Haqdan fərman gəlib, qərar tapanda,
Başlamısan cəngə, savaşa dünya.
Qəsdinə girmisən yaranmışların,
Cümləsin vermisən talaşa dünya.
Neçə nəbiləri keçirdin yandan,
Nuh tufanı qopdu, doymadın qandan,
Zaloğlu Rüstəmi eylədin candan,
Bükdün Süleymanı farmaşa dünya.
Neçələrin saldın, çovğun, borana,
Neçələrin etdin dəli divana,
Neçələri nakam getdi məkana,
Qoymadın onları yanaşa dünya.
Valeh ağlar, görüb belə divanı,
Kimsələrə gəlmir daha gümanı,
Kama çatıb, şənlik edən zamanı,
Döndərdin şənliyi, qan, yaşa dünya.