De bir üz, bir üz

(Dе bir üz, bir üz səhifəsindən istiqamətləndirilmişdir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
De bir üz, bir üz
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Səndən ötrü ömrüm barın becərdim,
Mübarək dəstinlə de bir üz, bir üz!
Ölüb bu dünyadan həsrət gedirəm,
Qoysan üzüm üstə de bir üz, bir üz!

İpək nazbalışa Mina dayandı,
Həcər nalə çəkdi Minada, yandı.
Həsrətindən dərdim minə dayandı,
Sən gəlsən, əysilər de bir üz, bir üz.

Bayqu həsrət çəkdi, yara yetmədi,
Təbib neştər vurdu, yara yetmədi.
Yazıq Ələsgər, əlin yara yetmədi,
Çalxan qəm bəhrində, de bir üz, bir üz.