Dünya gözəli ilə sarı inəyin nağılı
Dünya gözəli ilə sarı inəyin nağılı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mənbə. Güney Azərbaycan folkloru. I cild. Bakı,2013 |
Biri var idi, biri yox idi, qədim zamanlarda bir qız var idi, adı Fatmaxanım idi. Fatmaxanımın öz anası rəhmətə getmişdi. Atası ayrı bir arvad almışdı. Fatmaxanım ögey ananın əlində qalmışdı. Ögey ana Fatmaxanımla çox pis rəftar edirdi, deyirdi ki:
– İlanın acığı yarpızdan gedəndə, mənim acığım, ay qız, səndən gedir. Səni görməyə gözüm yoxdu.
Səhərdən axşama hər nə iş olsaydı, Fatmaxanıma gördürərdi. Bu arvadın qabaqkı ərindən bir qızı vardı ki, özüylə Fatmaxanımgilə gətirmişdi. Arvad öz qızına təmiz paltar geydirərdi və qoymazdı əlini ağdan qaraya vursun. Şam vaxtı bir az quru çörək qoyardı Fatmaxanımın qabağına və deyərdi:
– Burnundan gəlsin.
Amma öz qızına plov bişirərdi. Fatmaxanımın atası qorxaqvə arvadağız bir kişi idi. Bunların bir sarı inəkləri var idi. Bu inək Fatmaxanımın anasının yadigarı idi. Bir gün ögey ana bir az pambıq, bir az kəpəkli çörək verdi Fatmaxanıma, dedi:
– Bu da naharın, apar pambığı əyir, sarı inəyi də çöldə otarginən.
Fatmaxanım sarı inəyi götürüb getdi çölə, məşğul oldu pambıq əyirməyə. Birdən güclü yel əsib pambığı Fatmaxanımın əlindən qapıb apardı. Fatmaxanım düşdü pambığın dalınca, dedi:
– Yel baba, qapazlarına qurban olum, mənim pambığımı aparma.
Yel pambığı aparıb, bir qarı arvadın evinə saldı. Bu dəmdə Fatmaxanım yetişdi, dedi:
– Nənəcan, yel pambığı gətirdi sənin evinə, icazə ver götürüm aparım.
Qarı dedi:
– Bərəkallah, qızım, sən də ədəbli qızsan, gəl, mənim başıma bax, gör mənim başım təmizdir, ya sənin ananın başı.
Fatmaxanım baxıb gördü qarının başı təmizdi, dedi:
– Sənin başın təmizdi.
Qarı dedi:
– Mənim kilimimin altına bax, gör mənimki təmizdir, ya sənin ananın kiliminin altı.
Fatmaxanım baxıb gördü kilimin altı doludu bör-böcək ilə. Amma demədi.
– Sənin kiliminin altı təmizdi.
Qarı dedi:
– Al, bu sənin pambığın, gedərsən, qabağına bir ağ su gələr, ağ suda çimərsən, sonra qara su gələr, qara sudan başına və qaşlarına yaxarsan, bir də qırmızı su gələr, qırmızı sudan dodaqlarına çəkərsən. Dalda eşşək anqırsa, dönüb dalına baxmazsan.
Fatmaxanım dedi:
– Baş üstə.
Gəldi gördü sarı inək qalan pambıqları kələf edibdir. İnəyi götürüb gəldilər. Fatmaxanım gördü qabağında üç cür su vardır. Fatmaxanım qarının dediklərinə əməl elədi, oldu ondörd gecəlik ay: gözəlliyi birə dörd artdı.
Fatmaxanımın ögey anası gördü Fatmaxanım gec gəldi. Durdu, çıxdı yola, gördü Fatma gəlir, nə gəlir, gözəlliyi yolu bürüyüb. Ögey ana az qaldı paxıllığından bağrı çatlasın. Bir yumruğ vurdu Fatmaxanımın başına, dedi:
– Torpaqlar səndən uca olsun, niyə gec gəldin?
