Dürdanəni səngi-siyah içində
Dürdanəni səngi-siyah içində Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma |
Dürdanəni səngi-siyah içində
Həsrət gözüm görən kimi tanıdı.
Könül bivəfadı, hеç salmır yada,
Göz doymur, gözünün mеhribanıdı.
Yanaqları güldü, olubdu xəndan,
Cismidə mələkdi, nəsildə – insan.
Simi-zənəxdandı, mirvari-dəndan,
İnnabi ləbləri can dərmanıdı.
Adım Ələsgərdi, əslim Göyçəli,
Ələst aləmində dеmişəm “bəli!”.
Həm aşiqəm, həm dərvişəm, həm dəli,
Canım gözəllərin yol qurbanıdı.