Danabaş kəndinin əhvalatları

Danabaş kəndinin əhvalatları (1894)
Müəllif: Cəlil Məmmədquluzadə
Sister Projects. Həmçinin baxın: Haqqında • povest


Nağıl edibdi Lağlağı Sadıq. Yazıya götürübdü qəzetçi Xəlil.

Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub, çox şeylər bilər. SOKRAT.

Bir yüngülvari müqəddimə

Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. Hər ikimiz Danabaş kəndində anadan olmuşuq. Mən özüm anadan olmuşam düz otuz il bundan irəli; yəni mənim otuz yaşım var. Yoldaşım Sadıq da, mən deyirəm, ancaq mən sində olar. Amma mən ondan bir az cavan görükürəm. Onun boyu ucadı, mənim boyum alçaqdı; amma mən ondan doluyam. O, çox qaradı və kosadı, amma mən ağımtul və top saqqalam. Bir təfavütümüz ordadır ki, mən gözlük qoyuram, gözlərim çox zəifdi; amma yoldaşımın gözləri çox salamatdı. Bunun da səbəbi odur ki, mən əhli-savadam, yazı-pozu mənim gözümə ziyan eləyibdi.

Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. Mənim sənətim qoltuqçuluqdu, yəni dörd-beş top çit qoltuğuma vurub, dolanıram öz kəndimizi, ya qeyri kəndləri, çit-mit satıb, bir tövr güzəranımı keçirirəm. Yoldaşımın sənəti baqqaldı, yəni bir daxmaya üç-dörd put duz, bir qutu kişmiş və dörd-beş paçka maxorka tütünü qoyub satır və o da bu cür rüzgarını keçirir.

Vəssəlam, hər ikimiz allah-taalanın kasıb bəndələrindənik.

Qərəz, baş ağrısı da olur, amma genə gərək deyim; çünki mən bilirəm ki, bu əhvalatı oxuyan rəfiqlərim artıq təәсcüb edəcәklər, neсә yəni qəzetçi Xəlil və lağlağı Sadıq? Pəs rəfiqlərimi intizarçılıqdan çıxarmaqdan ötrü genə gərək bir neçə söz ərz edəm; hərçənd baş ağrısı olur.

Mən deyirəm bütün Qafqaziyyə vilayətində bizim Danabaş kəndi kimi məzəli kənd yoxdu. Demirəm ki, pisdi, allah eləməsin. Mən heç vaxt haqqı itirmərəm. Doğrudur, mən bir az incimişəm kəndimizdən; amma bu, kəndimizin pisliyinə dəlalət eləməz ki! İki yüz mənim kimi dılğır adam incisin bizim kənddən, bunnan belə bizim kəndə genə pis demək haqdan kənar olar.

Yox, vallahi, billahi, bizim kənd çox yaxşı kənddi. İnşallah, əgər mənim ərzimə axıra kimi səbr ilə qulaq versən özün görərsən ki, bizim kənd pis kənd deyil.

Hələ pisliyi, yaxşılığı qalsın kənarda. Sözüm orda deyil; sözüm orasındadı ki, bizim kənddə şəxs yoxdu ki, onun bir ayaması olmasın.

Bizlər ayama deyirik. Bilmirəm başa düşdünüz, ya yox? Ayama, yəni ləqəb.

Hələ burdan bir haşiyə çıxaq.

Mən ləqəb sözünü bildirə kimi bilməzdim; çünki dərsim o qədər yoxdu, "Camei-Abbas"dan savayı bir kitab oxumamışam. Bildir bizim kənddə o taydan bir molla mərsiyə oxuyurdu. Amma heyf adı yadımdan çıxıbdı. Bir gün bu mollanın güzəri düşdü bizim Sadığın dükanına. Görükürdü molla irəlidən bilirmiş ki, Sadığa lağlağı Sadıq deyirlər. Dükanda məndən savayı bir neçə kətdi də var idi, Molla, Sadıqdan iki paçka maxorka tənbəkisi alıb, paçkanın birini açdı və çubuğunu doldurub od istədi. Sadıq bir spiçka çəkdi, molla çubuğu alışdırıb Sadığa dedi:

"Allah atana rəhmət eləsin."

Sonra çubuğu bir neçə dəfə sümürüb, üzünü tutdu Sadığa:

"Əxəvizadə, nə illət, cənabınızın ismi-şərifinə lağlağı ləqəbi izafə artırırlar?"

Axundun sözlərini nəinki kətdilər, heç mən özüm də başa duşmədim. Vəhalon ki mən oturanların yanında hələ alim idim. Amma, söz yox, hamımız başa düşdük; axund soruşurdu nəyə Sadığa lağlağı deyirlər. Sadıq bir az duruxub cavab verdi ki, lağlağı onun ayamasıdı. Axund təәсcüblə dübarə soruşdu:

"Olan, ayama nədi, qəribə avam adamsınız!…."

Sadıq səbəbini soruşandan sonra axund bizi başa saldı ki, lağlağı Sadığın ayaması deyil, ləqəbidi. Ayama avam sözüdür, ləqəb ərəb sözüdür. Axırda axund bərkdən-bərk bizə tapşırdı ki, ayama ləfzini dilimizə gətirməyәk, ləqəb deyək.

Biz hamımız razı olduq və "bəli" cavabdan savayı bir söz demədik. Sonra Sadıq üzünü axunda tutub soruşdu:

"Axund, cənabınız gərək ərəb dərsində çox güclü olasınız."

Molla cavab verdi:

"Gədə, nə söyləyirsən? Molla olmaq, mərsiyə demək məgər asan əmrdi? Ərəb dərsini tamam eyləməmiş adamı məgər minbərə qoyarlar?"

Nağafil Sadıq axunddan bu cür soruşdu:

"Axund, çörəyə ərəbcə nə deyir?"

Axund çubuğu sümürüb, bir baxdı yerə və öskürüb cavab verdi:

"Bəradərim, Ərəbistanda çörək olmaz ki, çörəyə bir ad qoyalar. Orda düyüdən savay özgə şey yeməzlər."

Sadıq dübarə axunda sual verdi:

"Pəs düyüyə ərəbcə nə deyir?"

Axund çubuğu sümürüb öskürdü və az keçdi cavab verdi:

"Qardaş oğlu, sən elə doğrudan lağlağı imişsən. Kətdilər yerində sənə lağlağı deyiblər."

Bu sözləri deyib axund əbasını düzəldib, dükandan çıxdı, getdi. Biz hamımız o günü axşama kimi gülməkdən sakit olmadıq.

Məsələn, mənim adım Xəlildi, mənim adımı qoyublar qəzetçi Xəlil. Mən, vallah, bilmirəm qəzet nədi. Qəzetçi bir şəxsdi ağlı, kamalı cəhətə yaxşı əhvalatlar, yaxşı xəbərlər yığıb, çap eləyib dağıdar o yana-bu yana. Amma mən bilmirəm ki, mən haradan qəzetçi oldum. İnşallah, ərz elərəm nə səbəbə mənə qəzetçi deyirlər, mənim yoldaşıma deyirlər lağlağı Sadıq, yəni çox danışan.

Hələ bizə hörmət qoyublar; bizim ləqəbimiz çox gülməli deyil. Elə ləqəblər var bizim Danabaş kəndində ki, desəm oğunub gedərsən. Məsələn, girdik Həsən, dəvə Heydər, yalançı Səbzəli, eşşək Muxtar, doşan Qasım. Müxtəsər, bu cür ayamalar bizim Danabaş kəndində hədsizdi. Əgər duram hamısını ərz etməkliyə, bütün Rusiyyətin karxanalarında kağız qalmaz.

Mənim yoldaşım Sadığın adını qoyublar lağlağı. And olsun bizi yaradana, bu ləqəb o kişiyə heç yaraşmır. Doğrudu, Sadıq çox danışar. Elə hər yanda oturubdu deyәсәk. Deyir, deyir və yorulmaq bilmir. Amma neyliyim, bir belə şirinkəlam, mən deyərəm, yer üzündə yoxdu.

Bir də ki, bizim Danabaş kəndində elə bilirlər ki, hər bir çox danışan adama lağlağı demək olar. Axır çox danışan da var, çox danışan da. Mən elə şəxslər görmüşəm ki, səhərdən-axşamadək danışıb, mən heç doymamışam. Əgər hamı çox danışana lağlağı demək olsaydı, gərək biz cəmi vaizlərə lağlağı deyəydik; çünki onlar minbərə çıxıb, yenmək bilməzlər.

Xeyr, hamı çox danışana lağlağı demək olmaz. Birisi başlayır allah-taalanın barəsində söhbət edir, ya qeyrisi öz Kərbəlaya və Məkkəyə getməyindən nağıl edir, məgər bu cür şəxslərə demək olar lağlağı? Xeyr, olmaz; günahdı və haqdan uzaqdı bu cür sözləri danışmaq.

Qoy hər kəs hər nə deyir-desin. Qoy Sadığa desinlər lağlağı; amma o kişi ölən günə kimi mənim rəfiqim, müsahibim və həmdərdimdi! Bəzi qızını söyür, bəzi anasını.

Bəlkə də elə Sadıq doğrudan lağlağıdı. Amma o danışanda doğrudan mən həmişə gərək duram onun dodaqlarından öpəm.

Pəs mənə niyə deyirlər qəzetçi? Bunun səbəbini ərz edim. Mənə o vaxt qəzetçi dedilər ki, mən Sadıq ilə müsahiblik başladım. Həqiqətdə mənim adımın qəzetçi qoyulmağına bais yoldaşım Sadıq olubdu.

Burda mətləb bir az uzandı.

Mən deyərəm iki il olar ki, biz tapışmışıq. Əhvalat bu cür oldu: bir günləri bir neçə top çit qoltuğuma vurub getdim Sadığın dükanına. O vədə bizim aramızda bir elə rəfiqlik yox idi. Bir qədər oturdum. Sadıq bir çubuq doldurdu verdi, mən başladım çəkməyi. Dükanda qeyri bir şəxs yox idi. Mən çubuğu çəkməyə məşğul oldum. Sadıq da, söz yox, başladı söhbəti. Mənə onun söhbəti həmişə xoş gəlirdi, neсә ki, qabaqca ərz etdim qulluğunuza; amma bu dəfə mən bu kişiyə lap aşiq oldum. Bu dəfə mənim rəfiqim bir elə şirin əhvalat başladı ki, mən deyərəm bəlkə iyirmi, otuz müştəri dükana girdi və boş çıxdı. Hər gələnə deyirdik ki, sən istəyən şey dükanda yoxdu. Dedi, dedi, dedi, axırı bir yerdə dayandı. Bir diqqətnən baxdı mənim üzümə, bir ah çəkdi və dedi:

"Xəlil əmioğlu, mənim bir arzum var."

Dedim:

"Qardaşım, nədi arzun?"

Dedi:

"Əmoğlu, mən artıq əfsus eləyirəm ki, biz ölüb gedəcәyik, amma bu gözəl əhvalatlar yaddan çıxacaqlar."

Dedim:

"Əmoğlu, heç ürəyini sıxma, mən əhvalatları götürərəm yazıya və bir kitab bağlayıb adını qoyaram "Danabaş…." Biz ölüb gedərik, mən vəsiyyət elərəm ki, mən öləndə məni nə Kərbəlaya aparsınlar, nə də mənə ehsan versinlər; çünki əgər mən allah-taalanın xoşbəxt bəndələrindənəm, ehsansız da elə axirətdə üzüm ağ olacaq, yoxsa günahkar bəndəyəm, nə ehsan kömək edər, nə qeyri bir şey. Mən vəsiyyət edərəm ki, var-yoxumu satıb pul eləsinlər və yazdığım əhvalatları versinlər çapa və kitabları müftə paylasınlar ona-buna."

Bu sözləri mən dedim qurtardım və Sadıq cəld yerindən durub gəldi və məni bərk qucaqladı, o üzümdən, bu üzümdən öpdü və ağlaya-ağlaya dedi:

"Əmoğlu, mənim arzum məhz bu idi. Bunu sən əmələ gətirdin, allah səni hər iki dünyada həsrət qoymasın."

Pəs, mənim əzizlərim, bu cür oldu bizim rəfiq olmağımız. Sonra hər nə Sadığın fikrinə gələrdi, hər bir yaxşı xəbərlər, əhvalatlar eşidərdi, ya qeyri bir mətləb yadına düşərdi əlüstü gəlib məni tapardı. Mən çıxardardım dəftəri, götürərdim qələmi və yazardım. Çünki bu dəftər həmişə mənim qoltuq cibimdə olardı və çünki mənim peşəm həməvəqt kəndləri dolanmaqdı, mən hər bir xoş vaxtda dəftəri çıxardıb başlardım oxumağı.

Bir övqat çox şirin tutdu. Hər yanda məni görcәk çağırıb qonaq aparardılar. Məhz ondan ötrü ki, təzə bir əhvalat oxuyum. Əvvəl mənim adımı qoydular nağılçı; amma sonra gördülər ki, bu ad mənə yaraşmır. Xülaseyi-kəlam, mənim adım qaldı qəzetçi.

Söz yox, mənim adımın qəzetçi olmağına bais yoldaşım olubdu, neсә özünüz də görürsünüz və söz yox ki, mənə xoş gəlmir ki, atam-anam qoyduqları adımın yanına bir özgə ad qondaralar; amma mən genə ürəyimi sıxmıram. Qoy avam hər nə deyir-desin. Əksər ovqat əvam yaxşıya deyir pis, pisə deyir yaxşı. Hələ bəlkə bir az gərək fəxr edək ki, avam bizim üstümüzə gülür.

Dünyada hədsiz şəxslər avamdan gilaylı qalıblar. Biz də dağarcığımızı çəkirik çuvalların cərgəsinə.

Yazılıbdır Danabaş kəndində, İrəvan quberniyasında, 1894-cü sənə.

Lağlağı Sadıq və qəzetçi Xəlil.

EŞŞƏYİN İTMӘKLİYİ

redaktə


Miladiyyə tarixinin min səkkiz yüz doxsan dördüncü ilində avqust ayının əvvəllərində Danabaş kəndində bir qəribə əhvalat olubdu. Əhvalat budu ki, Məhəmmədhəsən əminin eşşəyi oğurlanıb.

Söz yox, o kəsin ki, bu əhvalatdan xəbəri yoxdu, mənim sözümə inanmayacaq; çünki doğrudan da eşşəyin itməkliyi bir elə təәсcüblü şey deyil ki, bundam bir qəribə əhvalat çıxsın. Hər kənddə və hər şəhərdə gün olmaz ki, eşşək itməsin.

Amma xeyr, Məhəmmədhəsən əminin eşşəyinin itməkliyinin özgə eşşəklərin itməkliyinə bir tük qədər də oxşarı yoxdu.

Vallahi, billahi, Məhəmmədhəsən əminin eşşəyinin itməkliyi bir qəribə əhvalatdı ki, nağıl edim, siz də qulaq verib ləzzət aparasız.

Əvvəl görək kimdi Məhəmmədhəsən əmi?

Hər kəs Danabaş kəndini tanıyır, o yəqin Məhəmmədhəsən əmini də tanıyır; çünki Məhəmmədhəsən əmi kəndin sayılan şəxslərindən biridi. Məhəmmədhəsən əminin olar əlli dörd, əlli beş yaşı. Artıq olmaz. Hərçənd ki, saqqalı ağarıbdı, özü ki, and içir ki, əgər məni kasıblıq sıxmasaydı, heç kəs deməzdi ki, mənim sinnim qırxdan artıq ola. Elə yalan demir Məhəmmədhəsən əmi; çünki kişinin bu sinnində genə yanaqları qıpqırmızı qızarır.

Məhəmmədhəsən əminin başına çox işlər gəlib. Əgər duraq hamısını nağıl eləməkliyə, çox uzun çəkər. Nələr gəlib Məhəmmədhəsən əminin başına, nə işlərə düçar olubdur!

Vəssalam ki, ruzgar bu kişinin üzünə gülmüyübdü.

Məhəmmədhəsən əmi olardı on-on iki yaşında ki, atası Hacı Rza vəfat elədi. İki il keçməmişdi anası öldu. Yaxşı dövlət qalmışdı mərhum atasından: neçə zəmilər, neçə ilxılar, nə qədər fərş, çoxluca pul. Amma çox heyf! Elə ki, Hacı Rza və övrəti öldülər, Məhəmmədhəsən əmi qaldı başsız-paraxsız. Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaq hesabı göstərdilər.

Elə ki, Məhəmmədhəsən əmi özünü tanıdı, gözünü açdı, baxdı gördü qalıbdı lap lüt madərzad. Sonra bir qıznan sevişdi, həmin qızı aldı və bir neçə il gedib İrəvan tərəflərində qürbətlik çəkdi, bəlkə puldan-zaddan qazanıb gətirib əlində maya eləsin. Qərəz, tutmadı işi, əliboş kəndə qayıdıb üç-dörd eşşək alıb, başladı çarvadarlığı. Amma gəldikсә işi tənəzzül elədi. Axirüləmr gəldi tövləsini ortadan yarı böldü və küçəyə səmt bir qapı açdı və bura bir-iki pud undan, buğdadan, tut qurusundan, iydədən düzüb, başladı sövdəni, ta ki, gəldi çatdı bu yaşa ki, indi biz görürük; külfəti də, söz yox, gəldikсә törədi.

Bəs bir tövrnən indi Məhəmmədhəsən əmi başını girləndirir. Amma kasıb olanda nə olar, çox yaxşı adamdı Məhəmmədhəsən əmi. Doğrudan kişinin başı özünün deyil; kişi bu kasıblıq vaxtında heç zaddan müzayiqə eləməz. Birisi gedə deyə "Məhəmmədhəsən əmi, mənə üç-dörd manat pul lazımdı", əgər özündə olsa, əlüstü çıxardıb verəcәk, olmasa çalışacaq hər tövrnən olmuş-olsa, özgəsindən tapsın, sənin işini düzəltsin. Vaqeən çox yaxşı kişidi. Məhəmmədhəsən əmi.

Məhəmmədhəsən əmi dünya malına əsla və qəta talib deyil və lakin tək bircə arzusu var. Üç-dörd ildi Məhəmmədhəsən əmi Kərbəla ziyarətini qəsd edibdi. Bu kişi artıq dindar adamdı. Doğrudan əgər rüzgarı bir vəch ilə keçəydi, yəqin ki, indi Məhəmmədhəsən əmi çəhardəh məsumu tamam etmişdi. Amma nə eləmək, kasıblıq şəxsi savab işlərdən də qoyur. Müxtəsər, çoxdandı Məhəmmədhəsən əmi Kərbəla qəsdi edibdi. İl olmaz ki yazıq Məhəmmədhəsən əmi bu pakizə fikrə düşməsin.

Zəvvarın həmişə getmək, ya gəlmək sədasını eşidən kimi Məhəmmədhəsən əminin gözündən yaş çeşmə kimi başlar axmağa.

Amma nə eləmək, kasıblığın evi yıxılsın. İndiyə kimi yazıq kişinin qolunu-qıçını bağlayıb, qoymur bir yana tərpəşsin.

Üç-dörd ayın sözüdü. Məhəmmədhəsən əmi yatıb bir vaqiə gördü, yuxudan dürub övrətini çağırıb, ona xəbər verdi ki, övrət, neсә olmuş-olsa, gərək bu il inşallah gedəm Kərbəlaya. Vaqiəsini indiyədək heç kəsə nağıl eləməyibdi. Ancaq bunu deyir ki, vaqiə görmüşəm, gərək nə tövr olmuş-olsa Kərbəlaya gedib, altı guşəli qəbri ziyarət edəm.

Pəs üç-dörd aydı Məhəmmədhəsən əmi getmək tədarükündədi…. Ziyarət şövqü Məhəmmədhəsən əmini dünya işlərindən lap kənar eləyibdi. Bu fikrə düşəndən dükanı boşluyub, bir qədər arpa, ya darı unundan tədarük edib qoyub evinə və bir para lazım olan şeylərdən ev üçün hazır edib, gözləyir zəvvarın çıxmaqlığını.

Əvvəl Məhəmmədhəsən əmi istədi piyada getsin, çünki məlumdur ki, piyada ziyarətə getməkliyin feyzi malnan getməklikdən artıqdı. Amma sonra baxdı gördü ki, sinninin o vaxtı deyil ki, piyada iki aylıq yolu gedib qayıtsın. Pəs nə eləmək? Axırı laəlac qalıb, özündən, özgədən on-onbeş manat tədarük edib, Məhəmmədhəsən əmi bir ulağ aldı. Söz yox, ulağ atdan yaxşıdı. Əvvələn ondan ötrü, ulağ atdan ucuzdu. Bəlkə heç Məhəmmədhəsən əmi otuz-qırx manat tapa bilməyәсәk idi ki, ata versin. Bir də birisi ziyarətə ulağnan gedə və qeyrisi atnan gedə, əlbəttə, ulağnan gedənin ziyarəti allah-taala yanında tez dərəceyi-qəbula yetişər.

Bəli, Məhəmmədhəsən əmi bir ulağ aldı. Amma bu ulağ başı bəlalı ulağ imiş.

Günlərin bir günü Məhəmmədhəsən əmi sübh tezdən yuxudan durub, geyinib, namaz qılıb çıxdı bir həyəti dolandı. Toyuq-cücəni çağırıb, bir az dən səpdi, tövləyə girib eşşəyin qabağına bir-iki ovuc arpa töküb çıxdı küçəyə və öz küçə qapısının ağzında çömbəldi, çıxartdı çubuğunu və kisəsini və çubuğu doldurub başladı çəkməyi. Bir qədər keçdi, bir neçə kəndli Məhəmmədhəsən əmi sində Məhəmmədhəsən əminin yanına gəlib, salam verib, cərgə ilə çömbəldilər və çubuqlarını çıxardıb başladılar çəkməyi. Bu kəndlilər hamısı Məhəmmədhəsən əminin qonşusuydular.

Kəndlilər bir az çubuq çəkib, bir qədər öskürüb başladılar söhbəti. Söhbət kərbəlayıların çıxmağından düşmüşdü. Çünki oturanların hamısı Məhəmmədhəsən əminin ziyarət qəsdindən xəbərdardılar, söz yox, bu söhbətdə Məhəmmədhəsən əminin də adı çəkilirdi.

Söhbət çox uzun çəkdi. Əvvəl başladılar ziyarətə getməkliyin savabından, sonra keçdilər ziyarətə getməkliyin şərtlərinə. Məhəmmədhəsən əminin sol tərəfindən oturan kişi bir məsələ saldı ortalığa:

"Aya, görək birisi gedir ziyarətə, ziyarətini edir, sonra qayıdır gəlir öz vətəninə, biz yığışıb dəstə-dəstə gedirik bu kişinin görüşünə və əl-ələ verib deyirik: "Ziyarətin qəbul olsun", aya, görək bizim deməkliyimiznən bu kişinin ziyarəti qəbul olacaq, ya xeyr? Aya, görək bu sözü ki, biz buna deyirik, bu sözlərin bu şəxsə mənfəəti var, ya yox? Məsələn, Məhəmmədhəsən əmi, indi sənin ziyarət qəsdin var. Allah salamatlıq versin, sağ və səlamət gedib qayıdasan evinə. İndi, söz yox, allah qoysa qayıdandan sonra biz hamılıqnan sən ilə görüşəcәyik. İndi görək bizlər sənə deyәсәyik: "ziyarətin qəbul olsun", bu sözün, bu görüşməkliyin sənə xeyri var, ya yox? Mən ki, deyirəm yoxdu. Ondan ötrü ki, sən ziyarəti eləmisən bir ay, bəlkə ay yarım bundan qabaq. Əgər sənin ziyarətin qəbul olunub allah yanında, dəxi bizim sənə dua eləməkliyimizin nə faydası? Əgər ki, qəbul olunmayıb, genə faydası yoxdu. Biz deməkliknən qəbul olunmayacaq ki!

Bu kişi sözünü deyib dik-dik baxdı Məhəmmədhəsən əminin üzünə. Qeyriləri də gözlərini dikib yerə, fikrə cummuşdular; çünki vaqeən bu məsələ dərin məsələdi. Məhəmmədhəsən əmi təzədən kisəni cibindən çıxarıb, məşğul oldu çubuğu doldurmağa, sonra başladı sol tərəfində oturan qonşusunun cavabını:

"Yaxşı deyirsən. Məşədi Oruc əmoğlu. Sən deyən olmuş-olsa, onda da iş düz gətirməz, ortalıqdan mehribançılıq götürülər. Birisi getdi ziyarətə, gəldi evinə, heç kəs getmədi onun görüşünə, dəxi bu müsəlmançılıq olmadı ki! İndi mən gedib, tutaq, ziyarət edib gəlmişəm evimə, sən nə deyirsən, gəlməzsən mənim görüşümə? Sonra dəxi mən sənin üzünə baxmaram ki…."

Məşədi Oruc cəld əlini Məhəmmədhəsən əminin tərəfinə uzadıb və bir qədər dikəlib başladı:

"Yox, vallah, Məhəmmədhəsən əmi, sən mənim ərzimi başa düşmədin; mənim məsələmin cavabı deyil sən dediyin. Mən, söz yox, gələcәyəm sənin görüşünə. Sözüm orasındadır ki, görək aya, mənim bu gəlməkliyimin sənə bir mənfəəti var ya yox? Mən orasını soruşuram."

Məhəmmədhəsən əmi dübarə cavab verdi ki, görüşməyin hər halda mənfəəti var; çünki görüşmək olmasa, ortalıqdan mehribançılıq götürülər. Oturan kəndlilər bu xüsusda hamısı Məhəmmədhəsən əminin tərəfində idilər; çünki hərçənd Məşədi Orucun məsələsi dərin məsələdi, amma hamıya bəid görsəndi. Neсә ola bilər ki, birisi ziyarətdən gələ, gedib onnan görüşməyəsən?!

Bu mübahisə azından bir saat çəkdi. Çubuqlar da dolurdular, boşalırdılar. Hərənin qabağında bir zorba koma kül qalandı.

Söhbətin lap şirin vaxtı idi, sol səmtdən, döngədən bir şəxs çıxıb, yeyin yeriyib kəndlilərin yanına gəlib, salam verib üzünü tutdu Məhəmmədhəsən əmiyə:

"Məhəmmədhəsən əmi, tez oğlanı göndər pəyədən eşşəyi çıxarsın, minəcәyəm şəhərə, nəçərnik istiyibdir."

Kəndlilər cəld ayağa durub, salamı rədd elədilər.

"Baş üstə, baş üstə, qurbandır sənə eşşək. Bu saat gedim özüm çıxardım gətirim."

Bu cavabı verib, Məhəmmədhəsən əmi əlüstü girdi həyətə.

Məhəmmədhəsən əmi eşşəyi gətirməkdə olsun, görək pəs bu şəxs kimdi və nəçidi.

Bunu bilmək asandı ki, bu şəxs xırda adam deyil. Əvvələn ondan ötrü, kəndlilər söhbətin şirin məqamında bunu görcәk durdular ayağa, hələ bəlkə baş da yendirdilər. İkincisi də, məlumdur ki, indi Məhəmmədhəsən əminin gözünün işığı tək bircə eşşəyidir; çünki bu eşşəyi ondan ötrü alıbdı ki, minib getsin Kərbəlaya. Geсә və gündüz bu heyvana mütəvəccöh olur ki, onu yarı yolda qoymasın. Pəs belə güman eləmək lazımdı ki, Məhəmmədhəsən əmi eşşəyi heç kəsə verməzdi ki, bir yana aparıb heyvanı yorsunlar. Amma bu şəxc istəyən kimi Məhəmmədhəsən dəsti getdi eşşəyi çıxardıb gətirsin.

Pəs görək bu şəxs kimdi və nəçidi?

Bəli, xırda adam deyil bu eşşəyi istəyən şəxs. Bu, Danabaş kəndinin katdası Xudayar bəydi. Mən istəmirəm Xudayar bəyin keçəcәyindən danışam; çünki özü də heç bu əmrə razı olmaz. İndi dünyada qayda belədi ki, birisi ucadan alçağa yenə, dövlətlilikdən kasıblığa düşə, söhbəti həmişə aparıb çıxardacaq keçən günlərinə: ay mənim atam belə, anam belə, dövlətimiz bu qədər idi, imarətimiz bu cür idi, hörmətimiz bu həddə idi. Amma birisi alçaqdan ucaya qalxa, kasıbçılıqdan dövlətə çata, əskiklikdən hörmətə minə, heç vaxt atadan-babadan danışmağı dost tutmaz. Məsələn: Məhəmmədhəsən əmi yeddi gün yeddi geсә atasının dövlətindən, hörmətindən danışa doymaz. Amma Xudayar katda heç kəsə atasının adını da deməz. Hər vaxt bu cür söhbət düşəndə Xudayar katdanın sözü budur: "Qardaş, nə işin var ataynan-anaynan. Onlar ölüb gediblər, allah onlara rəhmət eləsin. Gəl özünnən-özümnən danışaq". Pəs çünki keçəcәkdən danışmağı Xudayar bəy dost tutmur, heç mən də istəmirəm onun qəlbinə dəyim. Onun keçəcәyinnən mənim də işim yoxdu.

Xudayar bəyin ancaq otuz yeddi, otuz səkkiz sinni olar; artıq olmaz, bəlkə əskik ola. Boyu ucadı, çox ucadı. Bunun ucalığından ötrü keçən vaxtda Xudayar bəyə bir ayama deyərdilər. Amma mən söz verdim ki, onun keçəcәyindən danışmayım. Qorxuram yalançı olam. Bəli, boyu ucadı, saqqalı, qaşları tünd qaradı. Üzü də qaradı, çox qaradı. Gözləri lap qaradı, bir tikə ağ yoxdu gözlərində. Belə ki, bəzi vaxt Xudayar bəy papağını basır gözünün önünə: papaq qara, gözlər qara, üz qara. Papağın altdan gözlər belə işarır ki, adamın canına vahimə ötürür. Pəs deyəsən ki, çim altından qurbağa baxır.

Bunlar hamısı ötər. Xudayar bəyin bir böyük qüsuru var. Burnu əyridi; əyridi, amma pis əyridi. Əyri də var, əyri var. Mən çox gözəllər görmüşəm ki, burunları əyridi, amma Xudayar bəyin burnu pis əyridi. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana. Bilmirəm anadan olmadı, ya sonra olubdu. Amma çox pis burundu, vəssəlam. Xudayar bəyə göyçək kişi demək olmaz.

