Dəli yığıncağı/Birinci məclis
Dəli yığıncağı. Birinci məclis Müəllif: Cəlil Məmmədquluzadə |
İkinci məclis→ |
Birinci məclis vaqe olur şəhərin hakimi H ә z r ә t Ә ş r ә f i n idarəsində. Yuxarı başda sandalya üstə əyləşib Həzrət Əşrəf, yanında durub müavini H a c ı N a y i b. Bir tərəfdə sandalya üstə əyləşib d o k t o r L a l b y u z, qabağında kürsü üstə kağız-küğuza baxır. Kənarda əyləşiblər şəhərin mötəbər tacirləri: H a c ı M ә h ә m m ә d ә l i fərşfuruş, H a cı X u d a v e r d i Ş ü r ә k a, H a c ı C ә f ә r K o m p a n i. Qapının yanında durub fərraş Ş i m r ә l i. H ә z r ә t Ә ş r ә f H a c ı N a y i b ә qanılmayan dildə yavaş-yavaş bir söz deyir.
H a c ı N a y i b (üzü camaata). Hacılar, burada bir vacib məsələ var ki, ondan ötəri də Həzrət Əşrəf sizi buraya dəvət edib; amma and verirəm sizi uzun qollu Həzrət Abbasa, burada, əgər mümkünsə türkcə danışmayaq, çünki Həzrət Əşrəfin mənə qeyzi tutur.
H a c ı C ә f ә r K o m p a n i (Hacı Nayibə). Hacı ağa, and verirəm səni pənctəni-ali-əbayə, bu dəfəliyə bizi əfv buyurunuz və mətləbi
bizim dildə bəyan ediniz ki, başa düşək: çünki məcə də ki, sizə məlumdur. Həzrət Əşrəf fərmayiş etdikləri dilə biz heç birimiz aşina deyilik. (Qorxusundan bir qədər yavaş deyir). Doğrusu, Hacı ağa, peyğəmbərə and olsun, Həzrət Əşrəfin dilini biz başa düşmürük. Bəs buna
görə biz əhd edirik ki, Həzrət Əşrəfin xidmətində bundan sonra heç danışmayaq, heç danışmayaq. (Sağ əlini basır ağzına).
H a c ı M ә h ә m m ә d ә l i. Heç danışmayaq, heç danışmayaq. (Bu da əlini ağzına basır).
H a c ı X u d a v e r d i. Heç danışmayaq, heç danışmayaq. (Bu da sağ əlini ağzına basır).
Hacı Naib Həzrət Əşrəf tərəfə əyilib ona yavaşca bir söz deyir və o da buna yavaşca bir neçə söz deyir. Həzrət Əşrəf durub gedir içəri
otağa, sonra Hacı Nayib üzünü tutur hacılara.
H a c ı N a y i b. Hacılar, əhvalat bu qərar ilədir ki, hər bir hakimin birinci vəzifəsi məmləkətin abad və əhalinin istirahət və səadətidir. Və Həzrət Əşrəfin amalı və arzusu, bu məmləkətə təşrif gətirəndən indiyədək həmişə bu yolda olubdur. Buna da allah-təala özü şahiddir;
bu da ki, əzhər minəş-şəmsdir. Həmin bu cənab (doktora işarə edir) ki, ismi şərifləri doktor Lalbyuzdur.
H a c ı M ә h ә m m ә d ә l i. Lalbyuz?
H a c ı N a y i b. Bəli, Lalbyuz, doktor Lalbyuz ki, təzəlikdə Əmristandan bizim vilayətə təşrif gətiriblər ki, ruh azarının burada camaat
içində nə şəkildə zühura gəlməyini tədqiq və təhqiq edib, cünunluq mərəzinin xasiyyətini, tarixini, indiki Əmristan darül-elmlərində təhsil etdikləri elmi-psixikə tətbiq buyursunlar.
Burada doktor bir lüğət kitabına barmağını qoyub deyir.
D o k t o r. Dali, dali (yəni istəyir desin "dəli").
