Dağlar (Əhməd Cavad)
Dağlar Müəllif: Əhməd Cavad |
Dərdli sinəndəki əski cığırlar
İnsan izlərinə bənzər, a dağlar!
Bu ağır başlıca baxışın mənə
Qanlı əfsanələr söylər, a dağlar!
Oxunmaz olmuşdur daşlarda yazı,
Lal olub qalmışdır aşiqin sazı…
Gedərdi dərdimin bəlkə bir azı
Söylətsəydi səni bir ər, a dağlar!
Sinəndə hesabsız dastan düzülmüş,
Çox ahlar çəkilmiş, gözlər süzülmüş.
Yollarda bir aşiq yaman üzülmüş,
Dərdinə bir dərman istər, a dağlar!
Bir aşiq deyir ki: "Bilməm nədənsə,
Aşarkən karvanlar bir dağı kəsə;
Oxuyurdu qızlar verib səs-səsə,
Uzaqmı sürəcək səfər, a dağlar?!"
Eşitdim eskidən, bilmədim nerdə?
Çöldə bir karvanın qonduğu yerdə
Tutularaq bir qız bir adsız dərdə
Ağlarmış hər axşam, səhər, a dağlar!
Nerdən biləyim ki, çıxarkən yola,
Dedinmi onlara "Uğurlar ola!"
Sən söylə о coşqun türkə, moğola,
Artıq qara günlər yetər, a dağlar!
Mən dinləyim böylə, gol nişan ver sən,
Altun ordulardan, igid ərlərdən.
Karvanlar qonuğu kölgəliklərdən
Kimlər gəlmiş, keçmiş kimlər, a dağlar?!