Daş qartal
Müəllif: Mikayıl Müşfiq


İllərcə dayandın arxan divarda,
Hər gələn yolçuya dəhşətlə baqdın,
Gözündə bir oldu qış da, bahar da,
Qəlblərdə bir acı uçuşla sarqdın.
 
Üfüqdən üfüqə çaldığın qanad
Hər yerə qaranlıq bir kölgə saldı,
Pəncəndə qızırldı bir yığın qanad,
Qorxundan, uçanlar sükuta daldı.
 
Nə ruzgar, nə boran, nə qar, nə tipi1
O sərt ürəyinə etmədi təsir.
Bir yüksək divarda durdun “dağ” kimi
Ömründə iztirab bilmədin nədir.
 
Çulğadı süzdüyün qaldırımları
Bir yığın səfalət, bir yığın acı.
Çaxarkən hirsinin ildırımları,
Dəydi umuzlara ölüm qırbacı.
 
Gözlərin sancılmış ellərə tək-tək,
Əlində ölkələr bir oyuncaqdı.
Kinli ürəklərdə bəslənən şimşək
Başında partladı, gözündə çaqdı.
 
Əvət, qaynağında aman bulmayan
Zavallı insanlar üzünə durdu.
Dərələr, təpələr eylədi üsyan,
Bağrına zəhərli bir güllə vurdu.
 
Bizim dünyamızın hakim işçisi
Daldı öküzlərin ahü zarına,
Dərdə düşənlərin olub bəkçisi,
Son verdi uğursuz uçuşlarına.

Dönüb bir tufana, tutdu yolunu,
Sarsıtdı aləmi onun buyruğu.
Qırdı şəhpərini, kəsdi qolunu
Sağlam bir işçinin iti yumruğu!