İndi iki il olar ki, Xudayar bəy Danabaşda katdalıq eləyir. Bunun katda olmağının da çox əhvalatları var. Xudayar bəy özgə katdalar kimi katda olmayıbdı. Axır, adət bu cürdü ki, katdanı camaat seçər. Amma Xudayar bəyin katdalığı özgə tövr olubdu; yəni çox asan vəchlə olub.

Əvvəl, yəni iki il bundan əqdəm, Xudayar bəy qlava yanında çavuş idi. İş elə gətirdi ki, qlava Xudayar bəyin anasını siğə elədi. Aşkardı ki, qlava öz səmtini qoyub, özgəni katdalıqda saxlamayacaq. Bir həftənin içində katdanı qısnıyıb, qulluqdan kənar elədi. Bir neçə vaxt kənd qaldı katdasız. Xülaseyi-kəlam, camaat bir vaxt gözünü açdı gördü ki, Xudayar bəy katdadı ki, katdadı.

Xudayar bəy katda olan kimi lap dəyişildi. Əvvəl başladı libasından. Paltarını təzələyib və əlinə bir zoğal ağacı alıb, xəbər verdi ki, onun adı Xudayar deyil, Xudayar bəydi. Kimin ixtiyarı var idi soruşsun haradan ona bəylik yetişib?! Amma xalq bilirdi ki, bəylik ona oradan yetişib ki, qlava anasını siğə edib. İyirmi-otuz adamı Xudayar katda dama qatıb məhz o səbəbə ki, səhvən ona deyiblər Xudayar katda, deməyiblər Xudayar bəy.

"Çöçə-çöçə" deyə-deyə Məhəmmədhəsən əmi eşşəyi çıxardı küçəyə. Eşşək eşiyə çıxan kimi bir oğlan uşağı, yeddi-səkkiz yaşlarında, tumançaq, başıaçıq və keçəl, özünü çırpdı küçəyə və ağlaya-ağlaya, çığıra-çığıra qaçıb yapışdı eşşəyin quyruğundan. Bu oğlan Məhəmmədhəsən əminin xırda oğludur.

"Hara qoyuram eşşəyimi getsin? Vallah qoymayacağam u … u … u …. "

Bu cür ağlamaqlıqnan və sızıldamaqlıqnan oğlan bərk-bərk ulağın quyruğundan yapışıb, qoymurdu heyvan hərəkət eləsin.

Məhəmmədhəsən əmi vaqeən çox mehriban ata idi; o, heç vaxt istəməzdi övladının ürəyini bir dəm sıxsın. Odur ki, yavığa yeriyib, başladı yumşaqlıqnan oğlunu sakit eləməyə.

"Sakit ol, oğlum. Eşşəyin axşam genə qayıdıb gələcәk evə da. Eşşəyə nə olur? Mən eşşəyi satmıram ki! Xudayar bəy əmin aparacaq şəhərə, orada ona çoxluca arpa verəcәk."

"Yox, vallah, heç qoymaram …. Hara qoyuram getsin e … heç qoymaram …. Heç dənə də!"

Bu sözləri deyə-deyə oğlan ulağın başını çubuqnan qaytarırdı qatsın genə həyətə. Bu heyndə Xudayar katda oğlanın dal tərəfindən yeriyib, oğlanın kürəyindən bir ağac ….

"Köpək oğlu köpək! Hara aparırsan eşşəyi? Gözlərin kordur, görmürsən məni burada? Vallahi gönünü soyaram!"

Oğlan "vay-vay!" deyib, qaçdı soxuldu həyətə. Xudayar katda eşşəyi minib, düzəldi şəhər yoluna. Kətdilər həmçinin dağıldılar. Məhəmmədhəsən əmi katdanı yola salıb, oğlunun dalınca dilxor qoydu getdi evinə.


Günortadan yarım saat keçirdi ki, Xudayar bəy yetişdi şəhərə.

Xudayar bəy eşşəyi Məhəmmədhəsən əmidən istəyəndə dedi ki, məni nəçərnik istəyib. Amma yalan deyirdi, nəçərnik istəməmişdi, özgə mətləbi var idi. Əgər nəçərnikdən ötrü Xudayar katda şəhərə gəlirdi, lazımdı ki, bir az tez gələydi. O, özü bilirdi nəçərnik ancaq günortaya kimi divanxanada olar, günorta olcaq divanxana bağlanır. Xeyr, özgə mətləbi var Xudayar bəyin.

Eşşəyi qatıb karvansaraya Xudayar bəy üz qoydu bazara. Yeddi girvənkəlik qəndlərdən bir kəllə alıb vurdu geyməsinin altına və bazardan çıxıb Buzxana məhəlləsini tutub başladı getməyi. Bir qədər gedib, çöndü sol küçəyə. Bu küçəni başa kimi gedib, genə çöndü sol səmtə. Bir dar küçəynən gedib və arxı tullanıb, bir alçaq qapının yanında durub qəndi qoydu yerə və başladı üst-başının toz-torpağını təmizləməyi. Sol qıçını qalxızıb sağ əli ilə və sağ qıçını qalxızıb sol əli ilə şalvarının balağını silib və papağını çıxarıb geydi sol əlinə və sağ əli ilə o tərəfini, bu tərəfini çırpıb qoydu başına. Qəndi vurdu qoltuğuna, bir öskürüb dəqqülbab elədi.

Həyətdən bir övrət səsi gəldi:

"O kimdi?"

Xudayar bəy bir də qapını döydü. Bir az keçdi, dörd-beş yaşında bir qız uşağı qapını açıb və Xudayar bəyi görən kimi qapını örtüb qaçdı həyətə. Həyətdən qızın bu cür səsi gəldi:

"Buy ana, qapıda bir yekə kişi durub!"

Xudayar bəy qızın sözlərinə bir qədər gülüb çağırdı qızı:

"Ay qız, qazı ağa evdədi?"

Qız o qədər Xudayar bəydən qorxdu ki, cürət eləmədi cavab versin. Bu heyndə qapı açıldı, bir cavan oğlan qapını daraxlayıb təәсcüb ilə gözlərini dirədi Xudayar bəyin gözünə.

"Qazı ağa evdədi?"

"Evdədi, sözünü de."

"Qazı ağanı görmək istəyirəm."

Oğlan bir söz deməyib qapını örtdü və rədd oldu; sonra gəldi, qapını açdı və dedi:

"Gəl."

Xudayar bəy başını əyib, qapıdan içəri girib, iki pillə yendi həyətə. Görükən budur ki, qazının övrəti həyətdə paltar yuyurdu; çünki oğlan qapını açmamış xəbərdarlıq verdi:

"Xanım, kənar ol, adam gəlir."

Həyətin bir səmtində var idi əngənək, yanında çoxluca yuyulmuş paltar qalanmışdı; ərov, yəni paltarın çirkli suyu axıb gəlib, qapının yanında göl durmuşdu. Xudayar bəy girdiyi yer əsla həyətə oxşamırdı; çünki burda dörd divardan savayı bir şey yox idi. Həyətin eni on addım və uzunu on beş addım ancaq olardı. Sol torəfdə divara səmt qalanmışdı çiy kərpic. Vəssəlam. Bəlkə bura qazının dal həyətidir; çünki bu şəhərdə ev yoxdur ki, onun bağçası olmasın. Qərəz, əgər qazının bağı-bağçası olmuş-olsa, Xudayar bəy bu girdiyi dal həyətdən savayı qeyri bir şey görmədi.

Oğlan həyətin sağ səmtindən girdi bir dar yola, yox oldu. Bir az keçdi, bir qoca kişi, beli bükülmüş, haman dar yoldan çıxıb, sol əli cibində və sağ əli gözlərinin üstə, bir qədər yavıq gəlib üzünü tutdu Xudayar bəyə:

"Sözün nədir, dadaş?"

"Əmi, qazı ağanı görəcәyəm, işim var."

"Sən haralısan, əzizim?"

"Mən Danabaş katdası Xudayar bəyəm, qazı ağanı görmək istəyirəm."

"Geymənin altındakı nədir, qadan alım?"

"Qənddir, gətirmişəm qazı ağaya. Bir xeyir işimiz var onda, bu da ağız şirinliyidir."

Qoca kişi gəldiyi yol ilə qayıtdı getdi. Bir neçə dəqiqədən sonra cavan oğlan dar yoldan çıxıb, əli ilə Xudayara işarə elədi gəlsin. Xudayar bəy oğlanın dalınca dar yol ilə gedib, girdi qəhvəxanaya və başmaqlarını çıxardıb, oğlanın dalısınca girdi qazının otağına.

Xudayar bəy içəri girən kimi belə döyükdü ki, salamı da yadından çıxardı. O çox təәсcüb elədi ki, həmin gördüyü qoca kişi əyləşib yuxarı başda döşəyin üstə. Söz yox, əlüstü başa düşdu ki, qoca kişi elə qazının özüdür. Qazı çoxdan duymuşdu ki, bu kişi xam düşübdür. Bu səbəbə nəinki Xudayar bəyin salam verməməsindən rəncidə olmadı, hələ bəlkə özü ayağa durub salam verib, bəyə yuxarı başda yer görsətdi.

Xudayar bəy dübarə salam verib, keçdi yuxarı başa və oturub qəndi qoydu yerə.

Qazının otağı yekə, uca və ağ otaqdı. Bu otağın otuz yeddi taxça və tağı var və heç birisi boş deyil. Tağlara düzülübdür çox bərni və hədsiz çini qab. Taxçalara düzülübdür bir neçə samovar, sandıqça, qəlyan, dörd-beş kəllə rus qəndi və xırdavat şeylərdən. Beş on taxta doludur boxça və paltarnan. İki taxça dolu idi kitab ilə. Fərşə salınıb pürbaha qalı və qalçalar.

Otağın yuxarı başında qoyulub üç iri dəmir sandıq. Sandıqların üstə adam boyuca qalanıbdı çox qalça, keçə, kilim və palaz. Bir tərəfdən çadirşəbə bükülü qoyulub çərgə ilə dörd-beş dəst yorğan-döşək.

Qazı məxmər döşək üstə oturub dayanmışdı cüt yastığa.

Elə ki, Xudayar bəy qəndi çıxardıb qoydu yerə, qazı gülə-gülə üzün tutub Xudayar bəyə dedi:

"Bəy, bu qənd nədi, bu nə işdi?" Xudayar bəy gülə-gülə cavab verdi:

"Qazı ağa, bir xeyir işimiz var. Bu qəndi gətirdim ağız şirinliyi olsun."

"Ay şirin kam olasan, mənim qardaşım. Yəqin ki, kəbin kəsdirəcәksən."

"Xeyr, qazı ağa, kəbin deyil, siğədir."

"Nə eybi var, siğə dəxi yaxşı …. Çox gözəl, çox gözəl. Allah mübarək eləsin. Siğəni sən özün eləyirsən, ya özgəsi eləyir?"

"Xeyr, qazı ağa, özüm eləyirəm əgər iş düzəlsə."

Qazı üzünü qapıya səmt tutub, nökərini çağırıb ona buyurdu ki, qəndi ortalıqdan götürsün, qəlyan doldursun və çay gətirsin. Sonra genə üzünü tutdu Xudayar bəyə:

"Neсә buyurdun, iş düzəlsə?"

"Bəli, qazı ağa, əgər işi bir tövrnən yoluna qoysanız, biz sizə duaçı olarıq."

"Dəxi nə tövrü var ki! Siğədi, oxuyaram qurtarıb gedər da."

"Yaxşı buyurursan, qazı ağa, amma lazımdı ki, övrət tərəfindən bir vəkil olsun."

"Əlbəttə, mən demirəm ki, vəkil olmasın. Vəkil də gərək olsun, şahıd da gərək olsun. Vəkilsiz, şahıdsız siğə oxunmaz ki."

Xudayar başını saldı aşağı, bir qədər fikir eləyib cavab verdi:

"Bəli, belədi."

Qazı dübarə üzünü tutdu Xudayar bəyə:

"Pəs hanı sənin vəkilin və şahıdların?"

"Hələ ki, nə vəkil var, nə şahıd. Görək neсә olacaq."

Qazı çox təәсcüb elədi:

"Bə sənin nə vəkilin var, nə şahıdın var, haradan mən siğə oxuyacağam?"

"Bəli, belədi, qazı ağa, belədi."

"Vallah, mən sənin sözlərindən baş açanmıram. Əgər siğə oxutmaq istəyirsən, gərək övrət tərəfnndən vəkil gələ, mən də siğəni oxuyam. Əgər vəkillər və şahıdlar burda deyil, qalsın sonraya. Onlar da gəlsin, o vaxt siğə oxuyum. Ya xeyr, burda özgə bir maneçilik var, ta orasını da özün bilərsən."

Xudayar bəy qazının sözlərindən sonra bir qədər də xamuş olub və sonra dikəlib və qapıya səmt baxıb alçaq səs ilə dedi:

"Doğrudan doğrusu, qazı ağa, mənim bir mətləbim var. Allahdan gizlin deyil, dəxi səndən niyə gizlin olsun."

"De, de görək. Əlbəttə, məndən dəxi niyə gizlədəsən?!"

Qapı açıldı, cavan oğlan padnos içində iki stəkan çay gətirib, birini qoydu qazının və birini də Xudayar bəyin qabağına. Qazı oğlana işarə elədi durmasın otaqda. Oğlan çıxıb gedəndən sonra Xudayar bəy alçaq səs ilə başladı:

"Qazı ağa, sözün əsli budur ki, bizim Danabaş kəndində bir dul övrət var. Mənim çoxdandı fikrimdədi onu siğə eləyim; amma övrət gəlmir. Bilmirəm ürküdürlər, ya nədi. Deyir getmərəm ki, getmərəm. İndi qalmışam belə. Sizin qulluğunuza gəlməkdə qəsdim bu idi ki, bu ərzimi sizə yetirim, görüm siz nə buyurursunuz. Bu əmrə bəlkə bir çarə tapasınız."

Bu heyndə haman qız uşağı başını qapıdan soxdu içəri və dedi:

"Dədə, anam burdadı?"

Qazı qızın üstünə çığıran kimi qız rədd oldu. Sonra cavan oğlan qəlyanı gətirib qoydu qazının qabağına. Oğlan istədi dursun, qazı getməyi işarə elədi. Qazı qəlyanı damağına salıb, üzünü tutdu qonağa.

"İndi pəs nə tövr deyirsən eləyәk?"

"Başına dönüb, qazı ağa, hər neсә olmuş-olsa, gərək düzəldəsən bu işi."

Qazı qəlyana bir bərk qüllab vurub, başını bulaya-bulaya deyir:

"Bəli, gətdiyin iki girvənkə qənddir, zornan övrəti gətirib qatarıq sənin qoynuna. Get, ay həpənd!"

Xudayar bəy qazının sözünün cavabına bir qədər dikəlib və sağ əlinin şəhadət barmağını yuxarı qalxızıb dedi:

"Bax, ey qazı ağa, and olsun o bizi yaradan allaha, sən əgər mənim bu işimi aşırsan, mən məlun adamam əgər başımı da sənin yolunda əsirgəyəm."

"Bəradərim, mənə sənin başın lazım deyil, allah sənin başını səlamət eləsin. Mənə bu lazımdır, bax bu."

Qazı bu sözləri deyəndə sağ əlini də yerdən böyük kəllə qəndin boyuca qaldırmışdı yuxarı. Sözünü deyib qurtardı, amma əlini çəkmədi. Bu halətdə saxlayıb diqqət ilə baxırdı Xudayar bəyin üzünə. Əlini o vaxt yendirdi ki, Xudayar bəy razılıq cavabı verdi. Xudayar bəyin cavabı bu oldu:

"Qazı ağa, fikrini hara dağıdırsan? Mən bir para adamlardan deyiləm ki, söz deyim, vədə verim, dalısında durmuyum. Kişi börkü başına nədən ötrü qoyur? Ondan ötrü qoyur ki, ona kişi desinlər. Pəs şəxsi ki, üzdə bir söz dedi, çıxdı eşikdə özgə söz danışdı, dəxi onda kişilik sifəti qalmadı ki! Sən bir kəllə rus qəndi deyirsən, mən on bir kəllə gətirim. Ürəyini niyə sıxırsan. Pulum yoxdu mənim? Xeyr, dövlətindən o qədər varımdır, heç sənin təki ağaların yanında xәсalət qalmaram. Heç fikrini özgə yana dağıtma."

Xudayar bəy sakit oldu. Qazı başladı:

"Allah səni xәсalət eləməsin öz birliyi xatirinə. Rəfiqim, mən şəxsin simasından bilirəm ki, bu nə tövr adamdır. Mən indi müsinn adamam. Mənim olar həştad və bəlkə dəxi də artıq yaşım. Özümə görə də təcrübə hasil eləmişəm. Mən şəxsin üzünə baxan kimi bilirəm ki, nə tövr adamdır. Və bir də zahir batinin aynasıdır. Mən sənin üzünə baxan kimi yəqin elədim ki, sən neсә adamsan. Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışığa durmaz idim sənnən …. Amma xeyr, maşallah artıq ləyaqətli adamsan. Mən də səninlə elə rəftar eləmərəm ki, axırda sənin yanında xәсalət olum. Mənə nə lazımdır on bir kəllə qənd. Sən mənə iki kəllə qənd gətirsən, birini doğrayıb paylaram füqərayə, ancaq, ağız şirinliyindən ötrü, — neсә ki, özün də buyurdun, — bir kəllə rus qəndi səndən alacağam. Vəssəlam. Mənim yoxsa artıq təməim yoxdur. Söz yox, əgər qəndin yanındaca bir girvənkə çay gətirsən, nə sözüm var?"

"Bax bu gözüm üstə, bax bu gözüm, bax gözüm üstə, üstə, bax bu gözüm üstə …. "

Bu sözləri deyirdi və sol əlini qoyurdu gah sağ gözünün, gah sol gözünün üstə. Axır sözünü bu cür tamam elədi:

"Dəxi sözün nədi, qazı ağa? Bunlar hamısı baş üstə. İndi bəs sən mənim işimi nə tövr sazlayacaqsan?"

Qazı başını saldı aşağı, bir qədər təsbeh çevirib "ya allah" dedi və durdu ayağa, getdi kitabları eşib, bir qara cildli kitab gətirib açdı. Gözlüyü taxdı gözünə və başladı alçaqdan oxumağı. Qazının səsi çıxmırdı, ancaq dodaqları tərpəşirdi. On dəqiqə çəkdi qazının oxumağı. Sol əlinin şəhadət barmağını kitabın bir yerində saxlayıb, üzünü tutdu Xudayar bəyə:

"Bilirsən, bəy, bu məsələ çətin məsələdir. Belə işlər az-az ittifaq düşər. Kitaba ondan ötrü baxıram ki, görək şəriət bu xüsusda nə buyurur."

Qazı bu sözü deyib genə cumdu kitaba, bir qədər oxuyub sevincәk kitabı bükdü qoydu qabağına.

"İnşallah kəşf edəcәyəm bu məsələni, kəşf edəcәyəm, lap asan vəchlə kəşf edəcәyəm. Bəy, buyur görək qənd və çay nə vaxt gələcәk?"

"Qazı ağa, elə bu saat, elə deyirsən durum bu saat gedim alım gətirim. Mənim əlimdə çətindir?"

"Əzizim, qəndi və çayı gətirərsən qoyarsan buraya, sonra gedib üç-dörd nəfər kəndinizin əhlindən gətirərsən mənim yanıma. Amma gərək o şəxslər hamısı sənin rəfiqlərindən ola. Onların birisi gəlib mənə deyər ki, həmin övrət mənim anamdır. Bu şəxsə, yəni sənə gəlmək istəyir və məni bu xüsusda vəkil eləyibdi. Qeyriləri də şəhadət verərlər. Vəssəlam. Mən də siğəni oxuram, qurtarıb gedər."

"Qazı ağa, əgər iş bu cür qurtaracaq, bu lap asan işdi. Üç-dörd nədi, yüz adam kəndimizdən tökərəm bura, hər nə soruşursan soruş, mən dediyimi onlar da desinlər. Kimin ağzıdı mənim sözümdən çıxsın?"

Bu sözləri deyib Xudayar bəy durdu ayağa.

"Gedim görüm kəndimizin adamlarından şəhərdə kimi tapa biləcәyəm."

Xudayar bəy qapıdan çıxmaq istəyirdi, qazı çağırıb dedi:

"Bəy, içəri zəhmət çək, sənə iki vəsiyyətim var. Əvvəla budur ki, qənd-çaya, söz yox, pul verəcәksən. O pulları sən çöldən tapmamısan ki …. Əlbəttə alnının tərilə qazanmısan. Pəs çünki belədi, barı səy elə, yaxşı mal al. Zəmanə indi çox xarab olub, adamı əlüstü tovluyurlar. Karapet ağaya təzəlikdə yaxşı qənd gəlib, adına Prodski deyirlər. Səy elə haman qənddən al. Çayı da indi özün bilərsən, nə tövr olar-olsun.

Xudayar bəy:

"Baş üstə," -deyib istədi çıxıb getsin. Qazı genə çağırıb qaytardı otağa.

"Əzizim, mən ərz elədim iki vəsiyyətim var; birini dedim, birini də deyim, ondan sonra azadsan."

"Buyur, qazı ağa."

"İkinci vəsiyyətim budur ki, bizim bu işimiz gərək ölən günə kimi öz yanımızda qalsın."

"Ay, qazı ağa, uşaqsan? Məni elə nadan bilmə."

"Qulaq as, sözümü qurtarım. Bəli, bu iş gərək məxfi qala."

"Neсә gərək qala?"

"Gərək gizlin qala, heç kəs gərək bu işdən xəbərdar olmaya. O adamlar ki, sən bura gətirəcәksən, gərək sənin elə rəfiqlərin olsun ki, bu sirri özgəsinə verməsinlər. Ondan ötrü ki, söz yox, burada bir xilafi-şər, əməl yoxdu, amma çünki bu cür işlər az ittifaq düşür, hər eşidən güman edəcәk ki, burda bir xilaf əməl var. Pəs bu səbəbə bu iş əlbəttə, əlif əlbəttə, gərək sənin, mənim və şahıdlarının arasında qala. Vəssəlam. İndi gedə bilərsən."

"Baş üstə, qazı ağa, baş üstə. Əlbəttə belədi …."

Bu sözləri deyib, Xudayar bəy qazının evindən çıxıb, üz qoydu getməkliyə.


Xudayar bəy sevincәk tez bazar məscidinin yanına yetişib, yendi bazar çayına, dəstəmaz alıb girdi məscidə və namaz qılıb, üz qoydu bazara. Çarşı ilə gedib və qazı nişan verdiyi ermənini soruşub, getdi girdi bir böyük dükana. Qəfəsənin dalında bir qarnı yoğun erməni oturub yazıya məşğul idi. Xudayar bəy dükanın o səmtinə baxıb, bu səmtinə baxıb, çıxardı çubuğunu və başladı doldurmağı. Karapet ağa qələmi qoydu yerə və təәсcüb ilə baxdı Xudayar bəyin üzünə. Xudayar bəy çubuğu doldurub yeridi Karapet ağanın yanına və əlini qoltuq cibinə uzadıb və bir çimdik qov çıxardıb, tutdu Karapet ağanın qabağına.

"Zəhmət olmasa bir ispiçkə çək, bu qovu yandırım."

Karapet ağa qeyznən cavab verdi:

"Sən məgər görmürsən ki, bura qəhvə dükanı deyil! İtil cəhənnəmə burdan, supa oğlu supa! İtil!"

Bu sözləri deyə-deyə Karapet ağa ayaq üstə durub deyəsən ki, istəyirdi qəfəsənin dalısından sıçrayıb, Xudayar bəyi alıb yatsın.

Xudayar bəy bir az sinib çəkildi kənara. Çox təәсcüb elədi Xudayar bəy erməninin bu tövr rəftarına. O haradan güman eləyərdi ki, Karapet ağa od verməyәсәk, o, çubuğunu yandırsın. Danabaş kəndində o bir adamdan bu cür tərk-ədəblik görməmişdi. Kimin ixtiyarı var Xudayar bəy çubuğu cibindən çıxardan kimi qov yandırıb onun qabağına tutmasın? Amma nə eləmək? Danabaş kəndi qalıb

Danabaş kəndində. Burada ki şəhərdi. Şəhər gəlib Danabaş kəndi əvəzi olmaz.

Xudayar bəy üzünü bir az turşudub və qaş-qabağını töküb, bu cür Karapet ağanın cavabını verdi:

"Xozeyin, sən nahaq yerə çığırırsan. Mən gəlməmişəm ki, sənin dükanını çapıb talıyam. Mən gəlmişəm səninlə sövdə eləyim. Dəxi sənin mənim üstümə çığırmağın lap artıqdı. Mən gəlmişəm səndən qənd alam."

"Bəli, sən məndən yarım girvənkə qənd alacaqsan, mən duraram sənin əllərindən öpərəm."

Xudayar bəy çubuğun tənbəkisini doldurdu kisəsinə və çubuğunu taxdı belinə və cavab verdi:

"Xozeyin, əvvəl sən tanı gör mən kiməm, sonra mənim üstümə çığır. Mən sən deyən adamlardan deyiləm ki, gəlib yarım girvənkə qənddən ötrü sənə baş ağrısı verim. Mən Danabaş kəndinin katdası Xudayar bəyəm. Mən gəlmişəm nəinki yarım girvənkə qənd alam, mən səndən bir kəllə qənd alacağam, yekə gəllələrdən."

Karapet ağa bir az yavaşıdı:

"Mənim gözüm üstə. Mən nə deyirəm ki! Mən demirəm ki, sən niyə məndən bir kəllə qənd almırsan. Mən onu deyirəm ki, sən yaxşı eləmədin mən yazı yazan vaxtda qovu uzatdın mənim qabağıma. Mən indi yazıda qələt düşdüm. Mənim indi zəhmətim lap çox oldu. Gərək sən gedəndən sonra bu yazdığımı bir də yazam."

"Qərəz, ta indi keçib. Hər nə olub, olubdu. Qəndi indi neçəyə verəcәksən mənə?"

Karapet ağa qəfəsənin taxtasını qovzayıb çıxdı kənara və gəldi qalanmış qəndin yanına və əlini kəllələrin birinin üstünə qoyub başladı:

"Bax, qardaşım bəy, bu qənd lap elə yaxşı qənddi. Bu qəndi sənə verəcәyəm yeddi manat iki şahıya. Bu lap yaxşı qənddi."

"A kişi, zarafat eləyirsən? Qəndi indi yeddiyə hər yanda verirlər da. Gözün məni gördü?"

"Harda yeddiyə verirlər? Heç belə şey olmaz, məzhəb haqqı. Yeddi iki şahıdan bir qəpik əskiyə verməzlər."

Xudayar bəy bir az dinməyib, genə həmin çubuğu çıxardıb başladı doldurmağı. Karapet ağa cibindən bir spiçka çıxardıb yandırdı. Xudayar bəy çubuğu alışdırdı və dedi:

"Yaxşı-yaxşı! Mən çoxdan bilirdim ki, sən bahacılsan. Heç sənnən bacarmaq olmaz. Yaxşı-yaxşı! Götür bir kəllə çək, görək nə qədər gələr."

Karapet ağa yekə kəllələrin birini qucaqlayıb qoydu tərəziyə.

"Bu on, bu da on — iyirmi." Bu beş, bu üç, bu iki bu da yarım. Bəli, düz otuz girvənkə yarım. Otuz girvənkəsi otuz abbası, bu altı manat, çıxaq doqquz şahısını, qalar beş manat on bir şahısı.

Karapet ağa qəndi tərəzidən götürüb qoydu yerə.

Karapet ağa, indi allaha şükür, məni tanıdın ki?

"Neсә yəni tanıdım?"

"İndi bildin mən kiməm da?"

"Sən kimsən?"

"Mən Danabaş kəndinin katdası Xudayar bəyəm."

"Mən də ikinci gild kupets Karapet ağayam."

"Ay atana allah rəhmət eləsin. Bu sözləri mən ondan ötrü ərz edirəm, indi dünyada qəlp adam çoxalıbdır. Birisi gəlib nisyə sövdə elər, and içər allaha, peyğəmbərə ki, üç gündən sonra pulunu gətirərəm. Üç gün olur ay, bəlkə üç il. Amma allah mənə bir ölüm göndərsin, bu cür qəlp işlər tutmuyum. Sözün doğrusu, bu gün iş belə gətirdi, yanımca şəhərə pul gətirməmişəm. İndi mən qəndi aparıram, inşallah sübh tezdən sənin beş manat on bir şahını burda hazır elərəm."

Karapet ağa bu sözləri eşitcәk cəld qəndi aparıb qoydu yerinə və qayıdıb sağ əlini qoydu Xudayar bəyin çiyninə, sol əli ilə qapını görsətdi.

"Di get, çıx get! Tez ol get burdan! Elə bu saat çıx get."

Xudayar bəy dinməz-söyləməz dükandan çıxıb üz qoydu getməyə. Axşam azanına ancaq yarım saat qalırdı ki, Xudayar bəy gəldi çıxdı haman karvansaraya ki, eşşəyi qatmışdı.

Xudayar bəy karvansaranın qapısına yetişcәk içəridən bir alçaq qədək arxalıqlı, boz papaq, ağ tuman kişi çıxıb qaş-qabaq ilə üz tutdu Xudayar bəyə:

"A kişi, allah atana rəhmət eləsin, gəl bu xatanı bizim başımızdan sovud! A kişi, bu bəlanı gətirib qatmısan tövləyə, biz təngə doyduq ki! Sən allah, gedim ulağı çıxardım, götür apar."

Bu sözləri deyib güdək kişi, — ki karvansaranın odabaşısı olsun, — istədi qayıda karvansaranın həyətinə. Xudayarbəy onu çağırıb saxladı:

"Yavaş görüm, hara gedirsən? Neсә bəlanı gətirib qatmışam tövləyә? Yəqin ki, ulağ mallarnan yola getmir. Axı mənim ulağım sakit ulağdı. Sən niyə bu sözü deyirsən?"

Odabaşı əlini ölçə-ölçə qayım səslə başladı:

"A kişi, sən allah zarafat eləmə. Mənim kefimin o vaxtı deyil. Eşşəyini çıxardım, götür apar."

Xudayar bəy qayım səslə cavab verdi:

"Rəhmətliyin oğlu, bir sözünü mənə de görüm ki, axı nə olubdu?"