H a c ı N a y i b (həkimə baxıb). Yəni həkim cənablarının ixtisası həmin dəlilik mərəzinin, yəni ruh dairələrinin öz təbii mahiyyətindən
ixrac olub, rəxnə tapmağıdır ki, bunun nəticəsində insanın qüvveyi-əqliyyəsinə xələl yetişir. Bəistilahi-türk, insan dəli olur. Bəs belə
olan surətdə insaf və mürüvvətdən uzaq olar, əgər biz doktor cənablarının şəhərimizə təşrifini qənimət saymayaq. Həzrət Əşrəfin
iradəsi bu yerdə qərar tutub ki, bundan sonra şəhərimizdə bir nəfər də dəli və divanə küçə-bazarda sərgərdan dolanmasın və doktor cənabları o biçarələr üçün bir məkan qərar verib, onların müalicəsinə məşğul olsun …. Belə bir iqdamatın iki qism gözəl nəticəsi ola bilər: biri budur ki, şəhərimizin küçələrindən dəliləri rədd etmək ilə vilayətimizin abadlığı yolunda təlaş etmiş olarıq ki, bu özü bizim
üçün müqəddəs bir vəzifədir; ikincisi də budur ki, o bəxtiqarə dəlilərin xeyir-duasının feyzi bizim özümüzə də kifayət edər, valideynimizə
də kifayət edər və abavü əcdadımıza da kifayət edər. Nə deyirsiniz, hacılar?
H a c ı M ә h ә m m ә d ә l i (əllərini qalxızır duaya). Bari pərvərdigara, belə hakimlərin sayəsini biz aciz bəndələrin başının üstündən
əskik eləmə öz birliyin xatirinə.
H a c ı X u d a v e r d i (əlləri duada). Ey gözə görünməyən pərvərdigar, bizə rəhmin gəlsin!
H a c ı C ә f ә r (əlləri duada). Amin!
Hacılar təәccüblə doktora tamaşa edirlər.
H a c ı M ә h ә m m ә d ә l i. (Hacı Nayibə) Hacı ağa, mən belə məsləhət görürəm ki, doktor cənablarının şəhərimizə vürudu çavuş
vasitəsilə əhaliyə elam olunsun və car çəkilsin və o biçarə dəlilərin qohum-əqrəbasına müjdə verilsin ki, xudavəndi-aləmin lütf və
mərhəməti sayəsində o binəva dəlilər mübtəla olduqları cünunluq mərəzindən tez bir vaxtda şəfa tapacaqlar.
H a c ı l a r (Şimrəliyə tərəf). Bəli, bəli, elam olunsun, car çəkilsin.
H a c ı N a y i b. (Şimrəliyә) Şimrəli, hacıların məsləhəti pis deyil. Durma get, binagüzarlıq elə.
Ş i m r ә l i. Çeşm (çıxır, gedir).
H a c ı M ә h ә m m ә d ә l i. Pəh, pəh, pəh! Maşallah olsun doktor cənablarının elminə; necə də ki, ərəblər deyiblər: zahir batinin
ayinəsidir, eləcə doktorun zahirindən elm yağır. A kişi, bizim müsəlmanların yəni həkimləri də bir həkimdilər? Vallah, billah, and olsun getdiyim Imam Rzaya, heç baytal da deyillər. Həkim, bax, buna deyərlər ey! Amma heyf ki, deyəsən, bizim dili yaxşı bilmir.
H a c ı C ә f ә r. Yəni, Hacı ağa, nə eybi var ki, bilmir?H a c ı X u d a v e r d i. Yəni, Hacı ağa, bizim dildə nə mətləb var ki, onu bilsin
ya bilməsin? Biləndə nə olacaq, bilməyəndə nə olacaq?
H a c ı M ә h ә m m ә d ә l i (hacılara). Hacı ağa, and olsun allaha, mən ona təәccüb eləyirəm ki, bu zalım oğlu bizim dili bilməyə-bilməyə dəlilərə necə müalicə edəcәk? Genə özgə azar ola, genə bilməsə də, o qədər eybi yoxdur. Amma Hacı Nayib ağa buyurmuş kimi, burada ruh məsələsi var, burada dəlinin əhvalını yoxlamaq məsələsi var.
H a c ı X ud a v e r d i. Xudaya, şükr sənin cəlalına!
H a c ı C ә f ә r. Lahövlə vəla qüvvətə illa billahü əliyül-əzim!
H a c ı N a y i b. Yəni Hacı Məhəmmədəli ağa, dili bilməkdə, ya bilməməkdə bir mətləb yoxdur. Odur Həzrət Əşrəf də bizim dili bilmir; indi görək bunun bilməməyinin kimə nə zərəri var? Həkim də bunun kimi. Nə eybi var? Həkiminki odur ki, azarın özünə yaxşı təşxis versin.
