Dəli yığıncağı/Beşinci məclis

Dördüncü məclis Dəli yığıncağı. Beşinci məclis
Müəllif: Cəlil Məmmədquluzadə


Şəhərin kənarı, camaat ayaq üstə, əlləri duada, dodaqları dua vird edir. Çoxu müsafir paltarında zəvvardırlar. Çavuş oxuyur:

Düşüb könlüm mənim də iştiyaqə,
Gedin məndən qabaqca siz qabaqə,
Edin izzət bu izzətli qonaqə,
O həzrətdən sizə fərman çıxıbdır.
Bər Məhəmməd və alihü səlavat!….

Camaat salavat çəkir, çavuş Ә l ә l f ә l a h, F a z i l M ә h ә m m ә d i b n Y ә q u b, H a c ı B a ğ d a d, K ә r b ә l a y ı T ü r b ә t və M ә k k ә M ә h ә m m ә d, bunlardan sonra övrətlər — Ü m m i G ü l s ü m, Ә m i n ә, S ә k i n ә…. Ә l ә l f ә l a h bir atın cilovundan çəkir, atın üstündə xurcun, içində ölü sümükləri görsənir. Adamların dalınca dörd kəcavə, hərəsi bir qatıra yüklənmiş. Bunlardan savayı çox kişi və övrət gəlməkdədir. Hacı Məhəmmədəli fərşfüruş, Hacı Xudaverdi Hacı Cəfər də burada durub ağlayırlar. Bir tərəfdən dəlilər, Molla Abbas, Farmasyon Rüstəm, Sərsəm Heydər, Həmzad Qurban, Cinni Mustafa, Pırpız Sona, Şimrəli əlində şallaq dəliləri gözləyir.

F a z i l M ә h ә m m ә d i b n Y ә q u b (əllərini qaziyul-hacata qalxızıb, bəlağət ilə deyir). Allahümmə inni əsəlükə biismikə ya rəhman

ya rəhim! Sübhanallah, lailahə illa əntəl-qövs-əlqövs külli şeyin qədir. Ey məşəril-xəlayiq! Ey islam ümməti! Ey yer üzünün şiələri! Bilin və agah olun ki, dünyanı bədbəxtlik hər tərəfdən əhatə edibdi. Bunun ümdə səbəbi gün-gündən artmaqda olan məsiyyətlərin vücudi ki,

ibarət olsun dəli kişilərin övrətlərinin sahibsiz qalmağından. Bir surətdə ki, əz həzrət Yəqub mərvist ki, əgər övrəti-müslimə müddəti bisahib manəd, həftad həzar mələk bəəhaliyi-on vilayət lənət günəd.

[Həzrət Yəqubdan rəvayətdir ki, əgər müsəlman arvad bir müddət sahibsiz qalsa, yetmiş min mələk o vilayətin əhalisinə lənət oxuyar.]

C a m a a t. Lənət!

F a z i l M ә h ә m m ә d (ağlayır). Indi bir mülahizə buyurun görün, bir məmləkətə ki, yetmiş min mələk lənət oxuya, əlbəttə, orada dünya-aləm dərhəm-barhəm olacaq. Ey yer üzünün şiələri, bu gün cümə günüdür, yəni bina bərəvayəti-ibn Həsən Səid ibn Ömər Həsən

qeyr vahid, qalə yəxrucü qiamüna əhlül-beyt yövmül-cümə…. Baxın məğrib tərəfinə: gün oradan tülü edir; baxın məşriq tərəfinə: gün oradan qürub edir. (başını qalxızıb göyə baxır. Camaat təәccüblü məqrib və məşriq tərəfə baxır).

F a z i l M ә h ә m m ә d (moizəsini eləyir). Odur, az qalır ulduzlar yerə tökülsün; az qalır vəlvəleyi-səthi-xakdan olsun; az qalır zəlzəleyi-səqfi asiman olsun. Bu özgə bir şey deyil, məgər sahibül-əsr vəzzəmanın zühurunun əlamətidir.

Dəlilər təzim edirlər, Həmzad Qurban və Pırpız Sona qorxularından titrəyirlər və ağlayırlar. Farmasyon Rüstəm və Sərsəm Heydər gülürlər və Cinni Mustafa çığırır. Molla Abbas çıtmıq çalır, düşür oynamağa, camaat acıqlanır və onu oradan çıxardır.

