Deməsin (Növrəs İman)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Deməsin
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 35-36

Hədyan söz danışan, hədyan eşidər,
İnsan olan mana hədyan deməsin.
Eybim olsa, qoy söyləsin üzümə,
Sonradan dalımca böhtan deməsin.

Əyri sözlə işim yoxdu, yəqin bil,
Doğru yola çalışıram müttəsil.
Çarxı-gərdiş bəd dolanır ilbəil,
Tapılmayır məndə nöqsan, - deməsin.

İman deyər, eşq odunda yanıram,
Özümdən böyükdən çox utanıram.
İşarədən mətləbini qanıram,
Heç kim öz dastuna düşman deməsin.