H a c ı M ә h ә m m ә d ә l i (Hacı Nayibə). Xeyr, məni əfv buyurasınız, Hacı ağa! Həzrət Əşrəfin işi bir özgədir: o hakimdi, onun vəzifəsi ancaq əmr etməkdi, çığırıb bağırmaqdı ki, burada bir özgə dili bilmək əsla lazım deyil; amma həkim bir az bilsə, nə eybi var?
H a c ı N a y i b. Bəli, hələ bu belə. Indi, hacılar keçək məsələnin o biri tərəfinə. Məlumdur ki, hər təşəbbüsat ki, məmləkətin abadlığı
yolunda başlanır, hökumət xəzinəsinə çox da ağırlıq düşməsin deyə, ağayani-tüccarın himmətinin vücudu ilə nəticəbəxş olur; buna binaən Həzrət Əşrəf dəlixananın təsisinin məsarifini siz cənabların öhdəsinə mühəvvəl edibdi ki, indi biz bu saat doktor həzrətlərinin müsvəddəsindən həmin binagüzarlığın məxaricini təxmin edə bilərik. (Əyilib doktorun kağızına baxır).
Doktor gah kağızları, gah lüğət kitablarını açır, Hacı Nayabə nişan verir.
Bəli, doktorun hesabı mövcibincə, əgər biz istəyәk şəhərimizdə bir dəlixana təsis edək, onun ildə iyirmi min tümən məsarifi olacaq.
H a c ı M ә h ә m m ә d ә l i (təәccüblü). Iyirmi min tümən?
H a c ı N a y i b. Bəli, Hacı ağa.
H a c ı X u d a v e r d i (təәccüblü). Iyirmi min tümən?
H a c ı N a y i b. Bəli, Hacı ağa.
H a c ı C ә f ә r (təәccüblü). Iyirmi min tümən?
H a c ı N a y i b. Bəli, Hacı ağa.
Hacılar bir-birinə baxıb, başlarını bulayırlar.
H a c ı M ә h ә m m ә d ә l i (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni səyyidüş-şühədaya, boşla getsin.
H a c ı X u d a v e r d i (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni qərib Imam Rzaya, boşla getsin.
H a c ı C ә f ә r (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni çəhardəh məsuma, boşla getsin.
H a c ı M ә h ә m m ә d ә l i (Hacı Nayibə). Ərz olsun Hacı Nayib ağanın hüzuri-mübarəkinə ki, o biçarə dəlilərin ağlını alan o gözə görünməyən pərvərdigari-aləmdir ki, öz yaratdığı bəndəyə lazım olan yerdə ağlı verir də, alır da. Bu bir məşiyyəti-yəzdanidir ki …. (Iki əlini yuxarı qalxızıb, gözlərini allaha tərəf axıdıb, bu halətdə olan vaxt Həzrət Əşrəf içəri qapıdan yavaşca başını çıxardıb çığırır).
H ә z r ә t Ә ş r ә f. Pul, pul!…. (Həzrət Əşrəf yenə yox olur. Hacılar xövfə düşürlər).
H a c ı M ә h ә m m ә d ә l i (Hacı Nayibə) Hacı ağa, bu nə fərmayişdi? Pul budur bizim cibimizdə. Bizim malımızın da, canımızın da
təəllüqü Həzrət Əşrəfdir. And olsun xaliqi-ləmyəzələ ki, burada xilaf yoxdu. Bu nə fərmayişdi?
Fərraş Şimrəli daxil olur.
H a c ı X u d a v e r d i (Hacı Nayibə). Hacı ağa, and verirəm səni o uzun qollu Həzrət Abbasa, axı Həzrət Əşrəfin nahaq yerə qeyzi tutur; biz bir söz ki, demirik. Bir surətdə ki, Həzrət Əşrəf fərmayiş buyururlar, bizim nə sözümüz ola bilər?
H a c ı l a r. Nə sözümüz ola bilər?….
H a c ı X u d a v e r d i. Axı, qurban sənə, Hacı ağa, bircə mətləb burasındadır ki, hərənin öz damarına görə qan alarlar. Axı sən özün bir mülahizə buyur gör, o iyirmi min tüməni biz üçümüz verə bilərik ya yox? Görək aya bu şəhərdə bizdən də savayı tacir var ya yox?
H a c ı C ә f ә r. Yaxşı, biz bədbəxt nə deyirik ki! Xub, yarısını biz verək, yarısını qeyri tacirlər versin.