C i n n i M u s t a f a. Ədə, imam gəldi! Ədə, Molla Abbas, imam gəldi. (Dizlərini yerə döyür).

Küçədə camaat bu sözü eşidib, həyәcanla yavuq gəlib, imamı axtarır.

F a z i l [M ә h ә m m ә d] (moizə edir). Ey yer üzünün şiələri, bu gün bu ağanın (çavuşa işarə edir) buraya müsafirətinin illəti budur ki, bütün yer üzünün şiələrinə elam olunsun ki, həzrət sahibül-əsr vəzzəman cümə günü Qaf dağının dalından min övladı ilə düşmənin qabağına davaya çıxıb, elani-müharibə edəcәk.

M o l l a A b b a s (uzaqdan qah-qah çəkib gülür). Az da yox, min evladı ilə!

Şimrəli və mömünlər Molla Abbası bir xeylək döyürlər.

F a z i l M ә h ә m m ә d. Bəli, əzhər minəş-şəmsdir ki, həzrztin ümmətinin törəyib artmağına böyük zərurət müşahidə olunur və bu səbəbdən o həzrətdən təvəqqe sadir olub ki, (bir kağızı əlində tutub) bəndeyi-həqir həzrətin birinci nayibi-xassı Məhəmməd ibn Yəqub Küleyni ki, ibarət olsun "Üsuli-Kafi" kitabının sahibindən ki, şiə məzhəbinin mədari-dəyanəti hesab olunur. Bilin və agah olun ki, budur o həzrətin hökmünün məzmunu: bu vilayətdə olan dəli kişilərin övrətləri bir surətdə ki, müvafiqi-şəri-şərif ərlərindən boş və azaddırlar, gərək öz ərlərinin qardaşlarına siğə olub, bu kəcavələrə əyləşsinlər, həzrətin ziyarətinə müşərrəf olsunlar. Zəmani ki, həmin dəli kişilərin övrətləri öz dəli ərlərinin qardaşlarına siğə oldular, xudavəndi-zülcəlalın qüdrəti ilə bu övrətlərdən (dəlilərin üç övrətinə işarə edir) yetmiş günün ərzində yetmiş min övlad ərsəyə gələcək.

Molla Abbas və dəlilər gülüşürlər və bunlar o büzürgüvarın köməyinə gedəcәklər və o məlun düşmənə zəfər yetirib, səğərin dib bucağına vasil edəcәklər və pak olan şiələrin nicatına bais olacaqlar və bəlkə bu qədər intəhasız savabın müqabilində də bu biçarə dəlilərə bir nicat yolu tapalar.

Hamı övrətlər kəcavələrə tərəf hücum edirlər.

F a z i l [M ә h ә m m ә d] (övrətlərə). Ey ağıllı övrətlər, bir səbr ediniz, ta ki siğələr cari olsun.

F a r m a s y o n R ü s t ә m (övrəti Ümmi Gülsümə ağlaya-ağlaya). Ay mənim övrətim Ümmi Gülsüm, vallah, mən dəli deyiləm; məni

qoyub getmə.

H a c ı B a ğ d a d (qardaşı Rüstəmə). Qardaşım, allaha yalandan and içmə, günaha batdın.

S ә r s ә m H e y d ә r (övrəti Əminəyə yalvarır). Ay mənim övrətim Əminə, məni tullayıb qardaşıma ərə getmə! Vallah, mən dəli deyiləm (ağlayır).

K a b l a T ü r b ә t (Heydərə). Qardaşım, Heydər, allaha yalandan and içmə, günaha batdın.

H ә m z a d Q u r b a n (Səkinəyә). Ay mənim övrətim Səkinə, uşaqları tullayıb qardaşıma ərə getmə! Vallah, mən dəli deyiləm (ağlayır).

M ә k k ә M ә h ә m m ә d. Qardaş, Qurban, and içmə, günaha batdın.

Ç a v u ş (oxuyur). Hər ki darəd həvəs həzrətna, bismillah!….

Camaat salavat zikr edir: "Allahümmə səlli əla Məhəmmədün və ali Məhəmməd". Dəlilər təzim edir. Övrətlər yenə kəcavəyə hücum çəkirlər.