"Nə olacaq, yekə kişi! Xalqın eşşəyini oğurlayıb gətirmisən qatmısan mənim karvansarama. Niyә? Görək mənnən qəsd-qərəzin var?"

"Ә, dəli olmamısan ki! Ya keflisən? Mən niyə xalqın eşşəyini oğurluyuram? Vallah heç artıq-əskik danışma ki, peşman olarsan."

"Yaxşı, rəhmətliyin oğlu, özgə eşşək tapa bilmirdin, getdin Məmmədhəsən əminin eşşəyiii gətdin, bizi qoydun qalmaqala?"

"Neсә qalmaqala qoymuşam mən səni?"

"Neсә qalmaqal olacaq?" Sən elə eşşəyi tövləyə qatıb oyza cummuşdun, Məhəmmədhəsən əminin xırda oğlu ox kimi özünü soxdu karvansaraya ki, eşşəyi aparacağam. Mən də nə tövr verəydim? Dəxi nə deyim, başına dönüm! Bu oğlan özünü çırpır yerdən yerə ki, ya özümü gərək öldürüm, ya da bu saat gərək eşşəyi aparam. Axırı lap naəlac qalıb, getdim bir qaradavoy çağırdım, oğlanı döyə-döyə çıxartdı eşiyə.

"Heyf, heyf, heyf ki, mən burda olmamışam! Vallahi ki, ölüsünü qoyardım oğlanın burda! Onu mən sağ ötürərdim kəndə? Sən pəs niyə məni gəlib çağırmadın?…." Qərəz, keçib. İndi hava qaranlıqlayır, mən dəxi kəndə qayıda bilmərəm. Mən özüm də gərək qalam, eşşək də gərək qala. Bu geсә sənə qonağam, Kərbəlayı Сəfər əmi.

"Qonaqsan, gözüm üstə yerin var. Əlbəttə, indi da getmək olmaz. Hava lap qaranlıqlayır. Di burda niyə durubsan? Buyur gedək mənzilə."

Kərbəlayı Сəfər əmi qabaqca və Xudayar onun dalınca gedib girdilər bir xırda qaranlıq hücrəyə. Kərbəlayı Сəfər əmi girən kimi bir spiçka çəkib, sol tərəfdə divara vurulmuş xırda lampanı yandırdı və qonağa yer göstərdi. Hücrənin fərşi ibarətdi bir palazdan. Yuxarı başda qoyulmuşdu bir bükülü yorğan-döşək, bucaqda var idi bir sənək, bir lüleyin və süpürgə, çirkli divarların nə tağları var idi, nə taxçası. Xudayar bəy palaz üstə oturub dalını dayadı yükə və çubuğunu cibindən çıxardıb başladı doldurmağı. Sonra üzünü Kərbəlayı Сəfər əmiyə tutub dedi:

"Gəl otur görək, Kərbəlayı Сəfər əmi. Gəl mənə bir od da zəhmət çək ver. Gəl, gəl otur söhbət edək bir az."

Kərbəlayı Сəfər əmi də həmçinin başmaqlarını çıxardıb, keçdi oturdu bir tərəfdən və bir spiçka çəkib tutdu Xudayar bəyin çubuğuna. Xudayar bəy çubuğu alışdırdı.

"Kərbəlayı Сəfər əmi, sən gərək bu əhvalatı mənə deməyәydin. Sən mənim ürəyimə bir ox vurdun. Allah görüm Məmmədhəsən əminin atasına lənət eləsin! O məni xalq içində rüsvay elədi. Mən bu yaşa gəlmişdim, indiyə kimi bu cür bədnam olmamışdım."

Xudayar bəy sözünü deyib və dikəlib çubuğu uzatdı verdi Kərbəlayı Сəfər əmiyə. O da "ya allah" — deyib çubuğu aldı və bir sümürüb dedi:

"Yaxşı buyurursan, Xudayar bəy. Axır Məhəmmədhəsən əmi neyləsin? Onun nə günahı var? Sən eşşəyi gətirəndə ona xəbər versəydin, heç belə olmazdı. Onda bilərdilər ki, eşşəyi sən gətirmisən, da oğlunu göndərməzdi."

"A kişi, adına and olsun, eşşəyi mənə Məhəmmədhəsən əmi özü verib. Eşşəyi mənə o dəyyus özü veribdi, o qurumsaq özü veribdi, o Ömər özü veribdi. A kişi, niyə inanmırsan?"

"Niyə də inanmıram? Xeyr, inanıram."

"Qurani-münzəl haqqı özü veribdi. Niyə, mən üç yüz evin katdası ola-ola, bir ulaq da tapa bilmirəm, gedirəm oğurluqca özgələrin eşşəyini gətirirəm?"

"Xeyr, inanıram da! Niyə inanmıram?"

Kərbəlayı Сəfər dikəlib çubuğu verdi Xudayar bəyə. Xudayar bəy bir-iki sümürüb genə başladı:

"İndi sən görərsən, Kərbəlayı Сəfər əmi, mən qisasımı Məhəmmədhəsən əmidən almasam, mən bu saqqalımı qırxdırram?"

Kərbəlayı Сəfər əmi bir az gülümsündü və bir qədər dikəlib sual etdi:

"Yaxşı, sən nə eliyə bilərsən, ona?"

"Mən onun gözünə ağ sallam! Nə eliyәсәyəm ona? Mən onun böyüyü deyiləm? Gün olmaz ki, onun mənə işi düşməsin. Basaram palçığa, çıxaram üstə, ayaqlaram. Nə eliyәсәyəm?"

On-on iki yaşında bir oğlan sol əlində bir çölmək sallaya-sallaya girdi içəri, çölməyi qoydu yerə və üzünü tutdu Kərbəlayı Сəfərə:

"Dadaş bu gün anam əti bir az yandırıb, yeyə bilsəniz yaxşıdır. Bir bax gör."

Kərbəlayı Сəfər qeyznən cavab verdi:

"Ay ananın dədəsinin gorunu …." Allahü əkbər! Lənət şeytana. Belə də bədbəxtlik olar ki, mən düşmüşəm? Gün olmaz ki, o itin qızı əti yandırmasın, ya pişiyə verməsin.

Oğlan başını aşağı əyib dedi:

"Yox, dadaş, vallah anamın heç günahı yoxdu. Bu gün getmişdi hamama. Qonçaya da tapşırmışdı hərdən-birdən ətə baxsın. Qonçanın da başı nə bilim nəyə məşğul olubdu, əti yandırıb."

"Niyə, hamam ananın başına uçsun! Elə gərək bu gün anan gedəydi hamama?"

Oğlan təәсcüblü cavab verdi:

"Pəs havaxt gərək gedəydi?"

Xudayar katdaya aclıq çox kar eləmişdi; çünki səhərdən kənddən çıxandan bir tikə çörək yeməmişdi, savay qazının bir stəkan çayından. Oğlan çölməyi içəri gətirən kimi bozbaşın qoxusu Xudayar bəyə belə xoş gəldi ki, könlündə Kərbəlayı Сəfərin övrətinə iki min yaman dedi. Xudayar bəy gördü ki, ata ilə oğlun mükaliməsi çox uzun çəkәсәk, amma onun ürəyi də gedir acından; bu səbəbə ortalığa söz atdı ki, bəlkə söhbət qurtara. Çölməyi dığırladaraq:

"Kərbəlayı Сəfər əmi, vallah hər nə deyirsən de, amma deyirəm ki, oğlanın xəbəri yoxdu. Ət bir tikə də yanmayıb, bəlkə qovrulubdu. Ətin çox yaxşı qoxusu gəlir."

Kərbəlayı Çəfər durub bucaqdan bir sarı qaşıq tapıb, gəldi çömbəldi çölməyin başında. Çölməyin qapağını götürüb, bir qaşıq ətin suyundan götürüb içdi və ağzını marçıldadıb, qaş-qabağını turşudub, üzün tutdu Xudayar bəyə:

"Xeyr, bu əti yemək olmaz."

Qərəz, Kərbəlayı Сəfər bir qədər də övrətindən gilay elədi, bir qədər də söyüşdən, lənətdən dedi. Axırı laəlac qalıb, getdi süfrəni açdı ortalığa, bir az quru çörək doğradı siniyə və sağ qolunu çərməyib çölməyi üzüquylu elədi sininin üstə, sonra ətləri bir-bir seçdi qoydu çölməyə. Hər iki əli ilə çörəyi qarışdırıb Xudayar bəyə təklif elədi:

"Bismallah, Xudayar bəy, irəli çəkil görək. Hərçənd ət də yanıbdı, amma baxtından küs, xa-xa-xa …."

Xudayar bəy irəli çəkilib əlini uzatdı. Bir neçə tikə götürüb dedi:

"Kərbəlayı Сəfər əmi, and olsun allaha, sən lap nainsaf adamsan. Kişi, kim deyir ki, bu ət yanıb? Vallah əgər bir tikə da yanıbdı. Ta bundan yaxşı ət bişməz."

Xudayar bəy lap yalan deyirdi. Əvvəla ondan ötrü ki, çox acmışdı. Ac adama yanmış ət də xoş gələr. Və bir də ki, bura şəhərdi, genə neсә olsa, şəhər bozbaşı ilə kənd bozbaşı bir olmaz. Genə şəhər bozbaşının yanmışı kənd bozbaşının lap yaxşısından ləzzətdi olar. Bəli, Kərbəlayı Сəfər və Xudayar bəy hər ikisi məşğul oldular yeməyə. Oğlan bir az durdu, sonra çıxıb getdi. Xudayar bəy sol qıçını qabağına uzadıb, sağ qıçını dikəltmişdi. Belə ki, sağ qıçı süfrənin içində idi. Amma Kərbəlayı Сəfər diz üstə oturub, üzüquylu düşmüşdü çörəyin üstə. Belə ki, az qalırdı burnu dəyə siniyə.

Çörəyi yeyib qurtardılar. Kərbəlayı Сəfər süfrəni, qabları yığışdırıb qoydu kənara. Hər ikisi əllərini silib çəkildilər kənara. Xudayar bəy bir kəhildəyib, götürdü çubuğunu və doldurub alışdırdı və bir qədər çəkib, uzatdı Kərbəlayı Сəfərə səmt.

"Kərbəlayı Сəfər əmi, mənə bir yeddi manat lazımdı. Gərək hər neсә olmuş olsa, tapıb mənim işimi düzəldəsən."

Kərbəlayı Сəfər əlüstü cavab verdi:

"Xudayar bəy, peyğəmbər haqqı məndə yoxdu. Olseydi hansı qurumsaq müzayiqə elərdi?"

"Özündə yoxdu, özgədən tap. Qərəz, onu-bunu bilmirəm, gərək nə yolnan olsa, tapıb verəsən."

Kərbəlayı Сəfər bir az fikirdən sonra dedi:

"Vallah, yaxşı deyirsən. Amma indi əsr çox xarabdı. Hanı indi elə bir allah bəndəsi ki, adamın əlini tutsun? İndi hər kəsə gedim deyim mənə bir yeddi manat lazımdır, deyәсәk gətir yanımda on yeddi manatlıq bir şey zaloq qoy."

"Heç zərər yoxdu, nə eybi var. Sən bir elə adam tap ki, mənə yeddi manat versin, mən onun yanında on yeddi manatlıq şey girov qoyum. Genə sözün var?"

Kərbəlayı Сəfər genə bir qədər fikir eləyib cavab verdi:

"İndi sənin yanında nəyin var ki, zaloq qoyasan?"

"O sənə borc deyil. Sən pulu tap, gör qoyaram, ya yox."

"Axır neсә ola bilər ki, mən bilmiyim, sən neсә şey girov qoyacaqsan?! Bəlkə pul sahibi sən qoyduğun şeyi qəbula götürmədi."

Xudayar bəy bir qədər duruxdu. Çubuğu götürüb başladı doldurmağa. Üzünü Kərbəlayı Сəfərə tutub alçaqdan dedi:

"Kərbəlayı Сəfər əmi, sən hər kəsdən olmuş olsa, mənə yeddi manat tap, gətirdiyim eşşək olsun zaloq. Nə vaxt mən sənin pulunu gətirib verdim, sən də mənim eşşəyimi qaytarıb verərsən özümə."

"Xa, xa, xa! Xa, xa, xa! …. Xudayar bəy sənin dəstgahın varmış … xa, xa, xa! A kişi, sən zarafat eləyirmişsən … xa, xa, xa …."

"Qardaş, daxı niyə gülürsən? Hansı məlun zarafat eləyir?!"

"Xa, xa, xa …. A kişi, eşşək sənin deyil ki, onu girov qoyasan! Söz yox, qoyarsan. Amma sabah olcaq eşşəyin sahibi gəlib eşşəyi aparacaq da! … xa-xa-xa ….

"Yavaş, qoy görək, a kişi, bir az [yavaş] gül, qoy sözümü deyim. And olsun allaha, mən zarafat eləmirəm. Yaxşı, eşşəyin sahibi nə deyib səndən eşşəyi istəyәсәk? Eşşəyin sahibi sənə kimin yanında eşşək tapşırıb? Bəli, gəldi dedi "mənim eşşəyim burdadı, eşşəyimi ver". Deyərsən "kimin yanında sən mənim karvansarama eşşək qatmısan?" Ya xeyr, sənə dedi "pəs eşşək neсә oldu?", sən də de ki, "eşşəyi hər kəs gətirib bura qatmışdı, haman adam da eşşəyi çıxardıb apardı". Onnan sonra mən bilərəm, eşşəyin sahibi bilər. Dəxi sənə nə dəxli var? …."

Bu sözləri deyəndən sonra Xudayar bəy çubuğu uzatdı Kərbəlayı Сəfərə. O da çubuğu alıb, məşğul oldu çəkməyə. Bunların söhbəti çox uzun çəkdi. O, belə dedi, bu belə dedi. Axırı bu cür şərt bağladılar: Kərbəlayı Сəfər Xudayar bəyə yeddi manat versin və eşşək qalsın onun ixtiyarında. Hər nə eləyir eləsin: ya satsın, ya gizlətsin, ya nə eləyir eləsin. Xudayar bəy də kəndə qayıdıb xəbər versin ki, eşşək karvansaradan oğurlanıb. Hərgah Məhəmmədhəsən əmi çox atılıb düşsə və şıltaq eləsə, Xudayar and-aman içsin ki, mirovoy suda ərizə verib karvansaraçıdan eşşəyi istəyər. Əgər Məhəmmədhəsən əmi şəhərə gəlib, Kərbəlayı Сəfərdən əhvalatı soruşsa, Kərbəlayı Сəfər and içsin, aman eləsin ki, həqiqətdə eşşək oğurlanıb; yəni Xudayar bəyin bu işdə heç günahı yoxdu.

Bu cür tədbiri tökən kimi Kərbəlayı Сəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi oturdu və cibindən bir beşlik və iki təklik çıxardıb, qoydu Xudayar bəyin qabağına. Xudayar pulu götürüb qoydu cibinə, bir qədər dikəldi. Sağ əlini Kərbəlayı Сəfərin qabağına uzadıb dedi:

"Ver əlini mənə."

Kərbəlayı Сəfər həmçinin sağ əlini verdi Xudayar bəyin əlinə.

"Kərbəlayı Сəfər əmi, allah sənin oğlunu saxlasın və səni səlamət eləsin. Allah öz birliyi xatirinə sənə bu sövdədə xeyir versin.


Xudayar bəy yeyib qarnı tox və yeddi manatı cibinə qoyub, arxayın və rahat uzanıb yatdı. Yəqin ki, çoxdandı onun yuxusu bu geсәki kimi şirin olmamışdı.

Amma dünyada bəzi vaxt, bəlkə də çox vaxt çox təәсcüblü işlər ittifaq düşür. Məsəla, indi bu saat burada Xudayar katda ləzzətnən yıxılıb yatdı. Amma elə bu saat Danabaş kəndində üç yerdə matəm qurulubdu. Üçünə də Xudayar bəy özü bais olubdur. Doğrudan çox gülməli əhvalatdı və çox qəşəng əhvalatdı. Ondan ötrü qəşəng əhvalatdı ki, adam gülür, ürəyi açılır. Yoxsa nəyə lazımdır qəm və qüssə gətirən hekayət?!

Bəli, bu saat, elə bu dəqiqə, bu geсә səhərə kimi Danabaş kəndində üç evdə matəm qurulubdur. Biri Məhəmmədhəsən əminin evində, — neсә ki, məlumdu, — biri Xudayar bəyin öz evində və biri də Xudayar bəy istəyən övrətin, yəni Zeynəbin evində. Hələ Xudayar bəy şəhərdə qalmalı olsun, keçək Danabaş kəndinə və Zeynəbin matəmindən başlayıb, deyə-deyə gələk çıxaq başa.

Zeynəb qırx-qırx iki yaşında, kök, dolu və qarabuğdayı bir övrətdir. İki il bundan irəli əri Kərbəlayı Heydər ölüb. Qalıbdı bir oğlu Vəliqulu, on yeddi yaşında, iki də qızı: Fizzə yeddi yaşında və Ziba dörd yaşında.

Zeynəb nə Zeynəb!

Hanı irəliki Zeynəb? Onu iki il bundan əqdəm görən indi heç tanımaz. Zeynəbi görəydiniz əri Kərbəlayı Heydərin sağlığında. Danabaş kəndində Zeynəbin adı tək idi gözəllikdə.

Zeynəb uşaqlıqda bir yetim qız idi. Amma çox gözəlliyi səbəbə bibisi aparıb öz evində saxladı, bu qəsd ilə ki, alsın öz oğluna. Qərəz, bibisinin oğlu öldü və Zeynəbin adı bir elə şöhrət tapdı ki, elçi-elçi üstdən tökülüb gələrdi. And içirlər ki, bir ilin içində Zeynəbin on dörd müştərisi var idi. Hamısı da ağıllı-başlı yerlərdən. Axırı qismət belə gətirdi ki, Zeynəbi verdilər Heydərə; yəni çox yaxşı elədilər ki, verdilər Heydərə. Ondan ötrü ki, Heydərin atası Kərbəlayı İsmayıl kəndin mötəbər şəxslərindən biri idi və Zeynəbin qeyri müştərilərindən nə dövlətdə əskik idi, nə də hörmətdə.

Zeynəb Heydərə gələndən üç il sonra Kərbəlayı İsmayıl vəfat edib, doqquz ulağ, dörd-beş baş qaramal, iyirmi üç qoyun və yeddi keçi və iki xalvar zəmi qoyub getdi. Söz yox, dövlətin yarısı çatdı Heydərə və yarısı da qardaşı Rzaya.

Bir ildən sonra Rza öldü və Heydər atasının dövlətinə tək oldu malik və işi gəldikсә başladı tərəqqi eləməyə. Amma bununla belə, söz yox, xərci də az deyildi. Əvvəla, atasının və qardaşının ehsan və Kərbəlaya göndərmək xərci; sonra özü də Kərbəlaya gedib qayıdıb, genə dalı düşdü. Neсә də dalı düşməsin? Hesab eləyirdi ki, atasının və qardaşının nəşlərini Kərbəlaya göndərməkliyə və öz Kərbəlaya getməkliyinə düz iki yüz manat xərci çıxıb. Amma allah-taala rəhim allahdır. Çünki bu pulları Kərbəlayı Heydər mübarək yolda xərcləmişdi, genə axırdı allah-taala öz qüdrət əli ilə Kərbəlayı Heydərin işini düzəltdi. Belə düzəltdi ki, Kərbəlayı Heydər öləndə özünə yetmiş manat xərc çıxdı və bundan əlavə övrəti Zeynəbə iki yüz əlli manat, oğluna yüz qırx və hər qızına yüz manat pul çıxmışdı. Qalan zəmilərini vəsiyyət elədi övrətinə və qızlarına. Amma həyəti də verdi oğlu Vəliquluya. Kərbəlayı Heydərin ölməyi övrəti Zeynəb üçün yekə müsibət oldu. Artıq qəm və qüssə elədi yazıq övrət ərinin ölməyinə. İndi bu saat hər cümə axşamı ərinin qəbrinin üstə gedib, bir yekə mərəkə qurar. Vaqeən az-az tapılar bu cür istəkli övrət. Amma bununla belə Zeynəb bir tikə naşükürlük eləmir. Qəm və qüssə içində genə həmişə allaha şükür və səna eləyir ki, allah-taala ona bir parça çörək verib, özgələrə möhtac eləməyib. Və bir də ki, evlənməli oğlu və iki qızı …. Genə allah bərəkət versin, bunların hamısının şükrünü yerinə yetirmək lazımdır.

Zeynəb oğlundan yerdən-göyə kimi razıdır. Ondan ötrü ki, Vəliqulu o itaəti ki, anasına eləyir, bəlkə atasına eləməzdi. Vəliqulu nəinki anasına nisbət, bəlkə özgələrə görə də artıq üzüyola oğlandı. Yəqin ki, anası desə öl-öləcәk, qal-qalacaq. Atası ölən gündən bugünkü günə kimi bir elə vaxt olmayıb ki, Vəliqulu işini-gücünü boşluyub, müsahiblərinə qoşulub gəzməyə və kefə məşğul olsun.

İnsafən Vəliqulu çox məzlum oğlandı. İndiyədək Zeynəb Vəliquludan bir tük qədəri də inciməmişdi. Amma axır vaxtda iş belə gətdi ki, Vəliquluynan anasının arası bərk dəydi.

İş bu cür oldu.

Gərək əhvalatı başdan başlayaq. Mərhum Kərbəlayı Heydər ilə Xudayar katda bərk rəfiqdilər. Əvvəl cavanlıqdan ta Kərbəlayı Heydər ölən günə kimi Xudayar bəy ilə onun arasından qıl keçməzdi. Can deyib can eşidərdilər. Geсә və gündüz gəzməkləri bir, yeməkləri bir, oturmaqları bir, durmaqları bir. Bunların dostluğu ta o yerə çatdı ki, xalq bunlardan lap bədgüman oldu. Belə ki, bunların dostluğunu hərə bir tövr başa düşürdü. Biri deyirdi ki, bunlar xəlvətcə o taydan kandrobat malı keçirib satırlar. Amma xeyr, belə deyildi. Bu xəyal xam xəyaldı. O səbəbə ki, Xudayar bəyi bilmirəm, amma Heydər əslən ata minməyi bacarmazdı. Xeyr, bu deyildi.

Bəzi də deyirdi ki, bunlar qəlp pul qayırırlar. Vaqeən çox təәсcüblü şeydir. Danabaş kəndi, qəlp pul?! Aya, görək Danabaş kəndində heç sağ pulnan qəlp pula təfavüt qoyarlar? Heç tanırlar qəlp pul nədir və saf pul nədir? Xeyr, belə deyil.

Vəssəlam ki, hərə bir cür güman edirdi.

Qərəz, xalq nə güman eləyir-eləsin, amma zahirən Kərbəlayı Heydərnən Xudayar bəyin dostluğu möhkəm dostluğa oxşayırdı.

Keçmiş günlərin bir günü, qış fəsli idi. Gecədən üç-dörd, saat keçmişdi. Hər iki rəfiq, yəni mərhum Kərbəlayı Heydər və Xudayar bəy və bunlardan savayı Kərbəlayı Heydərin qonşularından bir neçə kəndli Kərbəlayı Heydərgilin tövlə otağında oturub məşğul idilər söhbətə. Məlumdur, qışın uzun gecələrini yatmaqnan qurtarmaq olmaz. Odur ki, Danabaş kəndində atadan-babadan qalma bu bir adətdi, hər məhəllənin adamları, — çünki indi dəxi bir iş-güc yox, — bir tövlə otağına yığışıb, ta gecədən altı saat gedənə kimi, danışmaqnan, deməknən, gülməknən keçirirlər. Çox vaxt belə olur ki, bu oturanların birisi yaxşı əhvalatdan, hekayətdən nağıl edir, xalq da qulaq asır.

Bəli, Xudayar bəy bir tərəfdə və Kərbəlayı Heydər bir tərəfdə oturub, hekayətə qulaq asırdılar.

Danabaş kəndinin mollası Molla Pirqulu "Bəxtiyarnamə" kitabından bir əhvalat oxuyurdu. Oturanların hamısının fikri mollada idi. İttifaq da belə düşdü ki, haman iki rəfiqlərin ikisinin övrətləri hamilə idi. Həmin geсә ikisinin də ağrısı tutmuşdu. Hekayənin şirin yeri idi. Tövlənin qapısı cırıltı ilə açıldı. Tövləyə iki oğlan uşağı, bir qız uşağı soxulub, gəldilər kəndlilərin yanına. Çünki tövlə o qədər işıq deyildi, uşaqlar axtardıqları adamı girən kimi görmədilər. Axırı adamların içindən Kərbəlayı Heydərin başına doluşub, başladılar bundan muştuluq istəməyə.

"Əmi, muştuluğumu ver, bir oğlun oldu. Ver, ver, muştuluğumu ver."

Kərbəlayı Heydər əlini uzatdı cibinə və uşaqların hərəsinin ovcuna bir az iydə qoyub yola saldı. Molla Pirqulu və kəndlilər Kərbəlayı Heydərə göz aydınlığı verdilər və molla genə başladı nağlını. Xudayar bəy həmçinin rəfiqinə mübarəkbadlıq verib, bir qədər cumdu fikrə, sonra üzünü tutub Kərbəlayı Heydərə səmt və əlini ona tərəf uzadıb çağırdı. Molla səsini kəsdi ki, görsün nə deyir Xudayar bəy.

"Qardaş, Kərbəlayı Heydər, əlini ver mənə."

Kərbəlayı Heydər əlin uzatdı Xudayar bəyə. Çünki hər iki rəfiq bir-birindən bir az uzaq oturmuşdular, əl-ələ verəndə hər ikisi bir qədər dikəlmişdi. Əl-ələ verən kimi Xudayar bəy başladı:

"Qardaş, Kərbəlayı Heydər, mənim əzizim və iki gözümün işığı! Sənin oğlun oldu, allah onu sənə çox görməsin öz birliyi xatirəsinə. Qardaş, indi bu saat elə mənim də övrətim ayaq üstədi. Gərək ki, özün də bilirsən. Qardaş, gəl elə oturanların yanında əhd bağlayaq. Əgər inda xəbər gətirdilər ki, mənim də oğlum olubdu, onda bunların hər ikisinin qardaşlıq siğəsini oxuruq. Onlar da bizim kimi qardaş olsunlar. Ya xeyr, mənim qızım oldu, siğəsini oxudub verək sənin oğluna."

Molla hamıdan qabaq öz razıçılığını izhar edib və Xudayar bəyin bu təklifini artıq bəyənib dedi:

"Zi hər tərəf ki şəvəd küştə sudi-islaməst. Çox gözəl, çox yaxşı. Hər tərəf, yəni hər neсә olmuş-olsa, islamın məsləhətidir. Çox gözəl, çox gözəl."

Molla Pirqulu bildi ki, dediyi fərdi heç kəs başa düşməyәсәk; əgər düşsələr də yaxşı mənada başa düşəcәklər. Yəni bu sövdənin hər bir tərəfi islamın məsləhətidir.

Molla, islamdan murad özünü nəzərdə tuturdu; çünki o görürdü ki, elə də olsa siğə oxudub ona ağız şirinliyi verəcәklər, belə də olsa verəcәklər. Söz yox, hər neсә olmuş-olsa, axunda xeyirdi.

Bəli, əhd bağlandı və xəbər gəldi ki, Xudayar bəyin qızı oldu. Kərbəlayı Heydər oğlunun adını qoydu Vəliqulu, Xudayar bəy qızının adını qoydu Gülsüm. Haman geсә molla Pirqulu Gülsümün siğəsini oxudu Vəliquluya.

Bu əhvalatdan sonra Kərbəlayı Heydərnən Xudayar bəyin arasında olan mehribançılıq dəxi də artdı. Belə ki, bunlar oldular lap sədaqətli dost və lap yavıq qohum. Bu onun evində, o bunun evində. Yəqin ki, doğma qardaş da bu tövr rəftar eləməzdi, neсә ki, bunlar edirdilər. Ta Kərbəlayı Heydər ölən günə kimi bu rəfiqlərin məhəbbəti və rəfaqəti bir tük qədəri də pozulmadı.

Bunların bu cür dostluqlarının müqabilində camaat yəqin eləmişdi ki, Kərbəlayı Heydərin ölməkliyi gərək Xudayar bəyə artıq təsir eləsin. Amma Xudayar bəy gözünə döndüyüm belə rəftar elədi ki, xalq lap heyran qaldı. Belə ki, Kərbəlayı Heydərin canı ağzından çıxan kimi Xudayar bəy Zeynəbin yanına adam göndərdi ki, məbada-məbada özgəsinə dil verə və özgəsinə ərə gedə. Niyә? Ondan ötrü ki, guya Kərbəlayı Heydər ona, yəni Xudayar bəyə vəsiyyət edib ki, Zeynəbi o özü alsın, qoymasın özgə namərdə ərə getsin.

Elə ki, bu səda kənd arasında şöhrət tapdı, xalq hamı başa düşdü ki, mərhum Kərbəlayı Heydərnən Xudayar bəy nə qəlp pul qayırırmışlar, nə də kandrabat malı o taydan-bu taya keçirirmişlər. Hamı başa düşdü ki, bu rəfiqlərin məhəbbəti nəinki bir-birinə imiş, bəlkə bir-birinin övrətinə imiş. Kim nə bilsin, bəlkə Xudayar bəy ölsəydi, Kərbəlayı Heydər də onun övrətini istəyәсәkdi.

Zeynəb Xudayar bəyin elçisinə cavab verdi ki, qoy Xudayar bəy anqırsın tayını tapsın; Zeynəb onun tayı deyil, onu qapısında heç nökər də saxlamaz. Zeynəb Xudayar bəyə ondan ötrü bu cavabı verdi ki, əvvəla, ərinin bədəni qəbrin içində bəlkə heç soyumamışdı. Ona nə lazım olmuşdu yasdan çıxmamış, ər dalınca düşsün? İkinci, ondan ötrü bu cavabı verdi ki, Kərbəlayı Heydər ölən kimi Zeynəbə iki ləyaqətli yerdən müştəri çıxdı. Biri Danabaş kəndinin mötəbəri və sayılanı Hacı Həmzə və biri də Çərçiboğan kəndinin qlavası Xalıqverdibəy. Bunların hər ikisinə Zeynəb cavab verdi ki, onun ərə getmək xahişi yoxdur. Üçüncü də Zeynəb ondan ötrü Xudayar bəyə bu cavabı verdi ki, neсә övrət ola, — ya kasıb, ya dövlətli, ya cavan, ya qoca, ya göyçək, ya çirkin, — razı olar yüz il ərsiz qalsın, amma üzünü Xudayar bəyin adama oxşamaz üzünə və iri burnuna sürtməsin. Bu sözlər Zeynəbin öz sözləri idi ki, Xudayar katdanın elçisinə demişdi.