Fatmaxanım başına gələn macəranı danışdı. Arvad öz-özünə dedi: “Sabahları öz qızımı göndərərəm inəyi aparar”.
Səhər açıldı. Arvad durub plov bişirib, bir az da pambıq verdi öz qızına. İnəyi də çıxartdı ki, aparsın çölə. Arvad qızına dedi:
– İnəyi apar, Fatma aparan yerə.
Qız getdi, inəyi apardı çölə, yatıb yuxuladı. Yel gəlib pambığı götürüb apardı. Qız durub yelin dalınca düşüb getdi, dedi:
– Ay yel baba, qanadların sınsın, mənim pambığımı ver.
Yel pambığı apardı həmin qarının evinə. Qız yetişib dedi:
– Köpək, imansız, mənim pambığımı ver.
Qarı dedi:
– Yaxşı gəl, otur qızım, ədəbin olsun, gəl, mənim başıma bax, gör, mənim başım təmizdir, ya sənin ananın başı.
Qız baxıb dedi:
– Ay sənin başına kül olsun. Anamın başı təmizdi.
Qarı dedi:
– Gəl, bu sənin pambığın, gedərsən, qabağına üç cür su gələcək, ağ, qara, qırmızı. Qara suda çimərsən, qırmızı sudan başına çəkərsən, ağ suyu qaşlarına çəkərsən. Elə ki, eşşək anqırdı, dönüb dalına baxarsan.
Qız qayıtdı gəldi, gördü qabağına üç cürə su gəlir. Qarı dediyi kimi qara suda çimdi, ağ suyu qaşlarına çəkdi, qırmızı suyu başına tökdü, eşşək anqıranda dönüb dalına baxdı, eşşəyin başı ona yapışdı. Bədəni oldu qap-qara, bir qara itə oxşadı. Gəldi gördü sarı inək bir iş görməyib. Sarı inəyi götürüb gəldilər kəndə. Anası çıxmışdı qızının yoluna, gördü ondörd gecəlik ay əvəzinə bir qara heybətli meymun gəlir. Arvad vurdu başına, huşu getdi. Elə ki, huşa gəldi qızı ilə birlikdə gəldilər evə Fatmaxanıma kötək vurmağa ki, günah səndədi. Arvad dedi:
– Hər nə varsa, bu sarı inəyin əlinin altındadı.
Arvad özünü vurdu mərizliyə, nıq-nıq-nıqqıldadı, üz-gözünə sarı kök sürtüb yıxılıb yatdı. Axşam oldu, kişi gəldi, dedi:
– Arvad, nə işdi?
Arvad dedi:
– Kişi ölürəm, getdim həkimin yanına, dedilər tövlədəki inəyin əti sənin dərmanındı.
Kişi dedi:
– Bu ki, bir şey deyil, başını kəsərəm, sən yeyərsən.
Fatmaxanım ağladı, dedi:
– Dedi, mənim nənəmin yadigarıdı, gəl, bu inəyi öldürmə.
Kişi dedi:
– Olmaz, gərək sarı inəyin başını kəsəm.
Fatmaxanım gəldi sarı inəyin yanına dedi:
– Səni öldürəcəklər.
İnək dedi:
– Eybi yoxdu, əvəzində ətim sənin ağzında şirin olacaq, onların ağzında isə zəhər kimi. Fəqət sən sümüklərimi gətirib, mənim axurumda quylarsan, hər işin bərkə düşəndə gəlib mənə deyərsən, mən sənin istədiyini verərəm.
Elə ki, sarı inəyin başını kəsdilər, dərisini soyub, ətini pişirdilər, şam vaxtı olanda gətirib tökdülər qablara, qoydular qabaqlarına. Hansı qoydu ağzına, ət oldu zəhər. Amma Fatmaxanım ağız ləzzətilə doyunca yedi. Anası öləndən bəri doyunca çörək yeməmişdir. Arvad ətlərin hamısını Fatmanın qabağına qoyub dedi:
– Ye, irin, çirk yeyəsən.
