Dünyada bəla nədən törəyir?

Dünyada bəla nədən törəyir? (1909)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


Qraf L. Tolstoyun təlimi-ətfal üçün tərtib etdiyi əlifba kitabçasında sadə dil ilə yazılmış bir xeyli pürməzmun hekayələr vardır. Onlardan bəzi şeyx Sədinin "Gülüstan"ında nağıl olunan hekayələrə bənzəyir. Cümləsi hikmət və təcrübə üzüylə yazılmış əsərlərdir. Məzkur hekayələrdən birisində bəlanın yer üzündə nədən törəyib nəşət etməsindən rəvayət olunur. Qissənin müxtəsərən məzmunu budur:

Bir abidi-xoşsirət tərki-dünya qılıb, vaxtını adamlardan kənar bir meşədə ibadətlə keçirirmiş. Meşənin heyvanları ondan qorxmayıb, başına cəm olarlarmış. Abid onların dilini, onlar da abidin dilini anlarmış. Bir kərə abid bir ağacın dibində uzanıbmış. Qəzadan haman ağacın altında axşamlamağa qarğa, göyərçin, ilan və maral cəm olur və öz aralarında başlayırlar söhbət etməyə ki, aya, yer üzündə bəla və günah haradan törəyir?

Qarğa bəla və fəsadın törənməsini aclıqdan, göyərçin məhəbbətdən, ilan qəzəb və şərarətdən, maral qorxu və vahimədən görüb, hər birisi öz qövl və rəylərinin haqq və savab olmağına dəlil və dəlail gətirirlər. Abid bunların güftgularını eşidib deyir: Dünyada bəlanın zühura gəlməyinə səbəb bədəndir. Qəzəb və aclığın da, məhəbbətin də və qorxunun da mənbəyi və törənəcək yeri bədəndir. Bədən olmasa nə aclıq olar, nə məhəbbət olar, nə də qorxu.

Bu hekayədə L. Tolstoyun maralın dilindən söylədiyi sözləri oxuyanda bizim biçarə müsəlmanların halı yadıma düşdü. Maral deyir: "Əgər ürəkdə qorxu olmasa hər şey yaxşı olar, hər iş öz yolu və qaydası ilə gedər. Hərgah böyük yırtıcı heyvanlardan bizim üzərimizə hücum edəni olsa, bacararıq qaçıb ondan xilas olaq, çünki allah bizə tez qaçan ayaqlar veribdir. Xırda heyvanlar da bizə zərər yetirə bilməz. Onların dəfi üçün allah bizə buynuzlar mərhəmət edibdir. Amma nə eyləmək ki, canımız doludur qorxu ilə və bu qorxu bizə macal vermir ki, allah verdiyi alat və əsbəb ilə dəfi-məzərrət edək və nəfsimizi xof-xətərdən qurtaraq. Balaca bir səs eşidəndə bütün bədənimizə lərzə düşür, yarpaq kimi tir-tir əsirik, ürəyimiz döyünüb az qalır yerindən çıxsın, qəribə bir hala düşürük".

Hərgah maral bilsə ki, bu səs və şıqqıltı yel əsib kolu tərpətməkdən, yarpaqları biri-birinə toxundurmaqdan əmələ gəlir, o vaxt o qorxmaz və qorxudan özünü dağa-daşa çırpmaz, əbəs yerə canını fövtə verməz.

Həmçinin hərgah bizim müsəlmanlar qorxub vahimə etdikləri şeylərin əsil və künhünü bilsələr, bilaşübhə onlardan qorxmazlar və bu qədər bəlalara və fəlakətlərə düçar olmazlar. Bunca əskiklik və ürək sıxıntısı çəkməzlər.

Qorxuya ümdə səbəb bilməməzlik, elmsizlik və avamlıqdır!

Bu elmsizlikdən və avamlıqdan müsəlmanların ürəyinə qorxu bərk sirişt edibdir. Cəhl və nadanlıq onları cürətsiz, hünərsiz və bir növ üftadə, xar və zəlil edibdir.

Avamlığımızın ucundan vətənimizdə özümüzü qəriblər, evimizdə yadlar kimi saxlayırıq.

Əcnəbi tayfalardan və xarici millət və qövmlərdən bizim içimizdə olanları elm və mərifətləri sayəsində bizdən cürətli, rəşid, dilavər və zirək olurlar. Öz mülkümüzdə, öz yerimizdə və öz məskənimizdə bizə ağalıq edirlər, bizim mal və dövlətimizə sahiblik edirlər.

İngilis, firəng, alman və yəhudi və qeyriləri haraya getsələr, hansı məkan düşsə oranı özlərinə mütəəlliq yer hesab edib heç bir şeydən çəkinmirlər, heç kəsdən xof və ehtiyat etmirlər. Elm və bilik bir yandan, ev və məktəb tərbiyəsi başqa bir yandan onları cürətli, zirək, hünərli və hətta bir az həyasız və insafsız eləyir desək, səhv etmiş olmarıq.

