Dal əyər-əyər
Dal əyər-əyər (1931) Müəllif: Ağdabanlı şair Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.367 |
Diqqətindən nəzər yetir sərasər,
Gələrsə təcnisə, dal əyər-əyər.
Aşiq həsrət qalsa yara intizar,
Dərdi-hicran qəddin dal əyər-əyər.
Şirin desən şirin gələr yar adı,
Can gedərsə canan təzə yaradı.
Tənə dildən ciyər təzə yaradı,
Qaytarsa yar-yara, dal əyər-əyər.
İşarəynən qandırarsan qananə,
Nə anlıya, nadan desən qananə.
Ha axıtsa didəsindən qan anə,
Gedən gəlsə geri, dal əyər-əyər.
Qurban, sənsiz el ağlıyar, ay yanar,
Eşq ataşın yanar canda, ay yanar,
Xəstə istər yetişərsə, aya, nar,
Alçalı ağaclar dal əyər-əyər.