Həqqi Zərif de, Hikməti yaz-bahar, Solmaz danış

(Danış (Rauf Cavad) səhifəsindən istiqamətləndirilmişdir)
Həqqi Zərif de, Hikməti yaz-bahar, Solmaz danış (1994)
Müəllif: RAUF CAVAD

Danışın ki, tanınasız fəqət düşün, az danış,
Öncə özünə danış, sonra sözü az, saz danış.

Ədəb-ərkan gözlə, mərifəti görüb fikirləş,
Əllərlə deyil, gözəl mərifətlə, dayaz danış.

Fikrin gözəlidir düşünüb gerçəyi söyləyən,
Gövhəri dadıb, ləzzətini bəh-bəhlə yaz danış.

Sual et sözün qiymətini, bax-gör müştəriyə,
Xəbər al, gözlə, verəcəksə dəyər! Taraz danış.

Bir az yerdən, bir az göydən, gözlərinə bir az bax!
Qanacaqsa əgər, aram-aram, gözlə naz danış.
 
Həqiqət gözlərdə gizlidir, görən Gözəl lazım,
Dəyərini bilən kəslə, məntiqlə Gül-naz danış.

İki kəlmə edib ədəblə, al sual-cavabı,
Etmə fikrinə küfr, dinlə, əgər səhv qanmaz, danış!

Söz-kəlamı qavrımaz hər kəs çün lazım mərifət,
Qiymətini, ucuz etmə sözün, anlamaz, danış.

Ver son fikrə dəyər, dinləməyin şahıdır ədəb,
Mərifətlə düşün, olma sözlü ədəbaz, danış.

Sualın özü həyacan, nidadır Şah-naz, ayıl,
Cavabını ver mərifətlə, sözü Şah-baz, danış.

Özü ilə savaşan kəs, kəndini tapacaqdır,
Diqqətli ol, Əlini ver, Həqqi Şah, Gül-yaz danış!

Rauf tək danış, sev-yaxşılıq et, Ədalətli ol,
Həqqi Zərif de, Hikməti yaz-bahar, Solmaz danış!