Dəyirmançı aşıq
Dəyirmançı aşıq Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Mənim əzizlərim, sizə hardan xəbər verim, Göyçə mahalınnan. Buranın camaatı da Niqalaydan çox narazıydı. Hamı ona qarğıyıf deyirdi: Allah, bunun çarxını çöyür! Allah, bunun taxtını tarac elə!..
1917-ci ildə Niqalay yıxılanda hamı söyündü. Qurban kəsən kim, şaddıx eliyən kim, toy çaldıran kim…
Gözlədilər, təzə hökumət Göyçüyə gəlib çıxmadı. Oldu başdıbaşınalıx. Hərənin əlinə bir tüfəng keşdi. Kimin kimə acığı tutdusa, ortasını oddadı. Bir az keşməmiş Göyçədə daşnaxlar peyda oldular.
Başdadılar camaatın əlində olanını almağa. Daşnaxların qoşunu harya gedirdisə, o kəndi soyurdu.
Bir gün daşnaxların bir dəstəsi Göyçənin Zod kəndinə gəldi. Ağsaqqalları çağırdılar ki, bu qədər mal verməlisiniz, bu qədər qoyun verməlisiniz, bu qədər qoyun verməlisiniz, bu qədər taxıl verməlisiniz, bu qədər yağ verməlisiniz… Əyər verməsəniz, kəndi odduyajıyıx.
Camaat gördü ki, bu qədər şeyi düzəldif verə bilmiyəjəhlər, daşnaxlar da kəndi odduyajax. Göyçənin say-seçmə iyid oğulları sözü bir yerə qoydular, daşnaxların Zoddakı dəstəsini qırdılar. Əyər ki, qırmasaydılar, bilirdilər ki, daşnaxlar kəndi oddamaxnan əl çəkməyəjəhlər; İrəvan tərəflərdə olduğu kimi, burda da camahatı qırajaxlar. Onnarın mal-heyvan istəməkləri bir mahnadı.
Daşnaxlar Zodun üstünə hücüm çəhdi. Musurman kənddəri Zoda köməyə gəldi.
Ara qarışdı, atışma başdandı. Göyçədə bir vurhavur oldu, gəl görəsən…
Musurmannar daşnaxları qovdular, Basarkeçərə tofladılar. İstədilər ki,
Basarkeçəri də dağıdalar, musurmannarın başbilənnəri – Səməd ağa, Məşədi Isə bir çoxları da onnardan başqa qoymadılar ki, Basarkeçər camahatının nə günahı var?!
Arada onnar qırılajax!
Bir az keşməmiş daşnaxlara ingilisdən kömək gəldi. Bu dəfə daşnaxlar üstələdi.
Musurman kənddərinin çoxunu yandırdılar. Əmə gənə çataçat vuruşma gedirdi.
Göyçənin ağsaqqallarınnan bir neçəsi Aşıq Ələsgərin yanına gəldi, tədbir istədi ki, barışıx qoyulsun.
Mənim əzizlərim, onu da deyim ki, 1905-ci ildə ermənilər gənə bu iki millət arasına çaxnaşma salmışdılar. Çox yerdə qırğın törətmişdilər. Əmə Göyçədə bir az sakitdiyiydi. Gördülər ki, Göyçədə də qırğın ola bilər;
Səməd ağa, Böyük ağa, Məşədi Isə, Kor Tanrıvedi, Dəli Şirin, Aşıq Ələsgər; ermənilərdən Səfəroğlu Hovanes, Ağabəy; Aspadur, Yanıq Tataos və başqaları çaxırlı kəndində Böyük Ağanın öyünə yığışıb. Qurana, İncilə əl basıf, Göyçədə qırğına yol verməyəjəhlərinə and içmişdilər. Ona görə də o vaxt Göyçədə ermənimüsurman davası olmadı. Bu dəfə də camahat Aşıq Ələsgərin yanına həmən umudnan gəlmişdi.
Aşıq Ələsgər dedi:
– 1905-ci ildəkinə baxmayın; bu dəfə barışıx baş tutmaz.
Dedilər:
– Niyə?
Aşıq Ələsgər dedi ki, Göyçə camahatına qalsa, bəlkə də, barışılaydı; əmə daşnaxlarnan barışmax çətindi.
– Bəs, neyliyək?
– Köşməhdən başqa çarası yoxdu.
