Dağların (Aşıq Heydər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dağların (Aşıq Heydər)
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Duman - çiskin basıb, görünməz olub,
Görünmür yaxası, başı dağların.
Mətahdı, qızıldı, gövhərdi, ləldi,
Torpağı, qayası, daşı dağların.

Gözündən tökülür qan ilə yaşı,
Özü də başlayıb dərdlə savaşı.
Yenə yada düşür pendir - lavaşı,
Dadlı çəkməcəsi, aşı dağların.

Nə vaxtdı irağam, sinəm dağlıdı,
Oraya uzanan yollar bağlıdı.
Aşıq Heydər naləlidi - ahlıdı,
Bu il betər gəlib qışı dağların.