Deyərsən
Müəllif: Aşıq Alı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Hasan əmi, bir Allahın eşqinə,
Mənim ərzim o canana deyərsən.
Ey mənim qasidim, dərddən xəbərdar,
Məntək dərdi o tüğyana deyərsən.

Gedib ol vətənə varannan sonra,
Sən bizim elləri görənnən sonra,
Götürüb naməni verənnən sonra
Bu cavabı yana-yana deyərsən.

Kamil bağban, pasiban ol güllərə,
Tapşırdım gözünü diksin yollara.
Deynən yola düşdü uzaq ellərə,
Keçdi Alı Alosmana deyərsən.