Camahat gördü ki, doğrudan da, davam gətirmək mümkün döyül, çoxusu qocaqarıları, əlsiz-əyaxsızdarı, uşaq-muşağı Azərbaycana aşırdı.
Aşıq Ələsgərin Kəlbəcər tərəfdə dostdarı oxuyurdu; Qannıkənddən Mərdan oğlu Abbas, Dal, Usuf, Seyid Əziz… Bunlar bir neçə ulax göndərdi, Aşıq Ələsgərgili köçürdüf apardılar.
Bəşir də, qardaşları da, o biri qohumlardan əli tüfəng tutannarın hamısı da daşnaxlarnan vuruşmaq üçün Göyçədə qaldı.
Bəşir düşmanın üstünə gülləni dolu kimi yağdırırdı. Onun bir gülləsi də boşa çıxmırdı. Bir tüfəng əlində qızıb partdamışdı. Odu ki, yanına iki tüfəng qoymuşdu; biri qızanda o birini götürürdü.
Bu minvalnan ta Noyruz bayramınnan 17 gün keçənə qədər Göyçənin iyid
oğulları ermənilərnən vuruşdular. Ermənilərə gənə qüvvə gəldi, musurmannarın
gülləsi qurtardığına görə, Göyçədən çıxmağa məcbur oldular. Həmən gün hava da
sətrləşdi. Dağların aşırımında qar-boran camaatı tutdu. Nə qədər adam, nə qədər
mal-heyvan qırıldı…
Dizində taqəti olannar birtəhər aşıb Kəlbəcərə gedə bildi. Hava bir az
sakitdəşəndə Kəlbəcərin adamları gəlib meyiddəri aparıb dəfn elədilər. Çoxlarını
aparmaq mümkün olmadı; elə həmən qırıldıxları yerdə basırdılar…
Bəli, mənim əzizlərim, bir az keçəndən sonra Sultan bəy Aşıq
Ələsgərgilin Qannıkəndə gəldiyini eşitdi, adam göndərdi ki, köçürdüb öz
yannarına aparsınnar. Aşıq Ələsgər dedi:
– Allah Sultan bəydən irazı olsun! Belə bir gündə ki yadına salıf; bu bizim üçün
bəsdi. Dostdarın sağlığına burda da vəziyyətimiz pis döyül. Bir də şələ-bərxananı
ora dartmaq artıq əziyyətdi…
Aşıq Ələsgər Sultan bəygilin yanına gedərdi, Bəşirdən ehtiyat eliyirdi;
fikirrəşirdi ki, onnarın hər hansı bir hərəkəti, hər hansı bir sözü Bəşirə xoş gəlməz,
Bəşir bir xata çıxardar. Bəşir heç sözgötürən döyüldü; kim olur-olsun, bir deyənə
beş deməsə, ürəyi soyumazdı. Aşıq Ələsgər Sultan bəygilnən olan çox möhkəm
dostluğu itirəcəyinnən qorxurdu. Ona görə onnarın yanına getməyə irazılıx
vermədi.
Bir müddət keçəndən sonra Aşıq Ələsgər gördü ki, yox, burdakı bəzi adamlar
onnara gəlmə kimi baxırlar. Göyçədə Aşıq Ələsgərə "dost" deyif, həftələrnən
qonağı olannarın bəziləri gəlif onun heç əhvalını da soruşmur…
Allah yoxsulluğu, ajdığı, qəhətdiyi göstərməsin. Atalar deyib: "tövbə
toxluqdandı, üz-göz – yoxluxdan." Aşıq Ələsgərin oğlannarı ailəni ajdıxdan korrux
çəhməyə qoymasalar da, Ələsgər Göyçənin veran edilməsini, günahsız insannarın
qırılmasını, indiki başdıbaşınalığı özünə dərd eləmişdi.
Bir gün Bəşir onu qəmli görəndə soruşdu:
– Ay Dədə, niyə fikir eliyirsən? Çoxunnan kı biz yaxşı dolanırıx.
– Oğul, bir biznən döyül ha! Görmürsənmi millət nə gündədi?!
Qaşqınnarın çoxusu cəhənnəm əzabını bu dünyada çəkir. Ajdıx, qəhətdik bir
tərəfdən; bir tərəfdən də ağzının sözünü bilmiyənnər onnara "qaxdağan,"- deyif,
lağa qoyur. Bu heç çəkiləsi dərd döyül. Kağız-qələm gəti, deyim, dərdimi yaz!
