Demokratik siyasi qüvvələrin birgə bəyanatı
Demokratik siyasi qüvvələrin birgə bəyanatı (5 sentyabr 2008) |
Azərbaycan müxalifəti təəssüf hissi ilə bəyan edir ki, Avropa Şurası, ATƏT və digər nüfuzlu təşkilatların da təsdiq etdiyi kimi, son illərdə ölkəmizdə keçirilmiş seçkilərin (prezident, parlament, bələdiyyə, referendum) heç biri beynəlxalq standartlara uyğun olmamışdır. Seçkilərin elan edilmiş nəticələri xalqımızın iradəsini əks etdirməmişdir.
Seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Şurası, ABŞ, Avropa Birliyi və digər nüfuzlu beynəlxalq qurumlar Azərbaycan hökumətinə dəfələrlə tövsiyələr təqdim etmiş, azad və ədalətli seçkilərin keçirilməsi üçün öz köməklərini təklif etmişlər.
Bütün bunlara baxmayaraq, 2005-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələrini saxtalaşdırdıqdan sonra Azərbaycan hökuməti demokratik azadlıqları və insan hüquqlarını daha da qətiyyətlə və məqsədyönlü şəkildə məhdudlaşdırmış, beynəlxalq ictimaiyyətin və ölkənin demokratik qüvvələrinin bütün səylərinə baxmayaraq seçki qanunvericiliyini təkmilləşdirmək istiqamətində ciddi addımlar atmamış, əksinə, Seçki Məcəlləsinə mürtəce xarakterli dəyişikliklər etmiş, seçki komissiyalarının hazırkı formatı saxlanmışdır.
Seçkilərin mütəmadi olaraq saxtalaşdırılmasından ən çox zərər çəkən, eləcə də ölkəmizdə demokratiya və azadlıqların bərqərar olunmasını özünün proqram məqsədi elan etmiş Azərbaycan müxalifəti azad və ədalətli seçkilərin keçirilməsi üçün seçkiqabağı demokratik şəraitin yaradılmasının, seçki qanunvericiliyində əsaslı islahatların aparılmasının, seçki komissiyalarının iddialı, tərəflərin qarşılıqlı etimadı əsasında təşkil olunmasının, seçki kampaniyası dövründə bərabər təbliğat imkanlarının yaradılmasının vacibliyini dəfələrlə vurğulamışdır.
Azərbaycan müxalifəti dəfələrlə beynəlxalq qurumların və hökumətin diqqətini mövcud qeyri-demokratik vəziyyətə cəlb etmiş, siyasi islahatlar və qanunvericilik təşəbbüsləri ilə çıxış etmişdir.
Təəssüf hissi ilə qeyd edirik ki, bizim bütün səylərimizə baxmayaraq, ölkəmizdə seçkiqabağı şərait azad və ədalətli seçkilərin keçirilməsi üçün zəruri olan minimum tələblərə cavab vermir. Siyasi fəaliyyət azadlığı yox dərəcəsindədir, siyasi partiyaların fəaliyyətinə mərkəzi və yerli qərargahlardan məhrum etmək də daxil olmaqla çoxsaylı maneələr yaradılır, sərbəst toplaşmaq azadlığı faktiki qadağan olunub, kütləvi informasiya azadlığı ciddi şəkildə məhdudlaşdırılıb, ölkədə mövcud olan bütün televiziya kanalları hökumətin sərt nəzarəti altında fəaliyyət göstərir və iqtidarın avtoritarizmi daha da gücləndirmək siyasətinə xidmət edir. Bəzi müstəqil qəzetlər hökumətin təzyiqi ilə bağlanmış, digərlərinə qarşı isə hökumət səviyyəsində təzyiqlər və repressiyalar davam edir. Siyasi rəqiblərin və jurnalistlərin təqib olunması, şərlənərək uydurma ittihamlarla həbs olunması, fiziki zorakılığa məruz qalması adi hala çevrilib, hazırda 3 tanınmış jurnalist olmaqla 30-dan artıq siyasi məhbus haqsız yerə həbsxanalarda cəza çəkir. Siyasi hakimiyyət hüquq-mühafizə orqanlarından özgə cür düşünənlərə qarşı repressiya vasitəsi kimi istifadə edir. Məhkəmə orqanları və parlament tamamilə icra hakimiyyətinə tabe etdirilmişdir. Azad rəqabətə əsaslanan normal seçki kampaniyası aparılması qeyri-mümkündür.
Bütün bunları nəzərə alaraq prezident seçkilərində namizədlə iştirak etmək niyyətini bəyan etmiş müxalifət qüvvələri seçki prosesində hər hansı bir formada iştirakdan imtina edərək bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərini bütünlüklə boykot etmişlər.
Azərbaycanın müxalifət qüvvələri bəyan edir ki, seçkiqabağı demokratik şəraitin, azad və ədalətli seçkilər üçün təminatlı qanunvericilik bazasının olmadığı, azad mətbuatın məqsədli şəkildə sıradan çıxarıldığı, seçki komissiyalarının iqtidarın nəzarətində olduğu, azad rəqabət şəraitinin olmadığı və prezidentliyə iddialı əsas namizədlərin iştirak etmədiyi seçki həqiqi seçki və onun nəticəsində formalaşan hakimiyyət isə legitim sayıla bilməz.
İmza atanlar:
- Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət
- Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov
- Müsavat Partiyasının başqanı İsa Qəmbər
- Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev
- Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli
5 oktyabr 2008
Caspian Plaza, Bakı, Azərbaycan.
Mənbə
redaktə- "«DEMOKRATİK SİYASİ QÜVVƏLƏRİN BİRGƏ BƏYANATI» İMZALANDI (Bəyanatın mətni)" ((azərb.)). mediaforum.az. 2008-09-05. 2015-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-05.
MÜƏLLİF HÜQUQLARI POZUNTUSU |
Bu mətn səhifəsinin Müəllif hüquqlarını pozduğu görünür.
|