De bir üz, bir üz (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
De bir üz, bir üz (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Camal ovçusuyam mən bu cahanda,
Müştağam gəzirəm, de bir üz, bir üz.
Şadi-kam olmadım fani dünyada,
Fələk də mənimlə de bir üz, bir üz.

Ülvən çaldı, kimdi dərgaya daldı?
Divi bəndə saldı, dər gəya daldı?
Cəbrayıl qərq oldu dərgəya daldı?
Yandırdı şapərin de bir üz, bir üz.

Musa səcdə qıldı Turu sənada,
Minacat eylədi Turu sənada.
Haqqa nə danışdı Turu sənada?
Gəlirdi kəlməsi de bir üz, bir üz.

Açıldı asimandan didar dər indi,
Pərdeyi-hicabatdan didar dər indi.
Nuru təcəlladan didar dər indi,
Göründü gözümə de bir üz, bir üz.

Məmmədhüseyn deyər, dərd az alımı?
Əhdim budur düşə dərdə zalımı.
Davasız xəstədən dərd azalımı?
Loğman təkin deyər de bir üz, bir üz.