Beş-on sənə bundan irəli "Kaspi" qəzetəsində qəribə bir əhval yazılmışdı. Bakı ilə Sabunçunun arasında işləyən poyezdlərin birisində bir kupedə üç nəfər şəxs Bakıyamı, Sabunçuyamı — dürüst xatirimdə deyil, — gedirlərmiş. Bunlardan birisi Qafqaz adamı və iki nəfəri: biri arvad və biri kişi, Avropa adamları imiş. Əsnayi-rahdə qafqazlı papiros qutusundan papiros çıxarıb istəyibdir çəksin, amma avropalı mane olub, xanımın hüzurunda papiros çəkmək ədəbsiz bir fel olduğunu ona işarə edibdir! Qafqazlı qızarmış, üzrxahlıq edib, çıxıb papirosu çöldə çəkib, sonra kupeyə daxil olanda görübdür ki, haman şəxs özü siğar çəkir. Bunu gördükdə təәccübanə ondan soruşubdur ki, siz mənim papiros çəkməyimə mane olub, özünüz nə haqq ilə xanımın hüzurunda siğar çəkirsiniz? Avropalı həqarətlə ona bir nəzər yetirib cavabında deyibdir: "Mənimlə sən bərabərmi oldun? Mən nəcib ingilis, sən dəni yerli". Bu cavabdan qafqazlı mütəğəyyiri-hal olub, "nəcib" ingilisə bir sillə vurmuşdu. Bu qəribə işin sonradan suda düşməyi qəzetədə mənim yəqinimdir ki, nəcib ingilisə sillə vuran yerli hər millətdən imişsə də müsəlman deyilmiş. Çünki bizlərdə o cürət və təəssüb yoxdur ki, haqqımızda icra olunan nifrət və etinasızlığa, zülm və təəddiyə mərdanə cavab verib, onları özümüzdən dəf edək, hüquq və ixtiyarımızı gözləyәk, şən və izzətimizi, hörmət və ləyaqətimizi mühafizət qılaq.

Zülm və sitəmə, hər qisim ədalətsizliyə bizim kimi səbredici, tabgətirici, qəzasına razıolucu başqa bir tayfa tapılmaz. Müsəlman mərkəzlərində olan hansı bir uyezd naçalnikinin dəftərxanasına təşrif aparsanız, orada müsəlmanları, xüsusən, qara rəiyyət camaatını ziyanlıq mal kimi zar və zəbun bir halda görərsiniz. Bədəsturi-sud məhkəmələrin səhnində, silistçilərin qapısında, pristavların həyətində müsəlmanlar qoyun sürüsü kimi döşəniblər. Bunlardan çoxu bilmir ki, nə işdən ötrü, nə təqsirin və hansı əməlin ucundan onları divanxana qabağına toplayıblar. Birisinin cürəti yoxdur ki, divan əmələsindən öz təqsirini xəbər alsın, nə işin xatirəsi üçün dəvət olunmasını bilsin. Hamı üstündə ağalıq edir, hamıdan qorxub ehtiyat eləyir.

Allah ona ağıl da verib, baş da veribdir. Amma nə eyləmək, maralın canına çökən qorxu onun da canına çökübdür.

Şəhərlərdə dəxi müsəlmanların qorxaqlığı və kəmcürətliyi hər qədəmdə və hər məqamda müşahidə olunmaqdadır. Poçtxanalarda, teleqrafxanalarda, banklarda, xəzinələrdə, məhkəmələrdə, apteklərdə müsəlmanları cümlədən geridə məyus durub növbət gözləyən görərsiniz…. Gözəl vaxtın boş və hədər getməyinə heyfləri gəlmir. Əzbəs ki, vaxt onlara artıq lazım olası bir şey deyil. Onsuz da bilmirlər vaxtlarını nəyə sərf etsinlər. Heç olmasa burada gəlib gedənə tamaşa edirlər. Dəmir yollarda dəxi yazıq müsəlmanların başına konduktorlar gətirdiyi bəlanı allah heç kəsin başına gətirməsin.

Bu fəlakətlərin tamamisinə səbəb haman maralın canına sirişt edən qorxudur ki, biz müsəlmanların bədəninə də analarımızın südü ilə giribdir. Söz yoxdur ki, hər şeydən qorxan, həmişə qorxu altında ömrlərini çürüdən, dilsiz-ağızsız, fəqir və yazıq anaların südünü əmən balalardan qorxaq, aciz və bacarıqsız nəsl əmələ gələcəkdir. "Maya budlu arvad gərəkdir ki, onlardan da mərbudlu oğlan doğsun". Hünərli, elmli və bacarıqlı və xüsusən, hürriyyət kəsb etmiş analar gərəkdir ki, onlar da hünərli, tərbiyəli, cürətli və bacarıqlı nəsl yetirsinlər.