Dedim, deməmiş olum

Dedim, deməmiş olum
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Səadət Hacıyeva. Nanaylı-halaylı dünyam (PDF) (az.). "SkyG". 2017. ISBN 978-9952-440-08-05. İstifadə tarixi: 2017.

Çox yaxın iki rəfiqə olur. Biri səliqəli, biş-düşlü, ailəcanlı, evinə, ailəsinə sədaqətli və əxlaqı təmiz olur. Digər rəfiqə isə bunun tamam tərsi olur. Di gəl ki, düzgün olanın əri adam çərlədən, hər şeyə bəhanə tapıb danışan, arvadının canını boğazına yığan olur. O biri rəfiqənin əri isə arvadını çox sevən, başına dolanan, arvadı nə istəsə onu eləyən olur.
Bir gün bu rəfiqələr dərdləşəndə əxlaqı və xasiyyəti gözəl olan əyri təbiətli olan rəfiqəsinə deyir:
– Daha mən də sənin kimi əyri olacam, bəlkə ərim qiymətimi bilə.
Rəfiqəsi gülüb deyir:
– Heç zəhmət çəkmə, sən bacarmazsan.
– Niyə? Səndən çirkinəm, nə təhər olur, sən kefin istədiyini eliyirsən. Üstəlik ərin də başına dolanır. Mənimki isə canımı boğazıma yığır. Yox, daha mən də sənin kimi olacam.
O birisi deyir:
– Zəhmət çəkmə, bacarmazsan.
O deyir:
– Yox, bacaracam.
Belə olanda, əyrilik eliyən rəfiqəsinə məsləhət verir:
– Gəl sınayaq. Bu gün bir şey bişir özün ye, hər şeyi yığışdır, ərin gələndə qaş-qabağını tök. Yemək istəsə, heç nə bişirməmişəm de. Sonrasına baxarıq.
Beləcə şərtləşib ayrılırlar.
Gəlin gəlir evinə. Qış olduğu üçün qəşəng bir xaşıl bişirir. Yağla, qurutla yeyir. Qab-qacağı yuyur. Hər şeyi yığışdırıb oturur cəhrənin başında. Başlayır yun əyirməyə. Bir az keçir, əri gəlir. Arvadını qaş-qabaqlı görüb hirsli-hirsli yemək istəyir. Arvadı halını pozmadan heç nə bişirmədiyini söyləyir. Əri qışqırıb deyir:
– Bişirməmisən? Bəs o xaşıllı qaşıq nədi qoymusan cəhrənin yanına?
Gəlin görür ki, xaşılı qarışdırdığı qaşıq yadından çıxıb cəhrənin yanında qalıb. Bir söz demədən tez yerindən durur. Ərinə əppəkaşı bişirib onu rahatlayandan sonra qaçır qonşuya. Rəfiqəsinə deyir:
– Yox, bacı. Mən bir xaşılı gizli yeyə bilmədim. Məndən elə şeylər çıxmaz. Sən deyəndi, doğrudan, mən bacara bilmərəm. Dedim, deməmiş olum!