Dərdli nəğmə
Müəllif: Ümmügülsüm
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

(“Turan düdüyü”)
Nargin əsirlərinin dilindən
Dərdli-dərdli sürükləndim, inlədim,
Acı-acı fəryadlan dinlədim,
Gəldim iştə dərdim sənə söylədim
Ərzimi dinləyən, soran nərədə?
Uyudulmaz dərdim, ovulmaz könlüm,
İlk bahar olsa da açılmaz gülüm.
Gəl yaramı sən özün sar, sevgilim,
Duyulmaz dərdimə dərman nərədə?
Dağıtdılar yuvasını bülbülün,
Susdurdular nəğməsini bu elin,
Xəzan vurdu yarpağını hər gülün
Canana can verən o can nərədə?
Məskənimiz bir fəlakət ocağı,
Bəsdərimiz firtmalar ocağı,
Sönmüşmüdür, əcəb yurdun ocağı
Anadolu nerdə, Turan nərədə?
Qərib sürgün olur bizim adamlar,
Ninni söylər uğultulu dalğalar,
Mərhəmət naminə səni haraylar,
Ədalətin nərdə, vicdan nərədə?
Təlatümə uğramışız həpsimiz,
Qalmamışdır inan daha səbrimiz.
Bir sahil yoxmudur çıxa gəmimiz
Ağlaşır analar, duyan nərədə?
Seba, yetir sevgilimə sözümü,'
Mükəddər halımı, gülməz üzümü,
Yanıqlı ahımı, ağlar gözümü,
Aşiqler nərədə, canan nərədə?