Dana, keçi və qoyun
Dana, keçi və qoyun Müəllif: Şifahi xalq ədəbiyyatı |
Biri vardı, biri yoxdu. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yolnan
gedirdilər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər bırda bir
əyri söyüd ağacı var. Keçi dırmaşdı söydün lap başında durdu. Qoyun
da gücün-gücün çıxıb bir qanatda durdu. Dana da bir qanadın üsdə
özün sərdi.
Bu dəkkədə bir canavar gəldi çıxdı bıra, başın qalxızdı gördü bir keçidi, bir qoyundu, bir də bir danadı. Ağaca çıxırlar. Canavar baxdı, o saat dana qorxusunnan uçundu özün ağacda saxlıya bilmədi. Tappıltıynan düşdü yerə. Canavar isdədi dananı parçalayıb yesin. O saat keçi ağacda çığırdı.
– Dana qardaş, bərk tut canavarı gəldim.
Canavar qorxudan bəyaqdı, götürüldü.
Canavar qaçannan sora keçi də, qoyun da düşdü ağacdan yerə. Üçü də yavaş-yavaş gəldilər çıxdılar bir dəyirmana. Bı keçinin də bir çomağı, bir də, bir çürçənəsi vardı. Çomağı söykədi qapının dalına. Çürçəni də qoydu altına. Yığıldılar bırda oturdular, birəz oturdular, söhbət eləyirdilər, bir də gördülər qapı açıldı, budu bir asdan girdi içəri. Dalıncan da bir canavar girdi. Bir xeylax ara verdi, bir də gördülər genə qapı açıldı bir tülkü girdi. Birəz oturdular, qoyun, keçi, dananı görən kimi aslan dedi:
– Canavar qardaş, buları bölgünən.
Canavar dedi:
– Dana səhər ertəmizin, qoyun günortamızın, keçi də axşamızın.
O saat başdan bunun başına bir pəmpəçə vurdu ki, gözdərinin ikisi də çıxdı.
Dedi:
– Tülkü baba, canavar qardaş bölə bilmədi. Sən böl.
Tülkü baba dedi:
– Elə bunu Allah bölür dayna, ta mən nəyə böləciyəm. Qoyun səhər ertənə, keçi günortana. Qoyun da axşamına.
Aslan dedi:
– Ay sağ ol. Bunu hardan öyrənmisən?
Tülkü baba dedi:
– Odey, o gözü çıxmış qardaşımnan!
Aslan dedi:
– Tülkü baba, bir çıx çölə bax gör, adam yoxdu ki, mən dananı yeyim.
Tülkü qapıdan çölə çıxanda gördü qapının ağzında bir əli çomaxlı adam durub. Qorxusundan götürüldü: “Ya Əli mədət!” Canavarın da axı, gözdəri çıxmışdı. Bı da durdu ora-bıra dəyə-dəyə çıxıb çölə qaçdı. Gözdədi, gördü bular gəlmədi. Durdu özü çıxdı. Gördü qapının ağzında əli çomaxlı bir adam durub. Bı da qaçdı. Bular birəz oturdular, durdular. Keçi ağacın da götürdü, çürçənəsin də. Üçü də yola düşdülər. Getdilər çıxdılar bir dağın döşünə. Bırda bir çoban bir sürü qoyun otarırdı. Bir də gördü bir keçidi, bir qoyun, bir dana budu gəlir. Çoban sevinə-sevinə buları yığıb apardı. Qatdı sürüsünə, dedi:
– Allah bunu ta yetirip.
O yedi yerə keçdi. Siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl deyənin.