Xudayar bəy Zeynəbdən hələ ümidini lap kəsmədi: genə güman eləyirdi ki, bəlkə bir tövrnən yumşala və ipə-sapa gələ. Və bir də artıq ümid Vəliquluya bağlamışdı. O bilirdi ki, Vəliqulu çoxdandır Gülsümün oduna alışıb; hələ axır vaxta toy fikrinə düşübdür. Pəs belə olan surətdə genə ümid var idi, yəni Xudayar bəyin ümidi var idi ki, Vəliqulu anasını bir tövrnən, bir fəndnən yola gətirə. Zeynəbin ərə getməklik fəqərəsi Vəliqulunun əvvəllər, heç vecinə gəlməzdi. Ona nə dəxli var? Anası kimə gedəcәk getsin; ancaq onun yarı Gülsüm sağ olsun.

Vaqeən Vəliqulu nişanlısına lap aşiq olmuşdu, artıq məhəbbəti var idi. Amma işlər belə gətirdi ki, Zeynəbin Xudayar bəyə yox cavabı gedən kimi Xudayar bəy xəbər verdi ki, əvvəla, dəxi qızını vermək istəmir Vəliquluya və bir də Zeynəbə və Vəliquluya sifariş göndərdi ki, mərhum Kərbəlayı Heydərin ona, yəni Xudayar bəyə iki yüz manat höccətli borcu var, tezliknən düzəldib versinlər ki, dəxi şikayət-mikayət olmasın. Zeynəb Xudayar bəyə cavab göndərdi ki, əgər o qızını Vəliquluya, vermək istəmir, heç o da onun qızını almır oğluna. Və bir də ki, əgər Kərbəlayı Heydərin ona iki yüz manat borcu var, kağızını qoysun divana, divandan da pulunu alsın.

Vəliqulunun bu əhvalatdan heç xəbəri yox idi, çünkn o günü Vəliqulu çöldə idi, zəmiyə toxum səpirdi. Çöldən evə qayıdıb və malları tövləyə qatıb girdi evə və anasını dilxor görüb, təәсcüblə səbəbini soruşdu.

Zeynəb bucaqda diz üstə oturub, əlində corab toxuyurdu. Zahirən çox qəmgin görsənirdi. Zeynəbin sol səmtində Fizzə qızı yanını verib yerə, diqqət ilə baxırdı anasının üzünə. Kənarda quru yerdə Ziba qızı öz-özünə bir zad oynayırdı. Vəliqulu içəri girən kimi Zeynəb bir baxdı oğlunun üzünə, genə başını saldı aşağı və sağ əli ilə çarğatını gözlərinin üstə aparan kimi Vəliqulu başa düşdü ki, anası ağlayır. Vəliqulu gəlib oturdu bir səmtdən və qıçlarını uzadıb, yorğun adam kimi dayandı divara.

"Ana, nə qayırırsan, ağlayırsan?"

Zeynəb başını qaldırdı oğluna səmt. Gözlərinin yaşı sübhün şehi kimi kirpiklərini islatmışdı.

"Xeyr, bala, ağlamıram. Niyə ağlıyıram?"

Görükən budur ki, Zeynəb ciddi-cəhd eləyirdi ağlamağını büruzə verməsin ki, oğlunun ürəyi sıxılsın. Amma səsindən əlüstü duymaq olardı ki, Zeynəb çox ağlayıbdı. Fizzə dikəlib oturdu və üzünü tutub qardaşına və doluxsunub dedi:

"Dadaş, vallah, anam yalan deyir. Anam bayaqdandı elə ağlıyır. Elə biz hamımız ağlıyırıq. Bayaq …."

Qızın görükür ki, genə sözü var idi desin, amma anası qoymadı.

"Yaxşı, yaxşı, bildilər ta. Yalan danışma. Yox, vallah, Vəliqulu, bir zad yoxdu. Elə tək qaldım, bir az ürəyim sıxıldı, ağlamağım tutdu; yoxsa bir şey yoxdu."

"Ana, mən deyirəm sənin yasın qiyamətə kimi qurtarmıyacaq. Rəhmətliyin qızı, bu qədər də ağlamaq olar sən ağlıyırsan? Bir bax gör dadaşım neçə ildi ölübdü."

"Dadaş, bir arvad gəldi, dedi əmin Gülsümü vermir sənə, onunçün ağladı."

Zeynəb bərk acıqlandı Fizzənin üstünə:

"Dur itil cəhənnəmə, Ayişə! Dur, dur get!"

Fizzə ayaq üstə durub, genə oturdu yerə.

Vəliqulu çox təәсcüb ilə üzünü tutdu anasına:

"Ana, vallah sənin sözün var, amma bilmirəm nə səbəbə demirsən. Bu nə sözdü ki, Fizzə deyir? Bura gələn arvad kim idi?"

"Bura gələn arvad Səkinə xala idi; Xudayar bəy göndərmişdi. Deyir ki, Xudayar bəy deyir, əvvəla, qızımı vermirəm Vəliquluya və bir də guya Kərbəlayı Heydərin mənə iki yüz manat borcu var, versinlər ki, şikayət-zad olmasın."

On dəqiqə ana və oğul hər ikisi sakit oldular. Fizzə də irəliki yerində yanını yerə verib, təәсcüb ilə baxırdı gah anasının və gah qardaşının üzünə. Ziba bucaqda bir zad oynadıb öz-özünə oxuyurdu. Vəliquluya Zibanın oxumağı çox naxoş gəldi; çünki elə onsuz da onun qaş-qabağı acıqlı görsənirdi. Ancaq bəhanə axtarırdı hirsini büruzə versin. Vəliqulu Zibanın üstə bu tövr acıqlandı.

"İtin qızı it, sən də vaxt tapdın oxumağa! Bizim kefimizə bax, bunun kefinə bax. Сəhənnəm ol qoy get eşiyә!"

Ziba qardaşının səsini eşitcәk dik qalxdı ayaq üstə və anasına səmt baxıb, hər iki əlini üzünə aparıb, başladı ağlamağı. Bu ağlamaqlığı ilə guya Ziba anasından kömək istəyirdi. Qız yəqin bilirmiş ki, anası köməyə gələcәk.

"Bala, ağlama-ağlama, gəl yanıma, gəl. Bizim çırağımız o vədə keçdi ki, atanız öldü. Gəl, gəl, gəl otu yanımda …."

Vəliqulu bir söz danışmayıb, başını salmışdı aşağı və əlində bir çöp oynadırdı. Fizzə bacısı Ziba kimi əllərini gözlərinin üstə qoyub, həmçinin ağlamağa başladı. Vəliqulu üzünü anasına çöndərib sual elədi:

"Ana, bə sən Səkinə xalaya nə cavab verdin?"

Anası bir cavab vermədi …. Uşaqlar səslərini kəsib, yavıqlaşdılar analarının yanına. Ziba keçib otdu anasının qucağında. Fizzə də sağ tərəfdən anasını qucaqlayıb, təәсcüblə baxırdı qardaşının üzünə. Zeynəb bir cavab vermədi; amma Vəliqulu dəxi bərk səs ilə dübarə soruşdu:

"Axı mən səndən söz xəbər alıram. Qulaqların kardı, eşitmirsən?"

"Nə deyәсәkdim?! Dedim ki, Kərbəlayı Heydərin əgər ona borcu var, qoy kağızını qoysun divana."

Zeynəb sakit oldu və Vəliqulu dübarə sual elədi:

"Elə bircə bu?"

"Bə dəxi nə olacaq ki?"

"İndi sən bilmirsən mən səndən nə soruşuram, ana?"

"Bala, sən soruşdun, mən də cavab verdim. Ta dəxi məndən nə istəyirsən?"

"Bə Gülsümdən yana nə cavab verdin?"

"Mən nə cavab verəcәkdim?! Gülsümün mən vəkili deyiləm ki! Ata verməyəndən sonra dəxi mən nə deyәсәyəm? Dedim ki, əgər o qızını mənim oğluma vermək istəmir, mən də heç almıram. Daha nə deyәсәkdim?"

Vəliqulu zahirən artıq qeyzləndi və bu cür anasına dedi:"Yaxşı, bə sən bilirsən ki, Gülsümə vəkillik eliyə bilməzsən, pəs mənə neсә vəkillik edirsən?"

Zeynəb təәсcüb ilə cavab verdi:

"Axı sən mənim oğlumsan. Gülsüm mənim ki, qızım deyil."

"Yaxşı deyirsən, ana. Amma oğul qədri bilən anıya, gəlin qızdan irəlidir. Sən bu sözləri nahaq yerə deyirsən."

Vəliqulu sözü belə gətirdi ki, Zeynəb cavab tapmadı desin. Dübarə Vəliqulu başladı:

"İndi ki, belədir, mən gərək ayrılam. Mən görürəm ki, səninlə yola gedə bilmiyәсәyəm. Allah atana rəhmət eləsin. Məni elə ayır. Qoyun gedim özgə yanda olum."

Zeynəb ağlaya-ağlaya üzünü tutdu Vəliquluya:

"Bala, Vəliqulu, yadındadı ki, atan öləndə sən mənə təskinlik verirdin ki, ana, ağlama, mən bir dəqiqə qoymaram sənin ürəyin sıxılsın? Pəs niyə sözünün üstə durmursan?"

"Axı bir sən mənim ürəyimi sıxma ki, mən də sənin ürəyini sıxmıyım."

"Bala, qadan alım, mən niyə sənin ürəyini sıxıram? Xudayar bəy Gülsümü vermir, mən belə sənə Gülsümdən yaxşı qız alaram. Dəxi ürəyini niyə sıxırsan?"

"Vallah, ana, mən onu-bunu bilmirəm; gərək kişinin pulunu verəsən, elə bu saat aparıb verim. Kişinin sözü haqdır. Mənim yadımdadır atamın ondan borc eləməkliyi."

"Bala, çox da yadındadır. İndi mənim hanı iki yüz manatım ki, verim aparasan Xudayar bəyә?"

Vəliqulu qeyznən və çığıra-çığıra və sağ əlini ölçə-ölçə deyir:

"Yox, olmaz, gərək verəsən! Bu saat gərək verəsən!…."

Vəliqulu sözünü deyib cavabını gözətdəmədi və ayağa durub, zoğal ağacını əlinə götürüb, qapıları çırpdı bir-birinə və çıxdı getdi.

Fizzə və Ziba səs-səsə verib, hər ikisi ağlamaqda idi; çünki heç olmaz ki, ana ağlasın, balaca balalar ağlamasınlar. Zeynəb də, söz yox, ağlayırdı; nəinki məhz oğluynan sözə gəlmək üstə; xeyr, ancaq keçən günləri, gözəl günləri, xoş günləri yadına düşmüşdü. Vaqeən Kərbəlayı Heydər bir dəfə onun üstünə bu tövr qabarmamışdı. Əgər qabarmışdı da, döyüb söymüşdü də, yerində döyüb söymüşdü.

Zeynəbin işi çox çətin yerə gəldi dayandı. Ev qaranlıq, uşaqlar ac, bir tikə aşdan-zaddan bişirib, qaldı ocaqda soyudu. Mallar qaldı ac, susuz. Vəliqulu da ki, çıxdı qoydu getdi. Kim nə bilsin nə vaxt gələcәk çörəyә?!

İnsafən Zeynəbin işi çox çətin yerə dayandı; çünki görürdü bu iş asanlıqnan qurtarmayacaq. Xudayar katda ordan o cür sifariş edib, Vəliqulu da bu tərəfdən başlayıb şıltağı və dava-mərəkəni. Zeynəb də haradan iki yüz manatı düzəldib verəcәk? Yəni, söz yox, istəsə verər. Hərçənd indi bu saat onun o qədər nəqd pulu yoxdu amma, söz yox, istəsə mürurnan düzəldər. Allah Kərbəlayı Heydərə rəhmət eləsin, azdan-çoxdan qoyubdur. Amma söz burasındadır ki, Zeynəbin ətini kəsəsən, iki yüz qəpik də verməz Xudayar bəyә; çunki o çox yaxşı tanıyır Xudayar bəyi. Xeyr, verməz. Bir qəpik də verməz ki, gözünün oyuna qoysun.

Zeynəb qaranlıqda oturub, bu tövr fikrə cummuşdu. Qızları da ağlamaqdan bir az sakit olub, üzlərini qoymuşdular analarının dizinin üstə. Düz iki saat ana və balalar bu halətdə oturmuşdular. Axırı qapı açıldı. Zeynəb elə bildi Vəliquludu. Bir az ürəyi açıldı.

Ax ana, nə gözəl zadsan!

Görükür ki, qızlar da bu cür gÜman elədilər; çünki hər ikisi başlarını qalxızıb, baxdılar qapıya səmt. Amma evə girən şəxsin papağı Vəliqulunun papağından yekə görsənirdi. Zeynəb başa düşdü ki, bu oğlu deyil. Odur ki, bir az vahimə ilə xəbər aldı:

"Gələn, kimsən?"

Evə girən şəxs qlavanın yasovulu Qasıməli idi. Qasıməli özünü nişan verməmiş təәсcüblü soruşdu:

"Bu nədi, ev niyə belə qaranlıqdı? Yəqin ki, spiçkəniz yoxdu?"

Zeynəb dübarə soruşdu:

"Dadaş, evin qaranlıq olmağında sənin nə işin var? Sözünü de, çıx get!"

Qasıməli belə cavab verdi:

"Xala, qlava Xudayar bəyin şikayətinə görə oğlun Vəliqulunu tutub qatdı dama. Məni göndərdi sənə xəbər verim ki, sən Xudayar bəyi razı eləmiyincə oğlunu damdan çıxartmıyacaq. Vəssəlam."

Qasıməli hələ sözlərini deyib qurtarmamışdı, Fizzə ilə Ziba ağlamağa başladılar. Yasovul sözünü tamam eləyib və iki dəqiqə də dayanıb çıxıb getdi.

İndi pəs Zeynəb başına nə kül ələsin? İndi pəs Zeynəb başına haranın daşını salsın? Yazıq övrət gecəni səhərə kimi ağlamaqlıq ilə keçiribdi.

Səhər Səkinə xala xəbər verdi ki, Xudayar katda getdi şəhərə nəçərnikə də alacağından yana şikayət eləsin. Bu əhvalat haman gün olub ki, Xudayar bəy sübh tezdən gəlib, Məmmədhəsən əminin eşşəyini alıb apardı şəhərə.

V

İndi, söz yox, kənardan baxan Xudayar bəyi məzəmmət eləyir. Amma xeyr, burada əsla və qəta məzəmmət yeri yoxdu. Əgər duraq insafnan danışaq, haqqı itirməyәk, gərək heç Xudayar bəyi günahkar tutmayaq.

Doğrudur, bu qiylü-qalın hamısına bais Xudayar bəydi; amma Xudayar bəyin qəsdi o deyil ki, xalqın evinə mərəkə salsın. Xudayar bəyin tək bircə qəsdi var. Onun qəsdi məhz Zeynəbi almaqdı; yoxsa bu kişi nə Zibanın və Fizzənin ağlamağına razıdır, nə də Zeynəbin ürəyinin sıxılmağını istəyir. Xudayar bəy Məhəmmədhəsən əminin eşşəyini qəsdnən satmadı ki, Məhəmmədhəsən əmi kərbəla ziyarətindən qalsın. Xeyr, allah eləməsin. Xudayar bəyin Məhəmmədhəsən əmiynən düşmənçiliyi yoxdur ki! Xeyr, belə deyil. Xudayar bəy eşşəyi o səbəbə satdı ki, ona beş-altı manat pul lazım idi. Pul da ondan ötrü lazım idi ki, bir kəllə qənd və bir girvənkə çay alacaq idi. Qəndi və çayı da ondan ötəri alırdı ki, qazıya verəcәk idi.

Pəs bunların hamısından belə məlum olur ki, Xudayar bəyin məhz bircə qəsdi var. Onun qəsdi ancaq evlənməkdir; yəni Zeynəbi almaqdır. Belə olan surətdə Xudayar bəyin bu tövr hərəkətinə heç vədə pis demək olmaz; çünki burada bir xilaf əməl yoxdu. Şəriət evlənməkliyə heç mane olmuyubdu.

Xudayar bəyə də evlənmək çox vacibdir. Əvvəla ondan ötrü vacibdir ki, evlənməklik səvab işlərin birisidir. İkinci ondan ötrü vacibdir ki, Xudayar bəyin övrəti belə çirkindir ki, heç kəs rəğbət eləməz onun əlindən su alıb içsin. Xudayar bəyin övrəti Zeynəbin əlinə su tökməyə yaramaz. Üçüncü Xudayar bəyə ondan ötrü evlənmək və məhz Zeynəbi almaq vacibdir ki, Xudayar bəy özü çox kasıbdır, nə qədər desən kasıbdır. Amma Zeynəbi alsa, daraşıb yetim-yesirin malını yeyib çıxacaq başa. Pəs bu cür mənfəətli sövdədən hansı axmaq qaçar?

Bəli, belədi.

Hələ siz Xudayar bəyi yaxşı tanımırsınız. Xudayar bəy çox ağıllı adamdı.

Xudayar bəy Zeynəbi almaqdan ötrü çox təlaş edir. Bu fikrə düşəndən, bir dəqiqə aramı yoxdu. Bir fənd qalmayıb ki, bu barədə eləməsin. Amma indiyə kimi hər nə eləyib, nə qədər çalışıbsa, heç bir nətiсә bağışlamayıbdı. Axırıncı fəndi o oldu ki, Vəliqulunu gizlədib, Zeynəbə sifariş elədi ki, qlava Vəliqulunu qatıb dama; bəlkə yazıq övrətin balasına ürəyi yana və razılıq xəbərini göndərə.

Haman axşam ki, Vəliqulu anası ilə sözə gəldi, çıxıb üz qoydu düz qayınatası Xudayar bəygilə.

Vəliqulu girdi içəri və salam verib durdu kənarda və dalını dayadı evin divarına. Vəliqulu oturmadı ondan ötrü ki, o həmişə bu evə gələndə əlüstü ona ya qayınatası, ya qayınanası yer görsədib, xoş dil deyərdilər, amma indi bunların heç birisi olmadı.

Xudayar bəy namaz üstə idi. Xudayar bəyin iki oğlu — Heydərqulu altı yaşında və Muradqulu doqquz yaşında, — hər ikisi quru yerdə üzüüstə uzanıb və iki əllərini bir-biri üstə qoyub, qıçlarını göyə qalxızıb, bir-birini qıçlarından vururdular. Gülsüm, yəni Vəliqulunun nişanlısı, Vəliqulunu görcәk çadirşəbə bürünüb, pambıq boğçası kimi çəkilib oturdu qaranlıq bucaqda. Xudayar bəyin övrəti uşaqların sol səmtində oturub, üzünü qoymuşdu sağ dizinin üstə.

Vəliqulu içəri girən kimi övrət haman halətdə qalıb, üzünü dizinin üstündən götürmədi. Söz yox, bu kəmiltifatlığın əvvəlinci nişanəsi. Ancaq Muradqulu başını qaldırıb gülə-gülə dedi: "Buy, əmoğlum gəldi".

Hərçənd Xudayar bəy namaz üstə idi, amma hər kəs onun sifətinə diqqətlə baxsaydı, əlüstü duyardı ki, Xudayar bəy bu dəqiqə fikir dəryasına, bəlkə qəm dəryasına qərqdir. Namazı qurtarıb, üzünü tutdu Vəliquluya, amma surətinə təğyir vermədi:

"Vəliqulu, bala, ayaq üstə niyə durursan? Gəlib otursana."

Vəliqulu kənardan çömbəlib, başladı çarıqları çıxarmağı.

Xudayar bəy canamazdan təsbehi götürüb, başladı çövürməyi və üzünü uşaqlarına çöndərib, onları məzəmmət elədi ki, biədəb olmasınlar; yəni durub otursunlar. Amma uşaqlara Xudayar bəyin məzəmməti tük qədər də kar eləmədi və bir də Xudayar bəy bikar deyil idi, təsbeh çövürürdü. Bu özü elə bir işdi; ələlxüsus mömin müsəlmanlardan ötrü. Xudayar bəy də bişəkkü şübhə mömin müsəlmandır.

Xudayar bəy bu dəqiqə bu halətdə oturmuşdu diz üstə sağ əlinin dirsəyi sol əlinin kəfəsində, sağ əlində təsbeh, başını salmışdı dala; guya ki, ağzına su alıb, qarqara eləyir, gözünü evin səqfinə dirəyib, deyəsən pərdi sayırdı. Amma, söz yox, pərdi saymırdı, "qülhüvəllah" deyirdi.

Xudayar bəy təsbehin hər dənəsinə bir dəfə "qülhüvəllah" zikr eləyirdi. Beş dəqiqəyədək təsbehi çövürüb və alçaq səs ilə tez-tez bir-birinin dalınca "qülhüvəllah, qülhüvəllah, qülhüvəllah" — deyib axırı təsbehi qoydu yerə və üzünü tutdu Vəliquluya:

"Vəliqulu, bu gün bir az bikefə oxşayırsan?"

Vəliqulu bir cavab vermədi. Xudayar bəy genə başladı:

"Neylək, ürəyini sıxma. Dünya işidi, elə də olar, belə də olar. Mən bilirəm niyə bikefsən. Amma neyləmək, allah ananın atasına nəhlət eləsin! O bizim hamımızı dilxor eləyibdi. Ax, ax, Vəliqulu! Allah Kərbəlayı Heydərə rəhmət eləsin! Vəliqulu, atanın qədrin hələ bundan sonra bilərsən. Deyirsən ana gəlib ata əvəzi olacaq? Xeyr, heç vədə olmaz. Anan arvaddı, amma atan kişi idi. Arvadın pirinə nəhlət! Arvadın dini, imanı, məzhəbi olmaz. Arvad nə bilir məzhəb nədir? Qardaş oğlu, mənim çalışmağım hamısı bundan ötrüdü ki, sizi və yetim bacılarını ananızın əlindən bir tövr qurtaram. Belə bilirsən, Vəliqulu, mən doğrudan yaxşılıq itirən adam deyiləm, namərd deyiləm. Kərbəlayı Heydərnən mən qardaş idim. Onun mənim boynumda çox haqqı var …. Çox, çox. Niyə, sən özün də gərək biləsən ki, bu yalan deyil. İndi pəs neсә ola bilər ki, mən bu yaxşılıqları itirim? Allah mənə qəzəb elər. Yox-yox, allah görsətməsin, allah eləməsin! Mən bir para namərdlərdən deyiləm, yaxamı çəkim kənara, deyim nə olacaq olsun. Xeyr, belə olmaz. İndi, əzizim, Vəliqulu, qardaş oğlu, sən özün də görürsən ki, sizin məndən savayı bir özgə böyüyünüz, baş çəkəniniz yoxdu. Pəs belə olan surətdə mən neсә durum kənarda baxım ki, anan getsin Xalıqverdi bəyə və gözəl atanın, rəhmətlik atanın o iki gözümün işığı atanın …."

Bu sözləri Xudayar bəy bir halda deyirdi ki, deyəsən pəs ürəyi yanırdı. Sol əlilə geyməsinin ətəyini qalxızıb guya ki, gözünün yaşını silir. Amma bir xırdaca huşyar adam olsaydı, əlüstü duyardı ki, Xudayar bəyin gözünə bir tikə yaş gəlməyibdi.

"O rəhmətliyin mal-dövlətini aparıb lotular ilə yesin, çıxsın başa, bə yetimlər neсә olsun? Bə sən neсә olasan? Ax, allah, allah sən yet fəryada! Aman günüdü, allah!"

Vəliqulu əllərini cibinə qoyub, başı aşağı Xudayarın sözlərinə qulaq verirdi. Xudayar bəy sözlərini qurtarıb, çubuğunu doldurmağa məşğul oldu. Vəliqulu bir öskürüb başladı:

"Vallah, əmi, and olsun bizi yaradan məxluqa, mən gün olmaz ki, anamnan savaşmıyım. Elə indi bu saat bir yekə dava salıb buraya gəlmişəm."

Xudayar bəy çubuğu alışdırıb və tüstünü püflüyüb dedi:

"Yox, Vəliqulu, mən dəxi sənin sözünə inanmıram! Mən hələ elə güman eliyirəm ki, anannan dilbirsən. Sən sən olsan, heç vədə ona ana deməzsən. Sən sən olsan, nə onun yanına gedərsən, nə onnan bir evdə qalarsan. Niyə, allaha şükür, sənin yerin yoxdu? Bax, bura elə sənin öz evindir. Nə qədər qalacaqsan, qal, ye, iç; ölən günə kimi qal mənim evimdə. Yox, bunlar hamısı sözdü. Vəliqulu, mən sözü əlüstü seçərəm. Sən istəsən, anan əlüstü pəyə gələr. Nə sözdü?"

"Axı, əmi, başına dolanım, mən dəxi neyləyim? Elə sən nə deyirsən, mən də eliyim. Dəxi mənim əlimdən nə gələr ki?"

"Yəni indi sən sözümə baxırsan da? Çox yaxşı, qal burada, getmə ananın yanına."

"Baş üstə getmə deyirsən, getmərəm. Mən nə deyirəm ki?"

"Əlbəttə, getmə da! Nə səbəbə gedəsən? O ki, səni oğul yerində qoymur, sən ona ana deyib, qabağında durursan? Getmə, qal burda və xəbər ver ki, mən dəxi o evə üz çöndərmiyәсәyəm. Qurtardı getdi."

"Baş üstə, əmi. Mənim sözüm nədi ki? Mən elə bu saat acıq eliyib, çıxıb gəlmişəm. Gedəcәyəm əgər, dəxi niyə gəlirdim?"

Xudayar bəy üzünü tutub Muradquluya dedi:

"Muradqulu, dur bu saat get Məşədi Əhməd dayına deyilən dədəm deyir bir tez Qasıməlini göndərsin bura, vacib iş var."

Muradqulu ayağa durub getdi qapını açdı çıxsın eşiyə, amma cəld qapını örtüb qayıtdı gəldi öz yerinə və üzünü tutdu dədəsinə:"Dədə, vallah, mən gedə bilmərəm. Eşik elə qaranlıqdı ki, göz-gözü görmür."

Xudayar bəy bu sözləri eşitcәk cəld çubuğu atdı və Muradqulunun yanına sıçrayıb, yapışdı onun iki qulağından və öz boyunca qaldırdı. Bu heyndə bir qəribə iş oldu. Xudayar bəyin övrəti onun üstə tullanıb, iki əli ilə başladı onun saqqalını yolmağa. Muradqulu dədəsinin əlindən qurtulub, qaçdı bacısı oturan küncdə soxuldu Gülsümün dalına. Ər və övrət əlbəyaxa oldular. Muradqulu və Heydərqulunun nərələri, analarının çığırtı səsi, Xudayar bəyin anqırtısı evə bir elə vəlvələ saldılar ki, guya bu saat dünya və aləm dağılacaq.

Gülsüm öz yerində belə möhkəm oturmuşdu ki, deyəsən cansız bir şeydir. Vəliqulu da ancaq bir ayağa durub, heç bilmədi nə eləsin və kimə kömək çıxsın.

Xudayar bəy övrətinin saçlarını sağ əlinə doluyub, evi o yana sürüyürdü, bu yana sürüyürdü. Həmin dəqiqə allah öz qüdrətindən Qasıməlini yetirdi. Qasıməli tez qaçıb, övrəti Xudayar bəyin əlindən alıb, başladı onu, yəni övrəti məzəmmət eləməyi.

"Sənin ki, canın budur, axı düz tərpəş də, bacı. Axı sən niyə ərinin işlərinə qarışırsan ki, başına bu oyun gəlsin? Di get, aldın payını, çağır dayını!…."

Övrət başına çırpa-çırpa evdən qaçıb çıxdı eşiyə. Xudayar bəy övrətinin dalınca yaman deyə-deyə çəkildi oturdu öz yerində və üzünü tutdu Qasıməliyə:

"Qasıməli, balam, bu dava sənin üstə olub. Mən Muradquluya dedim gəlib səni çağırsın, gəlmədi. Mən də durub onu döyəndə bu mərəkə başladı."

Qasıməli gəlib durdu Xudayar bəyin lap qabağında. Bir əlində zoğal ağacı, bir əlində çörək dürməyi Xudayar bəyin sözünə bu cür cavab verdi:

"Niyə, rəhmətliyin oğlu, əvvəla budur ki, sən axı özün bilirdin ki, mən gələcәyəm. Gündüz sənə demədim geсә gələrəm söhbət elərik? Və bir də ki, görək Muradqulunun vəkili sənsən, ya anasıdır? Uşağı ata döyər də, söyər də. Ananın nə borcudur ataynan övladın işinə qarışsın? Xeyr, sənin arvadın pis dolanır. Mən axı bilirəm onun dərdi nədir (bu sözdə Qasıməli bir baxdı Vəliqulunun üzünə).

Mən bilirəm onun dərdi nədir."

Xudayar bəy ancaq indi başa düşdü ki, üzü bir neçə yerdən qanayıb. Arvadının cırnaqları görükür ki, çox iti imiş. Dəstmalnan üzünü silə-silə dedi:

"Qasıməli, yaxşı yerində gəlmisəm. Elə bu saat get Vəliqulugilə, anasına de ki, Vəliqulunu qlava tutub qatdı dama. Desə, niyə, ya xeyr, bəlkə soruşmadı, elə belə deyinən ki, Xudayar bəyin şikayətinə görə qlava Vəliqulunu tutub qatdı dama və deyir ki, Xudayar bəyi razı eləməyincə ötürməyәсәyəm."

Qasıməli əlüstü üz qoydu qapıya səmt və gedə-gedə dedi:

"Baş üstə, əlbəttə belədi. Çox yaxşı, bu saat gedim deyim."

Qasıməli çıxıb getdi və Xudayar bəy götürdü çubuğu əlinə və Vəliquluya — ki, indiyə kimi ayaqüstə idi, — izin verdi otursun. Vəliqulu oturdu və Xudayar bəy çubuğu alışdırıb başladı çəkməyi. Qapı yavaşca açıldı və yazıq övrət dinməz-söyləməz gəlib oturdu kənardan qızının yanında. Xudayar bəy üzünü tutdu övrətinə:

"Necədi, əzizim? Bir də məni təngə gətirərsən? Bir də cızığından çıxarsan?"

