Dünya, səndə nəyim qaldı
Dünya, səndə nəyim qaldı Müəllif: Miskin Abdal |
Mənbə: Tofiq Hüseynzadə. "Səfəvilərin böyük övliyası – Miskin Abdal" (PDF) (az.). Şəms. 2005. İstifadə tarixi: 2019-07-13. |
Eşit, deyim, dünya səndə,
Ayım, ilim, yazım qaldı.
Qövr eləyir söz sinəmdə,
Dil-dil ötən sazım qaldı.
Yar sevmişdim, yarım getdi,
Var yığmışdım, varım getdi,
Eşqim, etibarım getdi,
Ahım, ünüm, sızım qaldı.
Qayaları sökdürərdim,
Zərdən saray tikdirərdim,
Yağıları çökdürərdim,
Məndən təpər, dözüm qaldı.
Ərşə-gürşə bəlli əslim,
Yaradana ollam təslim,
Adla, sanla olan nəslim,
Bir oğlum, bir qızım qaldı.
Hər nə varsa hədər imiş,
Hər şey gəldi-gedər imiş,
Ölüm yaman betər imiş,
Yol-ərkanım, izim qaldı.
Şadman könlüm tari-mardır,
Şanda balım zəhri-mardır,
Günüm-gecəm ahu-zardır,
Şirin-şirin sözüm qaldı.
Yaşayan kim, ölən kimdir,
Ağlayan kim, gülən kimdir,
Gedən gedir, gələn kimdir
Nə mizrabım, nə sim qaldı.
Yoxdur daha Şahənşahım,
Ərşə bülənd oldu ahım,
Adım, sanım, qibləgahım,
Haqq çağıran səsim qaldı.
Telli saza mizrab vurdum,
Məclislərdə dastan qurdum,
Neçə-neçə aşıq yordum,
Sözüm düzüm-düzüm qaldı.
Bir şəcərəm, bir kəşkülüm,
Gur ocağım, odum, külüm,
Yığın-yığın varım, mülküm,
Al-qumaşım, bezim qaldı.
Dünya puçdu, puçdu dünya,
Dünya heçdi, heçdi dünya,
Abdal, yaman keçdi dünya,
Yaşamaqda gözüm qaldı.