Derlər
Müəllif: Çıldırlı Aşıq İrfani
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016

Aşiq ta məşuqa verirsə bada,
Bu eşqin tasını al iç, qan derlər.
Bu eşq, bu sevda indi qanımda,
Onun üçün məhşərədək yan derlər.

Yar sənin yolunda olmuşam dindar,
Eşq ataşı sərdi cana bir mindər,
Yusuf-i Züleyxa, Dara-İskəndər,
Çəkdi bu sevdayı Süleyman derlər.

Çox ağlarsın İrfaniyi gülməzsən,
Sevda nə hal olduğunu bilməzsən,
Yüz möcüzat görsən islam olmazsan,
Sizə Türkmən deyil, türk iman derlər.