Bəşir daha sözü çöyürmədi, kağız-qələm gətirdi. Görək Aşıq Ələsgər nə dedi,
Bəşir nə yazdı:
Səyyadısan, tor qurufsan,
Dağı gözdə, gözdə sən!
Bəzirgansan, yolun kəsər
Yağı, gözdə, gözdə sən!
Hərcayıynan aşna olma,
Namərdə bel bağlama.
Müxənnət qatar aşına
Ağı, gözdə, gözdə sən!
Mənim əzizdərim, Aşıq Ələsgərin Göyçədə dostarı çoxuydu. Çamırrı kəndində
üç qardaş varıydı; birinin adı Həsən, birinin adı Heydər, birinin də adı Mustafa.
Bunnar həm çörəkli, həm də çox iyid adamıydılar.
Mustafa şəxsiyyətdə, Mustafa yaraşıxda insan, elə bil ki, dünyaya hələ
gəlməmişdi. Onu musurmannar da, ermənilər də "hajı Nağı oğlu Mustafa" adıynan
tanıyırdılar. O, Göyçənin bir dayağıydı.
Elə ki, ermənilər basqın elədi, Mustafagil erməniləri kəndə girməyə
qoymadılar. Yüzdərnən erməni öldürdülər. Camahata da tapşırmışdılar ki, kənddən
çıxmasınnar. Iki gün atasınnan sonra Mustafa ağır yaralandı. Gördü ki, daha kəndi
qorumax çətindi, camahata xəbər göndərdi ki, çıxsınnar. Camahat birtəhər qaçıb
canını qurtardı, qardaşlar şəhid oldular. Bu xəbər Aşıq Ələsgərin də sinəsinə dağ
çəkmişdi. Aşıq Ələsgər onnarı yada saldı, görək bu dəfə nə dedi, Bəşir nə yazdı:
Hanı Həsən, hanı Heydar,
Hanı sərdar Mustafa?!
Sayəyi-mərhəmətinnən
Bir müddət sürdük səfa.
Axırını zay eylədin,
A bimürvərt, bivəfa;
Aç sinəmdə düyünə bax.
Dağı gözdə, gözdə sən!
Kığ satan, çaşır satannar
Deyir "qaldağan" bizə;
Çay içib, piloy yeyənnər
Heç göstərmir nan bizə.
Olsa nüsrət, versə fürsət
Qadiri-sübhan bizə,
Çoxlarına eylərəm
Nasağı, gözdə, gözdə sən.
Ələsgərnən bəd başdadın
Cavan vaxtınnan, fələk!
Düşgün çağı əlin üzdün
Xabi-raxtınnan, fələk!
Neçə-neçə süleymanı
Saldın taxtınnan, fələk!
Onnar oldu dərdü-qəm
Dustağı, gözdə, gözdə sən!
İsmimdi Aşıq Ələsgər,
Çox çəkərəm bu bəhsi:
İncidənnər, incidəjək
İncidifsən hər kəsi.
Çarxı-fələyin sitəmi,
Ayrım-kürdün tənəsi
Əridifdi ürəyimnən
Yağı, gözdə, gözdə sən!
Mənim əzizlərim, söz tamam olandan sonra Aşıq Ələsgər gənə bir ah çəkdi.
Bəşir kağız-qələmi yığışdırdı.
Axşam oldu, külfət bir yerə yığıldı. Gecənin bir vaxtına qədər gəlmişdəngetmişdən
danışdılar. Birdən eşitdilər ki, güllə səsi gəlir. Çox təşvişə düşdülər ki,
görəsən nə işdi. Sonra ara səngidi.
Sabah tezdən xəbər yayıldı ki, Qannıkənddən Elləzallar kəndinə oğurluğa
gediflərmiş. biliflər, atışmada bir adam Qannıkənddən, iki adam da Elləzallardan
öldürülüf. İndi Qannıkəndnən Elləzalların adamları hazırlaşırlar ki, bir-birini
qırsınnar.
Gördülər ki, işdər çox çətin olajax, kənddərin ağsaqqalları arıya düşdü, gəlif
Aşıq Ələsgəri də apardılar, cavannara öyüd-nəsiyət elədilər ki, bu, Allahın
kəsmişdiyidi. Qanı qannan yumazdar, hərə çəkilşin öz yerində otursun, daha qan
tökülməsin.
Düzdü, cavannar ağsaqqalları eşidif əllərini saxladılar, əmə düşmançılıq qaldı.