[F a z i l] M ә h ә m m ә d i b n Y ә q u b. Ey salihə övrətlər! Macal verin, siğələr cari olsun. (Fazil gəlir durur camaatın arasında və başlayır siğə oxumağa) Əlhəmdü lillahilləzi əhəllət-təzvicə vənnikahə, vəssəlatü vəssəlamü əla xeyri xəlqihi və əcməin əüzü billahis-səmiil-əlimi minəş-şeytanir-rəcimi. Ənkəhtül-mərətəl-məlumata lirrəcülil-məlumi ələssədaqil-məlumi. Qəbiltün-nikahə.

C i n n i M u s t a f a (dabanını yerə vurur və çığırır). Oxuma, oxuma siğəni. Biz dəli deyilik.

Həmzad Qurban və Sona ağlayırlar Farmasyon Rüstəm və Sərsəm Heydər qah-qah çəkib gülürlər. Mömünlərin bir neçəsi: "sübhanallah, sübhanallah", bir neçəsi: "lahövlə vəla qüvvətə illa billahü əliyyül-əzim" deyir. Cinni Mustafa peydərpey çığırır: "biz dəli deyilik! Biz dəli deyilik!".

F a z i l M ә h ә m m ә d (dəlilərə). Necə dəli deyilsiniz ki, dünya və aləm içrə bizim irz və namusumuzu götürübsünüz?

Qeyri mömünlər də dəlilərin üstə çığırırlar.

Necə dəli deyilsiniz ki, dünya və aləm buna şahiddir?

Qiylu qal dəxi də şiddət edir.

Ç a v u ş Ә l ә l f ә l a h (Fazilə). Xub, bir surətdə ki, bu allah bəndələri (dəliləri göstərir) öz dəliliklərini inkar edirlər, xub, mən eşitdiyimə görə, bu vilayətdə Əmristandan təzə varid olan və ruh əmrazinə ixtisas yetirmiş təbibi-haziq var. Xub, haman təbibi dəvət edin, özü təşxis versin ki, aya bu camaat içində kimdir ağıllı, kimdir dəli; dəxi mübahisəyə nə hacət? Dəxi münaqişəyə nə lüzum, ey məşərül-xəlayiq?

D ә l i l ә r. Nə eybi var, həkim özü təşxis versin kimdir ağıllı, kimdir dəli. Mübahisəyə nə hacət? Münaqişəyə nə lüzum?

M ö m ü n l ә r. Nə eybi var, həkim özü təşxis versin, kimdir dəli, kimdir ağıllı. Mübahisəyə nə hacət? Münaqişəyə nə lüzum?

Çamaat içində "çəkilin, çəkilin" səsi düşür, həkim Lalbyuz girir camaatın içinə və o tərəf-bu tərəfə baxır.

F ә r r a ş Ş i m r ә l i (həkimə). Cənab həkim, sizə mühəvvəl olunur təşxis vermək kimdir burada dəli, kimdir ağıllı? Zira bu barədə

mübahisə və münaqişə vaqe olub.

Cəmi dəlilər həkimə təzim edir, camaat sükutda və müntəzirdir ki, həkim nə tövr rəftar edəcәk. Həkim at üstündəki xurcuna diqqət verib, sümüklərə gözü sataşır və təәccüb edə-edə oraya yavuqlaşıb, istəyir əlini vura sümüklərə. Xurcun sahibi çavuş Əlalfəlah həkimin əlini öz əli ilə rədd edir ki, əli sümüklərə dəyib, murdarlamasın. Həkim təәccüblü çavuşa baxır və işarə ilə soruşur ki, bu sümüklər niyə

buraya qoyulub və hara aparırlar?

Ç a v u ş (həkimə). Cənab həkim, bu sümüklər cənnət-məkan atamın sümükləridi; allah-taala cəmi mömün bəndələrini ərşi-əlada hurilər ilə həmcəlis eləsin …. Bu sümükləri aparıram ətəbati-aliyata həzrətin türbəti-mübarəklərinə tapşıram. Çünki həzrət Museyi-Kazimdən rəvayətdir ki, çün meyitra dəfn künənd dər bərabəri-qəbri-hərət

[Elə ki, meyiti həzrətin qəbrinin yanında dəfn elədilər ….]

…. (ağlayır və başına döyür; cəmi dəlilər qah-qah çəkib gülürlər).

F a z i l M ә h ә m m ә d. Vaveyla va müsibəta!…. Gör nə günlərə qaldıq!

M ö m ü n l ә r. Vaveyla va müsibəta!….

H a c ı B a ğ d a d. Atam-anam sənə qurban, ya həzrət! (ağlayır, dodaqları vird edir: "sübhanallah, sübhanallah!").

