Deyiləm (Molla Pənah Vaqif)

Deyiləm
Müəllif: Molla Pənah Vaqif
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Bahənə tutuban, bizdən gen gəzmə,
Sirr sözün yadlara deyən deyiləm,
Könül rəva görməz səni yad görə,
Səni özgəsinə qıyan deyiləm.

Arzum budur gözüm tikəm gözünə,
Danışasan qulaq asam sözünə,
Ta ölüncə baxım günəş üzünə,
Arzum canda qalıb doyan deyiləm.

Vaqif deyir, doymaz sevən sevəndən
Ta ölüncə əl götürmənəm səndən,
Əbəs-əbəs neçün qaçırsan məndən,
Mən ki, zalım, adam yeyən deyiləm?!.