Dağla bulud
Dağla bulud Müəllif: Şifahi xalq ədəbiyyatı |
Dağla Bulud bir-birinə aşiq idilər. Bunlar bir gün də ayrı dolana
bilmirdilər. Onda Dağ çox alçaq idi. Bulud gah ucalır, gah da sevgilisi
Dağın yanına enirdi.
Ancaq Buludun ağası Göy bu məhəbbətdən narazı idi. O öz nökərini hara gəldi qovmağa öyrənmişdi. Amma indi Buludun Dağın ətrafında hərlənməsindən acığı gəlirdi. Buna görə də bir gün Buludu uzaq səfərə göndərir.
Günlər keçir, Dağ darıxır, boylanırdı. Bulud isə görünmürdü. Sevgilisini görmək həsrəti ilə Dağ gündən-günə yüksəlir, daha uzaqlara baxırdı. Bir gün Dağ Buludu uzaqda gördü. Yenə mahnı oxumağa başladı. Bu mahnıda əvvəlki kimi şadlıq yox idi. Dağ inildəyirdi. Bulud mahnını eşidən kimi tələsik sevgilisinin yanına uçdu. Onlar yenə qol-boyun oldular. Göygözlü Göy bunu görən kimi odlu qırmancını işə salaraq sevgililəri döyməyə başladı. Buna dözməyən Bulud göz yaşı tökdü. Ağlayıb, ağlayıb, çəkilib getməyə məcbur oldu.
O vaxtdan Dağ mahnı oxuyan kimi, Bulud harda olsa uçub onun yanına gəlir. Lakin Göy qırmancı işə salır. Bu zaman Bulud Dağın döyülməyinə tab gətirməyərək çıxıb gedir, ya da göz yaşları tökür.