H a c ı N a y i b. Hacı Məhəmmədəli ağa, and verirəm səni mövlayi-müttəqiyanə, bu sözləri mənə deməyin. Sözünüz var idi, bayaq Həzrət Əşrəfin özünə ərz edəydiniz. Əgər pul vermək xəyalınız yox idi, heç öhdənizə götürməyәydiniz.
H a c ı X u d a v e r d i. Ay Hacı ağa, axı biz bədbəxt nə vaxt öhdəmizə götürdük?
H a c ı C ә f ә r. Allah şeytana lənət eləsin!
H a c ı X u d a v e r d i. Xudaya, şükür sənin cəlalına!
H a c ı M ә h ә m m ә d ә l i (üzü həkimə). Cənab həkim, gəl sən bu daşı ətəyindən tök!
Həkim təәccüblü baxır hacılara tərəf və bir şey başa düşmür.
H a c ı X u d a v e r d i (həkimə). Ay həkim, Hacı Məhəmmədəli ağa yaxşı deyir, axı bu dəlixana söhbəti nə bir söhbətdi ki, bunun üstə özünüzə də, bizə də bu qədər dərdi-sər verirsiniz? Biz eşitdiyimiz budur ki, dəliliyin bir səbəbi var. Bu bir bəladır; bu bir qismətdir ki, hər bir yaranmış ki, bu dərdə mübtəla olur, gərəkdir ki, tutduğu işin müqabilində cəzasını çəksin. Bunun çarəsi "Cövşəni-kəbir" ya "Cövşəni-səğir" duasıdır ki, yazıb tikirlər dəlinin paltarına; özü də gərək sol qoluna tikilsin. (Əli ilə qolunu göstərir).
Həzrət Əşrəfin başı içəri otaqdan görsənir.
H ә z r ә t Ә ş r ә f (çox ucadan və hirsli). Pul! Pul!
H a c ı l a r (təşvişə düşürlər və qorxa-qorxa deyirlər). Bəçeşm, bəçeşm. Pul hazırdır. (Əllərini ciblərinə uzadırlar).
Küçədə Çavuş carlayır:
mücdə verilir şəhərimizin dəlilərinə, şəhərimizə bir həkim gəlib, daha bundan sonra hamı dəlilər ağıllanacaq. Ay muştuluğumu verənlər, ay xələtimi verənlər!
H a c ı M ә h ә m m ә d ә l i (Hacı Nayibə). Hacı Nayib ağa, xub, bir sözümüz yoxdu; pulu bu saat düzəldərik. Amma and verirəm səni
Imam Museyi-Kazimə, həkimi bir tövr başa sal, xərci azaltsın; yoxsa bizim şəhərimizdə o qədər çox dəli yoxdu ki, iyirmi min tümən onların müalicəsinə sərf olunsun.
H a c ı C ә f ә r. Xeyr, xeyr, o qədər dəli harada idi? Cəmisi beş-altı nəfər ancaq olar.
H a c ı M ә h ә m m ә d ә l i (Hacı Cəfərə). Xeyr, Hacı ağa, bimari-Kərbəlaya and olsun, dörd nəfərdən artıq deyil: biri dəli Molla Abbasdı, biri onun övrəti Pırpız Sonadı, biri, biri….
H a c ı X u d a v e r d i. Biri o Farmasyon Rüstəmdi-nədi, biri odu, bir-ikisi də ola-olmaya….
H a c ı N a y i b (əyilib həkimin hesabına baxır). Burada əvvəl davaların xərci yazılıb, məsələn: psixikum-sulfirikum-bromatum, min tümən …. Nə bilim, çoxusunu oxuya bilmirəm.
Içəri otaqdan həzrət Əşrəfin başı görsənir.
H ә z r ә t Ә ş r ә f (çığırır). Pul! Pul!