K a b l a T ü r b ә t. Fəda olum sənə, ya həzrət! (Ağlayır. Dodaqları vird edir: "sübhanallah, sübhanallah").

M ә k k ә M ә h ә m m ә d. Lahövlə vəla qüvvəta illa billahü əliyyül-əzim.

Həkim Lalbyuz qalır məəttəl; bilmir dəli kimdir, ağıllı kimdir.

M o l l a A b b a s (həkimə, gülə-gülə). Hə, belə məəttəl qalarsan ha? Elə bilirsən dəlilərə həkimlik eləmək hasand işdi? Hə, bizi ələ salıbsan, ya özünü ələ salıbsan? Sən ki, bu camaatın dilini bilmirsən, indi tap görüm dəli kimdi, ağıllı kimdi? Hə, niyə məəttəl qalmısan?

Niyə lal olmusan, cənab Lalbyuz? (qah-qah çəkib gülür, dəlilər də gülürlər).

Həkim yenə bilmir nə eləsin və bir qədər də o adama, bu adama diqqət edəndən sonra gedir ağlayan və başına döyən Çavuş Ələlfəlahın papağını çıxardır və qırxıq başına və gözlərinə diqqət edir. Sonra dodaqları "sübhanallah" vird edən və gözləri allahı axtaran Hacı

Bağdadın başına və gözlərinə diqqət yetirir. Farmasyon Rüstəm və Sərsəm Heydər gülüşür. Mömünlər narazı və məyusdurlar. Sonra həkim gedir dodaqları "sübhanallah" vird edən və gözləri allahı axtaran Kabla Türbətin başına və gözlərinə baxır. Dəlilər gülüşür. Bu minval ilə Məkkə Məhəmmədə də baxandan sonra həkim cibindən lüğət kitabını çıxardıb, bir söz axtarır və kitabın bir yerində barmağını qoyub, bu kəlməni çətinliklə höccələyir və deynr: "dali". Dəlilər gülüşür, mömünlərin gileyi-güzarı və narazlığı intihaya çatır: "Bu necə həkimdi? Bu nə qayırır? Həkimin iştibahı var" sözləri ucalır. Fərraş Şimrəli dəliləri və ağıllıları şallaqlaya-şallaqlaya camaatı sakit edir.

Çavuş avazla oxuyur: "Zi türbəti-şühəda buyisib miayəd".

[Həzrətlərin qəbrinin torpağından alma iyi gəlir.]

Camaat salavat çevirir.

F a z i l [M ә h ә m m ә d.] Ey məşərül-xəlayiq! Vay dəlilərin bəxti-qarə övrətləri! Hər kəs öz ərinin qardaşına siğə olmağa və həzrətin ziyarətinə getməyə razıdırsa, daxil olsun kəcavəyə.

(Ümmi Gülsüm başını aşağı salıb gedir, kəcavəyə daxil olur)

Bəli, bu gedən şieyi-salihə Ümmi Gülsüm, Farmasyon Rüstəmin bədbəxt övrətidir.

Rüstəm arvadının kəcavəyə tərəf ketməyinə baxıb, "ğu, ğu" eləyir. Molla Abbas və Sərsəm Heydər gülüşürlər, Sona və Qurban ağlaşırlar, Cinni Mustafa dabanlarını yerə vurub çığırır. Sonra kəcavəyə Ümmi Gülsümün dalınca gedir Hacı Bağdad, ondan sonra gedir Əminə

övrət — Sərsəm Heydərin arvadı. Heydər də arvadına "ğu-ğu" edir, dəlilər gülüşürlər. Bunun dalınca Kabla Türbət, ondan sonra Səkinə övrət, dalınca Məkkə Məhəmməd. Dəlilər "ğu-ğu" edib gülüşür. Fazil Məhəmməd siğəni alçaqdan oxuyur: "əngəhtü mərətül-məlumə". Oxuyub tamam edəndən sonra üzünü tutur camaata.

F a z i l [M ә h ә m m ә d.] Bəli, məlumdur ki, bu vilayətdə hamıdan artıq dəliliyi ilə şöhrət qazanan mənim bədbəxt bəradərim dəli Molla Abbasdır ki, onun biçarə övrəti Pırpız Sonanı həzrətin ziyarətinə aparmaq zəhməti mənim öhdəmə mühəvvəl olunubdu. O, rəhim allahdan istiqasim budur ki, öz astanasında bu bəxti-qarə övrətə şəfa kəramət edib, bu mərəzi-nagəhanidən xilas edə. Daxil olsun kəcavəyə qol-qıçı açıq, mömün bəndələrin nəzərində küçə və bazarda dolanan Pırpız Sona!

