Düz dara
Müəllif: Molla Cuma
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022.

İsmi Pünhan, o mövlanı sevərsən,
Çəkmə seyrəqubla məni düz dara.
Amandı, sevdiyim, gəzmə pərişan,
Zülflərini gərdanına düz, dara.

İsmini çəkəndə dilim inciməz,
Vəsfini yazanda əlim inciməz,
Gündə yüz zülm etsən halım inciməz,
Mənsur kimi çəkilmişəm düz dara.

Molla Cuma necə dözsün bu dağa,
Bu sitəmə, bu düyünə, bu dağa,
Məcnun edib saldın məni bu dağa,
Ha gəzirəm eniş, yoxuş, düz dara.