Dəhənin şövqünü cansuz güman etməz idim

Dəhənin şövqünü cansuz güman etməz idim
Müəllif: Məhəmməd Füzuli


Dəhənin şövqünü cansuz güman etməz idim,
Yoxsa birdəm onu mən munisi-can etməz idim.

Vəsfi-xali-ləbini bilsə idim naməqdur,
Arizusunda qara bağrımı qan etməz idim.

Xublar aşiqə meyl etmədiyin bilsə idim,
Özümü eşq ilə rüsvayi-cahan etməz idim.

Düşməsəydi gözümün yaşinə feyzi-nəzərin,
Onu hər sərvin ayağinə rəvan etməz idim.

Salmasaydım dili-viranə imarət tərhin,
Onda gənci-gühəri-eşqi nihan etməz idim.

Sitəmi-təneyi-əğyarə deyildim vaqif,
Yoxsa yarın səri-kuyində məkan etməz idim.

Etməsəydi sitəmi-yar, Füzuli, məni zar,
Bunca fəryad çəkib, ahü fəğan etməz idim.