Bir neçə gündən sonra padşah oğlunun toyu idi. Arvad qızını bəzədi ki, aparsın toya. Fatmaxanım dedi:
– Ay xanım, elə mən də sizinlə gəlim toya.
Arvad dedi:
– Az danış, ay ağzı yanmış, səni aparsam, abrım gedər, otur evdə.
Xülasə, arvad qızı ilə getdilər toya. Fatmaxanım gəlib axurda quyladığı sarı inəyin sümüklərini çıxarıb dərdini ona danışdı. Fövri bir ağ at, bir dəst paltar hazır oldu. Fatmaxanım paltarı geyib, atı minib, birbaşa toy evinə yola düşdü. Toy yerinə yetişən kimi girdi məclisə. Bütün arvadlar, qızlar, gəlinlər Fatmaxanımın paltarına, gözəlliyinə, uca boyuna mat qaldılar. Fatmaxanım dedi:
– Qızlar, icazə versəniz, mən bir az oynayacağam, tez çıxıb gedəcəyəm.
Fatmaxanım başladı oynamağa, bir cibi dolu idi gül ilə, bir cibi də dolu idi torpaq ilə. Gülləri səpdi qız-gəlinlərin başına, torpaqları da analığı və onun qızının gözlərinə səpdi.
Fatmaxanım qayıdıb çıxdı ağ atın üstünə, gəldi evə, məşğul oldu işləməyə. Elə ki arvadla qızı evə gəldilər, Fatmaxanım dedi:
– Həmişə toydan gələsiniz, deyin görüm nə var, nə yox?
Arvad dedi:
– Vallah, bir on dörd gecəlik aya bənzər qız gəldi, oynadı, gülləri səpdi arvadların üstünə, torpağı da bizim üstümüzə, qayıdıb getdi.
İkinci gün yenə də arvad öz qızı ilə durdular toya getməyə, Fatmaxanım dedi:
– Qoyun mən də sizlə gəlim, o gəlib oynayan qızı mən də görüm.
Arvad dedi:
– Ay ağzına yara çıxmış, lal qal, hər nə bəla başıma gəlir sənin bədşumluğundan gəlir, otur aşağı.
Fatmaxanım narahat olub oturdu. Arvad ilə qızı toya getməkdə olsun. Fatmaxanım gəldi sarı inəyin axuruna tərəf, onun sümüyünü çıxardıb dedi:
– Səndən qırmızı at, bir dəst ağ paltar istəyirəm.
Dərhal hazır oldu. Fatmaxanım atı minib, paltarları geydi, birbaşa toy evinə sarı getdi. Padşah oğlunun qaravaşları ilə qapıçıları Fatmaxanıma yol verdilər, o da toy məclisinə girdi. Arvadlar Fatmaxanımın paltarına, xüsusən göyçəkliyinə tamaşa elədilər. Fatmaxanım elə oturmamış başladı oynamağa. Oynayanda bir dəstə gül qızlara verib bir sıxım torpaq atdı analığı ilə qızının gözünə. Sonra qayıdıb, qırmızı atı minib aradan çıxdı, gəldi evə. Elə ki, arvadla qızı gəldilər evə Fatmaxanım dedi:
– Bu gün toyda nə oldu, nə olmadı?
Arvad dedi:
– Dünənki qız bir dəst ağ paltar geyib gəldi toya oynayıb, bizim gözümüzə torpaq, o birilərin üstünə gül səpdi, qayıdıb getdi.
Üçüncü gün yenə də arvadla qızı toya getdilər. Fatmaxanım yenə də sarı inəyin axuruna gedib mətləbini istədi. Bu səfər bir göy dəmir at hazır oldu, üstündə qızıl yəhər, üzəngiləri isə gümüşdən. Fatmaxanım bir dəst əlvan paltar, bir cüt qızıl başmaq geyindi, bir cibinə qızıl pul, bir cibinə kül tökdü. Qalxdı atın belinə, toya sarı at çapdı. Yetişdi, qızlar gördülər ki, bir qız girdi içəri. Fatmaxanım öz ürəyi istədiyi havayla başladı oynamağa. Cibindən bir sıxma qızıl çıxarıb səpdi qızların tərəfinə, bir sıxma kül də səpdi arvad ilə qızının gözünə. Sonra qayıdıb qalxdı göy dəmir atın belinə. Ayağını üzəngiyə qoyanda başmağının bir tayı düşdü hovuzun suyuna.
