Deyilmi
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Mənə qara deyən yarım,
Gözlərin qara deyilmi?
Yaxın gəlib dindirmirsən,
Ürəyim yara deyilmi?

Təzə gülsən, dodağın bal,
Şirin danış, könlümü al.
Haqq quluna yoxdu zaval,
Qaşın aypara deyilmi?

Mən Heydərəm, insaf eylə,
Dərd gəlir, qabağın əylə.
Ürəkdən keçəni söylə,
Edərsən çarə, deyilmi!?