Dünyada (Ağdabanlı Qurban)
Dünyada (Ağdabanlı Qurban) (1917) Müəllif: Ağdabanlı Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.24-25 |
Səadətdə kəskin oldu kimin baxtı dünyada,
Kani-saxa nəzər etdi, ya xoşbaxtdı dünyada.
İbadətdən olma qafil, səxavətdən, həmçinin,
Əgər olsa əldə varın olan vaxtı dünyada.
Al qəhərin qüdrətini, unutma eylə həras,
Fəxrilənib olma məğrur, geyinib əlvan libas,
Həm söhbətdi, həm nəsihət, həm əldə bir əsas,
Tarac oldu neçələrin tacı-taxtı dünyada.
Hanı Nəmrud, hanı Şəddat, hanı Firon zülümkar?
Hanı loğmanı-Ərəstun, qoymaz qala ruzigar.
Hanı İskəndər, Süleyman, olan sahib-ixtiyar?
Kim gəlsə beş gün qonaqdı, ölüm haqdı dünyada.
Fəhlə-kəndli muzdurları, füqəranı dağlayan,
Nərdivan var: enər-qalxar, gülər bir gün ağlayan.
Nakəslərə qardaş deyib, namərdə bel bağlayan,
Əqli-kamil demək olmaz, bir axmaqdı dünyada.
Bişumari lənət şeytana, sədhazari-sədhazar,
Xalqın malın alma əldən qoçu-quldur, ol kənar.
Bir misal var: xain artmaz, ədalət açar bazar,
Küllü-aləm şükr eliyər: - Xoş gün çıxdı dünyada.
Məhəngsən, seç simu-zəri, sərrafısan - bax sözə,
Kəlmələri şəhdi-şəkər; gah nəsihət, gah məzə.
Qurbana haqdan mərhəmət, sizdən də rəhmət bizə,
Dastan deyib, dəftər yazan hanı? - Yoxdu dünyada.