Dərd üz verib, nitqim söylər kalamı

Dərd üz verib, nitqim söylər kalamı
Müəllif: Növrəs İman
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Dərd üz verib, nitqim söylər kalamı,
Bəlkə, sözüm yatanları oyada.
Səs gəlsə guşuna, alar salamı,
Kişi gərək baxsın dost ilə yada.

Tərbiyə gərəkdi ata-anadan,
Mərifət lazımdı əvvəl binadan.
Yüz də cəhd eyləsən, olarsan nadan,
Xidmətin olmasa kamil ustada.

Özgə zəhmətindən dövlət, var olmaz,
Kimsəyə bir zərrə xeyir-kar olmaz.
Kasıblığı kişi üçün ar olmaz,
Bu şərt ilə doğru çıxa üqbada.

Qəlbi doğru olan keçəmməz üzdən,
İnsan çox inciyər tənəli sözdən.
Qeyrətsiz oğuldan, binamus qızdan
Sonsuzluq yaxşıdı fani dunyada.

Arif olan, huş ver sən bu sözlərə,
Namərd hər bəlanı gətirər sərə.
Kimdi səyyah olub, düşə çöllərə,
İman kimi gəzə dərin dəryada.