Daşa dönən çoban

Rəvayətlər. Daşa dönən çoban
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qədim əyyamlarda bir gəlin varmış. Özü də hamilə imiş. Bir gün yolu dağlardan düşür. Baxıb görür ki, iki çoban sürü otarır. Sürünün də nə ucu var, nə bucağı. Yaz vaxtı göy otlardan yeyib oynaşan əmlikləri görən hamilə qadının ürəyi əmlik əti istəyir. Nə qədər özünü ələ alırsa, bacarmır. Əlacsız qalıb üzünü çobana tutub deyir:

– Qardaş, Allah varını bol eləsin, süründən quzularını əskik eləməsin. Ürəyim əmlik əti istədi. Day nə edim, özümlə bacarmadım.

Çobanlardan biri irəli yeriyib acıqlı-acıqlı dedi:

– Ürəyin əmlik əti istəyir? Nə olar. Otur, bu saat qardaşın sənə əmlik əti verər.

Gəlin sevinə-sevinə göy otun üstündə oturub gözləməyə başladı. Həmin çoban el adamlarından döyüldü. Onda insaf deyilən şey nə gəzirdi? Tez küçüklərdən birini xəlvətcə kəsdi. Ocaq çatıb küçüyü başladı qızartmağa. Onun bu işini görən yoldaşı dodağını gəmirə-gəmirə ocağa yaxınlaşdı. Dedi:

– Sən sürüyə baş çək, əmliyi özüm bişirərəm.

Çoban qalxıb sürünü geri qaytarmağa yollandı. O, aralanan kimi o biri çoban əmliyin birini boğazladı, dərisini soyub ocağa tutdu. Küçüyü aparıb daldada tulladı. Əmlik bişən kimi hörmətlə gətirib gəlinə verdi. Gəlin əmlik ətini iştahayla yeyib alqış elədi, sonra da yoluna düzəldi.

Çoban süfrəni yığışdırdı, ha gözlədi, yoldaşı gəlib çıxmadı. Gedim, görüm nə olub, deyə yoldaşının dalınca yollandı. Gəlib gördü ki, yoldaşı çiynində çomaq daşa çönüb.

Mənbə

redaktə