Dərbəndin
Dərbəndin Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Ay ağalar, gəlin tərif eləyim,
Nə əcəb düşübdü yeri Dərbəndin.
İsgəndər əlilə olub bərqərar,
Çəkilibdi bürcü-barı Dərbəndin.
Dərbənd gözəlləri qəsrdən baxar,
Gələni-gedəni odlara yaxar,
Cümədən-cüməyə seyrana çıxar
Gəlini, qızları, dulu Dərbəndin.
Dərbənd dedikləri bağçadı, bağdı,
Alt yanı dəryadı, üst yanı dağdı,
Çox əcəb gəzməli, səfalı çağdı,
Xəstəyə şəfadı narı Dərbəndin.
Sən gedirsən o Dərbənddə qalmağa,
Ləldən-cəvahirdən ələ salmağa,
Yeyib-yedirməyə, qonaq almağa,
Səxalıdı oğulları Dərbəndin.
Döşündə çeşmələr, zirvəsində qar,
Gözəlində həya, iyidində ar.
Elə ki, qış keçdi, açıldı bahar,
Laləzardı sağı, solu Dərbəndin.
Düyüsü əkilib Gilandan gəlir,
Sürüsü çəkilib Muğandan gəlir,
Çindən, Hindistandan, Yəməndən gəlir,
Darçını, mixəyi, hili Dərbəndin.
Düşməninə zalım, dostuna mərddi,
Səyyadı alıcı, bərəsi bərkdi,
Sıldırım qayalı, havası sərtdi,
Hər yana işləyir yolu Dərbəndin.
Cümə məscidində qılırlar namaz,
Ağam Əli orda olub pişnamaz,
Bu sözləri deyər binəva Abbas,
Məhəmməd dəstində əli Dərbəndin.