Dəli könül, səndə nələr dolanır
Dəli könül, səndə nələr dolanır Müəllif: Aşıq Musa |
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013. |
Dəli könül, səndə nələr dolanır,
Biri qışdı, biri payız, biri yaz.
Üç əlamət gözəllər nişanı,
Biri işvə, biri qəmzə, biri naz.
Coşqun çaylar kimi qaynadım, doldum,
Hayva tək saraldım, gül kimi soldum.
Gedərikən üç gözələ tuş oldum,
Biri qarı, biri gəlin, biri qız.
Qürbət eldə kimdi halım soruşan,
Ağ üzündə qoşa xal verir nişan.
Üç şeydir ki, bu otağa yaraşan,
Biri Musa, biri söhbət, biri saz.