Hacılar tələsə-tələsə və qorxa-qorxa ciblərindən bir qədər qızıl pul çıxardıb, tökürlər Hacı Nayibin qabağına, bu da pulların yarısını yığır
aparır içəri, Həzrət Əşrəfə verir, qalan yarısını qoyur həkimin qabağına, həmin pulları dəstmala qoyur, kağız-kuğuzunu yığışdırır gedir;
hacılar ilə əl-ələ verir. Hacılar xahi-nəxahi əl verəndən sonra, əllərini qabağa uzadıb, havada saxlayırlar ki, sonra yusunlar. Doktor buna təәccüb edib və üzünu Hacı Nayibə tutub, guya bu işin mənasını bilmək istəyir. Hacılar narazı bir halətdə istəyirlər çıxıb getsinlər, bu heyndə küçədə qilü qal qopur. Daxil olur H a c ı B a ğ d a d və Ü m m i — G ü l s ü m
H a c ı N a y i b. Xeyir ola, Hacı Bağdad, bu nə qiylü qaldı?
H a c ı B a ğ d a d (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni o gözə görünməyən pərvərdigara, bizi bu mərəkədən xilas et.
H a c ı N a y i b. Nə var, nə mərəkədi?H a c ı B a ğ d a d. Hacı ağa, bizim qiylü qal ilə işimiz yoxdu. Biz allahın fəqir və mömin bəndəsiyik. Mənim o bədbəxt dəli qardaşım Farmasyon Rüstəmin əlindən bilmirik hara baş götürüb qaçaq. Bu övrət (Ümmi Gülsümü göstərir), ayıb olmasın, haman dəli qardaşımın övrətidir. Indi bir-iki ay olar ki, mən onu müvafiq-şəri-ənvər özümə siğəsini oxudub, həlal eləmişəm.
Siğəsini də Fazil Məhəmməd özü oxuyub. Çünki gərək məlumunuz ola ki, Fazil Məhəmməd özü keçən il elan eləmişdi ki, cəmi dəlilərin övrətləri ərlərindən boşdular və azaddılar. Indi haman dəli Rüstəm qardaşım bu saat gəlib yapışıb bu biçarə övrətin yaxasından ki, şəhərimizə həkim gəlib, mənə dava verəcәk, ağlım başıma gələcək. Indi istəyir zornan övrəti götürüb aparsın. Aman günüdür, Hacı ağa,
bizi dəli Rüstəmin şərindən xilas elə.
Hacı Nayib və qeyriləri mat qalırlar.
H a c ı l a r. Lahövlə vəla qüvvətə illa billahü əliyyül- əzim!
Yenə küçədə mərəkə və qiylü qal qopur. Daxil olurlar K ә r b ә l a y ı T ü r b ә t, M ә k k ә M ә h ә m m ә d, Ә m i n ә ö v r ә t, S ә k i n ә
ö v r ә t və bunlardan savayı k ü ç ә ә h l i. Daxil olanlar bir-biri ilə bu tövr giley-güzar edir: "A kişi, belə də iş olar, necə ağıllanacaq, biçarə arvadın günahı nədi?" Küçədə Çavuş yenə carlayır: "Ey şiələr, şəhərimizə həkim gəlib, dəlilərə müjdə olsun. Hamısı bir neçə günün müddətində ağıllanacaq. Ey mənə muştuluq verən, ey mənə xələt verən!" Sonra adamlar başlayır çığırışmağa: "Ədə, dəlilər gəlirlər!" Qiylü qal qopur, ara qarışır, Həzrət Əşrəf başını içəri otaqdan çıxardıb çığırır: "Sükut!" F ә r r a ş şallaq ilə camaatı sakit edir.
H a c ı N a y i b (üzünü tutur camaata). Ey Hacı Bağdad, Kərbalayı Türbət, Məkkə Məhəmməd! Ey-yer üzünün şiələri! Heç qiylü qal lazım deyil. Doğrudur, doktor Lalbyuz cənabları xudavəndi-aləmin mərhəməti ilə şəhərimizin cəmi dəlilərini ağıllandıracaq. O ki, siz ərz edirsiniz dəlilərin bir neçəsinin övrətləri öz qardaşlarına ərə gediblər, bu məsələlər şəri bir məsələ olduğu halda, bunun həllini Həzrət Əşrəf mühəvvəl edir şəhərimizin şəriətmədarı Fazil Məhəmməd ibn Yəqubun öhdəsinə ki, bu barədə hər nə sərəncam olsa, ona təbəiyyət etmək cəmi yer üzünün şiələrinin vəzifəsidir. Dəxi burada bir özgə söhbət ola bilməz.
Hacı Nayib sözünü qurtaran kimi küçədə səs düşür ki, dəlilər gəlir, C i n n i M u s t a f a gəlir. Adamlar qarışır bir-birinə, qaçan qaçır, qalan qalır.
P ә r d ә s a l ı n ı r.