Dərdimi (Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dərdimi Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.153 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Nə həkim, nə loğman, nə cərrah qaldı,
Yazdırmışam hər dəvaya dərdimi.
Mənim dərdim hər bir dərddən uludur,
Nə nər çəkər, nə də maya dərdimi.
İgid odu mayasını pak tuta,
El içində öz-özünü xak tuta.
Tüccar gərək bu dərdimi yük tuta,
Mirzə gərək yaza, saya dərdimi.
Aşıq Alı deyər, ay günü qara,
Bulunmaz dərdimə gəl eylə çara.
Yusif getdi satılmağa bazara,
Gedin deyin Züleyxaya dərdimi.