Dayının bacıoğluya cavabı
Dayının bacıoğluya cavabı Müəllif: Səməd Mənsur |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bacıoğlu, a qırışmal, bu nə sözdür, nə kələk?
Aramızda a gədə, “sən” nə demək, “mən” nə demək?
“Bu sənin, o biri mənim” yazdığını anlamadım.
Sərhədindən dışarı sən deyəsən atdın addım.
Mən dayı, sən bacıoğlu, sən uşaq, mən yekəyəm,
Sən bir ovlaq kimi şeysən sürüdə, mən təkəyəm.
Görünür boşdu başın, yoxdu sənin mərifətin,
“Bölüşək” nə? A ədəbsiz, gicişir yoxsa ətin?
Naəlac oldum əzəldən sənə tapşırdım işi:
Çaşaraq yoxsa sanırsan özünü sən də kişi?
Sənə verdim kabinet, avtomobil, portfeli,
Əqlini aldı başından səni lap etdi dəli.
“Mən”, “mənim” bir də desən, bax kəsərəm lap dilini,
Bir də dinsən verərəm qoltuğuna zənbilini.
Əbləh oğlu, səni qoydum ora huşyar olasan,
Tutasan göz qabağın, bir uca divar olasan.
Arxada mən işimi sazlayım, əncama salım,
Azəri türklərini qafil edib damə salım.
Əbləhanə bu xəyalatı başından uzaq et!
Gecə ye bozbaşını, iç çayını, get işə yat!
Yer mənim, neft mənim, kənd ilə xırman da mənim.
Qəsəbə, şəhr mənim, bağ ilə gülşən də mənim.
Ortağım yoxdu dənizdə, quruda, dağ-daşda,
Bir özün yaxşı düşün, var isə ağlın başda?
Sən özün, varü-yoxun, əhlü-əyalın da mənim,
Baxışın, tərpənişin, fıkrü xəyalın da mənim.
Adə russan? Malorus, ermənisən? Sarsaq adam,
Səni millət sanaraq qeydinə bir zərrə qalam?
Sən unutma ki, mənim bəndeyi-fərmanımsan!
Əmrimə etsən itaət, gözəl oğlanımsan!
Sözümə baxmasan, onda çəkərəm Moskvaya!
Səni də bənd edərəm adı görünməz yuvaya.