Bu kənddən o kəndə bir nəfər də gedif-gələ bilmirdi.
Bu kəndlərin işi bir yerdə çox çətinə düşmüşdü; iki kəndin bir dəyirmanı
varıydı. Belə ağır, qəhətlik ildə əllərinə düşən bir ovuc taxılı üyütmək üçün heç kəs
cürət eliyif dəyirmana gələ bilmədi. Unnan sarı çox korrux çəhməyə başdadılar.
Camahat gördü ki, yox, dəyirmansız dolanmax heç cür mümkün döyül. Mərdan
oğlu Abbas, Usuf, Dal, Heydar oğlu Əli bir neçə ağsaqqal da bunnardan başqa
yığılıf Aşıq Ələsgərin yanına gəldilər. Aşıq Ələsgərdən xayış elədilər ki, camahat
dəyirmansız çox əziyyət çəkir; heş kəs, heş bir düşman sənnən keçif, sənin yanında
bir-birinə əl qaldırmaz. Ara düzələnə qədər gəl dəyirmanda dur.
Bəşir əvvəl heç cür irazılaşmax istəmədi. Sonra gördülər ki, doğrudan da,
camahat dəyirmansız dolana bilmir. Bir də ki, ağsaqqalların da xayışını yerə
salmax yaxşı döyül. Aşıq Ələsgər günü savahdan dəyirmana getdi. O kənddən də,
bu kənddən də kim dən gətirirdisə, üyüdüf aparmağa başdadı.
Dəyirman Qannıkənddi Mərdan oğlu Abbasnan Seyid Fəttahınıydı.
Bir gün biri, bir gün o biri dəyirmanda dururdu. Əmə Aşıq Ələsgər hər gün
dəyirmana gəlirdi.
O vaxtı taxıl az tapılırdı. Bir də görürdün ki, biri bir dağarcıx arpa gətirdi; biri
bir torva darı gətirdi… Onda dəyirmançılar dəyirmanı işə salar, gətirilən dəni un
eliyif, camahatı yola salırdılar. Dən olmuyanda, dəyirmanın suyunu soğar, axşama
qədər Aşıq Ələsgərnən dünyanın gəlmişinnən-getmişinnən söhbət eliyərdilər.
Aşıq Ələsgərin işi – dəyirmanın yanında rahat bir yerdə əyləşif, təbiətin
gözəlliklərinə tamaşa eliyə-eliyə "fələyin at işdəməz yolları" nı fikirrəşmək olardı.
Bəli, dünyaya səs salan Aşıq Ələsgəri yaşının bu qoya vaxtında zamana beləcə
"dəyirmançı" eləmişdi.
Kim Aşıq Ələsgərnən görüşmək istəsə, onun söhbətinə qulaq asmaq istəsə,
dəyirmana gəlirdi. Uşaqlar, ən çox qızdar tez-tez gəlib onu danışdırır, dediyi
tərifləri onun öz dilinnən eşitməkdən ləzzət alırdılar.
Qannıkənddə Dərələyəzdən də qaçqın varıydı. Dərələyəzin Ayısəsi kəndinnən
Seyid Qara da ayiləsini burya gətirmişdi. Onun Cəmil, Şəmil addı iki oğlu,
Müşgünaz addı da bir qızı varıydı.
Müşgünaz saza-sözə çox maraxlıydı. Aşıq Ələsgərin qız-gəlinnərə dediyi
təriflərin çoxunu əzbər bilirdi. Bir gün onun fikrinə gəldi ki, görəsən, Aşıq Ələsgər
mana da bir tərif deyərmi? Bir gün keşdi, bu fikir onun yadınnan çıxmadı, beş gün
keşdi, bu fikir onu irahat buraxmadı.
Axırda gördü ki, bu fikirdən əl çəkə bilmir, gətirdi ağ yunnan bir cüt elə gözəl
coraf toxudu ki, elə bil, heç üstündə əl gəzmiyif. Corafları yudu, qurutdu, götürüf
saxladı.
Müşgünaz gözdədi ki, unnarı qurtarsın, qardaşları dəyirmana dən aparanda, bu
da onnarnan getsin. Elə ki, unnarı qurtardı, qardaşları hərəsi bir dağırcıx dən
götürdü kü, dəyirmana getsin, Müşgünaz atasına dedi ki, qızdar Aşıq Ələsgərin
yanına gedir, istiyirəm, mən də Cəmilgilnən gedim. Atası irazılıx verdi. Mükünaz
qonşudakı qızdara da xəbər verdi, bir dəstə bağladılar dəyirmana endilər.
