Düzə gəl
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Günah etdin, oldum illər xəstəsi,
Yaxşı-yaman bəd gətirər, düzə gəl.
Mən aşiqəm, düzə gəl,
At əyrini, düzə gəl.
Ağ boynuna inci, mərcan,
Sən də düzə-düzə gəl.
İlqar-iman, əhdü-peyman yad olsa,
Can yığışar topuqlardan dizə, gəl.

Geyinibsən ipək, qumaş, al yenə,
Yanaqların lalə kimi, al yenə.
Mən aşiqəm, al yenə,
Bir könlümü al yenə.
Ya göstər ay camalın,
Ya da canım al yenə.
Busə alım, de ürəkdən, – al yenə,
Şair könlüm vəsfin-vəsfə düzə, gəl.

Məmmədhüseyn istər üzdə xalını,
Gəl döşərəm yolun üstə xalını.
Mən aşiqəm, xalını,
Göstər üzdə xalını.
Möhnətin üzdü məni,
Gəl göstərim xalını.
Gecə-gündüz arzularam xalını,
Seyr etməyə çəmənə gəl, düzə gəl.