Deyil (Növrəs İman)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Deyil
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 37

Ağlaram yolunda, şəhri-Lənkəran,
Bu el qürbət eldi, bizim el deyil.
Yaz fəsli olanda, çox olar baran,
Car olur çeşmimdən sel o sel deyil.

Bülbüləm, bağımda güllər bitməmiş,
Rəhm eylə, tabıstan fəsli ötməmiş,
Bir qərib cavanam, kama yetməmiş,
Axtarıram gedəm, yol o yol deyil.

Sahibi-əvvəlim, həm axırımsan,
Natiqi-ənbiya, hökmü dərinsən,
İnsü cinn ağası, bəhrü bərimsən,
Görünür ki, İman sana qul deyil!?