Xoş bir hava varıydı. Aşıq Ələsgər dəyirmanın qavağında əyləşmişdi.
Qızdar gəlif yetişdilər, öz doğma nəvələri kimi, Aşıq Ələsgərin ətrafında
cərgələnif əyləşdilər.
Qızdar başdadılar Aşıq Ələsgəri sorğu-suvala tutmağa: filan tərifi harda
deyifsən? Tərif dediyin qız haralıydı? Kimin qızıydı?.. Qızdardan ən çox suval
verəni Müşgünazıydı. Axırda mətləbini dedi:
– Ələsgər, əmi, burdakı qızdara da tərif yaraşırmı?
Aşıq Ələsgər çox kəsə cavab verdi:
– Niyə yaraşmır!
Bunnan sonra Aşıq Ələsgər qızı suala tutdu:
– A qızım, adın nədi?
– Müşgünazdı.
– Kimin qızısan?
– Seyid Qaranın.
Aşıq Ələsgər Seyid Qaranın qaçqın olduğunu bilirdi. O, çox məriflətdi, əhli-hal
adamıydı. Bu dilli-dilavər qızın da tərbiyəli ailədə böyüdüyü onun duruşunnan,
tərpənişinnən bildirirdi. Qız boy-buxunnu, həm də camaldan çox yaraşıxlıydı.
Müşgünazın mətləbi Aşıq Ələsgərə aydın olmuşdu. Qız sözü bir də təzələdi:
– Ələsgər əmi, mana da tərif yaraşırmı?
– Qızım, lap yaxşı yaraşır.
– Nə olar, mana da bir tərif de!
Aşıq Ələsgər gülümsünüb, zarafatnan dedi:
– Qızım, tərif çox bahalı şeydi. Tərif dediyim qızdarın atası, qohum-qardaşı
mana at bağışdıyırdı, mal bağışdıyırdı, xələt verirdi…
sənin atan qaçqın adamdı, tərifin əvəzinə mana nə verəjək ki!
– Ələsgər əmi, atalar deyif ki, "bir atın əvəzi bir alma olar." Mən də sana bir cüt
corab toxuyaram.
Qızın bu sözü Aşıq Ələsgərin çox xoşuna gəldi, dedi:
– Qızım, onda qulaq as!
Aşıq Ələsgər sazsız başdadı alçaq səsnən Müşgünazı tərifləməyə.
Görək nejə təriflədi; biz saznan deyək, şad olun:
Sübhün çağı mah camalın görəndə,
Xəstə konlum gəldi saza, Müşgünaz!
Sona tək silkinib, gərdən çəkəndə,
Bənziyirsən quya, qaza, Müşgünaz!
Camalın görəndə Aya bənziyir,
Sallanışın Züleyxaya bənziyir,
Qabaq ayna, qaşın yaya bənziyir,
Qıymat yoxdu ala gözə, Müşgünaz!
Dörd tərəfin bənövşəli bağ olsun,
Həməşə yediyin bal-qaymağ olsun!
Sağ-solunda qardaşların sağ olsun!
Corafları yaxşı bəzə, Müşgünaz!
Aşıq Ələsgər belə deyəndə, Müşgünaz qoynunnan corafları çıxardıf onun
qabağına qoydu. Coraf, nə coraf! Süd kimi ağ toxunuf, üstündəki burma naxışdarı
adamı valeh eliyir. Iki göz gərəkdi, tamaşa eliyə.
Aşıq Ələsgər corafları əlinə alıb baxannan sonra dedi:
– Qızım, bu mərfətdə ki, əlinin işi var, bu coraf mana bir atdan artıxdı.
Aldı sözün o biri bəndini:
Konul qəmgin, ürək dərddi, vərəmli,
Səni gördüm səxavətdi, kərəmli.
Bir mirzə lazımdı əli qələmli,
Mən deyən, vəsfini yaza, Müşgünaz!
Ötgün sözüm, kəskin baxtım olaydı,
Ağ otağım, zərrin raxtım olaydı,
Ələsgərəm, cavan vaxtım olaydı,
Qəddim əyib qəhri-qəza, Müşgünaz!
