Dahilik nədir və nədədir

DAHİLİK NƏDİR VƏ NƏDƏDİR! (1995)
Müəllif: Rauf Cavad

   Xüsusən qeyd edək ki, hər bir insanın yaradılışı pak və ağ vərəq kimi təmizdir. Təəssüflər ki, insanın etdiyi pis əməllərin nəticəsində bu ağ vərəq, qara ləkələrlə bulanır. Lakin buna baxmayaraq gərək insan ruhdan düşməsin və ümidini kəsməsin. Çünki insanı Yaradan ona bütün çətinliklərdən çıxış yolu tapmaq üçün düşünməyə ağıl vermişdir. Buna görə də hər bir insan kimliyindən aslı olmayaraq, bəzi istisnalar nəzərə alınaraq, yəni ruhi xəstələrdən savayı, düşünməyə qadir olan hər bir kəs dahi olmaq qabiliyyətinə malikdir.
   Dahilik, bir neçə sözdən cümlə quran, qafiyə tutan şairlikdən və yaxud hər hansı bir məqaləni, hekayəni nəsrə alan yazıçılıqdan ibarət deyil.
   Dahilik, insanlığın ağrı-acısını duyub onun dərdinə dərman və yaralanan qəlbinə məlhəm olub, maddi və mənəvi ehtiyaclarını ödəməsi üçün ona gücü çatdığı qədər əl tutmaqdır! Yəni dahilik, insan olub hamının dostu olmaqdır!

Dahilik nədədir bilmək istərsə kim insan!
Gərək ola yaralı qəlblərə dəva-dərman!

Axtara kimsəsizi, yoxsul, miskin, fəqiri,
Oyada yatmışları ki, görə hər kəs sirri!
Var ikən can yaşayır bir çoxu ölü-diri,
Düşünməzlər, görməzlər yaxşılığı, xeyiri.
Yer üzündə bəs kim yaradar səliqə-səhman?!

Ölülər məskənidir sanki bu qərib dünya!
Dinib-danışmır bir kimsə dərdini insana!
Susub hər kəs lal oturub, yalvarır Allaha!
Yox bir ağıllı çıxa qabağa, inqilaba?!
Kim edə zülm-zillətə üsyan, qopara tufan?!

Harda baş verir ilk üsyan, yetişir inqilab?!
Niyə baş vermir həngamə, ilişir inqilab?!
Yazılıb vicdan haqqında min nə qədər kitab,
Oxuyan düşünə ki, kimə verilib xitab!
Düşünən ağıldır yoxsa susub ölmüş vicdan?!

Yox qalmamış əfsuslar heç bir kimsədə insaf?!
Yoxsa yanlış, atılmış çöllərə inkişaf?!
Bəlkə susub oturmuş qanmaz əlindən sərraf?!
Yəqin gözləyir durula sular ola şəffaf?!
Ola bilməz, bu minvalla ola yaxşı dövran?!

Yorub kasıbı, yoxsulu, bu cür saf suallar,
Artıq dünyanı zalımlar yeyib-talayıblar!
Ərşə çəkilib kim əlindən namus, qeyrət ar?!
Kimə lazım ar, bilinmir ki, kimdir günahkar!
Bəs kim bu yalançı nadan, Əbləh, iblis şeytan?!

Bütün bəşər günahkar, təqsirkar olanlara!
Yox olmuş saf niyyət, bu cəmiyyət üzü-qara!
Yaratmış axmaq kütlə şərait, zalımlara!
Fürsət vermiş bəşəriyyət zülümkar şahlara!
Gəl-gör, necə sarılmış boyuna Şahmar ilan!

Sıxılmış dar bir küncdə atılmış lal düşüncə!
Ağlayır ağıl, pis hal-əhvalı düşününcə!
Rauf, Rəhm eylə bəşərə, məsələ çox incə!
Kim müqəssir, yorur insanı fikirləşincə!
Başda olur ilk üsyan, düşünürmü kim insan?!