(Fazil Məhəmməd ibn Yəqub başı aşağı, gedir kəcavəyə tərəf və çönüb görür ki, Sona gəlmir. Sona dəlilərin içindən qabağa çıxır, üzünü tutur Molla Abbasa və deyir:)

P ı r p ı z [S o n a.] Molla Abbas, qorxuram! Molla Abbas, məni tut, mən qorxuram! (əllərini qabağa uzadır və yalvarır). Molla Abbas, o arvadlar ki, öz ərlərini tullayıb, ərlərinin qardaşlarına qoşulub gedirlər, o arvadların ucundan qorxuram dünya və aləm dağıla, külli-küfan ola. Molla Abbls, qorxuram ulduzlar yerə tökülə (titrəyir). Vay, nələr gördüm, Molla Abbas!

(Ağlayır və titrəyir. Fazil Məhəmməd istəyir qayıda gələ Sonanı apara, Sona da istəyir qayıda gələ dəlilərin yanına).

M o l l a A b b a s (Sonaya). Sona, get, get, mən sənə izin verdim. Səni aparan mənim qardaşımdı.

Fazil Sonanı zor ilə çəkir kəcavəyə tərəf, Sona çığırır. Dəlilər hücum edirlər Fazilin və möminlərin üstə. Fazil və camaat hamısı qorxub qaçır, dəlilər onları qovalayır. Molla Abbas Sonanı qucaqlayır və ətrafa baxıb görəndə ki, bir kəs yoxdur, dizi üstə düşüb, başlayır Sonanın əllərindən öpməyə və ona deyir:

Neçə ildi özümü (öz üstünə baxır) bu hala salmışam ki, sən dəlilər içində tək qalmayasan! Yazığım sənə də, yazıq özümə də! Çünki dəxi bizim günümüz belə keçəcәk və axırda da divarlar dibində can verəcәyik. Indi ki, getmədin, getmə, qoy o bacı-qardaşlar (əlini zəvvara tərəf tutur) o qayın-baldızlar əyləşsinlər kəcavələrə və yetmiş günün ərzində həzrətin qoşunundan ötəri yetmiş min övlad əmələ

gətirsinlər və həzrətin düşmənini səğərin dib-bucağına vasil eləsinlər. Gedək biz də öz yoldaşlarımızın içində qalaq. Doğrudur, onlar, həzrətin zühuruna inanmırlar, həzrətin zühurunda mayallaq aşırlar, amma heç olmasa, səni də çimdikləmirlər. (Dəlilərə tərəf üzünü tutub çığırır: "Yoldaşlar!" Dəlilər gülə-gülə qayıdıb gəlirlər. Dəlilərə tərəf acıqlı). Nəyə gülürsünüz? Mən sizə min dəfə demişəm ki, əgər siz məni vaiz hesab eləyirsiniz, gərək mən vəz edən vaxt siz mənim moizəmə huş-guş ilə qulaq asasınız. (Dəlilər başlarını aşağı salıb dinmirlər. Molla Abbas bir qədər fikrə gedəndən sonra, bəlağət ilə deyir:) Hindistan hükəmasından bilmirəm hansıdı — adı yadımdan çıxıb, — kitabında yazır: vaxt olur ki, insanın qəlbi hər bir arzudan və meyldən xali olur, o vaxt qəlbdə bir növ xamuşluq əmələ gəlir. Bu xamuşluqda insana elə bir iti zehn üz verir ki, dünyanın yaxşı və yamanını həkimanə bir surətdə görə bilər. Allah şahiddir ki, bir belə xamuşluq, bir belə sakitlik bu dəqiqə mənim də qəlbimdədir. Onun üçün də indi mən həzrət sahibül-əsr vəzzəmanın xidmətinə müşərrəf olan bu camaatın (əlini zəvvara tərəf uzadır) hərəkətinə diqqət ilə tamaşa edib deyirəm: Vallah və billah biz "dəli yığıncağına" düşmüşük.

Dəlilər gülüşür, Sona ağlayır, Cinni Mustafa yumruğunu zəvvara tərəf tutub çığırır.

P ә r d ә
Axırı