Övrəti dinmədi. Xudayar sağ əlini yuxarı qaldırıb başladı:

"And olsun allahın birliyinə, sən bir də mənim işlərimə qarışasan, mənim sözümün qabağında söz danışasan, ta onda özünü ölmüş bil! And olsun allaha, qabırğalarını sındırram! Ayişənin qızı, mənim evlənməyimin sənə də dəxli var?"

Övrət bir cavab vermədi. Xudayar bəy genə başladı:

"Dədən evindən mənə çox dövlətlər gətirmisən, bir az da şaxlan mənim üstümə. Nə deyirsən, sözün nədir? Mən əgər evlənirəm, özüm bilirəm ki, nə səbəbə evlənirəm. Bunu hamı başa düşür ki, mənim fikrim özgədir. Mən ondan ötrü evlənmirəm ki, mənim göylüm arvad xahiş edir. Yox, belə deyil. Bə niyə bu neçə ildə bu cür fikirlərə düşməmişəm? Əgər evlənmək istəsəydim, indiyə kimi evlənmişdim da!

Səndən qorxurdum, alaşa, ya sənin qohum-qardaşlarından? Eh, öz dərdimiz özümüzə bəs deyil, sən də gəlib dərdimizi artırırsan, məlun qızı məlun!"

Övrət indiyə kimi bir söz deməyib, sakit və samit qulaq asırdı. Belə məlum oldu Xudayar bəyin "məlun qızı" deməkliyi arvada kar elədi, sağ əlini uzadıb barmaqlarının ucunu yerə qoyub cavab verdi:

"Belə məlun oğlu özünsən! Belə it oğlu özünsən! Belə köpək oğlu özünsən! Belə qurumsaq oğlu özünsən! Nə səsini atmısan başına? Ağzına it başı almısan? Ağzını təmiz saxla! Vallahi ki, vaqiəni pis görürsən! Evlənirsən evlən, kim sənə deyir evlənmə? Amma məni də boşa! Dəxi mən gəlib sinnimin bu vaxtında günü davası çəkməyәсәyəm! Yox, məni boşa! Mən dəxi heç vaxt səndə otura bilmərəm!"

"Başım üstə, gözüm üstə, sözüm nədir. Ba bu yaxşı sözdü. Elə sabah səni boşaram. Heç ürəyini sıxma. Qoy səhər açılsın, səni boşuyum. Baş üstə, baş üstə."

Xudayar bəy sözünü deyib qurtardı, amma övrəti bir cavab vermədi; nə dedi boşa, nə də dedi boşama. Övrətin bu cür sakit olmağından elə başa düşmək olardı ki, özü dediyinə peşman oldu. Həqiqətdə övrət artıq peşman oldu. Xudayar bəyə boşa sözü deməkdə; çünki indiyə kimi, yəni Xudayar bəy evlənmək fikrinə düşəndən bəlkə yüz dəfə övrəti ona deyib məni boşa. Amma indiyədək Xudayar bəy övrətinə heç belə cavab verməmişdi. Həmişə boşanmaq sözü ortalığa gələndə Xudayar bəy övrətinə hər nə eləsəydi, — ya döyəydi, ya söyəydi, — heç vaxt deməzdi ki, boşaram. Ancaq bunu deyərdi ki, "ölsən də boşamaram səni. Boşuyum, pəs uşaqların neсә olsun?" Pəs indi ki, Xudayar bəy bu cür cavab verdi, övrətin qəlbinə belə gəldi ki, "ey dili-qafil, bəlkə də elə doğrudan sabah bu kişi məni boşadı. Onda pəs mən başıma nə gün ağlıyım?".

Xudayar bəyin övrəti elə xoşbəxt övrətlərdən deyil ki, ərlərinə cürət ilə desinlər "məni boşa". Bu sözü elə övrət ağzına alıb danışar ki, ya atasına ümidi gələ, ya anasına arxalana, ya qardaşlarını nəzərdə tuta, ya ki, öz dövləti və puluna qürrələnə. Xudayar bəyin övrəti bu nemətlərin hamısından binəsibdi.

Xudayar bəyin övrətinin adı Şərəfdir. Şərəf ortabab, qara və arıq övrətdi; yəni göyçək övrət deyil. Yaşı olar qırx, bəlkə də bir az artıq; bəlkə ki, sinndə Xudayar bəydən böyükdü. Şərəf Xudayar bəyə gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskik deyil idi. Amma ruzgar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayar bəyin ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda; yəni hörməti artdı və övrətinə nisbət özü oldu ağa, övrəti oldu qarabaş. Amma bunilə belə Şərəf o qədər də aciz deyil ki, Xudayar bəyin sözünün qabağında bir söz danışmasın, yainki ərinin kötəyinin qabağında durub baxsın. Elə olub ki, bir ağac Xudayar bəy vuranda birini də Şərəf vurubdu, iki yumruq Xudayar vuranda birini də övrəti vurub. Amma bunilə belə genə Xudayar bəydən qorxar; çünki neсә olmuş-olsa, genə Xudayar bəy kişidir. Kişi məlum zaddı ki, övrətdən güclü olar. Və bir də ki, Xudayar bəyin əlində çətin deyil ki, övrətini boşasın!

Xudayar bəy də indiyə kimi ondan ötrü övrətinin çirkinliyinə, bəddavalığına dözüb ki, kasıblığı cəhətə mümkün eləməyib xərc çəkib bir özgə övrət alsın. Şərəf bunu çoxdan başa düşüb. Odur ki, əvvəllər evlənmək söhbəti düşəndə Şərəf bir tikə narahat olub şivən eləməzdi; çünki bilirdi ki, ərinin bir qəpiyi yoxdu ki, versin saqqıza, çeynəsin. Amma indi iş özgə cürdü. İş indi bu cürdü ki, Xudayar bəy istəyir Zeynəbi alsın. Əgər Zeynəb Xudayar bəyə gəlmək xahiş eləsə, dəxi Xudayar bəyə pul lazım deyil. Zeynəbin bu saat dörd-beş dəst әcəri paltarı boxçadadı; həmçinin özünə görə pulu və malı. Şərəf də bundan qorxur ki, Zeynəb istəsə ona, yəni Şərəfə, lap yaxşı hərif ola bilər. Söz yoxdur ki, Xudayar bəy Zeynəbi də alandan sonra Zeynəb olacaq xanım, Şərəf olacaq ona qarabaş.

Bu da Şərəfə ölümdən bədtərdi.

Bu səbəblərin hamısına görə, Xudayar bəy ki, övrətinə dedi sabah səni boşaram. Şərəf artıq peşman oldu ki, ortalığa boşanmaq söhbəti saldı. Pəs bu cəhətə ərinin sözünün qabağında bir söz danışmadı. Xudayar bəy durdu ayağa. Bir gərnəşdi, əsnədi və Gülsümə dedi ki, gətirib yerini salsın və Vəliqulunun yanına yeriyib, ona alçaq səs ilə bu cür nəsihət elədi. Vəliqulu da durdu ayaq üstə. Xudayar bəy ağzını tutdu onun qulağına:

"Qulaq as, Vəliqulu. Ağlını yığ başına və mən nə deyirəm, ona əməl elə. Əgər istəyirsən ki, mən səndən razı olam və səni qohumluqdan kənar eləmiyim, mən sənə hər nə deyirəm, hamısını bir-bir yadında saxla və hamısına əməl elə. İndi bu saat durub gedərsən Qasıməligilə. Geсә yat orda. Amma heç kəs sənin orda qalmağını bilməsin. Qasıməliyə mən sabah özüm də tapşırram hər kəs soruşsa, desin səni qlava dama qatıbdı. Sən qalarsan orda və heç yana çıxmazsan, ta ki mən özüm genə hər vaxt lazım olsa, səni çağırram, danışarıq. Bəlkə bir tövrnən o bədyolu yola gətirək. Di indi get, get."

Vəliqulu çömbəldi çarıqlarını geysin. Gülsüm də bir tərəfdən bir köhnə döşək salıb bir-iki köhnə yorğan açdı və göhnə yasdıqları gətirib düzüb çəkildi kənara. Vəliqulu çarıqlarını geyib çıxdı getdi. Xudayar bəy soyunub, məşğul oldu bitlənməyə çiraq işığına. Bir-iki bit dırnaqları ilə öldürüb uzandı və yorğanı çəkdi üstünə. Qalanlar da hərə bir yanda çəkilib yatdılar.

Nə Xudayar bəyin, nə də Şərəfin yuxusu gəlir. Xudayar bəy bir saat qədəri oyaq qalıb və sabahkı günün tədbirini töküb ancaq yuxuladı. Xudayar bəy bu cür tədbir tökdü.

Xudayar bəy Zeynəbin xasiyyətinə bələd idi. Yəqin elədi beləliknən ipə-sapa gəlməyәсәk. Oyza çöndü, buyza çöndü və axırı bir mətləbdə gəldi dayandı. Xudayar bəyin yadına bir əhvalat düşdü. Bu əhvalat da bu yavıqlarda olmuşdu.

Əhvalat bu idi ki, bir-iki ay bundan əqdəm bir şəxs gəlir qazının yanına, deyir ki:

"Qazı ağa, sənə iki kəllə qənd verrəm, əgər filan övrətin kəbinini kəsəsən mənə."

Qazı bir az fikirləşib cavab verir ki:

"Axı o övrət xalqın kəbinli övrətidir. Nə tövr xalqın övrətinin kəbinini özgəyə kəsmək olar?!"

Haman şəxs cavab verir ki:"Qazı ağa, mən özüm də bilirəm ki, belədir. Pəs sənə mən niyə iki kəllə qənd verirəm? Ondan ötrü iki kəllə qəndi verirəm ki, kəbinli övrəti mənə alasan da! Yoxsa dul övrətin kəbinini cicim də kəsər. Və bir də, qazı ağa, indi o övrətin əri gedib kərbəlaya. Kim nə bilsin gələ, gəlmiyə. Gələndən sonra, genə əlinə bir düdük vermək çətin deyil."

Bu mətləb Xudayar bəyin yadına düşən kimi öz-özünə dedi ki, "çox әcəb, hələ o övrət kəbinli övrət idi. Qazı iki kəllə qənd alıb haman şəxsin işini düzəltdi. Hələ Zeynəb, allaha şükür, dul övrətdir. Heç kəbinli də deyil. Pəs belə olan surətdə mən niyə gedib ərzimi qazıya deyə bilmərəm? Xeyr, yəqin ki, bu iş bundan savayı özgə cür baş tutmayacaq. Görükür ki, qazı lotudu və yaxşı adamdı. Allah onun atasına rəhmət eləsin. Görükür ki, dərdmənddi. Pəs elə sabah gedim qazının yanına".

Bu tövr tədbir töküb Xudayar katda genə bir yerdə duruxdu və fikrə cumdu. Onun qabağını bir şey kəsirdi. Xudayar bəyin bu saat cibində yeddi abbası pulu var idi. Onu da töycü hesabından vermişdilər ona, versin qlavaya. Xudayar bəy bu yeddi abbasını indi şəhərə gedib xərcləsə də, o qədər ziyan yoxdu; qlavaya sonra düzəldib verə bilər. Və bir də qlava nə deyәсәk? Qlava onun dədəliyi deyil?

Çox yaxşı, qoy bu belə olsun. Amma yeddi abbası ilə iş düzəlməz. Qərəz, bir qədər də fikirləşib, bunun çarəsini tapdı ki, qabaqca bizə məlum olubdu.

Səhər Xudayar bəy yerindən durub, boxçadakı geyməsini geyib, təzə börkünü qoyub, istədi çıxsın eşiyə.

Xudayar bəyin bu tövr getməyindən əlustu övrət-uşağı başa düşdü ki, Xudayar bəy şəhərə hazırlaşır. Gülsüm Xudayar bəyin yavığına gəlib soruşdu:

"Dədə, hara gedirsən?"

Xudayar bəy qaşqabaq ilə cavab verdi:

"Gedirəm şəhərə, qazının yanına. Gedirəm ananı boşuyam."

Xudayar bəy eşiyə çıxan kimi, ana və balalar bir elə ağlaşma qalxızdılar ki, guya Xudayar bəyə yas qurublar.

O məhəllədə binəva Zeynəbin və uşaqlarının matəmi, bu məhəllədə yazıq Şərəfin və balalarının matəmi. Xudayar bəy üz qoydu Məhəmmədhəsən əminin eşşəyini alıb getsin şəhərə. O məhəllədə də fəqir Məhəmmədhəsən əminin və bütün külfətin matəmi.

VI

Məhəmmədhəsən əmi Xudayar bəyi yola salıb, gəldi girdi evinə.

Məhəmmədhəsənin evi yekə qış evidir. Çünki qışda bu evdə təndir yanar, o səbəbə evin tirləri qapqara qaralıbdı. Divarların dəxi yuxarıları qaralan kimi olub. Ev köhnə evə oxşayır; çünki tirlərin çoxusu əyilibdir. Səqfin ortalığından bir "hammal" verilib ki, tirlərə təkyə olub, onları möhkəm saxlasın. "Hammalı" altdan iki sütun saxlayır. Hər sütunun altına bir yekə sal qoyulub ki, sütunları həmçinin möhkəm saxlasın. Evin bir tərəfindən təndir üstə duvaq, bir tərəfdə kürsü, üstə bir qədər çörək qalanıb. Qaranlıq bucaqlarda taxça kimi deşiklərə düzülüb saxsı qab-qaşıq, bir-iki mis qab. Kürsünün altında var üzüquylu çevrilmiş bir qazan, bir çanaq, içində qatıq, bir qara hisli çaydan. Bir tərəfdə salınıb bir palaz, üstə bir iki dəstə yorğan-döşək. Bir-iki taxçaya düzülübdür bir neçə boğça, köhnə papaq və bir-iki mücrü.

Vəssəlam ki, Məhəmmədhəsən əminin evinə girən əlüstü görər ki, bu kişi kasıb adamdır. Məhəmmədhəsən əmi içəri girən kimi gördü ki, oğlu Əhməd üzüquylu sərilib quru yerə və ağlaya-ağlaya gah bu yanı üstə çönür, gah o yanı üstə çönür. Yazıq oğlanı guya ki, bir zəhərli ilan vurubdu. Ağlaya-ağlaya gah başına vurur, gah başını döyür yerə.

Bir az kənarda qırx beş-əlli sinndə bir övrət çömbəlib, dalını dayayıb kürsüyə və çənəsini hər iki əlinin kəfəsinə qoyub, qaşqabaqnan Əhmədin ağlamağına tamaşa edirdi. Köhnə çarğat, köhnə ağ çit arxalıq və köhnə solmuş şiləyi dizlik -övrətin libası ancaq budur. Əgər deyək ki, bu övrətin ayaqlarında heç başmaq da yoxdu, yəqin eləmək lazımdır ki, bu övrət kasıb bəndənin övrətidir.

Bəli, bu övrət Məhəmmədhəsən əminin övrəti İzzətdi.

Məhəmmədhəsən əmi girdi içəri və oğlunu dediyimiz halətdə görüb, gəldi onun yanına. Bir qədər əyilib, yapışdı oğlunun qolundan ki, bəlkə durğuzub ovutsun. Oğlan dəxi də şiddət elədi. Məhəmmədhəsən əmi şirin dillə nə qədər oğluna təskinlik verdisə, oğlu bir tikə ovunmaq bilmədi.

"Dur, bala, dur. Ağlama, niyə ağlıyırsan, dəli oğlu dəli? Axşam olcaq katda eşşəyi genə gətirəcәk da! Eşşəyi öldürməyәсәk ki! Dur, bala, dur. Ağlama."

Məhəmmədhəsən əmi oğluna yalvardıqca oğlan səsini ucaldırdı. Birdən Əhməd bir söz deməyib, durub qaçdı eşiyə. Ancaq Məhəmmədhəsən əmi daldan çağırdı oğlanı ki, bilsin hara gedir. Oğlan cavab vermədi. Sonra üzünü tutdu övrətinə səmt:

"A kişi, bu səfik oğlu səfik hardan şeytan kimi çıxıb gəlib eşşəyi apardı, bizi mərəkəyə saldı?! Lap, vallah, belə mərəkə olmaz. Əhmədi heç təhərnən ovutmaq olmuyacaq. Allah-əkbər, belə də şey olardı?!"

Övrəti cavab verdi:

"Yaxşı-yaxşı. Bildilər, bildilər. Bu sözləri indi sən mənə deyirsən, ta mən neyliyim? Eşşəyi verməmiş bu sözləri mənə deyəydin da! İndi eşşəyi vermisən, mənə məsləhətə gəlmisən?" "Axı, ay arvad, vallah neсә eləyim? Üz üzdən utanır. Gəlir istiyir, adamın üzündən gəlmir ki, desin vermirəm. Və bir də bu bir elə şey deyil ki, itsin, batsın. Eşşəkdi da! Aparıb, genə gətirəcәk verəcәk özümüzə. Eşşəyin ki, ətini yemiyәсәk!"

Bu sözləri deyəndə Məhəmmədhəsən əmi əllərini yanına salıb durmuşdu övrətinin qabağında, guya ki, divanbəyiyə cavab verir. Divanbəyi əllərini ölçə-ölçə səsini atdı başına:

"Kişi, vallah, billah, səndə bir tük qədəri ağıl yoxdu. Yaxşı, a kişi, axı sabah yox, birigün züvvarlar çıxırlar. Axı o yazıq heyvanı qoy bir gün rahat qalıb dincəlsin, əmələ gəlsin ki, səni buradan altı aylıq yola aparsın, gətirsin. Yaxşı, yekə kişi, srağa günü eşşək getmişdi Uzun ağaca, dünən aparmışdın dəyirmana, bu gün də ki, getdi şəhərə. Pəs havaxt o heyvan evdə qalıb kökələcәk ki, sən onu minəsən, ziyarətə gedəsən. Ay vay, qadam o pis sifətinə!"

"Arvad, allah xatirinə əl çək mənim yaxamdan! Mənim öz fikrim özümə bəsdi. İndi ta neсә edək? Eşşəyi Xudayar bəy aparalı yarım saat olar. Mən indi ta gedib, eşşəyi ondan alıb, kişini yarı yolda qoya bilmərəm ki! Kişi, genə neсә olsa, ağsaqqaldı. Adamın genə işi düşər. Neсә ola bilər ki, bir eşşəkdən ötrü hakimi özündən incidəsən? Aparıb eşşəyi, genə axşam qaytarıb gətirəcәk da!"

"İndi pəs mən neyliyim? Gəl indi Əhmədi ovut, görək neсә ovudacaqsan. Mən balamın ürəyini sıxım? Axı görək nədən ötrü? Görək Xudayar bəynən sənin nə alıb verəcәyin var? Katdadı, özünə katdadı da! Görək onun katdalığının sənə bir nəfi var?"

Əhmədin eşikdən ağlamaq səsini eşidib, İzzət səsini kəsdi. Əhməd ağlaya-ağlaya içəri soxulub, genə özünü çırpdı quru yerə və ağlaya-ağlaya içəri soxulub, genə özünü çırpdı quru yerə və ağlaya-ağlaya, "vay, vay" deyə-deyə başladı:

"Vay-vay! Mənim eşşəyimi, mənim eşşəyimi! Vallah, ana, Xudayar bəy eşşəyi aparıb şəhərə, ordan eşşəyin üstə sal yüklüyüb, aparacaqlar körpü qayırmağa. Vay-vay-vay!… Ana, mənim eşşəyimi!"

Genə bir qədər ağlayıb, oğlan irəliki kimi cəld durub qaçdı eşiyə.

Məhəmmədhəsən əmi oğlanın dalınca çıxdı həyətə görsün oğlu hara qaçır; amma Əhməd çoxdan gözdən itmişdi. Məhəmmədhəsən genə evə qayıdıb, övrətinə dedi ki, görə bilmədi oğlanı. Bu axırıncı fəqərə İzzətin qeyzini dəxi artıq cuşə gətirdi:

"A kişi, allah görüm sənin evini bərbad eləsin! Bir ayaq qoy gör axı uşaq hara qaçdı getdi? Buy, allah, mən neсә eliyim? A kişi, vallah, Əhməd dəlidir. Özünü aparıb quyuya-zada salar."

"Ay arvad, axı mən başıma nə daş salım? Mən nə bilim indi o hara qaçdı, qoydu getdi?"

İzzət durdu ayağa və köhnə göy çadirşəbi başına salıb, çıxa-çıxa bu sözləri dedi:

"Atana nəhlət, Xudayar bəy! Anana nəhlət, Xudayar bəy! Dədən tünbətün düşsün, Xudayar bəy! Babanın həşri Ömərin həşrilə qopsun, Xudayar bəy!"

İzzət uzaqlaşdı və səsi gəlmədi. Məhəmmədhəsən əmi bir ah çəkib, gəldi oturdu palazın üstə, dalını dayadı divara. Qeyzindən yazıq kişinin alnından tər axırdı. Məhəmmədhəsən əmi papağını çıxardı qoydu yerə və başladı bu cür öz-özünə şikayətlənməyi:

"Allah, dərgahına çox şükür! Bəndənin başına bu qədər iş gələr ki, mənim başıma gəlir? Bu Yezid oğlu Yezid elə mənim eşşəyimi gərək gəlib aparaydı ki, başıma bu qədər qalmaqal gəlsin? Kənddə iki min eşşək var. Get birini min, apar da! Elə məni gözün görür? Allahü-əkbər! Elə arvad yalan demir ki! Doğru deyir də! Yazıq heyvan bir gün rahat qalmır ki, bir az əmələ gəlsin…. Eh, vallah, mən bir qəpik pula dəymərəm. Mən doğrudan kişi deyiləm ki! Arvad məndən yaxşıdır. Əlbəttə, arvad məndən yaxşıdır. İndi Xudayar bəy eşşəyi İzzətdən istəsəydi, İzzət eşşək verərdi? Hələ İzzət arvaddı. Allahü əkbər! Lap işlərim çətin yerə dayandı. Vallah, bilmirəm kasıblıq dərdi çəkim, arvad-uşaq dərdi çəkim, eşşək dərdi çəkim. Yəni eşşəyi də verməmək olmazdı. Söz yox, nə tövr verməmək olar? Eşşəyi verməsən, onda dəxi kənddə baş gəzdirmək olar? Genə neсә olsa, hakimdi, katdadı. Günün gün orta çağı gəldi, nahaq yerdən yaxaladı ki, bu qədər iştrafındı ver, onda pəs neсә olsun? Xeyr, olmazdı ki, vermiyeydim. Hələ mən bilmirəm ki, vallah, bu arvad-uşaq nə deyir? Hələ bu küçük niyə belə özünü yerdən yerə çırpır?! Deyin görək axı mənnən bir yerdə alnınızın tərini silib pul qazanmısınız? Verdim, çox yaxşı elədim verdim. Öz eşşəyimdir, özüm də verdim da! Dəxi sizə nə dəxli var? A kişi, yəni insafən onların da günahı yoxdur. Onlar da elə məndən ötrü qalmaqal eləyirlər da. İzzət yaxşı deyir da. Eşşək bir gün bikar qalmır ki, bari bir az kökəlsin. Xeyr, onların da günahı yoxdur …."

Məhəmmədhəsən əmi bu fikirdə idi, həyətdən İzzətin qayım səsi gəlib, Məhəmmədhəsən əminin fikrini dağıtdı:

"Apar da, apar! Bu köpəyin eşşəyini də apar öldür də! Ay əlinə dönüm, Xudayar bəy, apar öldür də! Allaha qurban olum. Çox әcəb oldu, çox yaxşı oldu …." — Bu sözləri deyə-deyə İzzət ox kimi soxuldu evə və üzünü Məhəmmədhəsən əmiyə tutub genə başladı:

"Necədir? Di get, rahat oldun? Dincəldin, ya yox? Ay o pis sifətinə qusum! Xudayar bəy eşşəyi bilirsən hara apardı? Aparıbdı şəhərə, üstə sal daşıyacaqlar. Heydərxan körpüsünü qayırırlar. Hər kənddən bir eşşək istiyiblər. Niyə, gərək bütün Danabaş kəndində elə bircə sənin eşşəyin məşhur idi? Da sənin eşşəyindən başqa eşşək yox idi? Di get, dincəldin?"

Bu sözləri deyib, İzzət çarşovu başından kürsünün üstə atıb, genə oturdu öz yerində. Məhəmmədhəsən əmi cəld börkünü başına qoyub, durdu ayağa və gəldi arvadının yanına.

"Arvad, neсә eşşəyi aparıblar daş daşısınlar? Bunu kim deyir?"

"Kim deyәсәk? Xudayar bəyin arvadı özü deyir. Mən elə ora getmişdim. Getdim ki, görüm bəlkə hələ Xudayar şəhərə getmiyibdi, bəlkə eşşəyi alam gətirəm. Xudayar bəy çoxdan qoyub gedib. Arvad özü mənə dedi. Mən hələ heç soruşmadım eşşəyi nədən ötrü Xudayar bəy aparıb şəhərə. A kişi, hələ arvad məni bir aləm məzəmmət eliyib ey! Mənə deyir ki, siz məgər malınızdan keçmisiniz? Siz bilmirdiniz ki, Xudayar bəy eşşəyi nədən ötrü apardı şəhərə? Apardı Heydərxan körpüsündən ötrü sal daşısınlar. Mənə bərk-bərk tapşırdı ki, Əhmədi yolluyaq eşşəyi alıb gətirsin."

Məhəmmədhəsən əmi bu sözləri eşitcәk üz qoydu qapıya səmt çıxıb getsin.

"Gedim elədə Əhmədi bu saat göndərim. Gedim görüm hardadı Əhməd."

Bu heyndə Əhmədin ağlamaq səsi gəldi. Bir az keçdi, Əhməd də, Məhəmmədhəsən əmi də girdilər içəri. Məhəmmədhəsən əmi oğluna genə eşşəkdən yana bir az arxayınlıq verib dedi ki, gedib eşşəyi Xudayar bəydən alıb gətirsin. Oğlan əvvəl cavab verdi ki, indi Xudayar bəy az qalıb şəhərə yetişsin. Məhəmmədhəsən əmi dübarə ona dedi: zərəri yoxdur, elə şəhərdə də yetişmiş olsa, eşşəyi alıb gətirsin.

Əhməd ağlamaqdan sakit olub, bir qədər anasına baxdı bir qədər sağa və sola baxdı, sonra şəhərə getməyə razı olub evdən çıxdı.

  • * * * *


Axşama az qalanlarda Məhəmmədhəsən əmi qəmgin kəndin qırağında, şəhər yolunun üstə, yolun kənarında oturub, gözünü dikmişdi şəhər yoluna. Yolnan yeddi yaşında bir oğlan, ağ təskülah başında, göy qədək arxalıq əynində və ağ tuman, ayaq yalın, qabağına bir dəstə quzu qatıb və əlindəki şökə ilə bu quzuları vura-vura gəlir kəndə. Bu quzu sürüsü otlamaqdan gəlirdi. Oğlan Məhəmmədhəsən əminin müqabilinə yetib və dik-dik Məhəmmədhəsən əminin üzünə baxıb dayandı. Sonra bir-iki qədəm də Məhəmmədhəsən əminin tərəfinə yeriyib soruşdu:

"Məhəmmədhəsən əmi, bu vaxt burada niyə oturmusan?" Məhəmmədhəsən əmi oğlana çox yumşaqlıqla cavab verdi:

"Bala, adam var şəhərdə, gözətdiyirəm."

Oğlan gördü ki, quzuları xeylək aralanıbdır, dəxi bir zad deməyib, qaçdı sürüsünün dalınca. Oğlan getcәk Məhəmmədhəsən əminin qabağında genə bir on-oniki yaşında bir oğlan cındır paltarda hazır olub, Məhəmmədhəsən əminin bu vaxtda burada oturmağının səbəbini soruşdu. Məhəmmədhəsən əmi əvvəlinci oğlana verdiyi cavabı buna da verdi. Bu oğlan rədd olandan sonra Məhəmmədhəsən əmi gördü ki, daldan genə bir dəstə qaramal gəlir. Mallar gəlib yetişdi və malların dalından bir kişi hazır oldu otuz beş-otuz altı sinnidə, qara çuxa, ağ tuman və ayaq yalın.

"Məhəmmədhəsən əmi, bu vaxt niyə burda oturmusan?"

"Dadaş, şəhərdə adam var, gözətdiyirəm. İndilərdə gərək gələ."

"Yaxşı, gələn gələcәk da. Bəli, görükür ki, çox vacib adamdı."

"Xeyr, Xudayar bəy bu gün eşşəyi minib aparıb şəhərə. Eşşəyi də göndərəcәyəm dəyirmana. Odu ki, oğlanı göndərmişəm. Hələ ki, nə eşşək gəlib, nə oğlan."

Məhəmmədhəsən əmi, söz yox, eliyə bilərdi ki, bu kişiyə qısaca cavab verib, heç ortalığa eşşək fəqərəsi gətirib söhbəti uzatmasın. Amma Məhəmmədhəsən əmi qəsdən bu cür cavab verdi.

Məhəmmədhəsən əmi eşşəyin söhbətini saldı ki, görsün bu kişi nə deyәсәk. Aya bu da bilirmi ki, Xudayar katda eşşəyi işlətməkdən ötrü aparıb, ya yox? Bu kişinin cavabı Məhəmmədhəsən əminin halına lap müvafiq oldu. Kişi cavab verdi ki:

"Çox yaxşı. Xudayar katda eşşəyi yemiyәсәkdi ki, dübarə eşşəkdən ötrü şəhərə adam getsin."

Məhəmmədhəsən əmi lap işin əslini bilməkdən ötrü söhbəti lap açdı və belə başladı:

"Doğrusu, bu gün Xudayar bəy eşşəyi apardı şəhərə, amma sonra mən belə eşitdim. — Yəni övrət sözüdü, heç inanmaq da olmaz. — Mən, yəni belə eşitdim ki, guya yəni Danabaş kəndindən bir eşşək istiyiblər ki, aparıb şəhərə, oradan Heydərxan körpüsünə sal daşısınlar. Odur ki, bir az xofə düşdüm. Çünki eşşək dəyirmana gedəcәkdi, o səbəbə mən də Əhmədi göndərdim ki, əlbəttə eşşəyi gətirsin. Bundan ötrü oturmuşam …."

