Dedin, nə dedi (Mirzə Məhəmməd Katib)
Dedin, nə dedi Müəllif: Mirzə Məhəmməd Katib |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Badi-səba, mənim ərzi-halımı,
O vəfalı yara dedin, nə dedi?
Eşqi sevdasında dərdi-sərimi,
Gözləri xumara dedin, nə dedi?
Çoxlar siyah zülfün sərgərdanıdır,
Pərişan zülfünün pərişanıdır,
Könül o zəncirin bəndivanıdır,
Uyubdur şahmara dedin, nə dedi?
Aşiqlərin bikamalı deyiləm,
Sirri-dəhanından hali deyiləm,
Xalı görüb dərddən xali deyiləm,
Dərdimizə çara dedin, nə dedi?
Bir ah çəkim, yansın baği-zəmanə,
Rəqiblərin rəngi dönsün xəzanə,
Sən o şux tərlana, ruhi-rəvanə
Uymasın əğyara dedin, nə dedi?
Mənim getməz ürəyimin qubarı,
Onun həmsöhbəti, kim oldu yarı?
Bir yada salmadı Katibi-zarı,
Saldı ahü zara dedin, nə dedi?