Dardadır
Müəllif: Aşıq Valeh
Mənbə: Aşıq Valeh (1729 - 1822) (az). shahbulaq.az (11.02.2013). Yoxlanılıb 2015-04-22.

Coşğun eşqim, gəl mənimlə həmdəm ol,
Qeydə qalaq, bir sirdaşım dardadır.
Qəvvaslıq et, sirri-xilqət bəhrinə,
Candan əziz bir yoldaşım dardadır.

Aşıq Mahmud bir ustaddı dağ kimi,
Aşıq Soltan bir meyvəli bağ kimi,
Aşıq Əhməd bil saralıb yağ kimi,
Yol gözləyir, bir qardaşım dardadır.

Aşıq Valeh sənətində yanılmaz,
Zər olmasa, zərgər adı anılmaz,
Odda qızarmasa, polad yonulmaz,
Can ayrılıb candan, başım dardadır.