Kişi çox təәсcüblə qulaq verirdi. Məhəmmədhəsən əmi sözünü qurtaran kimi bir az gülümsünüb cavab verdi:

"A kişi, bu nə sözdü? Neсә Heydərxan körpüsünə sal daşıyacaqlar? Xa-xa-xa …. A kişi, doğrudu, Heydərxan körpüsünü qayıtdırırlar, amma dəxi bir eşşək istəmirlər ki! Heydərxan körpüsünə Danabaş kəndindən yüz manat xərc istəyirlər. O sözləri hər kəs sənə deyib, lap yalan deyib. Başını divara döyüb! Dur gedək, a kişi, heç nahaq yerə burda mətəl olma. İndi bu saat elə Xudayar bəy də gələr, eşşəyini də gətirər. Dur, dur gedək."

Məhəmmədhəsən əmi genə bir yola səmt baxıb, "ya allah" dedi, durdu ayağa. Və haman şəxs ilə düşdülər yola və üz qoydular kəndin içinə. Küçə dolu idi qaramal və qoyun-quzu sürüsü ilə, hava yavaş-yavaş istəyirdi qaranlıqlamağı.

"Məhəmmədhəsən əmi, sən allah, o sözü hələ sənə kim deyib?"

"Xeyr, yalan sözdü. Mən özüm bilirəm yalan sözdü. Niyə, mən axmaq deyiləm ki! Bir eşşək ilə körpü tikilər? Bu sözü də yəni özgəsi demiyibdi, elə Xudayar bəyin övrəti deyibdi. Xeyr, yalandı. Mən özüm bilirəm ki, yalandı …."

"A kişi, belədi da! Xa-xa-xa …. Bunu bayaqdan deyəydin da, rəhmətliyin oğlu! Mən indi mətləbi başa düşdüm. Belə bilirsən nə var, Məhəmmədhəsən əmi? Mən axı, özün də bilirsən ki, Xudayar bəygilin qonşusuyam. Xudayar bəy mən bilirəm niyə bu gün şəhərə gedib. O, iki mətləbdən ötrü gedib. Axı bilmirəm bilirsən, ya yox? Axı Xudayar bəy Zeynəbi istəyir."

"Neсә Zeynəbi?"

"A kişi, niyə tanımırsan? Kərbəlayı Heydərin övrətini da! Bə, istiyir! Sən bilmirsən, çoxdan istiyir! Elə Kərbəlayı Heydər ölən gündən. Bəli, Xudayar bəy Zeynəbi istiyir. Amma nə Zeynəb gəlir, nə də ki, Xudayar bəyin arvadı razı olur. Bu geсә qışqırıqları göyə qalxmışdı. Odu ki, səhər Xudayar bəy durub arvadına deyib ki, gedirəm səni boşuyam. İndi Xudayar bəy də Zeynəbi almaqdan ötrü gedib, ya da ki, arvadını boşamaqdan ötrü. Yox, sözüm orda deyil …. Sözüm orasındadır ki, Xudayar bəyin arvadı şeytanın birisidir. O qəsdnən elə deyib ki, Xudayar bəy eşşəyi apardı Heydərxan körpüsünə sal daşısınlar. Helə deyibdi ki, sən eşşəyi vermiyəsən. Acığnan helə deyibdi ki, sən eşşəyi vermiyəsən. Acığnan helə deyib. Yəqin belədir."

Məhəmmədhəsən əmi və haman şəxs yetişdilər küçənin başına. Haman şəxs çöndü sağ tərəfə və Məhəmmədhəsən əmi xudahafiz deyib və haman şəxsin atasına qəlbində rəhmət oxuyub, üz qoydu öz evinə gəlməyә….

Məhəmmədhəsən əmi qapını açdı ki, girsin evə. Gördü ki, ev qaranlıqdı. Övrətini çağırıb, bir səs eşitmədi. Genə çağırdı, genə cavab eşitmədi. Qapını örtüb, qayıtdı həyətə və elə bildi ki, övrəti gedib görəsən hansı qonşuların evinə, bir az söhbət eliyib ürəyi açılsın. Məhəmmədhəsən əmi həyəti bir qədər dolanıb, çıxdı küçə qapısının ağzına. Çünki tövləsinin ağzı küçə qapısına yavıq idi, gördü ki,

tövlədən bir ağlamaq səsi gəlir. Gəldi tövlənin qapısını açıb, görsün ağlamaq səsi haradan gəlir. Qapını açan kimi aşkar arvadının səsini tanıdı. Başını içəri uzadıb çağırdı:

"İzəd!"

Ağlamaq səsi kəsildi, amma cavab gəlmədi. Məhəmmədhəsən bir də çağırdı. Genə səs gəlmədi. Məhəmmədhəsən əmi bir də çağırdı. Övrəti İzzət acıqlanmış cavab verdi:

"Nə var, nə deyirsən? Gözün kordu, görmürsən ki, mənəm?!"

"İzzət, ağlıyırsan? Deyəsən mənim qulağıma ağlamaq səsi gəldi."

İzzət cavab vermədi. Əvvəl bir fınxırdı, sonra tövlədən çıxdı eşiyə. Ər və övrət üz qoydular evə tərəf. Gəldilər evə. İzzət çırağı yandırdı, gətirib qoydu bucaqdakı deşiyə və özü gedib oturdu qaranlıq bucaqda. Məhəmmədhəsən bir qədər ayaq üstə durub, gəldi oturdu palaz üstə və dalını da dayadı yükə.

"İzzət, doğrudan pəyədə ağlıyan sən idin?"

Övrət cavab vermədi.

"İzzət, pəyədə axı mən bir ağlamaq sədası eşitdim, sən idin ağlıyan?"

İzzət cavab vermədi.

"Elə sən idin ağlıyan. Nahaq yerə ağlıyırsan və ürəyini sıxırsan; çünki mən elə bu saat yol üstə idim. Şəhərdən gələn var idi. And içirdi ki, Xudayar bəy eşşəyi bu saat gətirəcәk. And içirdi deyirdi ki, doğrudu Heydərxan körpüsünü qayıtdırırlar, amma nəinki Danabaş kəndindən bir eşşək istiyiblər, bəlkə Danabaş kəndindən yüz manat pul istiyirlər. O kişi ki, mənə bu sözləri deyirdi, and içirdi ki, elə bu saat Xudayar katda eşşəyi gətirəcәk. Deyirdi elə özüm gördüm. Vallah, doğru deyirəm."

"Сəhənnəmə gələcәk, gora gələcәk! Mənim oğlumun ayaqları indi qabar olubdu. Mənim nə vecimə eşşək gəldi, ya gəlmədi. Сəhənnəmə gəlsin, gora gəlsin! Əhməd tez gəleydi. Mən elə Əhmədin fikrinə qalmışam, yoxsa eşşək cəhənnəmə gəlsin, gora gəlsin!"

"Arvad, vallah o kişi deyirdi ki, elə bu saat gələcәklər. Axı o kişiyə nə olubdu durub yalandan desin? Olmasa deməz ki! And içirdi deyirdi mən onları özüm ikisini də bazarda gördüm; yəni Xudayar bəyi də, Əhmədi də. Deyirdi elə mən çıxdım gələm, onlardan soruşdum bə siz nə vaxt gedirsiniz? Mənə dedilər ki, elə indi biz də gəlirik. Mən gəldim, onlar da qaldılar ki, gəlsinlər."

Övrət bir söz demədi. Durdu ayağa, bir ah çəkdi, genə bir fınxırdı və dizliyinin qırağıynan burnunu silib, gəldi kürsünün yanına, bir neçə quru lavaş götürüb, yığdı sol əlinin üstə və aparıb çömbəldi qapının ağzında və başladı çörəkləri sulamağı.

Məhəmmədhəsən əmi:

"İnşallah, indi gələrlər," — deyib durdu ayağa və başmaqlarını geyib, gəldi durdu arvadının yanında.

İzzət çörək sulamaqdan qurtaran kimi Məhəmmədhəsən kürkünü götürüb çıxdı eşiyə və bir az keçdi, gəldi və qapının ağzında çömbəlib, başladı dəstəmaz almaqlığı. Əvvəl əllərini yudu, sonra üzünü və sonra qollarını. Hər bir suyu tökəndə deyirdi: "Bismillah". Dəstəmazı qurtarıb və məs çəkib, gəldi bir taxçadan möhür tapıb, qoydu palazın üstə və başladı namazı.

İzzət də genə gedib bucaqda oturub, çənəsini qoymuşdu dizlərinin üstə. Məhəmmədhəsən azanı və iqaməni oxuyub, keçdi həm də və qülhüvəllahı zikr eləyib, istəyirdi əyilsin rükua, birdən qapı açıldı və Əhməd zəif və naxoş kimi girdi içəri. Məhəmmədhəsən əmi əvvəl hər iki əllərini göyə qalxızıb, bərk "allah-əkbər" — dedi. İzzət sevincәk qalxdı yerindən və çağırdı:

"Əhməd!"

Əhməd evə girən kimi naxoş adamlar kimi divara dayanıb alçaq səs ilə dedi:

"Vay, ana!"

Məhəmmədhəsən əmi səbr eləyə bilməyib, ikinci səcdədə namazı yarımçıq qoyub özünü tulladı Əhmədin yanına. Ər və övrət hərəsi Əhmədin bir qolundan yapışıb, biri deyir: "Bala, niyə elə eliyirsən?", o birisi deyir: "Bala, haran ağrıyır?".

İzzət deyir:

"Qadan alım, Əhməd, niyə oturmursan?"

Məhəmmədhəsən deyir:

"Bala, bə eşşək neсә oldu?"

Məhəmmədhəsən əmi Əhməddən eşşək neсә olmağını soruşan kimi, İzzət uca səs ilə onun üstə çığırıb başladı yamanı:

"Ay eşşək verənin atası tünbətün düşsün! Ay eşşək satanın atasına lənət! Ay o eşşəyi görüm ilan vursun? Mənim balam burda az qalır ki, ölsün, hələ durub eşşək əhvalatı salır ortalığa."

Məhəmmədhəsən əmi bir söz demədi. Əhməd də divara dayanıb, gah "vay" deyir, gah "ox" deyir. Axırı güclə və artıq yalvarmaqlıq ilə və o üzündən-bu üzündən öpməklik ilə İzzət Əhmədin qolundan yapışıb, gətirib oturtdu palaz üstə ki, oğlan rahatlansın.

Bir qədər dincəlib Əhməd, Məhəmmədhəsən əminin və İzzətin təvəqqəsinə görə başladı şəhərə gedib gəlməkliyinin əhvalatını nağıl eləməkliyi. Başladı əvvəl yorulub yol üstə neçə yerlərdə oturmaqlığından və sonra neсә gəldi şəhərə və karvansaraçı ilə dava eləməkliyindən. Sonra genə şəhərdə o yanı-bu yanı gəzib, Xudayar bəyi axtarmaqlığından və axırı genə yorula-yorula, yolun üstə bəlkə on-on beş yerdə otura-otura gəlib Danabaş kəndinə çıxmaqlığından.

Əhməd nağıl eliyə-eliyə hər bir söz arasında bir and içirdi. Bir söz deyirdi, bir deyirdi "vallah"; bir söz deyirdi, bir deyirdi: "imam Hüseyn haqqı"; bir söz deyirdi, bir deyirdi: "imam Rza haqqı", "cənab əmirin Zülfüqarı haqqı". Əhmədin nağlı qurtardı və üzünü tutdu anasına:

"Ana, nə bişirmisən?"

"Bala, bir zad yoxdu, elə yavan çörəkdi…. Əgər istiyirsən, qatıq da var, gətirim."

"Hi, hi, hi, mən qatıq yemirəm. Niyə, bir az aş bişirəydin da!"

"Bala, nə bilim, elə bu qalmaqal lap başımızı qatdı. Qoydu ki, görək nə qayırırıq? Neylək, bu gün qatıq ye, sabah inşallah, əlbəttə sənə aş bişirərəm."

İzzət bir qədər çörək və qatıq gətirib, qoydu oğlunun qabağına. Oğlan başladı yeməyə. Ər və övrət durdular namaza.

Məhəmmədhəsən əmi namazı övrətindən tez qurtarıb, gəldi oturdu oğlunun yanında və başladı onun kefini və halını soruşmağı. Oğlan başını aşağı qalıb, ancaq yeməyə məşğul idi. Məhəmmədhəsən əmi oğlandan cavab almayıb genə soruşurdu.

"Bala, şəhərdə nə var, nə yox?"

Əhməd deyəsən istədi bir söz desin, amma çünki ordları dolu idi xörəknən, mümkün eliyə bilmədi cavab versin. İzzət namazdan qurtarıb üzünü tutdu ərinə səmt və tərhnən ona başladı nəsihət eləməyi ki, uşağa əziyyət verməsin.

Məhəmmədhəsən əmi nəsihəti qəbul edib, çəkildi kənara və təsbehi götürüb başladı çevirməyi. Çevirə-çevirə alçaqdan bir dua vird eləyirdi. İzzət durdu ayağa və yavaş-yavaş çadirşəbini atıb kürsünün üstə, bir neçə sulanmış çörək də gətirib qoydu ortalığa və ərini çağırdı ki, yavıq çəkilib çörək yesin. Məhəmmədhəsən əmi genə övrətinin sözünə baxıb, çəkildi dəstərxanın başına. Əhməd qatığı yeyib, qabı lap təmizləmişdi. Məhəmmədhəsən əmi qabı çəkdi qabağına və istədi çörəyini batırsın qatığa. Əhməd başladı hırıldamağa. Məhəmmədhəsən əmi özü də oğluna baxıb başladı gülməyi. Amma İzzət üzünü turşudub yapışdı məzəmmətin ucundan:

"Ay yazıq, səndə ar-namus harda idi? Mən sənin yerinə olsam, ağlaram ey, nəinki hırıldaram!"

"Axı mənə niyə deyirsən, oğluna de da. Mən gülürəm, ya o gülür?"

"Niyə, oğluma niyə deyirəm? Sən sabah yox biri gün ziyarətə gedirsən, ya oğlun gedir? Oğlumun nə vecinə?! Sən gərək fikrə qalasan ki, yoldaşların çıxıb gedib kərbəlayı olacaqlar, amma sən arvad kimi oturacaqsan evdə."

"İnşallah, mən də gedərəm. Mən onlardan kəm deyiləm ki, mən qalım, onlar getsinlər."

İzzət dinmədi, başını saldı aşağı və başladı yeməyə Əhməd yorğunluq cəhətə oturduğu yerdə yıxıldı yan üstə, atası ona diqqət tutdu ki, çörək ortalıqda olan vaxt adam yatmaz. Əhməd qulaq asmadı.

Məhəmmədhəsən əmi və övrəti çörək üstə idilər. Birdən Əhməd üzüquylu yıxılıb başladı ağlamağı.

"Bala, niyə ağlıyırsan? " — Atası bu cür soruşdu.

Əhməd bir cavab verməyib ovunmadı. İzzət Əhmədin yanınasürüşüb, əlini qoydu oğlunun çiyninə və başını əydi onun başının üstə.

"Bala, Əhməd, niyə ağlıyırsan?"

Əhməd ağlaya-ağlaya bu cür cavab verdi:

"Mənim eşşəyimi …. Vay, vay, vay!…. Mənim eşşəyimi! Mənim eşşəyimi! Mənim eşşəyimi!…. E … e … e …. Mənim eşşəyimi!…" İzzət genə başını əyib, oğlunu başladı dilə tutmağa.

"Bala, ağlama, ağlama, bala … eşşək yiyəsinin atası tünbətün düşsün! Niyə eşşəyi verirdi ki, indiyə kimi eşşək çöldə-bacada qaleydi." "E … e … e … mənim eşşəyimi, mənim eşşəyimi, mənim eşşəyimi!"

İzzət lap hirslənib, üzünü tutdu Məhəmmədhəsən əmiyə səmt və çığıra-çığıra başladı:

"Dur axı get, dur get gör axı eşşək neсә oldu? Eşşək gəlməsə, mənim balam yuxu yuxuluyacaq? Dur get gör axı eşşək neсә oldu? Gör o Ömər oğlu Ömər eşşəyi neylədi? "

"Mən indi hara gedim?"

"Sən indi cəhənnəmə get, gora get! Hara gedəcәksən? Get gör bəlkə o göpək gəlib, oturub evində? Bəlkə eşşəyi gətirib? Kim bilsin gətirib ötürüb həyətlərinə. Yəni olar deyirsən elə millətdilər ki, xalqın malını gətirib genə sahibinə tuşralar?"

Məhəmmədhəsən əmi "ya allah" deyib durdu ayağa və Əhməd səsini kəsdi. Müxtəsər, Məhəmmədhəsən əmi getdi. Xudayar bəyi evlərindən soruşdu. Dedilər ki, gəlməyib. Genə şəhər yoluna səmt çıxdı, bir şey görmədi. Kor-peşman qayıtdı gəldi evinə və bilmədi ki, neсә evə girib desin ki, hələ eşşək gəlməyib. Bir qədər durdu küçə qapısının ağzında, sonra girdi tövləyə. Tövlə qaranlıq idi. Bir şaqqıltı gəldi. Məhəmmədhəsən sevincәk "çöçə" elədi; guya eşşəyi çağırır.

Bu heyndə İzzət həyətdə imiş; Məhəmmədhəsən əminin tövlədə "çöçə" səsini eşidib, elə bildi ki, eşşək gəlib; sevincәk uca səs ilə oğlunu çağırdı ki, ona müjdə xəbəri versin.

"Əhməd, muştuluğumu ver, eşşək gəldi."

Əhməd evdən ildırım kimi həyətə qaçıb, sevinə-sevinə və ləhliyə-ləhliyə gəldi anasınıi yanına.

"Ana, hanı eşşək? Buy-buy, mənim eşşəyimi, mənim eşşəyimi, mənim eşşəyimi! Ana, hanı eşşək?"

"Bala, gəl, gəl gedək. Dədən eşşəyi qatdı pəyәyə."

Ana və oğul tələsik qaçdılar tövləyə səmt. İzzət bəlkə otuz ildir ki, belə zirək qaçmamışdı. Pəyənin qapısına yetişcәk Əhməd özünü soxdu içəri və əvvəl dədəsini çağırdı.

"Dədə!"

"Nədi, bala?"

"Mənim eşşəyimi! E … e … e…. Mənim eşşəyimi! Dədə, hanı mənim eşşəyim?"

"Bala, hələ eşşək gəlmiyib. Bilmirəm o köpək oğlu niyə indiyə kimi gəlib çıxmadı?"

Əhmədə ta bu söz bəs idi. "Vay" deyib tövlənin qapısının ağzında özünü çırpdı yerə. İzzət qüssədən və Məhəmmədhəsən əmi hirsindən başladılar Əhməd kimi ağlamağı.

Ta sübhədək nə Əhməd yuxuluyub, nə İzzət, nə də Məhəmmədhəsən əmi.

VII

Əl-həmdu lillahil-ləzi əhəllət nikahə və təzviсә və hərrəməz-zina və sifahə və səlatü və səlamü əla xeyri xəlqihi Məhəmmədin və alihi-әcməinə əlləzi əz-həbəllahü ənhümür-ricsə və təhhərəüm təthirən. Əmma bədu əl-həmdü və səna … fəqət çaləllahü təbarəkə və təalafi kitabihil-Kərim və fürqanihil-əzim. Əzzə mən qailin əuzü billahis-səmiil-əlim minəş-şeytanirrəcim və ənkihül-əyama min kum vəs-salehin min ibadikum və əsaikum ənyəkunu füqaraə yuğnihümü-lahü min fəzlihi vəllahü vasiün əlim: ənkəhtül-mərətəl-məlumətə lirəcülil-məlumi ələs-südaqil-məlumi qəbültün-nikahə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi ənkəhtül-mərətəl-məlumətə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi qəbiltün-nikahə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi ənkəhtül mərətəl-məlumətə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi-qəbiltün-nikahə lir-rəcülil-məlumi ələs-südaqil-məlum. Zəvvəctül-mərətəl-məlumətə lir-rəcülil-məlumi ələs-südaqil-məlum, Qəbiltül-təzviсә lir-ricülil-məlumi ələs-südaqil-məlum.

Ənkəhtü-və zəvvəctü-mərətəl-məlumətə li-rəcülil-məlumi ələs-südaqil-məlum. Qəbiltü-nikahə vəttəzviсә li-rəcülil-məlumi ələs-südaqil-məlum.

Ənkəhtü Zeynəbə li Xudayar bəy ələs-südaqil-məlum qəbiltü-nikahə li-Xudayar bəy ələs-südaqil-məlum. Zəvvəctü Zeynəbə li-Xudayar ələs-südaqil-məlum. Qəbiltü-təzviсә li-Xudayar ələs-südaqil-məlum. Ənkəhtü və zəvvəctü Zeynəbə li-Xudayar ələs-südaqil-məlum. Qəbiltü-nikahə və təzviсә li-Xudayar ələs-sədaqil-məlumi. Bəzəni daimi dadəm Zeynəbra bər Xudayar. Bər mehri-məlum bəzəni dili qəbul nəmudəm bər Xudayar bər mehri-məlum.

Daimi övrətliyə verdim Zeynəbi Xudayara 50 manat mehr üzərinə. Daimi övrətliyi qəbul elədim Xudayara 50 manat mehr üzərinə. Allahhümmə! Əllif beynəhüma bihəqqi Məhəmmədin və alihi və bihürməti surətil — "fatihə"!

Qazı fatihə surəsini oxuyub, "allah mübarək eləsin" — deyib, əlindəki kəbin kağızını qoydu qabağına və üzünü tutdu oturanlara.

"Di gəlin, qol çəkin."

Oturanların biri Xudayar bəy idi. Xudayar bəy oturmuşdu yuxarı başda diz üstə. Xudayar bəydən aşağı oturmuşdu iyirmi iki-iyirmi üç sinndə bir cavan oğlan. Bu, Danabaş kəndinin qlavasının yasovulu və Xudayar bəyin rəfiqi Qasıməlidir ki, biz tanıyırıq. Qasıməlidən aşağı oturmuşdu genə iki şəxs; birinin sinni olardı otuz-otuz iki, o birinin də sinni qırxdan yuxarı olmazdı. Bunlar həmçinin danabaşlıdırlar. Əvvəlkinin adı Kərbəlayı Qafar və ikincisinin adı Kərbəlayı Səbzəlidir. Bunlar hər ikisi Xudayar bəyin sədaqətdi və köhnə rəfiqləridir.

Söz yoxdur ki, bizə məlumdu ki, bu ağalar nə səbəbə indi gəlib, burada əyləşiblər. Bunları Xudayar bəy gətirib: Qasıməli Zeynəb tərəfindən vəkildi və qalanları şahiddilər.

Əlbəttə, biz bunu da bilirik ki, bunların vəkillikləri və şahidlikləri saxtadı. Bu səbəbə Xudayar bəyin tədbirinə görə bunlar üçü də qazıya özlərini özgə cür nişan verib, adlarını dəyişdilər. Qasıməli adını qoymuşdu Vəliqulu ki, olsun Zeynəbin oğlu. Qazıya dedi ki, anam Zeynəb məni bu xüsusda vəkil edib; yəni Xudayar bəyə getmək rizasını veribdi. Kərbəlayı Qafar adını qoydu Kərbəlayı Baxşalı. Kərbəlayı Səbzəli də adını qoydu Məşədi Orucəli. Bunlar hər ikisi Qasıməlinin vəkilliyinə şəhadət verdilər.

Bəli qazı fatihə surəsini oxuyub, "allah mübarək eləsin"-deyib, əlindəki kəbin kağızını qoydu qabağına və üzünü tutdu oturanlara, hansılarını ki, sizə tanıtdım:

"Di, gəlin, qol çəkin."

Qasıməli cəld cavab verdi:

"Qazı ağa, mən qol çəkə bilmirəm."

Qasıməli verən cavabı Kərbəlayı Qafar da və Kərbəlayı Səbzəli də dedilər.

Qazı təәсcüblə soruşdu ki, yəni neсә qol çəkə bilməzlər? Üçü də cavab verdilər ki, dəst-xətləri yoxdu; yəni bisavad adamdılar. Qazı onlara dübarə dedi ki, elədə pəs gərək gedib elə adam gətirələr ki, onların əvəzindən qol çəksin. Bunlar qazıdan təvəqqə elədilər ki, elə qazı özü onların əvəzindən qol çəksin. Qazı bir qədər duruxdu və bu əmrə razı olmadı. Qasıməli durdu ayağa ki, gedib bir adam gətirsin. Qapının ağzında durub, bir fikir elədi və üzünü tutdu qazıya səmt:

"Axı, qazı ağa, mən bu qürbət vilayətdə kimi tanıram ki, gedib tapım gətirim? Gəl elə sən özün qol çək bizim əvəzimizdən."

Qazı əgər əvvəl razı olsaydı da bunların əvəzindən qol çəkməyə, indi dəxi heç vəch ilə olmaz. Ondan ötrü ki, bunların danışmağından və Qasıməlinin bu axırıncı sözündən bir az bədgüman oldu ki, məbada bunlar hiylə eləyələr. Qazı təcrübəli adamdı. Bu cəhətə Qasıməliyə təkidnən dedi:

"Dəxi çox danışmağın mənası yoxdur. Bayaq getsəydin, indi adam gətirmişdin."

Yarım saat keçmədi ki, kəbin məsələsi tamam oldu. Qazı dübarə xeyir-dua elədi və Xudayar bəy, Qasıməli və hər iki Kərbəlayılar durdular ayağa ki, getsinlər Xudayar bəy üzünü tutdu qazıya:

"Qazı ağa, bir məsələm var. Söz yox, indi o arvad oldu mənim kəbinli arvadım. Amma söz burasındadır ki, qazı ağa, o arvad bir az bədxasiyyətdi. Yəni o qədər də bədxasiyyət deyil, bir az belə dəlisodur. Yəni dəliso da deyil, belə bir az huşu başında deyil, dəliyə oxşayır. Söz yox, indi siz özünüz də görürsünüz ki, onun mənə gəlmək xahişi var. Vəliqulu, belə deyilmi? Bəli, bu kişi özü heç danmır ki, anası bir az dəlisodu; yəni bir az huşu başında deyil. İndi işdi, biz getdik kəndə və gördük ki, arvadın, yəni Zeynəb arvadın dəliliyi tutub, onda pəs mənim təklifim nədi?"

Qazı istəyirdi ki, ağzını açıb bir söz desin, amma Qasıməli qabaqladı:

"Doğrudu, qazı ağa. Başın üçün mənim anamın bir az huşu başında deyil, elə rəhmətlik atam Kərbəlayı Heydər öləndən anam gün olmazdı ki, ağlamasın. Elə o qədər ağladı ki, qüssədən axırda dəli oldu. Doğrudan, qazı, mənim anamın bir tutması var. Tutması tutanda da allah görsətməsin, öhdəsindən gəlmək olmur."

Qazı təsbehi çevirə-çevirə dedi:

"Niyə, olan, məgər sizin kəndinizdə ağsaqqal yoxdu? Məgər sizin kəndinizdə dəlilər, divanələr öz başınadılar? Gərək belə zad olmuya. Şəhərdə ki, belə zad yoxdu. Şəhərdə birisi dəli oldu. Onu tutub qatırlar dama. O qədər kötək vururlar, o qədər ac-susuz saxlayırlar ki, ağlı başına gəlir."

Qazı sözünü qurtardı və Xudayar bəy dübarə soruşdu:

"İndi işdi, qazı ağa, nə bilmək olur, indi işdi biz getdik gördük ki, Zeynəb arvadın tutması tutub, deyir ki, mən filankəsə getmirəm, onda pəs mənim təklifim nədi? Çünki o arvad o qədər dəlidi ki, o qədər huşsuzdu ki, qorxuram ki, lap dana, deyə ki, mən oğlumu heç vəkil eləməmişəm."

Kərbəlayı Qafar Xudayar bəyin sözünü möhkəmləndirməkdən ötrü dedi:

"A kişi, ağzı nədi desin ki, mən oğlumu vəkil eləməmişəm?! Pəs biz burada nəçiyik? Bizim hər ikimizin yanında vəkil eliyibdi. O deməyə kim baxar?"

Qazı sağ əlini Xudayar bəyin çiyninə uzadıb, mehriban-mehriban dedi:

"Əzizim, sənin heç işin yoxdu. Sən get kəndə, Zeynəb övrətə xəbər ver ki, yığışıb gəlib sənə övrət olsun; neсә ki, özü razıçılıq veribdi və oğlunu vəkil eliyibdi. Əgər dursa çəm-xəm eləməyə, əgər dedi ki, xeyr, mən gəlmirəm, ya oğlumu vəkil eləməmişəm,

onda sən əlüstü gəl mənə xəbər gətir, ya xeyr, bir ərizə yazdır gətir mənə. Mən də yazım nəçərnikə ki, filankəsin övrəti ərinin evindən qaçıb, ərinə itaət eləmir. Onda onu it ölüsü kimi sürüyüb, salarlar sənin evinə. Lap arxayın olun və gedin."

Xudayar bəy, Qasıməli, Kərbəlayı Qafar və Kərbəlayı Səbzəli danışa-danışa Buzxana məhəlləsinin uzun küçəsini gəlib çıxdılar başa. Hamamın yanına yetişcәk Xudayar bəy dayandı və "ox, yoruldum" — deyib çökdü hamamın səkisinə və çubuğunu çıxardıb başladı doldurmağı. Hamamdan çıxan övrətlər təәсcüblə bunlara baxıb, bəziləri gülə-gülə, bəziləri mırtdana-mırtdana kəndlilərin yanından keçib gedirdilər. Axırı kəndlilər başa düşdülər ki, bura oturmalı yer deyil. Əvvəl Xudayar bəy durdu ayağa və dedi:

"Balam, burdan gedək. Arvaddan xata gələr, gəlin gedək."

Ağalar bir qədər də gedib, oturdular çayın kənarında bir uçuq divarın üstə. Xudayar bəy əlində çubuq çömbəlib, dirsəklərini dizlərinin üstünə dayayıb, başını əymişdi aşağa və dinmirdi. Qalanları durmuşdular ayaq üstə. Xudayar bəy çubuğu bir-iki sümürüb püflədi və üzünü heç yana çöndərməyib başladı:

"Nə deyirsiz, indi hara gedək?"

Qasıməli cavab verdi:

"Hara gedəcәyik, gedək kəndə da."

