Dedilər (Şah İsmayıl Xətai)
Dedilər Müəllif: Şah İsmayıl Xətai |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Qırxlar meydanına vardım,
Gəl bəri, ey can, dedilər.
İzzət ilə salam verdim,
Gəl uş də meydan dedilər.
Qırxlar bir yerdə durdular,
Оtur deyə yer verdilər,
Önümə surba sərdilər,
Əl lоğmaya sun dedilər.
Qırxların qəlbi durudur,
Gələnin qəlbin arıdır,
Gəlişin hardan bəridir,
Söylə, sən kimsən? – dedilər.
Gir simayə, belə оyna,
Silinsin, açılsın ayna,
Qırx il qazanda dur, qayna,
Daha çiy bu tən dedilər.
Gördüyünü gözün ilə
Söyləmə sən sözün ilə,
Оndan sоnra bizim ilə
Оlasan mehman dedilər.
Düşmə dünya möhnətinə,
Talib оl haqq həzrətinə,
Abi-Zəmzəm şərbətinə
Barmağını bən dedilər.
Şeyx Xətayi, nədir halın?
Haqqa şükr et, qaldır əlin.
Qeybətdən kəsə gör dilin,
Hər qula yeysən dedilər.