Dəli könül (09.05.2022)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]
Könül, ey vay, könül, vay könül, ey vay, könül!

Nemətullah Kişvər


Ağıl–kamal zamanıdır.

Nə dəlirdin, dəli könül?

Elə yar–yar deməkdəsən,

Nədi virdin, dəli könül?


Bu getdiyin yol deyildi,

Ol dediyin ol deyildi.

Bu sən girən kol deyildi.

Niyə girdin, dəli könül?


Yay günündə yağan qarsan,

Heyrətdəym – hələ varsan...

Sızım – sızım sızıldarsan –

Nədi dərdin, dəli könül?


Nə mənçisən mənçi təkin,

Nə dinçisən dinçi təkin.

Göz yaşını inci təkin

Səpələrdin, dəli könül?


Tutarmı kamil naşını?

Bu sevginin at daşını!

Teymurtək sən də başını

Tez itirdin, dəli könül...