Demədimmi (Molla Cuma)
Demədimmi Müəllif: Molla Cuma |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Bivəfadan aşna tutma
Könül, sənə demədimmi?
Yaradan Haqqı unutma,
Könül, sənə demədimmi?
Nəsihətdən çıxmaginən,
Özün oda yaxmaginən,
Hər yetənə baxmaginən,
Könül, sənə demədimmi?
Gözəllərdə vəfa olmaz,
Daim duran belə qalmaz,
Ay mədəd, yar yenə gəlməz,
Könül, sənə demədimmi?
Ey könül, eşqə dolarsan,
Xəcalətdən tez solarsan,
Bir günü peşman olarsan
Könül, sənə demədimmi?
Ey könül, qazanın daşır,
Dərdi-qəmin başdan aşır,
Molla Cuma gözdən düşür,
Könül, sənə demədimmi?