Fatmaxanım tez gəldi evə, onda gördü ögey ana ilə qızı gözlərini ova-ova gəlirlər. Fatmaxanım dedi:
– Danışın görək, bu gün nə oldu?
Arvad başladı Fatmaxanıma latayir-latayir sözlər deməyə. Bu, burda qalsın, sizə kimdən xbər verim, padşahın kiçik oğlundan. O bir gün atını gətirdi hovuzda suvarsın. At hürküb geri qayıtdı. Padşah oğlu nökərlərə dedi:
– Axtarın, görün suyun içində nə var.
Axtardılar gördülər bir tay başmaq. Elə ki, padşah oğlu başmağın tayını gördü bir könüldən min könülə başmağın yiyəsinə vuruldu, dedi:
– Görün, bu başmaq kimin ayağının başmağıdı, onu gərək alasınız mənə.
Bütün şəhərləri axtardılar, tapmadılar. Gəldilər Fatmaxanımın yaşadığı kəndə. Hamının ayağını imtahan elədilər, başmağın yiyəsini tapmadılar. Gəldilər Fatmaxanımgilin evinə. Arvad xəbərdar olub, başa düşdü hali-qəziyyə nədi. Fatmaxanımı tutub saldılar təndirə, duvağı qoydular ağzına. Bu tərəfdən padşahın oğlunun məmurları eşitdilər, amma arvad yalnız öz qızını nişan verdi. Başmağı onun ayağına imtahan eləyib gördülər olmur. Dedilər:
– Daha ayrı qızın yoxdu?
Arvad dedi:
– Qızım elə budu ki, var.
Məmurlar ilə kənizlər istədilər qayıtsınlar. Birdən birə xoruz banlayıb dedi:
– Quqquluqu, Fatmaxanım təndirdədi, ayaqları kuflədə, gözləri qan-yaş tökür.
Kənizlər dedilər:
– Arvad, bu xoruz nə deyir?
Arvad xoruza bir təpik atıb, dedi:
– Heç-zad, bu qırılmışlar dən istəyir.
Xoruz yenə başladı oxumağa:
– Quqquluqu! Fatmaxanım təndirdə,
Ayaqları kuflədə,
Dizi üstə naxış tikir,
Gözləri qan-yaş tökür.
Kənizlər duvağı götürdülər, gördülər dan ulduzuna oxşar bir qızdı, yanaqları bənövşə gülü kimi, tellərini töküb aya oxşar buxaqlarının dövrəsinə. Başmağı geydirdilər, gördülər ki, axtardıqları nazənin buradadı. Çox şad oldular. Kənizlər padşah oğluna müjdə verdilər, sən istəyən qızı tapmışıq. Padşah oğlu hökm elədi yeddi gün, yeddi gecə toy tutsunlar. Gəlin çıxan günü ögey ana yenə də Fatmaxanımı tutub saldı təndirə, öz qızını bəzəyib-düzəyib gəlin çıxartdı, dedi:
– Qızımı özüm aparacam gərdək otağına.
Elə ki, istədilər Fatmaxanımın yerinə ögey ananın qızını aparsınlar xoruz yenə də banladı:
– Quqquluqu! Fatmaxanım təndirdə,
Ayaqları kuflədə,
Dizi üstə naxış tikir,
Gözləri qan-yaş tökür.
Padşah oğlunun kənizləri Fatmaxanımı götürüb apardılar. Ögey anasını da bağladılar atın quyruğuna, buraxdılar çölə. Padşah oğlu ilə Fatmaxanım uzun illər ömür sürdülər, yeddi oğlan, iki qız sahibi oldular…
Su içdi yerə keçdi,
Sən sağ, mən də salamat.