Xudayar bəy bir qədər fikirləşəndən sonra başını qaldırmayıb dedi:

"Yaxşı, gedirsiniz gedək."

Xudayar bəy qalxdı ki, dursun ayağa, Qasıməli və Kərbəlayı Səbzəli həmçinin durdu ayağa. Amma Kərbəlayı Qafar hərəkət eləməyib, üzünü Xudayar bəyə tutub başladı:

"Xudayar bəy, mən istəyirəm indi bir söz deyim. Qardaş, mən təcrübəli adamam, hərçənd sinnim cavandı. Qardaş, mən and içirəm ki, o arvad heç vəchlə öz xoşuna gəlib sənə arvad olmuyacaq. Xeyr, olmuyacaq. Mən ki, onu tanıyıram, heç vaxt olmaz. Əgər doğrudan onu öz xoşuna qoysan, heç vaxt gəlməz. Demirəm, bəlkə divan gücü ilə ola. Mən məsləhət görürəm elə indi ki, burdasan, dəxi təxirə salmıyasan, elə indi bu saat, elə bu gün gedib nəçərnikə şikayət edəsən ki, mənim arvadım mənə itaət eləmir, mənim evimdə oturmur. Bunu lap məsləhətli iş görürəm. Ta bilmirəm indi siz nə məsləhət görürsüz…."

Xudayar bəy dübarə oturub, irəliki kimi başını saldı aşağa. Bu oturan kimi Qasıməli ilə Kərbəlayı Səbzəli də oturdular. Kərbəlayı Səbzəli bu əmrə razı olmadı və bu cür dedi:

"Xeyr, bu iş yaxşı iş deyil, allaha xoş getməz. Bəlkə elə arvad bir söz demiyәсәk; bəlkə elə razı olacaq. Niyə dəxi nahaq yerə nəçərnikə deyəsən, nəçərnik da yazıb, arvadı gətirtsin divanxanaya. Xeyr, arvad yazıqdı, yazıqdı arvad. Allaha xoş getməz!"

Bir qədər mübahisədən sonra məsləhət belə görüldü ki, elə indn bu saat Xudayar bəy gedib nəçərnikə şikayət eləsin.

  • * * * *


Bu gün Məhəmmədhəsən əmi də gəlmişdi şəhərə. Yazıq qoca kişi piyada və ayaqyalın, başmaqlarını alıb əlinə və cibinə bir-iki çörək qoyub, gəldi çıxdı şəhərə və üz qoydu qabaqca deyilən karvansaraya.

Haman vaxt Kərbəlayı Сəfər darvazanın səkisində oturub, pendir-çörək yeyirdi. Məhəmmədhəsən əmi yeridi Kərbəlayı Сəfərin yanına və salam verib dedi:

"Atan rəhmətdə Kərbəlayı, zəhmət çək ulağı çıxart aparım. And olsun allaha, sabah züvvar çıxacaq, eşşəkdən ötrü lap məəttələm. Dur, dur, allah atana rəhmət eləsin…."

Məhəmmədhəsən əmi sözlərini deyəndən sonra yəqin elədi ki, bu odabaşı kardı, qulaqları eşitmir. Yəni Məhəmmədhəsən əminin yerinə özgəsi də olsa idi, belə gümən elərdi. O səbəbə ki, Məhəmmədhəsən əmi bu sözləri deyib qurtardı, amma Kərbəlayı Сəfər nəinki bir cavab vermədi, bəlkə üzünü də çöndərib baxmadı ki, görüm bu sözləri deyən kimdi, bəlkə hərəkət də eləmədi. Ancaq şirin-şirin çörək yeməkdə idi. Məhəmmədhəsən əmi doğrudan onu kar hesab eləyib irəli yeridi və başını aşağı əyib, uca səslə dedi:

"Ay Kərbəlayı, allah atana rəhmət eləsin, zəhmət çək o eşşəyi çıxart aparım. And olsun allaha, sabah züvvar çıxacaq, eşşəkdən ötrü lap məəttələm…."

Bu heyndə Kərbəlayı Сəfər bərk çığırıb, Məhəmmədhəsən əmini lap qorxutdu:

"Сəhənnəmə məəttəlsən! Gora məəttəlsən! Da neylim məəttəlsən? Pəh, dəng olduq. Axı mənə sən eşşək tapşırmısan? Dəli-divana deyilsən ki! Yoxsa keflənmisən?"

Məhəmmədhəsən əmi hər iki əllərinin kəfəsini Kərbəlayı Сəfər əminin qabağına uzadıb yalvarır:

"Ay Kərbəlayı, gəl sən allaha bax, mənim ulağımı ver qoyum gedim işimə. Allah xatırına məni avara eləmə."

"Əzizim, sən kimin yanında mənə eşşək tapşırmısan? Əvvəla budur ki, sənin eşşəyin tövlədə də olsa, sənə heç vaxt verə bilmərəm. O səbəbə ki, eşşəyi mənə sən tapşırmamısan ki! Və bir də ki, eşşək burda deyil. Eşşəyi hər kəs gətirmişdi, o da apardı. Yoxsa burda eşşək harda idi."

"Yəni Xudayar bəy apardı? "

"Nə bilim hansı bəy apardı. Sizin kəndin katdası apardı."

"Pəs bilmirsən hara apardı?"

"Nə bilim? Сəhənnəmə apardı."

"Bəlkə apardı Heydərxan körpüsünə daş daşısınlar?"

Kərbəlayı Сəfər heç cavab vermədi. Məhəmmədhəsən əminin suallarından təngə gəlib durdu ayağa və üz qoydu bazara səmt getməyə. Genə Məhəmmədhəsən onu çağırıb təvəqqə elədi ki, barı desin görək Xudayar bəy eşşəyi hara aparıbdı. Kərbəlayı Сəfərin görükür ki, Məhəmmədhəsən əmiyə rəhmi gəldi, qayıdıb gəldi onun yanına, bir az yumşaqlıqnan dedi və and içdi ki, doğrudu, Xudayar bəy eşşəyi çatmışdı karvansaraya, amma genə çıxarıb apardı. Məhəmmədhəsən dübarə soruşdu ki, pəs hara apardı? Kərbəlayı Сəfər "cəhənnəmə apardı" cavabını verib, üz qoydu bazara səmt getməkliyə.

Məhəmmədhəsən əmi çox yorulmuşdu. Danabaş kəndindən şəhərə iki ağac yarım yoldu. Bu qədər yolu piyada gələsən, özün də qoca kişi olasan, əlbəttə, yorulacaqsan. Məhəmmədhəsən əmi darvazanın səkisində Kərbəlayı Сəfər oturan yerdə oturub, dalını dayadı divara və dizlərini qucaqlayıb cumdu fikrə. Vaqeən Məhəmmədhəsən əmi qəm dəryasına qərq olmuşdu.

Bəli, xəyalət yazıq qoca kişini hər yandan bürüdü. Əvvəl keçən günləri yadına düşdü; yəni uşaqlığı. "Heyf, heyf sənə, uşaqlıq! Nə gözəl şey imişsən! Nə çörək fikrinə qalırsan, nə paltar fikrinə qalırsan, nə övlad dərdi çəkirsən, nə bilirsən ki, kasıblıq nədir". Sonra uşaqlıqdan keçdi cavan vaxtlarını saldı yada. Əvvəl bir qədər əmilərindən giley elədi ki, onun mal-dövlətini yeyib, onu kasıblıq dərdinə düçar elədilər. Sonra qürbətə gedib əliboş qayıtmağı yadına düşdü. Genə bir ah çəkib, şükür elədi.

Müxtəsər, sinninin hər guşəsinə əl uzatdı, baxdı gördü onun alnına məhz bir qaragünçülük yazılıbdı. Amma hamıdan artıq Məhəmmədhəsən əminin ürəyi bir zaddan sarı sıxılırdı. Məhəmmədhəsən əminin ürəyi ona sıxılırdı ki, söz yox, bu işlərin hamısı allah-taalanın öz işidi, heç bir şey yoxdu ki, xudavəndi-aləm ondan bixəbər olmasın. Pəs bunun indi ulağının başına bu iş gəldi, axı aşkar şeydir bu eşşəyin başına bir şey gəlsə, axı o, Kərbəlaya ziyarətindən qalacaq. Pəs indi bunu nə tövr başa düşmək? Bu yol mübarək yoldu. Bu yol Kərbəla yoludu. Bu yol gözəl yoldu. Birisi ki, bu mətləbə düşdü, Kərbəlaya getmək niyyəti elədi, lazımdır ki, allah-taala ona hər işdə kömək olsun. Pəs bir surətdə ki, indi onun eşşəyini gətirib burada istəyirlər batıralar, pəs nə səbəbə görəsən xudavəndi-aləm öz qüdrət əli ilə bu işləri düzəltmir və günahkarlara, baislərə qəzəb eləmir? Pəs görükən budur ki, heç allah-taalanın vecinə deyil Məhəmmədhəsən əmi ziyarətə getdi, ya yox; yəni allah-taalanın ona, yəni Məhəmmədhəsən əmiyə iltifatı yoxdu.

Bu cür xəyalat Məhəmmədhəsən əminin artıcaq ürəyini sıxırdı. Bir qədər də fikir eləyəndən sonra Məhəmmədhəsən lap yəqin elədi ki, allah-taala ola bilər ki, onun ziyarətə getməkliyinə əslən razı deyil ki, onun başına bu işlər gəlir.

İki saata yavıq Məhəmmədhəsən əmi burada oturub, bu cür xəyalatnan keçirdi. Sonra genə "şükür" deyib durdu ayağa. Və bir saata yavıq şəhəri o üzə-bu üzə dolandı ki, bəlkə Xudayar bəyi tapa. Axırda üz qoydu nəçərnik divanxanasına səmt. Məhəmmədhəsən əmi o səbəbə nəçərnik divanxanasına gəlmir ki, şikayət eləsin Xudayar bəydən, ya karvansaraçıdan. Xeyr, allah eləməsin. Məhəmmədhəsən əmi dinc adamdı. Şər ilə, şıltaq ilə arası yoxdu. Və bir də ki, indiki əsrdə şikayət eləməkliyin özü elə bir çətin işdi. Ondan ötrü ki, şikayətçi gərək yəqin eləyə ki, şikayəti möhkəm eləyə biləcәk. Şikayət də şahidnən möhkəm olar. Amma Məhəmmədhəsən əminin şahidi yoxdu. Ondan ötrü ki, pulu yoxdu. Söz yox, Xudayar bəyin də pulu yoxdu. Söz orasındadır ki, Xudayar bəyin əlində yekə dəyənək var. Nə vaxt kefi istəyir qaldırır, nə vaxt kefi istəyir yendirir.

Danabaş kəndində bu yekəlikdə zoğal dəyənəyinin hörməti heç pulun hörmətindən az deyil. O ixtiyar ki, dəyənəkdə var, bəlkə pulda yoxdu. Bu səbəblərin hamısına görə və bir də o səbəbə görə ki, Məhəmmədhəsən əmi əslində fəqir adamdı, bu səbəblərin hamısına görə, Məhəmmədhəsən əmi heç vaxt Xudayar bəydən şikayət eləməzdi. Məhəmmədhəsən əmi divanxanaya girməkdə, nəçərnik də divanxananın balkonuna çıxmaqda. Nəçərnik əli ilə işarə elədi, Məhəmmədhəsən əmi pilləkəni çıxıb, gəldi nəçərnikin yanına. Balkonda üç-dörd atlı əllərini yanlarına salıb, cərgə ilə durmuşdular. Nəçərnik bunların birisini çağırıb, üzünü tutdu Məhəmmədhəsən əmiyə və rusca bir zad dedi. Yavuğa gələn atlı tərcümə elədi ki, ağa deyir bura gəlməkdə nə mətləbi var desin. Məhəmmədhəsən əmi lap karıxdı və əvvəl bilmədi ki, nə desin, sonra qızara-qızara, utana-utana, titrəyə-titrəyə üzünü tutdu atlıya:

"Ağa, doğrusu, mənim eşşəyimi bilmirəm Heydərxan körpüsünə daş daşımağa aparıblar, ya da ki, karvansaraçı məni aldadır, deyir ki, burda deyil."

Atlı Məhəmmədhəsən əmi dediyindən bir zad başa düşmədi. Nəçərnik onun üstə çığırıb qovdu kənara və rusca atlılara dedi ki, içəridən dilmancı çağırsınlar. Bu heyndə bir uca boylu oğlan əlləri yanında qaçıb gəldi nəçərnikin yanına. Nəçərnik genə dilmanca bir söz dedi və dilmanc üzünü tutdu Məhəmmədhəsən əmiyə:

"Kişi, nə deyirsən?"

"Vallah, ağa bilmirəm mənim eşşəyimi ya Heydərxan körpüsünə aparıblar, ya da ki, karvansaraçı saxlayıb. Bilmirəm nə səbəbə vermir. Sabah züvvar çıxır. Mən lap məəttəl qaldım."

Bu danışıq çox uzun çəkdi. Məhəmmədhəsən əminin sözünü nə dilmanc, nə də ki, nəçərnik başa düşə bilmədilər. Nə qədər dilmanc təkid elədi ki, Məhəmmədhəsən əmi əhvalatı aşkar və açıq desin ki, bir zad başa düşmək olsun, amma heç başa gəlmədi. Ancaq Məhəmmədhəsən əminin sözü bu oldu: "Vallah mənim eşşəyimi, ağa, bilmirəm Heydərxan körpüsünə aparıblar, ya da ki, karvansaraçı saxlayıb vermir". Nəçərnik yəqin elədi ki, bu kişinin huşu başında deyil. Axırı laəlac qalıb, Məhəmmədhəsən əmini divanxanadan qovdu.

Məhəmmədhəsən əmi özünü belə itirmişdi ki, heç bilmirdi ki, haman bu dəqiqə ki, o, nəçərnikə şikayət edirdi, Xudayar bəy, Qasıməli, Kərbəlayı Səbzəli və Kərbəlayı Qafar durmuşdular onun dalında. Məhəmmədhəsən ortalıqdan çıxan kimi Xudayar bəy yeridi irəli və nəçərnikə şikayət elədi ki, onun övrəti — ki, adı olsun Zeynəb, — ona itaət eləmir. Dilmanc tərcümə elədi və nəçərnik cavab verdi: bu cür işlər onun ixtiyarında deyil, getsin şikayətini qazıya eləsin.

Xudayar bəy, Qasıməli, hər iki Kərbəlayılar və Məhəmmədhəsən əmi onların dalınca çıxdılar eşiyə. Məhəmmədhəsən əmi üzünü Xudayar bəyə tutub dedi:

"Ay Xudayar bəy, başına dönüm, axı eşşəyi neylədin? Axı sabah züvvar çıxır. Mən qaldım məəttəl." — Xudayar bəy ancaq bu cavabı verdi:

"Yaxşı, Məhəmmədhəsən əmi, sənnən mənimki qalsın kəndə. Mən sənnən kənddə danışaram. Yaxşı, qalsın. İndi məndən şikayət edirdin da?"

"Ay Xudayar bəy, qurani-münzəl haqqı sənin adın yoxdu. Mənim heç şikayət xəyalım yox idi. Gəldim divanxanaya bəlkə səni görüm, nəçərnik məni gördü çağırdı. Amma nə qədər elədi, sənin adını çəkmədim."

Xudayar bəy genə hərbə-qadağa kəsib Qasıməli və hər iki Kərbəlayı ilə üz qoydu gəlməkliyə qazıgilə. Məhəmmədhəsən əmi bir-iki qədəm onların dalınca gəlib durdu və mat-mat gözünü dikdi bu gedən ağalara. Bunlar döngəni dönüb gözdən itdilər. Amma yazıq Məhəmmədhəsən əmi vaqeən ağladı. Vallah, billah, ağladı. Yəni neсә ağladı? Uşaq kimi ağladı.

İndi dəxi Məhəmmədhəsən əminin şəhərdə bir işi-gücü yoxdu; hər bir işini qurtardı və lap arxayınladı. Dəxi nə qayıracaq? Başmaqlarını çıxarıb vurdu qoltuğuna və "allah, şükür sənin cəlalına" deyib, üz qoydu Danabaş kəndinə.

Xudayar bəy yoldaşları ilə qazının yanına gəlib şikayət elədi: onun övrəti — ki, Zeynəb olsun, — ona itaət göstərmir, onun evində oturmur, çıxıb gedib, əri evində qalır. Yoldaşlarını da şahid göstərdi. Qazı bir qədər gülüb dedi:

"Xa-xa-xa…. Bəy, sənin işin lap dəstgah imiş. Xa … xa … xa…. Siz buradan gedəli bir saat yoxdu, nə tez kəndə gedib qayıtdınız? Nə tez gedib bildiniz ki, övrətin sənə itaət eləmir. Xa … xa … xa…. Lap dəstgah imiş sənin işlərin! Doğrudan nə çəp övrət imiş sənin övrətin. Qəribə bədxasiyyət övrətdi. Xa … xa … xa…. Yaxşı, çox yaxşı. Mən onu indi belə yumşaldaram ki, yumurta yükü aparar."

Bu sözləri deyəndən sonra qazı döşəkçənin altından bir kağız parası çıxartdı və qələmi götürüb başladı yazmağı.

""Bə xidməti qlava cəmaəti-Danabaş."

"Əz qaziyi-uyezdi-"N"."

Bina be şikayət nümudən əhli-qəryeyi-Danabaş Xudayar bəy Nәcəfqulubəy oğlu be qəzavətxaneyi"N" ki, zövceyi-mənkuheyi-mən Zeynəb binti-Kərbəlayı Zeynal əz. 16 mahi-səfər əz xaneyi-mən xaric şüdə və məra təmkin nədadə; bina be şikayəti-şaki be xidməti-şüma təvəqqe minümayəm ki, zövceyi-məzkurra be ixtiyari-müşarileyh dadə ki, bəd əzin dər xaneyi-u mütəməkkin şüdə, əz süxəni-u təcavüz nənümayəd.

Qaziyi-uyezdi-"N" Hacı Molla Səfər Salib Sultan-zadə".

Kağızı bükdü, qoydu paketə və Xudayar bəyə uzadıb dedi:

"Bunu aparıb verərsən sizin qlavaya. Yazmışam ki, filankəsin övrəti ərinə itaət etməyə və gəlib evində oturmuya, onu zornan, it ölüsü kimi gətirtdirin!"

VIII

Bu gün səfər ayının on yeddinci günüdür. Danabaş kəndində bu gün guya ki, bir aşuradı. Bu gün Danabaş kəndinin züvvarı Kərbəla ziyarətinə çıxır.

Sübh olcaq çavuşun münacatı kəndi əhatə eləyib, gah o məhəllədən səsi gəlir, gah bu məhəllədən. Bütün kəndi dolanıb və hər züvvarın qapısının ağzında münacatını tamam edib və xələtini alıb, çavuş "Çaylax" məhəlləsinə daxil olub, əvvəl gəldi dayandı Kərbəlayı Zeynalabdının qapısında və başladı münacatı. Həyətdən on beş-on altı yaşında bir oğlan çıxıb bir əlində bir çanaq qəndab, o biri əlində bir cift corab. Çavuş qəndabı içib corabı aldı və qoydu atının tərkindəki xurcuna. Zeynalabdının qapısından rədd olub, gəldi dayandı Məhəmmədhəsən əminin qapısında və başladı münacatı.

Çavuş münacatını qutarmamışdı, həyətdən yazıq Məhəmmədhəsən əmi gözlərindən yaş tökə-tökə çıxdı küçəyə və ağlaya-ağlaya çavuşun yanına gəlib, düşdü çavuşun atının ayaqlarına. At sakit at imiş; heç yerindən hərəkət eləmədi. Məhəmmədhəsən əmi bir qədər atın dırnaqlarından öpüb durdu ayağa və sağ əlini qoltuq cibinə uzadıb, bükülmüş bir kağız çıxartdı və uzatdı çavuşa. Çavuş təәсcüblü sual elədi:

"Kərbəlayı, bu nədir?"

Ağlamaq qoymadı Məhəmmədhəsən əmini cavab versin. Bu heyndə həyətdən Məhəmmədhəsən əminin övrəti — çadirşəb başında — və oğlu Əhməd — hər ikisi ağlaya-ağlaya çıxıb, yeridilər çavuşun yanına. Məhəmmədhəsən əmi kağızı çavuşa verib,

dübarə düşdü atın döşünə və başladı ayaqlarını öpməyə. Çavuş artıq təәсcüblə üzünü tutdu Məhəmmədhəsən əminin övrətinə və soruşdu:

"Bacı, bu nədi? Pəs hanı Kərbəlayının xələti?"

İzzət ağlaya-ağlaya cavab verdi:

"Qardaş, Məhəmmədhəsən əminin alnına yazılmamışdı Kərbəlayı olsun. Allah baisin balalarını mələr qoysun!"

Məhəmmədhəsən durdu ayağa və güclə dayana-dayana dedi:

"Apar, qardaş, apar…. O ərizəni apar…. Apar həzrət Abbasa. Apar…. Mən gedə bilmədim…. Gedə bilmədim. Qoymadılar. Məni qoymadılar…. Mənim eşşəyimi oğurladılar. Yedilər. Satdılar. Apar ərizəni, apar. Mən gedə bilmədim…."

İzzət ağlaya-ağlaya başlayıb Məhəmmədhəsənin sözünü kəsdi:"Çavuş, apararsan o ərizəni həzrət-Abbasa. Gərək mənim ərimi bu yoldan binəsib eləyənə Həzrət-Abbas özü qənim ola. İmam özü qənim ola…."

Çavuş qoltuq cibindən bir dəstə kağız çıxardıb, Məhəmmədhəsən əminin ərizəsini qoydu kağızların içinə, kağız dəstəsini qoydu qoltuğuna və atın başını çöndərib mehribanlıqla dedi:

"Əmi, bacı, heç ürəyinizi sıxmayın."

Dər dəfi-xədəngi-sitəmi-gərdişi-gərdun

Behtər zikifayati-ilahi sipəri nist.

[Tərcüməsi: Fələkin zülm oxunu dəf etmək üçün allahın iradəsindən yaxşı qalxan (vasitə) yoxdur.]

Heç qəm yeməyin, neylək, bu il olmadı, inşallah, allah salamatlıq versə, әcəldən aman versə, inşallah, gələn il gedərik. Heç qüssə eləməyin. Söz yox, hər kəs ki, sizi bu mübarək yoldan, bu səvab yoldan qoyubdu, sizə mane olubdu, əlbəttə allah-taala ona qəzəb eliyәсәk. Elər, elər. Olmaz ki, eləməsin. Neсә ki, eləməz? Məgər bunlar hamısı zərafatdır?! Buna Kərbəla yolu deyərlər. Xeyr, xeyr, əbədən ürəyinizi sıxmayın. İnşallah, ərizənizi də yetirərəm. İnşallah, dərəceyi-qəbula da yetişər.

Çavuş atına bir qamçı vurub başladı münacatı, Məhəmmədhəsən və övrəti bir qədər də durub, ağlaya-ağlaya qayıtdılar evə.

Günorta vaxtı idi. Kərbəlayıların cəmisi dəstə-dəstə kəndin kənarına, qəbristanın yanına yığışıb, düzülmüşdülər yekə meydana ki, "imamzadanı" ziyarət eləyib çıxsınlar. Burada artıq cəmiyyət var idi. Övrət qarışmışdı kişiyə, kişi övrətə. Kimi piyada, kimi atlı. Bəzi ağlayırdı, bəzi gülürdü. Amma ağlayanların çoxusu övrətlər idi; çünki övrətin ürəyi yuxa olar. Bəzisinin qardaşı gedirdi, bəzisinin oğlu və bəzisinin əri. Atların kişnəməyi, eşşəklərin anqırtı səsi və övrət və uşaqların ağlamağı bir-birinə qarışıb ərşə qalxırdı.

Kərbəlayılar imamzada ziyarətini tamam edib yığışdılar meydana və qohum-əqrəba ilə qucaqlaşıb, öpüşüb və ağlaşıb mindilər atları və hazır oldular getməyə. Çavuş meydana çıxıb, axırıncı münacatını başladı ki, yəni çıxmaq vaxtıdır. Bu heyndə çavuşun yanına iki övrət yeridi. İkisi də ayaqyalın və qara çadralı. Bu övrətlərin birisi uca idi, birisi alçaq. Hər ikisi ağlayırdı. Bunlar çavuşun yanına yetişib, hər birisi çadrasının altından bir bükülü kağız çıxardıb uzatdılar çavuşa. Çavuş münacatını kəsib başını əydi aşağı və kağızları aldı. Çavuş soruşdu ki, bu kağız nə kağızdır? Övrətlərin hər ikisi cavab verdilər ki, bu ərizədir həzrət-Abbasa. Çavuş qoltuq cibindən kağız dəstəsini çıxardıb, övrətlərin ərizələrini həmçinin daxil elədi kağız dəstəsinə və dübarə qoltuq cibinə qoyub başladı münacatı.

Bu övrətlərin ikisini də biz tanıyırıq. Uca övrət Zeynəbdi; biri də Xudayar bəyin övrətidi. Yəni şəriətə baxsaq, ikisi də Xudayar bəyin övrətidi, biri köhnə övrətidi, biri də təzə övrətidi.

Kərbəlayılar üz qoydu Qıraxdın yoluna və camaat yavaş-yavaş, dəstə-dəstə və tək-tək üz qoydu kəndə.

Zeynəb ağlaya-ağlaya gəldi evinə və qızlarını çağırıb, bunların hər ikisini aldı qucağına. Çünki özü ağlamaqdan sakit olmamışdı, uşaqlar da analarına baxıb ağlayırdılar. Fizzə ağlaya-ağlaya gözlərinin yaşını silib, mat-mat anasının üzünə baxıb axırı soruşdu:

"Ana, sən allah, niyə ağlıyırsan?"

Zeynəb cavab vermədi. Ancaq çarşovunun ucu ilə gözlərinin yaşını silib, lənət şeytana elədi. Fizzə dübarə soruşdu və Zeynəb axırı laəlac qalıb cavab verdi:

"Bala, vallah, heç zad yoxdu. Elə atan yadıma düşübdü, ağlıyıram."

Fizzə Zeynəbin sözünə inanmayıb, genə soruşdu. Bu dəfə Zeynəb doğru cavab verdi; amma ağlaya-ağlaya cavab verdi:

"Bala, axı neсә ağlamıyım? Məni istiyirlər zornan ərə verələr. Gördün qardaşın səhər məni nə qədər döydü? Deyir elə zornan gərək gedəsən Xudayar bəyə. Bala, mən neсә ağlamıyım?"

Fizzə bir qədər fikir eləyib genə soruşdu:

"Yaxşı, ana, nə olu gedəndə? Get da! Niyə getmirsən ki? Ərə getmək pis zaddı?"

"Bala, mənə nə olub ərə gedim? Mən yekəlikdə arvadlar ərə getməzlər ki! Qızlar ərə gedərlər. Mənə nə olub ərə gedim?"

"Yaxşı, ana Zəhra bibim səndən yekə arvaddı, bə niyə o, ərə getdi?"

Zeynəb Fizzənin bu sualına heç bir söz tapmadı desin.

Bu heyndə evə altı şəxs daxil oldu. Dördü bizim tanışlardandı: Qasıməli, Səbzəli, Kərbəlayı Qafar və Vəliqulu. Amma ikisini tanımırıq. Bunlardan biri qırx beş, bəlkə də əlli sində, qırmızı saqqal, qara papaq bir kişidir. Bu, Danabaş kəndinin qlavası Kərbəlayı İsmayıldır. O biri də elə bu sində köhnə qara papaq, qədək arxalıqlı, ağ tuman, qara saqqal kişidir. Bu da Danabaş kəndinin prixod mollası Molla Məhəmmədquludur.

Zeynəb bunları görcәk qalxıb çəkildi, durdu bucaqda. Qızlar da gedib soxuldular analarının yanına və təәсcüblə gözlərini dikdilər qonaqlara. Qonaqlar cərgə ilə əyləşdilər. Molla yuxarı başda, onun sağ tərəfində Kərbəlayı İsmayıl, sol tərəfində Kərbəlayı Qafar; Kərbəlayı Səbzəli, Vəliqulu və Qasıməli divara dayanıb, durmuşdular ayaq üstə. Molla Məhəmmədqulu, Kərbəlayı İsmayıl və Kərbəlayı Səbzəli çubuqlarını çıxardıb başladılar doldurmağı. Molla çubuğunu alışdırıb, üzünü tutdu Zeynəbə səmt:

"Bacı, bilirsən nə var? Bilirsən biz nə mətləbə gəlmişik?"

Zeynəb cavab vermədi. Molla Məmmədqulu dübarə başladı:

"Biz bura ondan ötrü gəlmişik ki, sənə nəsihət eləyәk…."

Zeynəb əlüstü cavab verdi:

"Allah rəhmət eləsin. Siz əgər nəsihət eləyənsiniz, əvvəl, bax, o ayaq üstə durana nəsihət eliyin ki, məni incitməsin. Bu gün məni döyməkdən öldürübdü. İndi bu saat qabırğalarım ağrıyır."

Molla genə başladı:

"Yaxşı, bacı, axı sən işi o yerə niyə gətirirsən ki, oğlun sənə ağ olsun?"

"Niyə, mən neyləyirəm ki?"

"Sən şəriətdən çıxırsan."

"Şəriətdən çıxana allah lənət eləsin!"

"Lənət, lənət!"

"Mən niyə şəriətdən çıxıram ki?"

Molla cavab verdi:

"Sən o səbəbə şəriətdən çıxırsan ki, şəriətin ümuruna mümaniət qatırsan. İstəmirsən ki, şərti mənkuhəni əmələ gətirəsən.

Zeynəb cavab vermədi; o səbəbə ki, molla dediyini əsla başa düşmədi. Molla genə başladı:

"Məgər sən məfhum deyilsən ki, indi Xudayar bəyin zövceyi həlalısan? Məgər bu səda sənin huş-guşuna təbliğ olunmuyub?"

Zeynəb cavab verdi:

"Yəni deyirsən ki, mən Xudayar bəyin arvadıyam? Yaxşı mən kimə Xudayar bəyə getmək razıçılığını verdim ki, mən onun arvadı olum?"

Qasıməli cəld əlini sinəsinə vurub dedi:

"Bax, mənə vermisən. Sən məgər məni vəkil eləmədin bu kişilərin öz yanında? Sən məni vəkil elədin. Bu yekə şeyi danmaq olar?"