Sevinci yerə-göyə sığmayan Müşgünaz gəlib Aşıq Ələsgərin əlinnən öpdü,
sonra dedi:
– Ələsgər əmi, bu sözü burda dedin, burda da qaldı, bizdən başqa kim eşitdi
ki?! Mirzə istədin, burda yoxuydu kü, yaza.
– Qızım, fikir eləmə. Yazan olmasa da, sabah hər yana yayılajax.
Seyid Fəttah Müşgünazgilin də, o biri qızdarın da gətirdiyi dəni üyütdü, onnarı
şad-xürrəm yola saldı.
Axşam Aşıq Ələsgər öyə gələndə, heybədən corabı çıxardıf, göstərdi.
Anaxanım soruşdu ki, bu nə corabdı? Aşıq Ələsgər dedi:
– Seyid Qaranın qızı dəyirmana dən gətirmişdi, mənnən tərif istədi, mən
tərifləmə dedim, o da bu corabı mana xələt verdi.
Öydəkilərin hamısı coraba bir də diqqətnən baxdı. Gördülər ki, elə zərif, elə
gözəl toxunuf kü, iki göz gərək tamaşa eliyə. Bəşir zarafatnan dedi:
– Ay Dədə, sən də tərifləməni de, görək coraba görə varmı?!
Bəşir kağız-qələm hazır elədi, Aşıq Ələsgər tərifi dedikcə o yazdı,
Talıb da elə oradaca əzbərrədi.
Sabah Müşgünazın tərifi kənddərə yayıldı.
Bir gün Aşıq Ələsgər dəyirmannan gəlif yeni öyə çatmışdı, arxasınca bir atdı da
qapıya yetişdi:
– Salaməleyküm!
– Ələyküməsalam!
Atdı atdan düşdü, əl verif görüşdülər. Aşıq Ələsgər soruşmamış o, gəlişinin
məqsədini dedi:
– Ələsgər əmi, məni Səməd ağa göndərdi. Dedi ki, ermənilər arıya barışıx
qoymax istiyillər. Xəbər göndəriflər ki, ağsaqqalları, addısannı adamları gətirsin,
barışax, Göyçənin musurmannarı öz yerinə qayıtsın. Bəşirin dalıncax gəlmişəm.
Göyçə dağılanda Səməd ağagil Kəlbəcərin Istibulax kəndinə gəlmişdilər, orda
yaşıyırdılar.
Bəşir öydə yoxuydu; Yanşağa – dayısıgilə getmişdi.
Aşıq Ələsgər oğlana bir cavaf verməmiş, onu öyə təhlif elədi. Dedi ki, keçək,
öydə danışax.
Bu xəbərdən Aşıq Ələsgər çox narahat oldu. Hələ ortuya çay-çörək gəlməmiş
fikrini bildirdi:
– Oğul, Səməd ağıya de ki, ermənilər tələ quruf. Selikovgilin hayıfını almax
istiyillər. Əyər getsələr, hamısını qırajaxlar. Bu fikirdən əl çəksin!
Bu dəmdə Bəşir də gəlif çıxdı, qonaxnan görüşdü, çörək yedilər, çay işdilər.
Bəşir qonağın nə məqsədnən gəldiyini biləndə, o da irazı olmadı, dedi:
– Səməd ağıya denən, varrı, addı-sannı olsa da, Basarkeçərdə mənim dostum
onunkunnan az döyül. Amma mən bu dəmdə ermənilərə ehtivar eliyə bilmərəm.
Mən getmirəm, başqalarının da getməyinə irazı döyüləm.
Gələn adam gördü ki, atanın da, oğulun da cavabı birdi. İstədi, atını minif
qayıda, qoymadılar ki, axşamdı, savah gedərsən.
Qonaq savah qayıdıf, Səməd ağıya xəbəri çatdırdı.
Səməd ağa inanmırdı ki, ermənilər ona xəyanət eliyə. Çünkü musurmannar
Basarkeçəri dağıtmax istiyəndə, Səməd ağa qoymamışdı.
Basarkeçər erməniləri bunu bilirdilər.
Səməd ağa Göyçənin başbilənnərinnən, hörmətdi, adamlarınnan bir neçəsini də
özüynən apardı. Iki günnən sonra xəbər çıxdı ki, ermənilər onnarın hamısını
qırıflar. Qırılannarın içində Aşıq Ələsgərin şəyirdi daşkənddi Aşıq Nəcəf də
varıydı. Onu soyunduruf, belinə qaynar samavar bağlıyıf, çox əzafnan
öldürmüşdülər.
