Dünyanın yaranması (Çin)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Nağıllar. Dünyanın yaranması
Müəllif: Şifahi xalq ədəbiyyatı


Deyilənə görə, qədimlərdə, Qaosin-vanın hakimiyyəti illərində qəflətən arvadının qulağı ağrımağa başlayır. Üç il ağrı kəsmir, yüzlərlə loğman onu müalicə eləməyə çalışır, amma zəhmətləri hədər gedir. Sonra arvadın qulağından balaca, üç verşok uzunluğunda, baramaqurduna oxşar qızılı bir qurd çıxdı, qurdun çıxmasıyla ağrının kəsməsi bir oldu. Knyaginya heyrətə düşdü, qurdu balqabağın içinə qoyub boşqabla ağzını örtdü. Kimin ağlına gələrdi ki, boşqabın altındakı qurd gözqamaşdırıcı dərəcədə parlaq rəngbərəng naxışlı yunla – zərxarayla örtülmüş qəşəng bir köpəyə çevriləcək? Üstü boşqabla örtülmüş balqabaqda doğulduğundan köpəyə Panqu adını verdilər. Qaosinvan Panqunu görüb çox sevindi və gözündən uzağa buraxmadı. Elə bu vaxt knyaz Fan-van qiyam qaldırdı. Qaosin-van dövlətin taleyindən narahat oldu, əyanlarına üz tutub dedi: “Fan-vanın başını mənə gətirən adam tapılsa, qızımı ona verəcəyəm”.

Əyanlar yaxşı bilirdilər ki, Fan-vanın ordusu güclüdü, onu yenmək çətindi, buna görə də təhlükəyə girişmək istəmirdilər. Deyilənə görə, Panqu həmin gün saraydan yoxa çıxdı, onun hara getdiyindən heç kimin xəbəri olmamışdı. Köpəyi bir neçə gün axtardılar, amma izini-tozunu tapmadılar, Qaosin-van yaman kədərlənmişdi.

Panqu Qaosin-vanın sarayını tərk edib, birbaş Fan-vanın hərbi düşərgəsinə yollandı. Köpək Fan-vanı görən kimi quyruğunu buladı, başını yellədi. Fan-vanın həddi-hüdudu yox idi, əyanlarına müraciət edərək dedi:

– Qorxuram ki, Qaosin-van tezliklə ölə. Görürsünüz, hətta iti də onu atıb, qaçıb bizə pənah gətiribdi. Bu, yaxşı əlamətdi, baxarsınız, biz qalib gələcəyik!

Fan-van bu münasibətlə böyük bir şadyanalıq düzəltdi. Həmin axşam Fan-van çox içdi, bərk kefləndi və yıxılıb çadırında yatdı. Panqu fürsətdən istifadə edib gizlicə ona yaxınlaşdı, dişlərini boğazına ilişdirdi, gəmirib başını qopartdı və geri, saraya qaçmağa başladı. Sevimli köpəyinin düşməninin başını dişində tutub saraya qayıtdığını görən Qaosin-van çox sevindi və əmr elədi ki, köpəyə xırda-xırda doğranmış ət versinlər. Köpək qabı imsədi, imsəyən kimi də qəmgin-qəmgin otağın bir küncündə uzandı. Panqu ağzına yemək almırdı, bütün günü uzandığı yerdən tərpənmirdi, hətta Qaosin-vanın muçquruğuna da məhəl qoymurdu. Üç gün belə davam elədi.

Qaosin-van bilmirdi ki, nə eləsin, nəhayət, Panqudan soruşdu:

– Ay köpək, niyə yemək yemirsən, mənə məhəl qoymursan? Doğrudanmı, könlündən qızımı almaq keçir, doğrudanmı, sözümə əməl eləmədiyimə görə məndən yanıqlısan? Məsələ mənim sözümə əməl eləməyimdə deyil, axı, köpək insanla evlənə bilməz.

Qəflətən Panqu adam səsiylə dedi:

– Padşah sağ olsun, bunu özünə dərd eləmə, məni yeddi gün və yeddi gecə qızıl zəngin altında oturt, belə eləsən mən adama çevrilə bilərəm.

Hökmdar bu sözləri eşidib heyrətləndi, amma köpəyin xahişini yerinə yetirdi, onun qızıl zəngin altında oturtdu: baxıb görmək istəyirdi ki, köpək adama çevriləcəkmi.

Birinci gün keçdi, ikinci gün, üçüncü gün... Altıncı gün gəlib çatdı. Hökmdarın mehriban qızı səbirsizliklə toy gününü gözləyirdi, qorxurdu ki, köpək acından ölər, sakitcə zəngi qaldırıb Panquya baxdı. Panqunun bədəni artıq insan bədəninə çevrilmişdi, başı isə hələ də it başıydı, qızın baxması ilə çevrilmənin dayanması bir oldu, köpəyin başı insan başına çevrilmədi. Panqu zəngin altından qaçdı, əyninə paltar keçirdi, hökmdarın qızı isə başına köpək başına oxşar papaq qoydu. Onlar evləndilər. Sonra Panqu arvadıyla Cənub dağlarına yollandı, vəhşi dağlar arasındakı mağarada məskən saldı, buralara hələ insan ayağı dəyməmişdi. Hökmdarın qızı bahalı və qəşəng paltarını soyundu, əyninə sadə kəndli paltarı geyindi, səbirlə işləməyə başladı, Panqu isə hər gün ova çıxırdı. Onlar rahatlıq və xoşbəxtlik içində yaşayırdılar. Bir neçə ildən sonra onların bir qızı və üç oğlu oldu.

Günlərin bir günü ər-arvad uşaqları da götürüb qayınataya və qayınanaya baş çəkmək üçün saraya getdilər. Hələ uşaqlara ad qoymamışdılar. Qaosin-vandan xahiş elədilər ki, uşaqlara ad qoysunlar. Böyük oğlan doğulanda boşqaba qoymuşdular, buna görə də ona Pan – Boşqab adını verdilər, ortancıl oğul doğulanda onu səbətə qoymuşdular, buna görə də ona Lan – Səbət adını verdilər. Sonbeşiyə uyarlı ad tapa bilmirdilər. Birdən səma aralandı, ildırım guruldadı, buna görə də sonbeşiyə Ley – İldırım adını verdilər. Qız böyüyüb ərsəyə çatdı, onu cürətli bir döyüşçüyə ərə verdilər, qız ərinin Çjun – Zəng familiyasını qəbul elədi. Sonralar Pan, Lan, Ley və Çjun nəslinin törəmələri bir-birindən qız alıb, qız verdilər, onların oğlanlarından və nəvələrindən xalq yarandı, onların hamısı Panquya ulu əcdad kimi sitayiş edirdilər.