlünü bir parə pərişan etdi.
Yer tutam, derdi könül, nalə ilə kuyində,
Yetmədi bir yerə hər necə ki, əfğan etdi.
Vədə verdi ciyərim qanın içə müjganın,
İntizar ilə bu həsrət ciyərim qan etdi.
Qəmzə tiğilə gözün könlümü yüz parə qılıb,
Hər birin bir hədəfi-navəki-müjgan etdi.
Qıldı mehrabə qaşın fikri fəqihi mail,
Gör necə kafiri, ol vəz, müsəlman etdi.
Görəyin çox yaşasın didə ki, mərdümlük edib,
Qəm hücumində məni əşk ilə pünhan etdi.
Ey əcəl, can təməin qılma Füzulidən kim,
Bir kəmanəbruyə çoxdan onu qurban etdi.