Doğrudan-yalandan dərs verdin bizə,
Çıxmadı işlərin bir yana, dünya!
Nə mənzilin bəlli, nə də məkanın,
Cadalar düşübdü hər yana, dünya!
Xudam ziynət verib dağınan-daşa,
Nə sultan tanıdım, nə xan, nə paşa.
Çoxları cəhd etdi, çıxmadı başa,
Gəlibdi əlindən amana, dünya!
Ruzidə bəllidi, fəsildə yaylar,
Gedir ömrümüzdən həftələr, aylar.
Keçir xəyalımdan əlvan saraylar,
Dönübsən qızıla, mərcana, dünya!
Dağların dayaqdı ləngəri düzə,
Kimsənin eybini vurmadın üzə.
Şərbətin şəfaət qılmadı bizə,
Axır həsrət qoydu cahana, dünya!
Əzəli görəndə eylədin rəftar,
Münasib olmadı yapdığın divar.
De görüm, necoldu verdiyin ilqar,
Onlardan mənə bir nişanə, dünya?!
Gələnlər gəlincə bir səni bildi,
Çoxunda ağladı, azında güldü.
Nə gedənlər gəldi, nə gələn qaldi,
Bumu etibarın insana, dünya?!
Bir gün olar, əsər, məhşər yelləri,
Göyərdirsən, çürüdürsən gülləri.
Pünhan olub murğuların dilləri,
Sultan Süleymandan bu yana, dünya!
Murazı-mətləbdə tərtibi atdı,
Axırda körpülər qıldan siratdı.
Qılıncın qınsızdı, qolun qüvvatdı,
Baxmadın qocaya, cavana, dünya!
Ağır səltənətli taxtı-divanlar,
Övluya, ənbiya, dini imanlar,
Turaba qarışdı neçə min canlar,
Xakə bülənd oldu, yeksana, dünya!
Şair Nəbi cəhd eylədi cəfana,
Ömür keçdi, sığınmadım səfana.
İnnən belə inanmaram vəfana,
Sidqinən sığınnam sübhana, dünya!