Dəvə və eşşək
adam və eşşək Müəllif: Qasım bəy Zakir |
Karvanda bir adam, bir də bir eşşək,
Yorğun düşmüşdülər mənim yabım tək.
Sahibləri çulun, alığın soydu,
Apara bilməyib, yol üstə qoydu.
Basəfa yer idi, ələfzar idi,
Türfə-türfə nəbatatı var idi.
Yedilər, içdilər bir neçə müddət,
Apardılar ləzzət, sürdülər vəhdət.
Xilas olub rənci-bəni adəmdən,
Zülmi-peydər-peydən, cövri sitəmdən,
Ol qədər kökəldi hər iki heyvan,
Guya ki, hər biri kuhi-Bağrıqan.
Sağrısında, yəlpiyində ət qat-qat,
Dönübən qaşına bilməzdi heyhat.
Bir gün eşşək dedi: - Ey dəvə qardaş,
İstərsən savaşma, istərsən savaş,
Xatirimə düşüb ahəngi-taze,
Xahişim var qalxım şuri-şahnazə,
Havayi-zövq ilə bir neçə əfrad,
Oxuyum sövt ilə, hərçi badə-bad.
Dəvə dedi: - Bu nə sözdür, ay əhməq,
Müsəmma imişsən isminə, əlhəqq.
Güclən qurtarmışıq rəncü təəbdən,
Növi-bəşər eylədiyi qəzəbdən.
Ötüb-keçən əgər eşidə səsin,
OI qədər yük çatar, kəsilər səsin.
Əmanət, əmanət, keç bu sevdadən,
Bihudə fikirdən, əbəs binadən...
Eyləməyib pəndi-dəvəni qəbul,
Qulağın şəkləyib xəri-biüsul,
Bir nov anqırmaq qoydu ki, bara,
Səsi düşdü səhralara, dağlara.
İttifaq yol ilə keçirdi karvan,
Eşidib çarvadar dağıldı hər yan.
O kolu, bu kolu basıb tapdılar,
Sevinə-sevinə minib çapdılar.
Hər birinə bir ağır yük çatdılar,
Bizləyə-bizləyə köçə qatdılar...