Dəyirmançının oğulları

Dəyirmançının oğulları
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri vardı, biri yoxdu, bir dəyirmançı vardı. Dəyirman iti axan çayın üstündə idi, o, özü isə öz işinin ustası idi. Dəyirmançı həyatından heç vaxt şikayətlənməzdi.

Onun saqqalı isə həmişə una bulanmış olardı. Lakin, bir gün dəyirmançı öldü. Onun üç oğlu qaldı və onlar mübahisəyə başladılar: dəyirmanla nə edək?

İki böyük qardaş onu bölmək istədi, kiçik qardaş isə onları yola gətirməyə çalışdı ki, burada birgə fəaliyyət göstərsinlər.

Məgər onları yola gətirmək olar?

Onda qardaşlar dəyirmanı üç yerə böldülər, böyüyə bildirdilər ki, hansı hissəni istəyirsə götürsün.

- Mən atam kimi dəyirmanda işləmək istəmirəm. İstəmirəm onun kimi daim saqqalım unlu olsun, - deyə böyük qardaş bildirdi.

O, dəyirmandan imtina etdi və özünə dəhnəni götürdü.

- Mənim də unlu saqqalla gəzmək xoşuma gəlmir, - deyə ortancıl qardaş bildirdi, mən özümə dəyirmanın damını götürürəm. Beləliklə dəyirman kiçik qardaşa düşdü.

Böyük qardaş dəhnədə səliqə-səhman yaratdı, ortancıl qardaş damı təmir etdi, onların başqa işləri yox idi, kiçik qardaş isə səhərdən axşama kimi dəyirmanda işləyir, camaatın dənini üyüdürdü.

Tezliklə dəhnədə işləmək böyük qardaşın zəhləsini tökdü və o, beli atıb, çıxıb getdi.

O, az getdi, çox getdi, bir dağı aşdı, o birini arxada qoydu və əşdaha yaşayan dərəyə gəlib çıxdı.

- Əjdaha, salam ! – deyə o, qorxudan titrəyə-titrəyə təzim etdi.

- Gör necə nəzakətlidir! – deyə əşdaha deyindi, sonra o soruşdu:

- Sən nağıl danışmağı və ya mahnı oxumağa bacarırsanmı?

- Yox, - deyə böyük qardaş cavab verdi, - bilmirəm.

- Belə de! Onda mən səni udacağam.

O, bunu deyib böyük qardaşı uddu. Bir az keçmiş dəyirman damını təmir etməyin vaxtı çatanda, ortancıl qardaş da evdən getdi və o da əşdaha tərəfindən uduldu.

Kiçik qardaş isə çox yaxşı qardaş idi. Əgər iki qardaş yox olubsa, o, sakit oturub, un üyütməklə məşğul ola bilməzdi. Kiçik qardaş dəyirmanın işini dayandırdı, dəhnəni açdı və qardaşlarını axtarmağa yollandı.

- Əjdahaya salamlar olsun! – deyə o, qışqırdı, - Bu dərə boyda sənə salamlar!

- Gör necə lütfkardır! – deyə əjdaha deyindi. Sən mahnı oxumağı, nağıl danışmağı bacarırsanmı?

- Bunları necə bilməmək olar? İstəyirsən sənin üçün oxuyum, istəyirsən nağıl danışım, əmrinlə nə istəyirsən edim.

- Əvvəl bir nağıl danış, - deyə əjdaha buyurdu.

- Yaxşı! Ancaq əjdaha, mən nağılı qurtarana kimi sən nə “hə”, nə “yox” deməyəcəksən. Əgər desən, sənin qarnını yırtacağam.

- Razıyam! – deyə əşdaga bildirdi.

Və dəyirmançı nağıla başladı:

- Mənim əlli atım vardı. Mən onları otaran vaxt bərk istilər düşdü və hər yerdə su qurudu. Balaca dayçalar su içmək istədilər. Mən də onları çaya apardım. Çay buzla örtülmüşdü. Onda mən kəmərimdən baltanı çıxarıb buzu sındırdım. “Yazıq çayı qızdırmaq lazımdır!” - deyə mən düşündüm. Mən çör-çöp topladım və burada tonqal qaladım. Bu tonqaldan yanğın baş verdi və çay, sahildəki daşlar yandılar.

Mən qorxdum və öz baltamın dalınca qaçdım. Görürəm: dəmir balta yanıb, onun sapı isə sağ-salamatdır.

Əjdaha istədi ki, desin “Yox, dəmir yanmır” lakin susdu.

- Mən irəli getdim, - deyə dəyirmançı öz nağılını davam etdi. Baltamla mən ağac kəsib, araba düzəltdim. Sonra həmin balta ilə güllə atıb, iki maral vurdum. Onların ətini yedim, dərilərini isə budaqlardan asdım ki, qurusunlar.

Bir gün gəldim ki, görüm dərilər nə vəziyyətdədir, həmin yerdə iki arıya rast gəldim. Arılar öz aralarında dava edirdilər. Onların davaları inciklik üzündən baş vermişdi. Arıların mübahisəsi bu idi ki,kim daha çox bal gətirər.

- Sizin mübahisənizi davasız -şavasız həll etmək olar, - deyə mən onlara bildirdim. – Uçun, bal gətirin, onda mən sizə deyərəm, kim haqlıdır.

Arılar bir-birini ötə-ötə bal toplamağa uçdular. Bir neçə gündən sonra hər iki maral dərisi balla dolu idi.

- Budur, görürsünüz, - deyə mən arılara dedim, - balı siz bərabər topladınız. Belə görünür ki, sizin mübahisəniz yersiz imiş! Və mən arıları arabaya qoşdum, dəriləri ora qoyub özüm də oturdum.

Arılar məni elə sakit və aramla gətirdilər ki, mən onları heç mahmızlamadım. Birdən arılardan biri nəyəsə ilişdi, mən istədim ki, qırmancla onu vurum, bədbəxtlikdən qırmancım buluda dolaşdı və mən göyə, çox yüksəklərə qalxdım. Bir əlimlə göy üzündən yapışdım, xeyli asılı vəziyyətdə qaldım, birdən ot tayası gördüm və göydən düz onun üzərinə düşdüm.

- Yox, - deyə əjdaha dilləndi, - bütün bunlar uydurmadır! Belə şey olmur.

- Uzan, qarnını bəri uzat! –deyərək, dəyirmançı xəncərlə əjdahanın qarnını yardı. Ordan dərhal böyük qardaşlar çıxdılar. Onlar çox arıqlamış, rəngləri isə saralmışdı. Lakin onlar həm məmnun, həm də xoşbəxt idilər.

Hər üç qardaş dəyirmana qayıtdı və birgə dostcasına, böyük həvəslə işləməyə başladı. Onlar daha saqqallarının unlu olmasından qorxmurdular.

Mənbə

redaktə
  • Dağıstan xalqlarının nağılları. Bakı, 2013