Zeynəb bir ah çəkib dedi:

"Yaxşı, nə deyirəm ki, siz deyən olsun."

Molla başladı:

"Çox әcəb. İndi sən elə mənim öz yanımda iqrar elədin ki, Qasıməlini sən özün vəkil eləmisən. Pəs daxı sözün nədir?! Nə səbəbə gedib öz xahişinlə ərinin evinə daxil olmursan? Deyirsən gərək səni zornan aparalar? Bədnamlıqnan aparalar? Rüsvayçılığnan aparalar?"

Qlava çubuğun külünü yerə boşaldıb, dübarə başladı doldurmağı və üzünü Zeynəbə sarı çöndərib, uca səslə və qeyznak dedi:

"Bax, ay arvad, gözünü aç, gözümün içinə bax. Qazı dünən mənə kağız yazıb. Xudayar bəy şikayət eliyib ki, mənim övrətim Zeynəb mənim evimi qoyub, gedib öz evində olur; mənə itaət eləmir. Qazı mənə kağız yazıb. Əgər sən öz xahişinnən gedib ərinin evində oturmasan, səni it ölüsü kimi sürüdüb apartdırram! Lap yəqin elə və ağlını yığ başına!"

Zeynəb bir söz demədi. Amma qızları hər ikisi başladılar ağlamağı. Növbə yetişdi mollaya. Molla üzünü Zeynəbə sarı tutub, başladı genə nəsihəti:

"Yox, yox, bacı, allaha xoş getməz. Sən nahaq yerə özünü də məşəqqətə mübtəla eliyirsən, uşaqlarının da ürəklərinin sıxılmağına bais olursan. Yox, yox, belə eləmə. Ağlını yığ başına və dinməz-söyləməz yığış, get otur ərinin evində. Yoxsa indi dəxi iş qurtarıbdı. Sən indi Xudayar bəyin zövcəsisən. Sənin heç ixtiyarın yoxdu bu barədə kəmetinalıq eləyəsən. Əgər istiyirsən ki, şəriətə əməl eliyəsən, işin həqiqəti budur ki, mən deyirəm. Əgər mənə etiqadın var, inan. Yoxsa etiqadın yoxdu, inanma. Özün bil. Əgər istiyirsən ki, səni sürüyə-sürüyə aparalar, qoy aparsınlar, dəxi sözüm yoxdu."

Bu sözləri deyib, Molla Məhəmmədqulu çubuğu uzatdı kisənin içinə və doldurub çıxardı və Kərbəlayı İsmayıla səmt bir qov uzadıb alışdırdı, qoydu çubuğun üstə və başladı nəsihəti:

"Yox, bacı ağlını yığ başına. İndi sən görürsən ki, iş lap qurtarıbdı. Sən indi Xudayar bəyin övrətisən. Şəriət heç vədə övrətə o ixtiyar vermir ki, otursun öz evində və ərinin sözündən çıxsın. Söz yox, sən getməzsən, mən də yazaram nəçərnikə ki, filankəsin övrəti təcavüz edib şəraiti-zövciyyəni əmələ gətirmir. Bilirsən onda nə olar? Onda o olar ki, nəçərnik pristavı göndərər, səni qolu-qıçı bağlı göndərərlər şəhərə ki, nəçərnikə cavab verəsən. Niyə sən işi o yerə yetirəsən ki, səni biabırçılıqnan aparalar şəhərə, dost görə qəmgin ola, düşmən görə sevinə?"

Qlava başladı:

"İndi nə deyirsən, bizi məəttəl eləmə. Əgər gedirsən, öz xahişinlə get; yoxsa getmirsən, mən bildiyimi eliyim. Vallahi, billahi gözünü aç, gözümün içinə bax. Sonra peşman olarsan."

Zeynəb bir söz deməyib, irəliki halətdə durmuşdu ayaq üstə. Bir belə sözdür ki, sakitlik — razıçılıq əlamətidir. Oturanlar da bir belə şeyi başa düşüb, durdular ayağa ki, getsinlər. Əvvəl Kərbəlayı İsmayıl durdu və qamçısını Zeynəbə səmt silkələyib, bu tövr hərbə-qadağa kəsdi:

"Bax, ay arvad, indi biz gedirik. Axşama kimi sənə möhlət verirəm. Axşam Qasıməlini göndərəcәyəm ki, səndən ya hə, ya yox cavabını alsın. And olsun o bizi yaradana, əgər naz-qəmzə eliyəsən, mən səni qoymaram ki, bu kətdə baş dolandırasan. Axırı heç olmasa götürüb nəçərnikə yazaram ki, filan arvad ərindən küsüb, gedib pis yola düşübdü. And olsun o pərvərdigara ki, yazaram!"

Сəmisi çıxdı eşiyə Vəliquludan savay. Vəliqulu da şəhadət barmağını anasının üstə qovzayıb dedi:

"Bax, ay ana, mən sənə deyirəm ki, Qasıməliyə yox cavabı versən, mən elə bu gün ayrılıb gedəcәyəm qaynatamgildə qalacağam. Bir aydan da sonra özümə toy edib, dəxi sənə ana demiyәсәyəm. Vəssəlam. İndi hələ xudafiz."

Vəliqulu da çıxdı.

Zeynəbin işi çox pis yerə gəldi dayandı. Hər zad bir yana, Vəliqulunun acıq eliyib ayrılmağı və evə gəlməməyi bir yana. Yazıq övrət nə eləsin? Məgər ev kişisiz ötüşər? Onda da bu cür vilayətdə. Qərəz, bu müsibət böyük müsibətdi.

Zeynəb bucaqda ayaq üstə durmaqdan lap yoruldu. Qıçları ağrayıb sızıldayırdılar. Kişilər çıxan kimi gəldi oturdu və uşaqlarını aldı qucağına. Binəva balalar ağlamaqdan lap yorulmuşdular. Qızların ikisi Zeynəbin qucağında şirin yuxuladılar. Zeynəb bir qədər ağlayıb, başını dayadı divara və cumdu fikrə.

Mən istərdim Zeynəbin indiki halını sizə məlum edim, onun dərdini söyləyim, onun fikir-xəyalını, qəmini, qüssəsini və qəlbinin sıxılmağını açıb bəyana gətirim: o cəhətə istəmirəm ki, qorxuram sizi də ağlamaq tuta. Amma nə eləmək, mən genə gərək borcumu əda eləyim.

Zeynəb indi bu saat qalmışdı iki divarın arasında: biri o tərəfdən sıxırdı, biri də bu tərəfdən. Nə qədər çalışırdı bu iki divarın arasından bir tövr ilə, bir fənn ilə çıxıb qaçsın, əsla mümkün olmurdu. Bu divarların biri Xudayar bəyə getməkdi, biri də getməməkdi.

Xudayar bəyə getmək fikri Zeynəbi o cəhətə divar kimi sıxırdı ki, Zeynəb Xudayar bəydən elə irgənirdi, neсә ki, insan qurbağadan irgənər. Pəs neсә ki, insana qurbağanı elə alıb qoynuna qatmaq nagüvara gələr, elə də, bəlkə bundan artıq, Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb, ona ər demək nagüvara və naxoş örünürdü. Xudayar bəyə getməmək fikri də Zeynəbi o səbəbə divar kimi sıxırdı ki, Zeynəbə, sözün vazehi, artıcaq xof üz vermişdi. Hünər gərək bu guppultunun, bu əziyyətin, bu rüsvayçılığın, bu hərbə-qadağanın, qazının, nəçərnikin, mollanın, qlavanın, şahıdların, camaatın və Vəliqulunun qabağına çıxıb tab eləsin və kəllə-kəlləyə versin! Bu hünər nəinki Zeynəbin, bəlkə onun babasının da qüvvəsindən felə gəlməzdi.

Yəni insafən nə eləsin yazıq Zeynəb? Bir yandan Vəliqulu ayrılıb qoyub gedəcәk. Pəs əkin neсә olsun? Mallar neсә olsun? Ev-eşik, zəmi, alver neсә olsun? Bir yandan şəhərə getmək və nəçərnik yanında biabırçılıqla cavab vermək dərdi.

Ya xeyr, ola bilər ki, qlava Zeynəbi heç şəhərə də göndərməsin. Hazır qazı ona rəsmi izharnamə göndərib. İndi bu saat qlavanın külli ixtiyarı var Zeynəbi versin Qasıməlinin dalına və aparıb salsın Xudayar bəyin evinə. Qlava da, söz yox, eləyәсәk. Əvvəla ondan ötrü eləyәсәk ki, bu işlər onun borcudur. İkinci də ki, bizə məlumdur ki, qlava Xudayar bəyin anasını siğə eləyibdi. Pəs Xudayar bəy olur onun ögey oğlu. Pəs elədə yəqin qlava bu işin üstünə düşüb. Hər yolnan olmuş olsa, bu işi aşıracaq. Zeynəb özü ağlı kəm övrət deyil, bunların hamısını çox yaxşı başa düşürdü.

İki saat tamam Zeynəb bu cür xəyalata məşğul idi ki, qapı açıldı. Qasıməli girdi içəri.

"Nə deyirsən indi, bacı? Sözün nədi? Mən indi gedim qlavaya nə deyim? Razısan, ya yox?"

İndiki halında Zeynəb bənzəyirdi bir elə şəxsə, hansı ki, zəhər şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, ya yox? İçməsə dərd, qüssə və qəm onu öldürəcәk, içsə zəhər öldürəcәk. "Pəs məsləhət budur ki, içim" — deyib şüşəni çəkir başına.

Zeynəbə razıçılıq cavabı vermək zəhər içmək mənziləsində idi. Elə ki, Qasıməli sualını bir də təkrar elədi, Zeynəb hamı gücünü yığıb və üzünü qırışdırıb cavab verdi:

"Razıyam."

XİTAMӘ**

Əhvalatdan üç il keçib, dördüncü ilə ayaq qoyurdu. Qış fəsli idi. Kiçik çillənin çıxmağına on gün qalırdı. Günorta vaxtı idi. Hava xoş idi. Hərçənd havada bir az sazaq var idi, amma günün təsiri bilinirdi. Hava xoş olmaq cəhətə kəndlilər divarların dibinə düzülüb və yanlarını yerə verib, məşğul idilər söhbətə. Məhəmmədhəsən əminin damının dalında divarın dibində üç-dörd kişi oturub danışırdılar. Bu heyndə küçə ilə bir qəribə kəndli qabağında beş-on yüklü eşşək yolnan keçirdi. Eşşəklər yavıqlaşdılar və istəyirdilər keçsinlər, oturanların içində bir qoca kişi qaçıb və eşşəklərin içinə özün soxub bir çal eşşəyin başını qaytardı və durdu diqqətlə eşşəyin o üzünə-bu üzünə baxmağa. Eşşəklərin sahibi əlbət elə güman elədi ki, qoca kişi eşşək almaq istəyir, qaçdı qabağa və o biri eşşəklərin başını "çoçə" deyə-deyə qaytarıb, saxladı yolun ortasında və gəldi çal eşşəyin yanına. Qoca kişi gah eşşəyin qabağına keçir, gah dalına keçir, başına baxır, qıçlarına baxır, quyruğuna baxır. Sonra da ağzını açdı, dişlərinə baxdı. Eşşək sahibi başladı eşşəyi tərifləməyə:

"And olsun allaha belə eşşək olmaz. Bu eşşəkdən hünər əskik deyil. Görürsən nə qədər yük çatmışam. Düz yeddi pud yükdü. Əgər almaq meylin olsa, sənə ucuz da verərəm."

Qoca kişi genə eşşəyin ağzını ayırıb, diqqətlə ağzına baxandan sonra başını qovzadı və üzünü tutdu eşşək sahibinə:

"Qardaş oğlu, bu eşşəyi sən kimdən almısan?"

"Əmi, nə vecinə kimdən almışam! Həyə alacaqsan, al, almayacaqsan qoy gedim, məni avara eləmə."

Qoca kişinin yoldaşları da bir zad başa düşüb durub gəldilər yavığa.

Qoca kişi üzünü onların birisinə tutub dedi:

"Məşədi Oruc əmoğlu, gəl bir sən də bu eşşəyə bax. Bu eşşək məni bir az şəkkə salır."

Görükür ki, eşşək sahibi özü də bir zad duydu çünki qoca kişi bu sözü deyən kimi eşşəyin dalına bir-iki dəyənək ilişdirib, istədi eşşəyi sürüb gedə. Amma qoca kişi qoymadı. Məşədi Oruc da qoca kişi kimi eşşəyi diqqətlə vəravürd eyləyib, üzünü tutdu qoca kişiyə:

"Məhəmmədhəsən əmi, mən bilirəm sənin şəkkə düşməyini. Sən eşşəyi öz eşşəyinə oxşadırsan."

Genə eşşək sahibi eşşəyə bir-iki dəyənək yendirib, istədi sürüb gedə, Məhəmmədhəsən əmi və Məşədi Oruc qoymadılar. Qalan kəndlilər də yığışdılar və eşşəyi əhatə edib, baxırdılar eşşəyin o üzünə-bu üzünə. Məhəmmədhəsən əmi üzünü eşşək sahibinə tutub dedi:

"Qardaş oğlu, səni and verirəm on iki imama doğrusunu de görüm bu eşşəyi kimdən almısan?"

"Əmi, and olsun allaha, mən bu eşşəyi indi düz beş ildi qarabağlıdan almışam on bir manata."

Bir az vaxtdan eşşəyin başına bəlkə əlli adam cəm oldu. Hər yetişən — ki, Məhəmmədhəsən əminin itən eşşəyini tanıyırdı, — təsdiq elədi ki bu eşşək Məhəmmədhəsən əminin öz eşşəyidir. Məhəmmədhəsəi əmi yapışdı eşşək sahibinin yaxasından və çəkə-çəkə çıxardı adamların içindən ki aparsın qlavanın yanına. Qlava haman Kərbəlayı İsmayıl idi.

Məhəmmədhəsən əlini eşşəkçinin qurşağına salıb çəkə-çəkə apardı. Bu heyndə Xudayar bəyin başında şikarə papaq, əynində mahut çuxa, ağ tuman və əlində zoğal ağacı döngədən çıxıb və cəmiyyəti görüb yavıqlaşdı adamların içinə. Məhəmmədhəsən əhvalatı nağıl elədi və şikayətini eləyəndən sonra Xudayar bəy adamları aralayıb, gəldi eşşəyin yanına və diqqətlə o tərəf-bu tərəfinə baxıb eşşəyi tanıdı.

"Bəli, bu Məhəmmədhəsən əminin eşşəyidir." — Sonra üzünü eşşəkçiyə tutub soruşdu:

"Ədə, bu eşşəyi sən hardan almısan?"

Eşşəkçi Məhəmmədhəsən əmiyə verdiyi cavabı Xudayar bəyə də verdi. Amma gözünə döndüyüm Xudayar bəy dəyənəyi qaldırdı göyə. Nə yemisən, turşulu aş. Eşşəkçiyə bir ağac, iki ağac, üç ağaс…. Ta o qədər vurdu ki, yazıq kişi düşdü Xudayar bəyin yaqlarına, başladı yalvarmağa ki, eşşəyi alsın, dəxi onu döyməsin.

Bu cür eşşək tapıldı.

Xudayar bəy Qasıməlini qoşdu eşşəkçinin yanında ki, aparıb onu kəndin kanarından ötürsün qırağa və bərkən-bərk eşşəkçiyə tapşırdı ki, bir də buralara üzü dəyməsin.

Məhəmmədhəsən əmi Xudayar bəyə dua eyləyə-eyləyə eşşəyi sürdü və aparıb qatdı tövləsinə. Amma təәсcüblü şey budur ki, indiyə kimi Məhəmmədhəsən əminin oğlu Əhməd görükmür. İndiyə kimi bu qədər qışqırığa bu qədər cəmiyyət yığışıb, nə Əhməd adamların içinə gəldi, nə də Məhəmmədhəsən əminin övrəti başını qapıdan eşiyə uzatdı ki, görsün bu nə mərəkədi.

Əhməd də ölübdü, Məhəmmədhəsən əminin övrəti də ölübdü. Əhmədi bildir boğaz ağrısı tutub öldü. Anası onun iki ay qüssəsini eyləyib, axırı bir dərdə mübtəla oldu və ömrünü bağışladı Məhəmmədhəsən əmiyə. Amma Məhəmmədhəsən əmi indiyədək and içir ki, Əhmədi də, övrətini də eşşəyin dərdi öldürdü.

Qərəz, eşşək tapıldı.

Eşşəyi Məhəmmədhəsən əmiyə tapşırıb, Xudayar bəy adamların içindən çıxdı və gəldiyi dar küçə ilə gedib, bir yekə darvazadan girdi böyük həyətə. Həyətin sol tərəfində Vəliqulu əynində cındır qədək arxalıq və başında köhnə boz papaq, kürəklə peyin sərirdi. Xudayar bəy Vəliqulunun yanından düz keçdi və sağ səmtə səkinin yanında durub çığırdı:

"Ay qız, Ziba, o lüleyini bir gətir mənə."

Ev qapısı açıldı. Yeddi-səkkiz yaşında bir göyçək qız uşağı əlində lüleyin eşiyə çıxıb, gətirdi lüleyini Xudayar bəyin yanına qoyub, titrəyə-titrəyə qayıtdı evə. Xudayar bəy başladı dəstəmazı.

Bu qızı biz tanıyırıq. Bu qız Zeynəbin qızı Zibadır. Zibanın üst-başına baxan kimi görsənirdi ki, bu qız yetim qızdı. Əvvala budur ki, paltarlarının hamısının köhnəliyindən başqa, özgə əynindən çıxma paltara oxşayırdı. Solmuş qırmızı çitdən dizlik Zibanın ayaqlarının üstünə düşmüşdü. Amma özününkü olsa idi gərək gödək olaydı. Köhnə qara laskirddən arxalıq gen və uzun olmaq cəhətə həmçinin özgə arxalığa oxşayırdı. Başında var idi köhnə qara çarğat, ayaqlarında yekə kişi başmağı.

Xudayar bəy dəstəmazı alıb girdi içəri.

Xudayar bəy girən bir xırda ağ otaqdı. Yuxarı başda kürsü qoyulubdu. Kürsünün üstə salınıb rəğbətli yekə yorğan, yorğan üstündən rəğbətli cecim. Otağın işıq gələn yeri iki xırda akuşkadır. Akuşkalar təzə akuşkaya oxşayırlar. Qalan üç divarın hərəsində iki taxça; taxçalarda düzülüb mücrü, mis və çini qab, boğça. Bir taxçada var bir qəlyan. Sol səmtdən divara iki-üç mis məcməyi dayanıbdı. Fərşə salınıb üç-dörd tikə palaz və kobud kənd xəlçəsi. Kürsünün üstə nimçə və üstə qoyulub samavar. Samavar təzə dəmə qoyulubdu. Xulaseyi-kəlam, bu ev kəndə görə çox səliqəli evdir.

Xudayar bəy otağa girəndə yuxarı başda kürsüyə bir cavan övrət oturmuşdu. Bu övrətin olar on dörd, on beş sinni, artıq olmaz. Bu övrətin göyçəkliyi və çirkinliyi barəsində heç bir söz demək olmaz. Səbəbi odur ki, bu övrət indiki halətdə üzünə o qədər ənlik, kirşan, rasıx və gözlərinə o qədər sürmə çəkib ki, əsl surəti bəzəklərin içində lap gizlənibdi. Qərəz, bu cavan övrət özünə kəndə layiq bəzək veribdi.

Xudayar bəy keçdi oturdu kürsünün yuxarı başından. Cavan övrət kürsünün üstə qabağına iki stəkan qoyub, məşğul idi onları yuyub dəstmallamağa.

Qapıdan girən yerdə, sağ tərəfdə durmuşdu Ziba qucağında uşaq yorğançasına bükülmüş qız uşağı. Uşaq ağlayırdı. Ziba onu ovutmaqdan ötrü atılıb düşürdü və öz-özünə mıqqıldaya-mıqqıldaya uşağın ağlamağının dəmini tuturdu.

Cavan övrət bir stəkan çay töküb, qoydu Xudayar bəyin qabağına, bir stəkan töküb qoydu öz qabağına; sonra Zibanı çağırıb uşağı aldı və saldı döşünə. Uşaq ovundu. Ziba çəkildi durdu kənarda və divara dayanıb, əllərini saldı yanına.

Xudayar bəy stəkanı çəkdi qabağına və dalını genə yükə təkyə eyləyib, üzünü tutdu Zibaya.

"Qız, anan genə ağlıyır?"

"Anam elə ha ağlıyır. Ağlamaqdan gözləri lap tutulubdu."

Xudayar bəy ucadan xa … xa … xa … çəkib genə dedi:

"Xa … xa … xa…. Niyə ağlıyır? Əri Kərbəlayı Heydər yadına düşüb?"

Qız cavab verdi:

"Yox, dadaşımdan ötrü ağlamır, səndən ötrü ağlıyır."

"Xa … xa … xa…. Məni yəni o qədər istiyir?"

"Yox istəməkdən ötrü ağlamır. Deyir məni boşasın."

Qız bu sözü deyən kimi guya ki, Xudayar bəyi bir ilan sancdı. Xudayar bəy cəld ayağa durub, hücum çəkdi Zibanın üstə. Qız övdən çıxıb qaçan vaxtda ayağı ilişdi astanaya, üzü üstə dəydi yerə. Xudayar bəy yetişdi. Zibanın başına-gözünə bir-iki yumruq vurub, baxdı gördü ki, qızın burnundan qan gəlir. Həyətdən Vəliqulunu çağırdı ki, bacısını götürüb aparsın evlərinə və özü də töyşüyə-töyşüyə, rəng-ruhu qaçmış gəldi oturdu yerinə.

Cavan övrət oturduğu yerdə oturub, dinməz-söyləməz vaqeəyə tamaşa eləyirdi. Vəliqulu yapışdı Zibanın əlindən və hər ikisi üz qoydular evlərinə səmt.

Xudayar bəy bu sözdən ötrü hal-təbdən çıxdı; Xudayar bəy həmin dəqiqə hal-təbdən çıxdı ki, Ziba dedi:"Anam deyir məni boşasın. Lazımdır əhvalatı təfsilən nağıl eləmək."

  • * * * *


Zeynəb Xudayar bəyin evində altı ay yarım qaldı. Və bu altı ay yarımın ərzində Zeynəbin anadan əmdiyi süd burnunun dəliklərindən gəlib töküldü. Zeynəbi incitməklikdə onun tək bircə məramı var idi, Xudayar bəyin qəsdi Zeynəbin və səğirlərin var-yoxuna, puluna və mülkünə sahib olub, Zeynəbi çölə ötürmək idi. Zeynəb özü bunu çoxdan başa düşmüşdü. Amma nə qədər Xudayar bəy onu bu xüsusda incidib dara qısnayırdı, döyürdü, söyürdü, amma Zeynəb hər bir əziyyətə tablaşıb, Xudayar bəyin təkliflərinə əbədən razı olmurdu.

Axırı iş o yerə çatdı ki, Xudayar bəy Zeynəbi soyundurdu və bir qaranlıq dama qatıb onu ac və susuz saxladı ki, bəlkə yumşala. Amma daşı da bu tövr sıxsan yumşalar. Zeynəb axırı yumşaldı. Xudayar bəyin nə qədər ki, arzusu var idi, hamısı bəravürdə oldu.

Amma Zeynəb də bu əmrə bir şərtlə razı oldu. Şərt bu oldu ki, Xudayar bəy pullara sahib olan kimi, Zeynəbi boşasın. Xudayar bəy razı oldu. Zeynəb dəxi arxayın olmaqdan ötrü Xudayar bəyi qurana and verdi. Xudayar bəy əlini qurana basıb and içdi.

O pullar ki, Zeynəbin ixtiyarında idi, bəzisini Zeynəb yerə quyuluyub gizlətmişdi, bəzisi özgədə idi. Bunların hamısı yetişdi Xudayar bəyin təhvilinə. Və bundan əlavə Xudayar bəyə genə çox zad yetişdi: qızıl, gümüş, paltar, fərş, mis qab-qaşıq və bu cür şeylər.

Xülaseyi-kəlam, Zeynəb mürurnan əri Kərbəlayı Heydərin evini daşıyıb, tökdü Xudayar bəyin evinə. Vəliqulunun bu barədə heç bir sözü yox idi. Vəliqulu deyirdi ki, hər nə olur-olsun ancaq onun yarı səlamət olsun. Vəliqulu nəinki bu işlərə mane olmurdu, bəlkə hələ Xudayar bəyə köməklik verirdi.

Xudayar bəy Zeynəbin, səğirlərin və Vəliqulunun dövlətinə malik olan kimi, Zeynəb axırı arzusuna yetişdi; yəni Xudayar bəyin evindən yığışıb gəldi öz evinə.

Hərçənd indi Zeynəbin evində iki həsirdən başqa bir şeyi yox idi; amma Zeynəb elə bildi onu məlaikələr cəhənnəmdən çıxardıb behiştə daxil elədilər.

Zeynəb Xudayar bəydən ayrılan kimi xalq elə bildi ki, Zeynəbi Xudayar bəy boşayıbdır. Nəinki xalq, bəlkə Zeynəb özü də, Vəliqulu da, qərəz, hamı Zeynəbi boşanmış bilirdi. Amma Zeynəbi Xudayar bəy boşamamışdı və əbədən boşamazdı. Səbəbini indi üç-dörd sətirdən sonra ərz edərik.

Amma söz burasındadır ki, indi Zeynəbin işi dəxi pis yerə gəlib çatdı. Bahar açılan kimi Xudayar bəy zəmilərə cüt göndərib başladı sürdürməyi. Əkilmiş zəmiləri özü öz malı kimi biçirdi, döyürdü və mədaxili öz babasından qalan malı kimi gətirib tökürdü evinə. Zeynəb qaldı ac-çılpaq və sahibsiz. Bu övqat Fizzə qızı öldü. Zeynəbin dərdi dəxi də artdı. Kim bilsin, bəlkə yazıq qız acından öldü?! Axırı Xudayar bəyin yazıq övrətə bir az rəhmi gəldi. Vəliqulunu özünə cütcü, Zibanı qarabaş tutdu ki, Zeynəbin işi bir az yüngülləşsin. Vəliquluya və Zibaya Xudayar bəy o qədər icrət təyin elədi ki, Zeynəb acından ölməsin.

Xudayar bəy iki səbəbdən ötrü Zeynəbi boşamadı və boşamazdı. Xeyr, boşamazdı. Xudayar bəy çox ağıllıdı. Əvvala ondan ötrü boşamazdı ki, hələ Zeynəbin vaxtı lap keçməmişdi ki, Xudayar bəy ondan əl üzə idi. Əgər Zeynəbin Xudayar bəyə bir tikə məhəbbəti olaydı, Xudayar bəy onu evindən kənar eləməzdi. Gərək insafnan danışmaq, Zeynəbin kənar olmaqlığına Zeynəb özü bais oldu. Ondan ötrü ki, Xudayar bəyin evinə gələndən, Zeynəbin üzü əsla, qətiyyən gülmədi. İkincisi o səbəbə Xudayar bəy Zeynəbi boşamazdı ki, qorxurdu şərir adamların birisi Zeynəbi ala və başlaya Xudayar bəydən səğirlərin mal-mülkünü iddia eləyə. Bu ikinci səbəbə görə boşamaq ortalığa gələndə Xudayar bəy az qalırdı dəli-divanə olsun. Hər kəs onun yanında boşamaq söhbəti salsaydı, gərək doyunca kötək yeyəydi.

Pəs Zibanı Xudayar bəy bu səbəb qovladı və döyüb burnunu qanatdı.

Zeynəb Xudayar bəyin evindən gedəndən iki ay sonra övrəti öldü və Xudayar bəyə evlənmək lap vacib oldu. Xudayar bəy çoxdan Qasıməlinin bacısını gözaltı eləmişdi. Müxtəsər, Qasıməli bu şərtlə razı oldu ki, Xudayar bəy də öz qızını versin Qasıməliyə. Xudayar bəy xoşhallıqnan razı oldu.

Əvvəl Vəliqulu çox atılıb düşdü, ağladı sızladı, bir az qüssə elədi. Amma Xudayar bəyin qorxusundan əhvalını əsla büruzə vermədi. Bir az keçdi, hər bir şey yaddan çıxdı. Sonra Vəliqulu özü də başa düşdü ki, ona hələ hamısından vacib çörək qazanmaqdır.

Pəs indi kürsünün başında oturan ənnikli-kirşanlı cavan övrət Qasıməlinin bacısı və Xudayar bəyin təzə övrətidir. İndi üç aydır bu övrətdən Xudayar bəyin bir qızı olubdu. Adını qoyublar Xoşqədəm. Haman qız Zibanın qucağında ağlayan uşaqdı.

Vəliqulu və Ziba ağlaya-ağlaya gəldilər evlərinə. Zeynəb haman biz gördüyümüz evdə — ki, indi heç bir şey qalmayıbdı, -köhnə palaz üstə oturub dizlərini qucaqlayıb, gözlərini dikmişdi səqfə; guya ki, pərdiləri sayır. Zeynəbin libası lap halına müvafiq gəlirdi; yəni lap mündər idi. Sifəti də biz gördüyümüz sifət deyil. Bu dörd ilin ərzində lap qocalıbdır. Ziba ağlaya-ağlaya girdi içəri. Vəliqulu onun dalınca. Zeynəb cəld və hövlnak durub qaldı qızının qabağına və əhvalatı soruşdu. Vəliqulu nağıl elədi. Ziba ağlaya-ağlaya girdi anasının qucağına. Ev qaranlıq olmaq cəhətə Zibanın burnunun qanı seçilmirdi. Vəliqulunun ancaq indi yadına düşdü ki, Ziba anasının üst-başını qana batıracaq; üzünü tutdu Zeynəbə:

"Ana, Zibanın burnu qanıyıbdı, qoyma sürtsün üstünə."

Zeynəb Zibanı qucaqlayanda gördü ki, qızının üst-başıyaşdı. Amma elə xəyal elədi ki, göz yaşıdır. Vəliqulu bir də xəbərdarlıq elədi:

"Ana, axı Ziba səni buladı qana."

Zeynəb cavab vermədi. Vəliqulu çıxdı eşiyə. Çünki axşama az qalırdı gərək gedib malları suvara idi; yubansa Xudayar bəy mərəkə qalxızar.

Ziba anasının qucağında bir az ağlayıb yuxuladı.