Bu bəd xəvər hər yerdən tez Kəlbəcərə yayıldı. Camahat qırx gün yas saxladı.
Aşıq Ələsgərin bir dərdi beş oldu…
Bir gün Aşıq Ələsgər dəyirmanın qabağında əyləşif, dünyaya tamaşa eliyirdi.
Bir də gördü ki, aşağıdan yedəyində yüklü at olan bir adam gəlir. Gəlhagəl, gəlif
dəyirmanın tuşuna çatanda, Aşıq Ələsgəri görüf dayandı. Sonra onun yanına gəldi,
salam verdi.
Aşıq Ələsgər salamı alannan sonra gələn adam onun üzünə diqqətnən baxdı,
köyrək səsnən dilləndi:
– Aşıq Ələsgər, məni tanıdınmı?
– Niyə tanımadım; Zoddu Həmid bəy döyülsənmi?!
Təzədən əl tutuf görüşdülər. Hər ikisi köyrəlif ağladı. Ermənilərin
Səməd ağagili qırmağınnan, camahatın güzəranının ağırrığınnan… xeyli
danışdılar. Həmid bəy dedi:
– Aşıq Ələsgər, bu müsibət yerə-göyə sığmaz. Gör fələk bizi nə günə qoydu?!
Kaş, ölüf Göyçədə qalaydım, bu günümüzü görməyəydim!
– Həmid bəy, neynəmək olar?! Çarx hərrənif, zamana dəyişilifdi.
Hər zamanın bir hökmü var. Indi müxənnət zamanasıdı. Günah zamanadadı.
Yoxsa ermənilər Göyçənin başına belə müsibəti gətirə bilərdimi?!
Həmid bəyi gənə ağlamax tutdu.
Aşıq Ələsgər köyrək səsnən dedi:
– Həmid bəy, ağlama, qulaq as!
Aşıq Ələsgər dodaqaltı zümzümə eləməyə başdadı:
Müxənnət zamana, ay kəcirəftar,
Sitəmindən necə cannar itifdi?!
Zülmünü nümayan eylədin aşkar,
Qurğular pozuluf, sannar itifdi.
Şər işdən nə tafdın, söyləsən, qanam,
Necoldu büsatım, dəmin, dəmxanam?!
Tülkü havalanıf, deyir aslanam,
Tüf dağıdan ac asdannar itifdi.
Müxənnət meydanda "mənəm" deyifdi,
Bu dərd Ələsgərin qaddin əyifdi,
Yapalaxlar kəhlik alıf yeyifdi,
Laçın ölüf, o tərlannar itifdi.
Həmid bəy dəsmalını çıxardıf, gözünün yaşını sildi, dedi:
– Aşıq Ələsgər, hər ağrıya-ajıya dözmək olar, əmə vətən həsrətinə, torpax
dərdinə dözmək çətindi. Indi Göyçədə dığalar at oynadır; buna necə dözmək olar?!
– Həmid bəy, darıxma, Allah kərimdi! Harda olursunuz?
– Dəmirçidamında.
At yükün altında əziyyət çəkirdi. Həmid bəy salamatdaşıf, yoluna davam elədi.
Bu görüş də Aşıq Ələsgərə bir dərd oldu. Fikrə getdi. Keçmiş ağalı-bəyli
məclisdəri gözünün qabağına gəldi…
Gün günortadan xeyli keçmişdi. Abbas gördü ki, daha dən gətirən yoxdu,
dəyirmanın qapısını qıfılladı, öyə tərəf yola düşdülər. Gəlif Armıtdı çəpər
yaxınnaşanda gördülər ki, köç tökülüf. Gəlif bunnarın yanına çatanda. Aşıq
Ələsgəri tanıdılar. Sən demə, bunnar hardasa Aşıq Ələsgəri toyda görüflərmiş.
Kişilər gəlif, onun əlinnən tutuf, əhvalını soruşdular, vəziyyətinnən halı oldular,
onun halına yandılar, çox təəssüfləndilər.
Bu köçdəkilər də ermənilərin əlinnən baş götürüf, bu tərəfə gəlmişdilər.
Bir qədər dərddəşdilər, Aşıq Ələsgərin keçirdiyi toy məclisdərini yada
saldılar…
Aşıq Ələsgər gördü ki, burda beş-altı qız-gəlin var. Bunnarın biri yönü o tərəfə
əyləşif, saçının hörükləri kürəyinin arasıynan birdi.
Utandığınnan üzünü çöyürüf kişilərə baxmır. On dörd gejəlik ay kimi sufatı
yannan görünür. Yanağının irəngi ağ kalağayıda bildirir. Bunun gözəlliyi hələ bir
tərəfə, mərifət-qanacağı, avır-həyası Aşıq Ələsgərə çox xoş gəldi.
Köçün ağsaqqalı Əhməd addı nuranı bir kişiydi. Aşığın, sazın, sözün qədrini
bilən adamıydı. Odu ki, Aşıq Ələsgəri söhbətə tutmuşdu, buraxmax istəmirdi.
Dedi:
– Aşıq Ələsgər, elə o sazdı-söhbətdi günnərimiz olaydı! Görəsən, Allah bizə o
günnəri bir də qismət eliyəjəhmi?!
– Məsdahat o kişinindi. Onnan başqa umud yoxdu. Qismət eləmək istəsə,
eliyər.
Aşıq Ələsgərin ürəyi bu gün dolmuşdu, söz deməyə fürsət axtarırdı.
Əhmədin dediyinnən də gördü ki, o da söz istiyir, dedi:
– Əhməd, daha mənim saz çalmağımnan, toy məclisi yola salmağımnan keçif.
Sənin xətrin üçün burda elə-belə bir-iki kəlmə deyərəm.
– Dilinin qadasın alım de!
Aşıq Ələsgər alçaxdan oxumağa başdadı. Görək, əvvəlcə köçdəki gözələ nə
dedi, biz də saznan deyək, şad olun:
Gərdəninə neçə şahmar dolanıf,
Konul istər, o şahmara dolansın.
Ərzim alıf, iltimasım tutmasan,
Məcnun olsun, bu dağlara dolansın.
Bəyənmişəm xəsyətini, halını,
Yaradan bol verif huş-kamalını.
Sən allah, gizdətmə mah camalını,
Şöləsinə, qoy, füqara dolansın!
Aşıq Ələsgərin yadına yoxsullux, bahalıx, qəhətdik, camahatın pis güzəranı
düşdü. Aldı görək bu dəfə nə dedi, köçdəkilər nə eşitdi:
Bal ki bahalandı, qırıldı arı,
Yağ satannar mala saldı azarı,
Min manata qaldırdılar onnarı,
Nə gün çıxsın, nə sitara dolansın!
Aşıq Ələsgər hər şeyi özünə dərd eləmişdi. Həmid bəynən onun bugünkü
görüşü heç yadınnan çıxmırdı. Səməd ağagilin belə zülümnən öldürülmələrinin
fikri onun ürəyində yara bağlamışdı. Özünün düşkün çağında çəhdiyi bu əzabəziyyəti
də göz qabağına gətirdi, aldı, görək bu dəfə nə dedi:
Dad sənin əlinnən, çarxı-kəsmədar!
Ürəyində yüz dərmansız yaram var.
Aşıq – dəyirmançı, ağa – çarvadar,
Sərraf gəlsin, bu bazara dolansın!
Mənim əzizlərim, elə ki söz tamama yetişdi, buradakı adamların hamısı dönədönə
Aşıq Ələsgərə "sağ ol!" dedi. Onnan çox irazı qaldılar.
Əhməd kişi yönünü qıvlıya çöyürüf, əllərini göyə qaldırdı, uca səsnən dedi:
– Ey Xudaya, sən milləti bu zəlalətdən qurtar!
Hamı birağızdan "amin!" dedi.
Aşıq Ələsgərgil ordan ayrılıf öylərinə gəldilər.
Axşam gənə külfət bir yerə toplaşanda, Aşıq Ələsgər bu gün başına gələnnəri
danışdı. Onun dediyi təzə sözdəri Bəşir yazdı, eşidənnər əzbərrədilər.
Bəli, mənim əzizdərim, Aşıq Ələsgərəgilin ailəsi üç il Kəlbəcərin Qannıkənd
kəndində köşkün yaşadı. Ara düzələnnən sonra gənə Göyçüyə qayıtdılar, doğma
Ağkilsə kəndində yaşamağa başdadılar.
Allah heç kəsə qaşqınnıx, köşgünnük əzabı göstərməsin!
Allah darda qalannarın hamısının dadına yetsin!
Allah heç bir mərdi namərdə möhtac eləməsin!